Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5657/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 5760/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş N 2(008)-5760/19) iddia qismən təmin edilərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-546/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırkı vəziyyətdə məhkəmə qətnaməsi ilə təyin edilən aliment uşaqların tələbatını ödəmək üçün yetərli deyildir. Uşaqların hər ikisi şagirddirlər. Oğlu xx.xx.2006-cı il təvəllüdlü X5 fiziki qüsurludur. Uşağının müayinə və müalicəsi üçün pul tələb olunur. Cavabdeh isə alimenti vaxtında və təyin olunan məbləğdə ödəmir. Hesab edir ki, aliment məbləği artırılmalı və hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən olunmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məhkəmənin vaxtı və yeri barədə bildiriş göndərilməmiş, qətnamə barədə isə xx.xx.2020-ci ildə Şirvan şəhəri icra və probasiya şöbəsinin icra məmurunun çağırışı zamanı məlumatı olmuşdur. Digər tərəfdən, faktiki olaraq onun maddi vəziyyətində dəyişikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ümumilikdə ailə qanunvericiliyin tələbi ondan ibarətdir ki, uşaqların saxlanılması və tərbiyəsi hər iki valideynin vəzifəsidir. Hazırda iddiaçının tələb etdiyi aliment miqdarının ödənilməsi hələlik imkan xaricindədir. Çünki ödənilməmiş aliment borcu var. Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimenti ödəyə bilmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. O, hazırda heç bir yerdə işləmir və Şirvan şəhər Məşğulluq Mərkəzi tərəfindən işaxtaran kimi qeydə alınmışdır. Hazırda o, başqası ilə yeni nikaha daxil olmuş və bu nikahdan da bir uşağı var. Başqa qazanc yeri yoxdur. 60 manat çörək pulundan başqa gəliri yoxdur və Zəngilan rayonundan məcburi köçkündür. İddiaçı özü işləyir, 160 manat müavinət alır və o, əvvəl müəyyənləşdirilmiş alimenti birtəhər ödəyir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız cavabdeh mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə təyin olunan həmin aliment məbləğinin uşaqların tələbatını ödəmək üçün yetərli olmadığını, uşaqlardan birinin fiziki qüsurlu olduğunu qeyd edərək xx.xx.2019-cu il tarixdə alimentin miqdarının artırılması barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və qeyd etmişdir ki, hər ay hər uşağa görə 160 manat manat, cəmi 320 manat sabit pul məbləğində İddiaçı xeyrinə aliment tutulması ağlabatan məbləğ olduğundan iddia qismən təmin olunmalı və alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78, 78.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri, o cümlədən onun başqası ilə yeni nikaha daxil olması və bu nikahdan bir uşağının olması xeyrinə aliment ödənilməli olan uşaqları belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. Məhkəmə kollegiyası hər iki valideynin uşağa baxmaq vəzifəsinin olması, ananın müavinət alması və s. dəlillərə münasibətdə bildirir ki, qanunvericikdə nəzərdə tutulmuş bu hüquq və vəzifələr uşaqlara yalnız maddi vəsait ayırmaqdan, aliment ödəməkdən ibarət deyildir. Cavabdehdən bir uşaq üçün 160 manat aliment tutulması onun uşağa münasibətdə öz üzərinə düşən valideynlik borcunun tam şəkildə yerinə yetirilməsi anlamına gəlmir. Hər bir uşağın cəmiyyətə sağlam və yararlı fərd kimi yetişməsi üçün onların maddiyyətlə əlaqəsi olmayan mənəvi qayğıları da mövcuddur. Məlum olduğu kimi uşaqlar ananın himayəsindədir. Bütün bu gündəlik qayğılarla ana məşğul olur. İddiaçının təkbaşına həmin uşağın gündəlik tərbiyəsi, səhhəti ilə məşğul olması, mənəvi tələbatlarını ödəməsi, qayğı və nəvaziş göstərməsi müqabilində iddiaçı yüksək gəlirə malik olsaydı belə, cavabdehin alimentin yarısını ödəməsi ədalətli hesab edilə bilməzdi. Belə halların baş verməsinin özü valideynlərin hüquq və vəzifələrinin bərabərliyinin pozulmasına səbəb olar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bütün dəlillərini, o cümlədən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin xəbərdar edilməməsi ilə bağlı dəlili əsassız sayır və ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehin işdə olan yeganə ünvanına göndərilmişdir. Onun başqa hər hansı ünvanının olmasına dair işdə heç bir məlumat olmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5657/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5657/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver