Məhkəmə qərarları › İş №2(103)-5658/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5658/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5658/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş maddi zərərə görə 76850 (yetmiş altı min səkkiz yüz əlli) avro vəsaitin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər öhdəlik götürərək onun həyat və sağlamlığına, səhhətinə dəymiş və dəyəcək olan bütün zərər və ziyanı, bütün müalicə və müayinə xərclərini, qulluq xərclərini tibbi xərcləri və digər xərcləri ödəyəcəklərini vəd etmişlər. Cavabdeh “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh1 08 dekabr 2017-ci il tarixli əqdlə ona vurulan zərərin ödənilməsini öz üzərlərinə götürmüş, sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanını ödəməyi öz üzərlərinə götürmüşlər. Odur ki, cavabdehlər öz öhdəliklərini vicdanla icra etməlidirlər. Sağlamlığına vurulmuş zərərin əvəzi kimi hazırda təxirəsalınmadan ödənilməli olan vəsait 76850 avro təşkil edir. Belə ki, əvvəllər alınmış olan nevro tronik ayaq biləyi sensorlu yürümə cihaz (diz, ayaq, ayaq bilek orlezi) aşağı keyfiyyətli olduğundan effekti olduqca azalmışdır. Daha yüksək texnoligiyalı, daha keyfiyyətli və modern cihaz istifadə olunması zərurəti vardır. Buna görə də yeni modern məhsul alınmalıdır. Lakin onu bunu almaq üçün maddi imkanı çatmır, cihazın (diz, ayaq, ayaq bilek orlezi) qiyməti 76850 avrodur. Tərəfindən bu barədə cavabdehlərə müraciət olunmuş, xəbərdarlıq, bildiriş çatdırılmışdır. Lakin cavabdehlər müvafiq ödənişi həyala keçirməkdən imtina elmişlər. Xəbərdarlığa verdikləri cavabda cavabdehlər qeyd etmişlər ki, Cavabdeh1 və Cavabdeh2 MMC-nin hazırda oun qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Bunu isə onunla əsaslandırmışlar ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin olunmamışdır, irəli sürülən tələblə bağlı artıq qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi vardır. Cavabdehlər nəzərə almamışlar ki, iddiaçının iddia tələbləri sözügedən qətnamələrlə əsaslı hesab edilməklə qismən təmin olunmuşdur, eləcə də məhz həmin qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, cavabdehərin iddiaçı qarşısında müəyyən öhdəlikləri mövcuddur və onlar bu öhdəliklərini icra etməlidirlər. Cavabdehlər əsassız olaraq öhdəliklərini icra etmədiklərindən o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Onun hazırda daha yüksək texnoligiyalı, daha keyfiyyətli, modern və effektli cihaz (dizlik, diz, ayaq, ayaq bilek orlezi) istifadə etməyinin zəruri olması Türkıyə Respublikası Səhiyyə Nazirliyi Kahramanmaraş rayonu Səhiyyə İdarəsi Kahramanmaraş Necip Fazil şəhər xəstəxanası tərəfindən verilən ********** nömrəli xx.xx.2014-cü il tarixli tibbi arayışda da öz əksini tapmışıdr. Belə ki, sözügedən tibbi arayışda qeyd olunmuşdur ki, pasient bel fəqərələrinin sınığı səbəbindən əməliyyat olunub, hər iki alt ətrafda uyuşma və zəifllik, uyuşma və əzələ gücünün azalması müşahidə olunur. Xəstə əlil arabasından istifadə edir və kömək vasitsəilə çətinliklə addım ata bilir. Xəstə fiziki müalicə alır və daha yaxşı dizlikdən istifadə tövsiyə olunur. Onun hazırda istifadə etdiyi dizlik (diz, ayaq, ayaq bilek ortezi, yürümə cihazı) tələbata cavab vermir, lazımi keyfiyyətdə sayılmır, bu isə onun vəziyyətinin daha da pisləşməsinə səbəb olur, xəstəxana və həkimlər davamlı olaraq ona daha yaxşı və daha keyfiyyətli dizlik istifadə etməyini məsləhət görürlər. Hazırda onun yüksək texnologiyalı və keyfiyyətli müasir dizlikdən istifadə etməyə başlamağı zəruridir, bu onun həyat və sağlamlığı üçün vacibdir. Sözügedən keyliyyətdə dizlikləri isə onun almaq üçün maddi imkanı yoxdur. Onun və ailə üzvlərinin gəliri və qazancı yoxdur, o və əri məlum avtomobil qəzası nəticəsində əlil olmuş, sağlamlıqlarını itirmiş, 3 azyaşlı övladları ilə birlikdə başqalarının köməyinə möhtac qalmışdırlar. O, fəaliyyət funksiyalarının 80 faizini itirmiş, l qrup əlildir, ömürlük əlil olaraq yaşamağa məhkum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin işin faktiki hallarına düzgün hüquqi qiymətin verilməməsi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, eyni tərəflər arasında qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğu kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cinayət işinin açıldığı, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunduğu, hadisə nəticəsində iddiaçının səhhətində ciddi problemlərinin yarandığı, əlillik dərəcəsinin müəyyən olunduğu, təkbaşına həyatını davam etdirməsinin mümkünsüz olduğu, cihazla hərəkət etdiyi, həmin cihaza ömrlük bağlı olduğu, cinayət hadisəsindən sonra cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin ödənildiyi, hazırkı mərhələdə isə həkim məsləhətinə görə hərəkətini təmin edən cihazın daha müasir versiyasının hazırlandığı və onun yenisi ilə əvəz olunmasının daha məqsədəmüvafiq olması barədə həkim tövsiyyəsinin olduğu, lakin həmin cihazın alınması üçün maddi imkanın olmadığı, cavabdehlərin isə əvvəlcədən onun gələcəkdə yaranacaq bütün xərclərini qarşılayacaqları barədə notariat qaydada yazılı öhdəlik götürdükləri, buna baxmayaraq həmin öhdəliklərini icra etmədikləri və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cinayət hadisəsi nəticəsində iddiaçının səhhətində ciddi problemlər yaranmış, müstəqil hərəkət edə bilmir, ömrlük cihaza bağlı qalmışdır. Cavabdeh tərəfin əvvəllər etdiyi yardım və ödənişlərini inkar etmirlər. İddiaçının hazırki iddiası hərəkət etməsinə yardımçı olan müvafiq cihazın yenisinin alınması ilə bağlıdır. İddiaçının hazırda istifadə etdiyi cihaz işlək vəziyyətdə olsa da, həmin cihazın daha müasir növü mövcuddur və yeni cihazdan istifadə iddiaçının səhhəti üçün daha əlverişlidir. Cihazın daha müasir versiyası ilə əvəz olunmasını həkimlər də tövsiyyə etmişlər. Buna baxmayaraq, iddiaçının bunu qarşılamaq üçün maddi imkanı yoxdur, cavabdeh tərəfin isə bundan imtina edir. İşə baxan birinci instansiya məhkəməsinin iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə aktlarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Hesab edir ki, iddia əsaslıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahatına və iddiaya qarşı etiraza uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia tələbi əsassızdır, əvvəlki məhkəmə qərarı ilə cavabdehdən lazımi cihazın əldə olunması üçün pul vəsaiti tutulmuşdur. Həmin pul vəsaiti iddiaçıya ödənilmiş, iddiaçı müvafiq cihazla təmin olunmuşdur. Hazırda həmin cihaz işləkdir. Belə çıxır ki, hər dəfə həmin cihazın yeni modeli satışa çıxarsa cavabdeh tərəf onu almalıdır? Baş vermiş hadisədən sonra iddiaçının müalicəsi və s. xərcləri cavabdeh tərəfindən tamamilə ödənilmiş, külli miqdarda pul vəsaiti ödənilmişdir. Bu hal işdə olan məhkəmə aktlarından da aşkar görünür. Bu səbəbdən də iddiaçının əlavə zərərlə bağlı tələbləri məhkəmələr tərəfindən təmin olunmamışdır. Hazırda iddiaçı qarşısında cavabdehin heç bir ödəliyinin qalmamışdır. İddiaçı tərəfin məqsədi əlavə pul əldə etməkdən ibarətdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, X2 03 avqust 2017-ci il tarixdə saat 21:23-də idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “Mercedes G63 Brabus” markalı **-PP-*** qeydiyyat nişanlı avtomobillə həmçinin Türkiyə Respublikasının vətəndaşı olan İddiaçı vurması, nəticədə sonuncunun sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulması işin mübahisə olunmayan hallarıdır (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli qanuni qüvvəsini almış hökmü və s.). Bununla yanaşı, işin faktiki hallarından, qüvvədə olan məhkəmə aktlarından, eləcə də işdə olan sübutlarla müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh2 MMC qeyd edilən yol nəqliyyat hadisəsini təqsirli olaraq törətmiş X2 idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, digər Cavabdeh1 isə həmin şəxsin atası, eyni zamanda Cavabdeh2 MMC-nin təsisçisidir. Cavabdeh2 MMC iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda bəyan etmişdir ki, MMC yüksək təhlükə mənbəyinin (avtomobilin) sahibi kimi iddiaçının müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin əvəzini ödəmək öhdəliyi daşıyır, bu öhdəliyi vaxtlı-vaxtında və lazımınca yerinə yetirəcək. Digər Cavabdeh1 isə notariat qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi”ində bəyan etmişdir ki, əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında iddiaçıya xx.xx.2017-ci ildə 265000 ABŞ dolları əlavə ödəyəcək və bundan əlavə iddiaçıya indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəməyi öhdəsinə götürür. Həmçinin, İddiaçı Türkiyə Respublikası Adana 11 saylı Notariat Kontorunda təsdiq edilmiş 08 dekabr 2017-ci il tarixli yazılı ərizəsində - xx.xx.2017-ci il tarixində Azərbaycan Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən aparılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X1 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini göstərmişdir. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X3 Yaşına Çatanlar üçün Əlillik Tibbi komissiyasının 12 mart 2019-cu il tarixli rəyi ilə iddiaçının müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - Diaqnozlar: Pareplaegiya + əməliyyat olunmuş bel fəqərəsinin sınığı + ümumi sidik inkontinansı; Əlillik faizi: 80 faiz, Asılılığın qiymətləndirilməsi: qismi asılılıq. İddiaçı daha əvvəl cavabdehlərə qarşı sağlamlığa yetirilmiş xəsarətə görə maddi zərərin əvəzi kimi ******* ABŞ dolları və 993932 türk lirəsi, mənəvi zərərin əvəzi kimi 500000 ABŞ dolları, ümumilikdə ******* ABŞ dolları, 993.932 türk lirəsi və 22000 avro tələb irəli sürmüşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 852/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, maddi zərərin əvəzi kimi 35000 ABŞ dolları, 920308 türk lirəsi və 22000 avro cavabdehlərdən iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissələrdə təmin olunmamışdır. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərə görə cavabdehlərdən 35000 ABŞ dolları və 920308 türk lirəsinin iddiaçının xeyrinə tutulması, eləcə də Cavabdeh2 MMC-dən 22.000 avro tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin olunmamış, qətnamə Cavabdeh1 22000 avronun iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi maddi zərərə görə 920308 türk lirəsi pul tələbinin təmin olunmayan və iddianının Cavabdeh2 MMC-yə qarşı təmin olunmayan hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə İddiaçı iddia tələbləri təmin olunmamışdır. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, eyni tərəflər arasında qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəf iddiaçının müalicə və digər xərclərini qarşılamış, bu istiqamətdə iddiaçının göstərilən tələbləri (maddi və mənəvi zərərlə bağlı) təmin olunmamışdır. Bununla yanaşı, iddiaçı əvvəlki tələbində nevro tronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazının alınması üçün çəkilmiş 22000 avro pul tələbini də irəli sürmüş, həmin tələb təmin olunmuş, cavabdeh tərəf müvafiq pul vəsaitini ödəməklə qətnaməni icra etmişdir. İddiaçı hazırki tələbində qeyd etmişdir etmişdir ki, əvvəllər alınmış olan nevro tronik ayaq biləyi sensorlu yürümə cihazının (diz, ayaq, ayaq bilek orlezi) daha yüksək texnoligiyalı, daha keyfiyyətli və modern cihazlə əvəz olunması zərurəti vardır, bu səbəbdən də yeni cihazın əldə edilməsi üçün cavabdehlər ona 76850 avro ödəməlidir. İddiaçı sübut kimi məhkəməyə Türkiyə Respublikası Səhiyyə Nazirliyi Kahramanmaraş rayonu Səhiyyə İdarəsi Kahramanmaraş Necip Fazıl Şəhər Xəstəxanasının 06 mart 2024-cü il tarixli arayışının təqdim etmişdir. Həmin arayışada qeyd edilmişdir ki, İddiaçı bel fəqərələrinin sınığı səbəbindən əməliyyat olunub. Hər iki alt ətrafda uyuşma və zəiflik, uyuşma və əzələ gücünün azalması müşahidə olunur. Xəstə əlil arabasından istifadə edir və yeriyən, kömək vasitəsilə çətinliklə addı ata bilir. Xəstə fiziki müalicə alır və daha yaxşı dizlikdən istifadə tövsiyə edildi. İşdə olan xx.xx.2024-cü il tarixli X4 görünür ki, C-Brace joint unit (diz, ayaq, ayaq bilək ortezi) karbon tökmə qəlib üçün 2.519,365 TL (76850 avro) ödəniş tələb olunur. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 385.1. və 386.1-ci maddələrinə əsasən (bundan sonra MM) öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin) habelə, sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava dərman alınmasına, protezləşdirməyə, başqasıın qulluğuna, sanatoriya kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyən edilsin. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, cavabdehlərin daşığı öhdəliklərə əsaslanaraq ona sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanın cavabdeh tərəfindən ona ödənilməli olduğuna istinad etmişdir. Qeyd edilməlidir ki, baş vermiş cinayət hədisinin nəticəsinə görə Cavabdeh2 MMCnin məsliyyəti deliktə əsaslanır. Çünki, MMC cinayət hadisəsini törətmiş şəxsin idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. MMC bilavasitə delikt törətməsə də, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Bu səbəbdən də, cavabdeh MMC həmin avtomobilin mülkiyyətçisi olduğuna görə, o, iddiaçının qarşısında Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənəbəyininin sahibi kimi məsuliyyət daşıyır. Digər Cavabdeh1 məsuliyyəti müqaviləyə (öhdəliyə) əsaslanır. Belə ki, o, delikt törətməyib və ya yüksək təhlükə mənbəyinin sahibi deyildir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin cavabdeh xx.xx.2017ci il tarixli “Öhdəlik ərizəsi” ilə üzərinə götürmüşdür ki, əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında iddiaçıya xx.xx.2017-ci ildə 265000 ABŞ dolları əlavə ödəyəcək və bundan əlavə iddiaçıya indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəməyi öhdəsinə götürür. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə qərarı ilə Cavabdeh1 iddiaçının istinad etdiyi müvafiq yürümə cihazının alınması üçün 22000 avro pul vəsaiti tutulmuş və icra olunmuşdur. İddiaçı hazırki tələbində (həmçinin apellyasiya şikayətinin dəlillərində) əvvəlki qətnamənin qeyd edilən hissədə preyudisial əhəmiyyətini də qeyd edərək, cavabdeh tərəfin ona yeni yürümə cihazı almalı olmasını bildirmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, əvvəlki qətnamə ilə iddiaçının sağlamlıq durumu (hərəkət məhdudluğu) nəzərə alınmaqla, onun hazırki həyatının davam etdirilməsinə ciddi təsir göstərə biləcək sözügedən cihazın alınması məqsədə müvafiq hesab edilmişdir. İddiaçı tərəf hazırda da həmin yürümə cihazından istifadə etməsini inkar etmir, iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı cihazın hazırda işlək olduğunu, hər hansı nasazlığın olmadığını, müalicənin davam etməsini, həmin cihazdan istifadə nəticəsində iddiaçının səhhətindən müəyyən müsbət dəyişikliyin olduğunu və s. qeyd etmişdir. Eyni zamanda, iddiaçının özünün təqdim etdiyi sübutdan (həkim arayışından) yürümə cihazının yararsız və ya keyfiyyətsiz olması və s. bu kimi hallar da müəyyən edilmir. Əksinə, iddiaçının yürümə cihazı ilə müəyyən hərəkət etməsi (addım atması) və fiziki müalicənin davam etməsi qeyd edilmişdir. Arayışda sadəcə daha yaxşı dizlikdən istifadə tövsiyə olunmuş, lakin hazırki cihazın iddiaçıya uyğun olmaması və s. bu kimi halların mövcudluğu göstərilməmişdir. Göründüyü kimi, iddiaçı hazırda istifadə etdiyi müvafiq cihazın başqası ilə əvəz olunmasının zərurilyini əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 436-cı maddəsinə əsasən, əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin üzərində hər dəfə yeni (modern) müvafiq yürümə cihazının alınması öhdəliyinin olması tərəflərin qarşılıqlı münasibətlərinə mütənasib olmamaqla, qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar