Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5658/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2021-ci il tarixl fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 8000 manat krediti 48 ay müddətinə ödəmək şərtilə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0104072AZN82215 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,303.74 manat əsas borc, 1,620.49 manat faiz borcu, 2,229.06 manat cərimə borcu olmaqla, cəmi 9,153.29 manatı məbləğində borcun; 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyyatı üzrə 283.52 manat əsas borc, 83.93 manat cərimə borcu olmaqla, cəmi 367.45 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 116 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-15795İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında X5 çərçivəsində 0104072AZN82215 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla, 8 000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 422 gün, 41010AZNFK********** saylı kart hesabı üzrə 442 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi: 0104072AZN82215 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,303.74 manat əsas borc, 1,620.49 manat faiz borcu, 2,229.06 manat cərimə borcu olmaqla, cəmi 9,153.29 manatı təşkil edir, gecikmə günü: 422. 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyyatı üzrə 283.52 manat əsas borc, 83.93 manat cərimə borcu olmaqla, cəmi 367.45 manat təşkil edir, gecikmə günü: 422. X4 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X3 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1)kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 116 manat dövlət rüsumu ödəmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia qismən təmin edilərək Cavabdeh 5277.47 manat əsas, 1345.31 manat faiz, 200 manat cərimə, overdraft əməliyyatı üzrə 283.52 manat, 83.93 manat cərimə, olmaqla cəmi 7190.23 manat manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 92 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466, 467-ci maddələrinə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində xx.xx.2021, xx.xx.2022, xx.xx.2022,xx.xx.2022, xx.xx.2023 tarixdə olan cərimə ödənişini ekspert cavabdehin faiz borcundan silinmə etdiyi üçün faiz borcunun da az əks olunmasına gətirib çıxarıb. Bu da Mülki Məcəllənin 432-ci maddəsinin tələbinə ziddir. Çünki cavabdehin ödənişləri növbəliklə ilk növbədə cərimə borcuna, sonra isə faiz və əsas borca silinməlidir. Bu isə özlüyündə qanunvericiliyin tələbinə ziddir. Yuxarıda qeyd edilənlərə uyğun olaraq bildirmək istəyirik ki, müvafiq rəy tərəfimizdən məqbul hesab edilmir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdehlərdən tələb etdiyimiz tutulmalı olan 2,229.06 (iki min iki yüz iyirmi doqquz manat altı qəpik) manat cərimə məbləği tutulmalı cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikmə günlərinin sayı 442 gün təşkil etmişdir. Buna görə də məhkəmənin qət etdiyi 200 manat cərimə məbləği 442 gün gecikmə günlərinə heç də mütənasib və ədalətli olmamışdır. Həmçinin, burada Bankın əsassız varlanmasından söhbət gedə bilməz, bu sadəcə gecikdirilmiş və vaxtında ödənilməmiş əsas borca münasibətdə müqavilə müddətində illik 180% dərəcəsi ilə hesablanmış məbləğdir. Bu da Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını xahiş etdiyindən Məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
15. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0104072AZN82215 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə banka olan borc xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2745.91 manat, faiz borcu üzrə 2744.81 manat. xx.xx.2025-ci il tarixli ekspertiza təyini haqında qərarın 2-ci sualında qeyd olunanlara (cavabdeh tərəfindən ödənilmiş bütün ödənişlərin ilk olaraq faiz borcuna yerdə qalan hissəsinin əsas və cərimə hissəsinə silinməsi) cavab olaraq bildirilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş ilkin ekspertizada verilmiş 9/8173 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində hazırki sualda qeyd olunmuş nüans üzrə müvafiq hesablamalar aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir. xx.xx.2024-cü il tarixə (sualda sorusulan tarixə): əsas borc üzrə 5.277,47 manat; faiz borcu üzrə 1.345,31 manat. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq bildirilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, faiz və əsas borcla yanaşı hesablanmış cərimə məbləğləri üzrə də silinmələr aparılmışdır. Bununla bağlı isə qeyd edilir ki, qanunvericilikdə (MM-nin 432.4 və s.) silinmə ardıcıllığı faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına cəriməyə silinmə nəzərdə tutulmamışdır).
16. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməlidir.
17. Məhkəmə iddia tələbinin overdraft əməliyyatı üzrə 283.52 manat və 83.93 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə eyd etmişdir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, cavbadeh kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat ekspert hesablamaları ilə də 283.52 manat təşkil etmişdir.
18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi dəbbə borcunu 200 manatadək azaltmaqda haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Məhkəmə kollegiyası tələb olunan əsas və faiz borcunun məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə kassasiya qaydasında mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.