Məhkəmə qərarları › İş №2(103)-566/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-566/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-566/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əli oğluna qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-566/2023 (Açar sözlər: vurulmuş maddi zəririn ödənilməsi) Bakı şəhəri, 09 yanvar 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-460/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ona dəymiş maddi ziyana görə 28.000 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 220 manat, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 21 manatın, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 17,40 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,40 manat, cəmi 28.432,80 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bağındakı hovuzu Sərxan və Elmir adlı ustalar tikiblər. Beton isə İftixar vasitəsi ilə gətirilib. O, İftixarla dəfələrlə danışmış, İftixar isə həm öz adından, həmdə digər cavabdehlərin adından bu işi düzəldəcəyini bildirib və ondan vaxt istəyib. Cavabdehlərdən biri maşını satacağını, digəri müdriyyətlə danışıb həll edəcəyini bildirirdi, lakin bugünə kimi ona heçnə ödənilməyib. İftixar məhkəmə proseslərində bildirmişdir ki, polisdə Elmir ondan xahiş etdiyi üçün 350 marka betondan istifadə edildiyini bildirib. Lakin, onun qeyd etdiyi səhvdir. Belə ki, hovuzda betonun markası 190-200-220 marka olaraq müxtəlif cürdür. Maksimum 220-230 marka betondan istifadə edilib. Əgər İftixarın qeyd etdiyi kimi 250 marka betondan istifadə edilsəydi, onun markası 260-a qalxa bilərdi. Belə ki, beton quruduqca bərkiyir. Acaq onlar heç 250 marka betondan da istifadə etmədikləri üçün hovuzda çat yaranıb. Cavabdehlər özləri bu səhvi etdiklərini bildirib dəfələrlə üzr istəyiblər, onları polisə, prokurorluğa verməməyini xahiş eləyiblər. Onlar beton verməyi təklif etdilər, lakin onunla iş bitmir. Hovuzun mozaikası, tutacaqlar, izolyasiyası hər şey məhv olub. Bugünkü gündə hovuzda yalnız motor və pilləkən qalıb. Cavabdehlər məhkəmədəki izahatlarında 200-250 arası markadan istifadə etdiklərini bildiriblər, lakin polisdəki izahatlarında 350 marka istifadə olunduğunu deyirdilər. Ustaları onlardan 350 marka beton istədiklərini bildiriblər. Elmirlə Sərxan müstəntiqin yanında izahat verdikdə də 350 marka istədiklərini qeyd ediblər. Hovuzun həcmi 97 tondur və 99% hovuzun belə olmasına səbəb betonun keyfiyyətsiz olmasıdır. O, ümumi olaraq maraqlanmış və hovuz üçün ən azı 350-400 marka betondan istifadə edilməli olduğunu bilmişdir. Bu səbəbdən də o, 350 marka betonun məbləği qədər ödəniş etmişdir. Beləliklə, nəticə etibarilə onun tərəfindən bütün sübutlar həm yazılı şəkildə təqdim edilmiş, həm də şifahi olaraq bildirilmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində də onun bildirdikləri bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ona dəyən ziyanın ödənilməsini istəyir. Halbuki, həmin ziyanın məbləği əslində çoxdur, cavabdehlər ona təkcə hovuzla baglı deyil, digər ziyanlar da vurmuşdur. Adicə hovuz məsələsində iki dəfə xərc çəkmişdir. Həyətindəki 3 metr hündürlüyündə, 20 metr uzunluğunda olan hasar hər an təhlükə mənbəyidir və xəta baş verə bilər. Hasarın fundamenti yuyulduğundan 3-4 yerdən aralanıbdır. İki ildir ki, mübahisə öz həllini tapmır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-460/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (Hakim: Təranə Mahmudova).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 4114-J ünvanında yerləşən bağ evinin həyətyanı sahəsində təxminən 50 kv.metr (10,5˟5,5) sahədə hovuzun tikilməsinə qərarına gəlmiş və bununla əlaqədar hovuzun tikintisi üçün ustalar tapmışdır. Həmin ustalar Cavabdeh2 vasitəsi ilə Cavabdeh1 və “Sənan” adlı şəxslərin rəhbərlik etdikləri beton zavodundan hovuzun tikintisi üçün beton sifarış vermişlər. 29 aprel 2021-ci il tarixində 980 manat betona, 150 manat pompa maşınına, xx.xx.2021-ci il tarixdə isə təkrar pompa avtomaşınla birlikdə betona 1400 manat pul verilməsi üçün ustalara vermişdir. Həmin pullar beton sifariş vermək üçün Cavabdeh2 verilmişdir. Tikinti başa çatdıqdan sonra təxminən iyun-iyul aylarında hovuzun suyu azalmış, hovuzun divarında çatlamalar dağılmalar baş vermişdir. İddiaçı bunun səbəbini aydınlaşdırmaqdan ötrü 27 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən hovuzda istifadə olunan betonun möhkəmlik həddi yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçının aldığı 350 marka beton əvəzinə onun üçün Cavabdeh2 tərəfindən sifariş verilən beton 22,0 marka olmuşdur. Bu halı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz səhvləri olduğunu boynuna alaraq, dəymiş maddi ziyanı qarşılayacaqlarını və tezliklə dəymiş ziyanı ödəyəcəklərini bildimişlər. Lakin, cavabdehlər tərəfindən hər hansı bir ödəniş edilməmiş və mənə ziyan ödənilməmişdir. Buna görə də, iddiaçı hüquq-mühafizə orqanlarına da müraciət etmişdir. Cavabdehlər günahlarını hüquq mühafizə orqanlarında etiraf etsələr də yenə də maddi ziyanı ödəməmişlər. Hətta Sənanda digər cavadehlər kimi iddiaçıya söz vermişdi ki, rəhbərliklə danışıb dəymiş ziyanı tam şəkildə ödətdirəcək. İş materiallarında olan sübutlardan da göründüyü kimi 350 marka beton barədə razılaşma olduğu halda cavabdehlər tərəfindən aşağı marka beton sifariş verilmişdir. Nəticədə qeyd edilən şəxslər iddiaçını aldadaraq bilə-bilə keyfiyyətsiz beton satmışlar. Betonun keyfiyyətsiz olması səbəbindən nəinki hovuz, o cümlədən həyətə vurulmuş tamet tamamilə yararsız vəziyyətə düşmüş, bağ sahəsinə çəkilmiş hasarda çatlar əmələ gəlmiş və aşma təhlükəsi yaranmışdır. Hazırda cavabedlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya 28.000 manatdan çox maddi ziyan dəymişdir. İşdə olan sənədlərlə və aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində, yəni cavabdehlərin gətirdiyi betonun markasının aşağı olması səbəbindən hovuzun dağılaraq yararsız vəziyyət düşməsi və iddiaçının zərərə düşməyi bir daha öz əksini taplır. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. Qeyd olunan sübutlarla cavabdehlərin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapır. Məhkəmə isə göstərilənlərə razılşamayaraq irəli sürülən maddi zərərin cavabdehlərin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehlərin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olmaması əsasına gəlmişdir. Halbuki iş materialları ilə cavabdehlərin mülki hüquq məsuliyyət daşımaları, zərərin əvəzinin onlar tərəfindən ödənilməsi tam sübut olunduğundan İ instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Qeyd olunan maddənin tələbinə əsasən malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən iddia edilən vurulmuş zərər işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər, həmçinin mal (iş, xidmət) haqqında düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərər kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixli arayış ilə də təsdiq edilir ki, hazırki mübahisə üzrə yəni hovuzun tikilməsi üçün istifadə edilmiş beton qüsurlu olmuş, həmçinin Xəzər RPİnin İŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapan cavabdehlərin etirafından görünür ki, görülmüş iş üzrə iddiaçıya tam informasiya verilməmişdir. Qeyd edilən hüquqa zidd hərəkət və hərəkətsizliklər nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Yuxarıda göstərilən maddələrin tələbindən birbaşa məlum olur ki, qeyd olunan hüquqa zidd əmələ görə müvafiq olaraq malın satıcısı və ya istehsalçısı, yəni Cavabdeh3 Əli oğlu, həmçinin icraçı, yəni Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşımalıdır. Lakin, məhkəmə qeyd olunan maddəni mübahisəyə tətbiq etməyərək, sadəcə sübutetmə yükü prezumpsiyası ilə kifayətlənərək qanunsuz qətnamə çıxarmışdır. Halbuki, öz növbəsində iş materialları ilə də təsdiq edilir ki, cavabdehlərin təqsiri iddiaçı tərəfindən maddi sübutlarla sübut edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil3 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

8. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Həmin Məcəllənin 1129.1-ci maddəsinə görə, malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.

14. Həmin Məcəllənin 1129.2-ci maddəsinə görə, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.

15. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

16. Həmin Məcəllənin 1113.2-ci maddəsinə görə, zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.

17. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

19. Həmin Məcəllənin 1131-ci maddəsinə əsasən, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

20. Həmin Məcəllənin 1132-ci maddəsinə görə, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

21. Həmin Məcəllənin 588.1.-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

22. Həmin Məcəllənin 587.2.-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

23. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

24. 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Xəzər Rayon Polis İdarəsindən məhkəmə sorğusuna əsasən göndərilmiş HK- 1/552 №-li rədd materiallardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nə müraciət edərək, ona dəymiş 20000 manat maddi ziyanın ödənilməsinə kömək göstərilməsini və ictimai təhlükəli əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir.

29. Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Cəlal Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardadan görünür ki, araşdırma zamanı İddiaçı bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şuvəlan qəsəbəsi 4114-J ünvanında yerləşən fərdi yaşayış bağ evinin həyətyani sahədə təxminən 50 kv. metr hovuzun tikintisi üçün usta tapmışdır. Həmin ustalar beton almaq üçün İftixar adlı şəxslə danışıb sifariş vermişlər. xx.xx.2021-ci il tarixdə sözügedən evin hayətində 980 manat betona, 150 manat pompa maşınına pul verilməsi üçün ustalara vermişdir. Sonradan beton maşını gəlmiş və usta İftixar adlı şəxsə pulu vermişdir. xx.xx.2021-ci il tarixdə təkrar pompa avtomaşınla birlikdə betona 1.400 manat pul verilmiş, həmin pul da İftixar adlı şəxsə verilmişdir. Tikinti başa çatdıqdan sonra iyun ayının əvvələrində hovuzun suyunun azaldığını hiss etmişdir. Lakin iyul ayının əvvələrində hovuzun divarlarında artiq çatlamalar, dağılmalar baş vermişdir. O, usta ilə əlaqə saxlamış, usta ona bildirmişdir ki, hovuzun suyu təcili boşalmalıdır. O hovuzun suyun boşaltmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən hovuzda istifadə olunan betonun möhkəmlik həddi yoxlanılıb və müəyyən olunmuşdur ki, onun 350 marka aldığı beton əvəzinə ona İftixar adlı şəxs tərəfindən sifariş verilən beton 200 marka çıxmışdır. Ona görə də o bu barədə İftixar adlı şəxsə demiş və İftixar ona bildirmişdir ki, hovuza beton zavodundan 350 marka beton sifariş vermiş, 350 marka betonun pulunu ödəmiş və günahi yoxdur. Betonun möhkəmlik həddi yoxlanıldıqdan sonra İftixar adlı şəxs beton aldığı zavoddan Fazil adlı şəxsi nümayəndə çağırmışdır. Fazil adlı şəxs gəlmiş və istifadə olunan betona baxdıqdan sonra bildirmişdir ki, səhvləridir və ona dəymiş ziyanı qarşılayacaqlar. Daha sonra İftixar adlı şəxs 1-ci dəfə sifariş verdiyi beton zavodunun nümayəndəsi Sənan adlı şəxslə əlaqə quraraq danışmışlar. Sənan ümumiyyətlə etiraf etməmiş, müxtəlif bəhanələr gətirərək tutduğu əməldən yayınmağa çalışmışdır. Daha sonra ona dəymiş ziyanın qarşılanması üçün Fazil adlı şəxs pulun yarsını ödəyəcəyinə söz vermişdir. Sonradan sözünə əməl etməmişdir.

30. Araşdırma zamanı Cavabdeh2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ evində işləyən tanıdığı Elmir və Sərxan adlı ustalar ona zəng vuraraq beton sifariş vermək istədiklərini və yerə gəlib baxmalarını tapşırmışlar. O, həmin gün ustaların bildirdiyi ünvana getmiş və beton töküləsi yerə baxmışdır. Elə həmin vaxt Dərnəgül qəsəbəsi, Baksol deyilən yerdə yerləşən və Sənan adlı şəxsin işlədiyi zavoddan beton sifariş vermək üçün Sənan adlı şəxsə zəng vuraraq 11 kub 350 marka beton sifariş vermişdir. Həmin gün təxminən bir saat sonra beton gəlmiş və onun iştirakı ilə hovuzun döşəməsinə beton vurmuşlar. Betonu vurarkən orada işləyən ustalar bildirmişlər ki, betona su qatılmalıdır. O, bildirmişdir ki, su qatıldıqda betonun keyfiyyyəti düşəcəkdir. Lakin usta təkidlə su qatılmasını bildirmişdir. Ona görə də betona su qatılmış və hovuzun döşəməsinə vurulmuşdur. Bundan təxminən bir həftə sonra xx.xx.2021-ci il tarixdə həmin ustalar təkrarən ona zəng vuraraq 12 kub beton sifariş vermək istədiklərini bildirmişlər. O, həmin gün Sənan adlı şəxslə maraqlanmış, onlarda beton olmadığı üçün əvvəllər beton maşını sürən kimi tanıdığı Fazil adlı şəxslə danışarkən ona 350 marka 12 kub beton lazım olduğunu demiş və Fazil sifarişi qəbul edərək betonu göndərmişdir. Betonu hovuzun divarlarına vurmuşlar, lakin beton çatmamışdır. Çatmadığı üçün Fazil adlı şəxs ilə aralarında sözlə mübahisə etmişlər. Sonradan yer ölçülmüş və müəyyən olmuşdur ki, yer bir qədər böyük çıxdığı üçün yenə 13 kub beton lazım olmuşdur. Təxminən 1 ay sonra usta Elmir adlı şəxs ona zəng vuraraq betonun çatlamasmı bildirmişdir. O, laborantla birlikdə həmin ünvana getmiş və betonun keyfiyyətin yoxladıqda aydın olmuşdur ki, betonun bəzi yerlərində betonun keyfiyyəti 220 və 240 marka olmuşdur. Həmin vaxt ev sahibi Rauf da orada olmuşdur. O, bu barədə Fazil adlı şəxslə danışmışdır. Sonradan Fazil adlı şəxs də həmin ünvana gələrək baxış keçirdikdən sonra bildirmişdir ki, markası səhv olmuşdur. O sonradan Fazil adlı şəxslə danışmış və ev sahibi Raufa dəymiş ziyandan öz üzərinə düşəni ödəcəyinə söz versə də, üzərinə düşəni müxtəlif bahanələr gətirərək ödəməmişdir.

31. Araşdırma zamanı X7 bildirmişdir ki, müxtəlif tikintilərdə beton tökmə işlərində 16- 17 il işləmişdir. Tanışı Sərxan adlı şəxs ilə təxminən 10 ildir ki, birlikdə işləmişlər. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evində hovuz tikintisi ilə əlaqədar beton işi sifarişi qəbul etmişlər. Belə ki, evin sahibi Rauf adlı şəxs sosial şəbəkə vasitəsi ilə ustaları tapmış və əlaqə saxlayaraq razılığa gəlmişlər. Daha sonra sözügedən yerə baxış keçirmişlər, təxminən xx.xx.2021-ci il tarixdə beton sifariş etmişlər. xx.xx.2021- ci il tarixdə İftixar adlı şəxsə zəng vuraraq hovuzun döşəməsinə 11 kub 350 marka beton sifariş vermişdir. Həmin gün beton maşını gəlmiş və betonu hovuzun döşəməsinə tökdükdə betonun qatı olduğunu görmüş, İftixar adlı şəxsə betona bir qədər su qatılmasını bildirmişdir. Bir qədər betona su qatıldıqdan sonra hovuzun döşəməsinə tökülərək yayılmışdır. Bundan təxminən 10-15 gün sonra hovuzun divarlarına beton lazım olduğu üçün təkrarən İftixar adlı şəxslə 12 kub 350 marka beton sifariş vermiş və həmin beton gəldikdən sonra hovuzun divarlarına vurulmuşdur. İyul ayında ev sahibi Rauf adlı şəxs ona zəng edərək bildirmişdir ki, hovuzun divarlarında çatlamalar, dağılmalar baş verir. O, başqa ustalarla maraqlandıqdan sonra ev sahibi Rauf adlı şəxsə zəng vuraraq hovuzun suyunu təcili boşaltmasını bildirmiş və Sərxan adlı şəxslə birlikdə həmin yerə gedərək hovuzdan suyu boşaltmışlar. Bundan sonra ev sahibi Rauf adlı şəxs özü araşdırma aparmağa başlamış, mütəxəssis çağırmış və məlum olmuşdur ki, hovuzun döşəmə və divarlarına vurulmuş beton 350 marka olmamış, təxminən 200-220 marka müəyyən olunmuşdur. Daha sonra ev sahibi Rauf adlı şəxs İftixara zəng etmiş və betonun mütəxəssis tərəfindən verilən rəy, betonun 200-220 marka olduğunu demişdir. Həmin vaxt İftixar adlı şəxs bildirmişdir ki, döşəməyə sifariş verdiyi betonu Sənan adlı şəxsin zavodundan, divarları sifariş verdiyi betonu isə Fazil adlı şəxsin zavodundan gətirdiyini bildirmişdir. Bir neçə gün sonra İftixar adlı şəxs beton sifariş verdiyi Fazil adlı şəxslə gəlmişlər və hovuza baxdıqdan sonra günahın özlərində olduğunu, beton markasını səhv verdiklərini, ev sahibi Rauf adlı şəxsə dəymiş maddi ziyanı öz üzərlərinə düşəni ödəyəcəyini demişlər və ev sahibi Raufla razılaşmışlar. Bİr müddət sonra isə məlum olmuşdur ki, heç bir maddi ziyan ödənişi olmamışdır.

32. Araşdırma zamanı X5 eyni məzmunlu izahat verərək bir daha Elmir İmanovun göstərdiklərini təsdiq etmişdir.

33. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, əvvəllər Keşlə qəsəbəsində yerləşən beton zavodda sürücü işləmişdir. İftixar adlı şəxsi həmin ərəfələr tanımışdır. Belə ki, maşında artıq qalmış betonu lazım olan şəxs və ya şəxslərə satmaq lazım olmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İftixar adlı şəxs ona zəng vurmuş və 12 kub beton sifariş verərək betonu Mərdəkan qəsəbəsinə gətirilməsini bildirmişdir. Lakin betonun hansı markada olduğunu bilməmiş, çünki apardığı betona qaimə yazılmamışdır. Lakm xatırladığına görə İftixar adlı şəxs ona 200-250 marka beton sifariş vermişdir. O, betonun keyfiyyətinin aşağa olmasından yalnız İftixar adlı şəxs və ev sahibi Rauf adlı şəxs onu çağırdıqdan sonra məlumatı olmuşdur. Belə ki, hovuzun divarlarına və döşəməsinə vurulmuş beton sökülmüş və buna baxmayaraq divarlarda yaranmış çatlar müşahidə edilmişdir. Sonradan ev sahibi Rauf adlı şəxs ona sənəd göstərərək betonun keyfiyyətinin 200-240 olduğunu qeyd etmişdir. O, evin sahibi Rauf adlı şəxsə bildirmişdir ki, sifariş verən İftixar adlı şəxs ona 12 kub betona görə ümumi 800 manat pul vermiş və həmin pulu o zavoda aparmış və ona cəmi 80 man pul qalmışdır.

34. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114 j saylı bağ sahəsindəki hovuzun döşəməsi və divarları yoxlanılmışdır. Hovuzun döşəməsi: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 21,5-23,0 Ror. Hovuzun divarları: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 22,0-24,5 Ror

35. 01.10.2021-ci il tarixli, 1307 №-li hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə hüquqi yardıma görə 218 manat məbləğində pul ödənilmişdir.

36. 02.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün 20 manat pul ödənilmişdir.

37. “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 4114 j nömrəli bağ evinin həyətyanı sahəsində mövcud olan hovuzun yenidən inşa edilib istifadəyə verilməsi üçün və hovuzun tam yararsız hala düşməsi nəticəsində fərdi yaşayış evinin ziyan görmüş həyətyanı döşəməsinin və hasarının zərərçəkmiş hissəsinin yenidən bərpası üçün lazım olan vəsaitin ümumi miqdarı hazırki dövr üçün 27.000 AZN təşkil edir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 10/1919 №-li ekspert rəyində qeyd olunmuşdur ki, hər hansı tikintidə istifadə olunmuş sementin markasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin mülki iş materiallarının 10-cu səhifəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X1 İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş cədvələ əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114-J saylı bağ sahəsində yerləşən hovuzun tikintisində istifadə olunan betonun möhkəmliyi konstruksiyada “SMİDT” çəkici ilə yoxlanılmış və istifadə olunan betonun B15 sinifinə (200 markaya yaxın) aid olmaqla, möhkəmlik həddinin orta göstəricisinin hovuzun döşəməsində 21,5-23,0 MPa, divarlarında 22,0-24,5 MPa təşkil etdiyi müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan hovuz tikilisinin monolit dəmir betondan inşa edilmiş divarlarında şaquli istiqamətdə döşəməyə qədər çatlar əmələ gəldiyi, bir çox yerlərdə betonun üst qatının dağıldığı, hovuzun kənarlarına vurulmuş tamet plitələrin birbirindən aralandığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, həmçinin sərhəd hasarının üzərində bəzi yerlərdə iki tərəfli, keçici çatlar yarandığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş cədvələ əsasən, tədqiq olunan hovuzun tikintisində istifadə olunan betonun B15 sinifinə (200 markaya yaxın) aid olduğunu nəzərə aldıqda, həmin hovuzda yaranmış qüsurların, istifadə olunan betonun markasının aşağı olması səbəbindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan tikililər üzrə yaranmış qüsurların xarakterini və mövcud vəziyyətini nəzərə alaraq, dağılmış hissələrin və döşəmə örtüyünün bərpa edilməsi həmin tikililər sökülmədən mümkün deyildir. Lakin hovuz tikintisi xüsusi növ tikinti işlərinə aid olduğundan, həmçinin tikintidə istifadə olunan materialların, hovuz aksesuarlarinın seçimindən, filtrasiya sistemlərindən asılı olaraq qiymətlərdə dəyişiklik olduğundan, yaranmış qüsurların bərpa olunması üçün yerinə yetirilməli işlərin dəyəri, müvafiq firma və ya şirkətlər tərəfindən görüləcək işlərə dair smeta tərtib edilməklə müəyyən oluna bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Kollegiya iş materialları əsasında qeyd edir ki, iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməklə iddiasını cavabdehlər tərəfindən 350 marka beton əvəzinə, 250 marka beton istifadə edilməsi ilə əsaslandırır.

40. Kollegiya qeyd edir ki, hovuzda çatların yaranması, yararsız hala düşməsi və 250 marka beton istifadə edilməsi işin mübahisələndirilməyən halını təşkil edir.

41. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114 j saylı bağ sahəsindəki hovuzun döşəməsi və divarları yoxlanılmışdır. Hovuzun döşəməsi: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 21,5-23,0 Ror. Hovuzun divarları: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 22,0-24,5 Ror.

42. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “...iddiaçı hazırkı iş üzrə cavabdehlərin ziyan vurulmasına birbaşa aidiyyətlərini təsdiq edə bilməmişdir. Belə ki, həm iddia ərizəsində, həm də məhkəmədə verilən izahatlarda iddiaçı əvvəlcə tikinti işlərini aparmaq üçün ustalar tapdığını, sonralar həmin ustaların İfixar Bəbişov adlı cavabdehi tapdıqlarını və ona beton sifariş etdiklərini bildirib. Göründüyü kimi, iddiaçı qarşısında hovuzun tikintisi ilə bağlı podrat tapşırığını məhz ustalar qəbul edib. Ustalarla cavabdehlər arasında isə, beton alqı-satqı münasibətləri mövcud olub. İddiaçı ilə İftixar birbaşa nə podrat, nə də alqı-satqı münasibətinə girməyiblər. Onlar yalnız mübahisə yarandıqdan sonra bir-birilərini tanıyıblar. Belə olan halda, iddiaçı Cavabdeh2 və betonu bilavasitə təqdim edən şəxslərə beton sifarişinin 350 marka olaraq edildiyini sübut etməyə borcludur. Sonuncular onlara yalnız 250 marka beton sifariş olunduğunu bildirir. Belə olan halda, iddiaçı ustalar vasitəsilə bu halın əksini sübut etməli olduğu halda, bunu edə bilməyib.”

43. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qənaətini onunla əsaslandırır ki, cavabdehlərin Xəzər Rayon Polis İdarəsində verdiyi izahatlar nəzərə alınmamışdır. Belə ki, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman Xəzər Rayon Polis İdarəsindən təhqiqat materialları sorğu edilmiş və cavabdehlərin verdikləri izahatlar nəzərdən keçirilmişdir. Təhqiqat materialından görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, ustalar tərəfindən ona 350 marka beton sifariş verilmişdir. Lakin, betonun keyfiyyətinin aşağı olması, yəni 350 deyil, 200 marka olmasını bilməmiş, bundan betonun keyfiyətinin ölçülməsi zamanı xəbərdar olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh2 və betonu bilavasitə təqdim edən şəxslərə beton sifarişinin 350 marka edildiyini sübut etməyə borclu olmasına dair birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən iddiaçı hovuzun inşası üçün ustalarla razılaşmış və həmin ustalar hovuzun tikintisi üçün lazım olan bütün materialın gətirilməsini təmin etmişlər. Kollegiya hesab edir ki, iddiaçı sifarişi ustalara verməklə əslində tikinti ilə bağlı olan bütün hərəkətlərin edilməsini ustalara tapşırmışdır. Mövcud formalaşmış praktika nəzərə alındıqda, ustalar hovuzun inşası üzrə lazımi bütün bacarıqlara malik olduğundan, tikinti üçün nəyin lazım olub-olmadığını onlar bildiyindən iddiaçı ustalara hovuz tikintisini sifariş verməklə lazım olan bütün hərəkətlərin ediləsini (mal sifariş verilməsi, mal alınması və s.) ustalara tapşırmışdır.

45. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, sifarişin 250 maka deyil, 350 marka verilməsini iddiaçının sübut etməsinə dair birinci instansiya məhkəməsinin qənaəti doğru olmamışdır.

46. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh2 xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, “Polisdə izahat verəndə usta məndən xahiş etdi ki, mən deyim guya usta məndən 350 marka beton istəyib. Səbəb də o idi ki, ziyanı zavod ödəsin. Lakin, əslində məndən 250 marka beton istənilmişdi. Mən də 250 marka beton vermişəm və betonu verəndə də bu betonu harda istifadə etmək istədiklərini soruşmamışam.”

47. Kollegiya cavabdehin təhqiqat zamanı verdiyi izahatının əslində yalan olmasına dair məhkəmədəki izahatını onun maddi məsuliyyətdən yayınma üsulu kimi qiymətləndirir. Belə ki, normal, yetkin insanın kimlərinsə sözü ilə bu cür ifadə verməklə bilə-bilə ki, ortalıqda kifayət qədər zərər var, birdən - birə bu qədər məsuliyyəti öz üzərinə götürməsini kollegiya inandırıcı hesab etmir.

48. Kollegiya hesab edir ki, cavabdehin kollegiya iclasında verdiyi izahatı əslində sonradan düşünülmüş şəkildə özünü müdafiə etmə üsuludur.

49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı X2 şahid qismində izahatı alınmışdır. X5 izahatında bildirmişdir ki, İftixara 350 marka beton sifariş verilmişdir. Həmçinin təhqiqat materiallarından da görünür ki, Vəliyev Sərxan təhqiqat zamanı eyni izahatı vermişdir.

50. Təhqiqat materiallarından həmçinin görünür ki, izahatı alınmış X7 da 350 marka beton sifariş verildiyini bildirmişdir.

51. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

52. Kollegiya belə qənaətə gəlir ki, 350 marka beton sifariş verilməsinə baxmayaraq, 250 marka betonun göndərilməsi Cavabdeh2 tərəfindən həyata keçirildiyindən, təhqiqat zamanı Cavabdeh2 350 marka beton sifariş verildiyini bildirdiyindən vurulmuş ziyan digər cavabdehlərdən deyil, yalnız Cavabdeh2 tutulmalıdır.

53. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, 28000 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçı X4 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

56. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

57. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-460/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar