Məhkəmə qərarları › İş №2(103)-5662/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5662/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5662/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2, X1 və X4 iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-210/2020 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin Azadlıq filialından aldığı “TV Samsung UE55NU7140UXRU” markalı televizorun ekspertizasının təyin edilərək, nəticəsindən asılı olaraq qüsurlu televizorun qaytarılmaqla, ödədiyi 1.499 manat pulun ona geri qaytarılması və yaxud həmin televizorun keyfiyyətli təmir olunaraq ona təhvil verildiyi gündən sonra, 1 il müddətinə zəmanət verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, onun və ailəsinin uzun müddət ərzində Cavabdeh MMC-nin saymamazlığı nəticəsində televizorsuz qaldığını, onun və ailəsinin Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin layiqli davamçısı cənab X10 apardığı uğurlu siyasətin Azərbaycan televiziya kanallarından izləmək imkanından məhrum olduğunu, onun 20 dəfəyə yaxın müxtəlif vaxtlarda Cavabdeh MMC-yə gedib şəxsən müraciət etdiyi vaxtlar ərzində xərclədiyi yol pulu, keçirtdiyi stress və əsəbi, onun şəkətli diabet xəstəsi olaraq ona dəymiş mənəvi ziyana görə 1.000 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, qüsurlu televizorun qaytarılmaqla, ödədiyi 1.499 manat pulun ona geri qaytarılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, onun və ailəsinin uzun müddət ərzində Cavabdeh MMC-nin saymamazlığı nəticəsində televizorsuz qaldığını, onun və ailəsinin Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin layiqli davamçısı cənab X10 apardığı uğurlu siyasətin Azərbaycan televiziya kanallarından izləmək imkanından məhrum olduğunu, onun 20 dəfəyə yaxın müxtəlif vaxtlarda Cavabdeh MMC-yə müraciət etdiyini, 5 dəfə Cavabdeh MMC-yə gedib şəxsən müraciət etdiyi vaxtlar ərzində xərclədiyi yol pulu, keçirtdiyi stress və əsəbi, onun şəkərli diabet xəstəsiolaraq ona dəymiş mənəvi ziyana görə 3.547 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin Azadlıq filialından xx.xx.2018-ci il tarixdə “TVSamsung UE55NU7140UXRU” markalı televizor almışdır. Zəmanət talonunda həmin televizor üçün 1 il zəmanət müddəti təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə televizorda texniki nasazlıq yaranmışdır. O, həmin nasazlığı aradan qaldırılması üçün Cavabdeh MMCyə müraciət etmişdir. Ustalar gəlib onun evində televizora bir metr məsafədən baxış keçirmişlər. Ustalardan biri televizorun ekranına mexaniki təsir olduğunu demiş, digəri isə televizorun təmir servisinə aparıb ekspertizadan keçirilməsini təklif etmişdir. Ustalar gəldikləri avtomobilin yük yeri kiçik olduğuna görə televizoru apara bilməyəcəklərini və televizoru servisə aparmaq üçün başqa avtomobil göndərəcəklərini bildirmişlər. Lakin Cavabdeh MMC televizoru servisə aparmaq üçün avtomobil göndərilməmişdir. O, təxminən 20 dəfə Cavabdeh MMC-yə gedib-gələndən sonra, xx.xx.2019-cu il tarixdə texniki rəy yazılmış və rəyi ona xx.xx.2019-cu il tarixdə vermişlər. Həmin rəydə göstərilmişdir ki, televizorun ekranı mexaniki təsir nəticəsində sınmışdır. Halbuki, televizor divardan asılmış və ona hər hansı fiziki təzyiq, mexaniki təsir olmamışdır. Televizorun ekranında sınıq və çatlar var. Lakin həmin sınıq və çatlar ekranın çöl qoruyucu şüşəsində deyil,ekranın daxili hissəsindədir. O, və ailə üzvləri televizoru zədələməmişlər. Lakin buna baxmayaraq, Cavabdeh MMC-nin ustaları televizorun təmirindən imtina etmişlər. Halbu ki, televizorda nasazlıq zəmanət talonunun 1 illik müddəti bitməmiş yaranmışdır. Həmçinin, cıhazının müayinə edilməsi üçün həmin televizor heç bir servisə aparılmayıb və yoxlama zamanı hər hansı əlavə avadanlıq istifadə edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-210/2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı (müştərinin kodu K-1524891) Cavabdeh MMC-nin Azadlıq filialından xx.xx.2018-ci il tarixdə 1499 manata 1 illik zəmanətlə aldığı “TV Samsung UE55NU7140UXRU” markalı (seriya nömrəsi OC2X3LDKA00046X) LCD televizor Cavabdeh MMC-yə qaytarılmaqla, həmin televizorun alınması üçün xx.xx.2018-ci il tarixli qəbzə əsasən İddiaçı tərəfindən ödənilmiş 1.499 (bir min manat dörd yüz doxsan doqquz) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçıya satılmış televizorda heç bir texniki nasazlıq baş verməmişdir, iddia tələbində qeyd olunan çat qüsuru ekspert rəyi ilə təsdiq edilmiş mexaniki təsirdən əmələ gəlmişdir. Hesab edir ki, məhkəmə kollegiyası sındırılmış televizorun zərərini Cavabdeh MMC-dən alınmasını ədalətsiz hesab edəcəkdir. Belə ki, “X14”-in Meneceri tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli SF000000612 saylı texniki rəyində göstərilir ki, bu rəy ondan ötrü tərtib edilir ki, Yeni Yasamal, D.Bünyatzadə küçəsi, ev 2B ünvanında yerləşən, vətəndaş İddiaçıməxsus fərdi evin 2-ci mərtəbəsində divara bərkidilmiş 0C2X3LDKA00046X seriyalı Samsung UE55NU7140UXRU televizoru, Yasamal rayon Məhkəməsinin sorğusu əsasında bizim mühəndis tərəfindən baxış keçirildikdən sonra müəyyən olunub ki 1.) cihazda mexaniki-fiziki zədə var (ekran sınıb), 2.) aşkar olunmuş qüsur istehsal qüsuru deyil və kənardan müxaniki-fıziki təsir nəticəsində yaranmış qüsurdu (əşya ilə, əl ilə və s.), 3.) ekranın xarici qoruyucu qatı elastik olduğundan üzərində sınıq-çat aşkar olunmayıb. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Texniki Universitetinin Radiotexnika kafedrasının professoru X4 xx xxxxxx 2020-ci il tarixli rəyində ekran sınıb terminin ekranın xarici qatında (şüşəsində) sınıq, çat əmələ gəlməsi deməkdir qeyd olunmuşdur. Məhkəmə ekspertiza rəyinə qiymət verərkən xarici qoruyucu qatın sınmamasım əsas götürmüşdür. Ona görə əsas götürmüşdür ki, professor Ağarəhim Rəhimov ekran çatlaması dedikdə onun xarici qatında (şüşəsində) çat olmasının lazım olduğunu qeyd etməsi olmuşdur. Belə ki, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-dən xx.xx.2018-ci il tarixdə 1499 manat “SamsungUE55NU7140UXRU” markalı televizor almışdır və “xxxxxxxxxxxxxxx” MMC tərəfindən 1 il müddətində televizorda yaranacaq texniki qüsura (istehsal qüsuruna) görə zəmanət verilmişdir. Televizor alındıqdan 9 ay müddət keçdikdən sonra iddiaçı televizora texniki nasazlıq yarandığı barədə servis xidmətinə müraciət etmişdir. Servis xidməti tərəfindən televizora baxış keçirilmiş və televizorun ekranında mexaniki təsir olunması və onun nəticəsində çatladığı barədə rəy vermişdir. Bundan sonra İddiaçı mağazaya müraciət etmiş və televizorda texniki nasazlıq olduğundan dəyişdirilməsini istəmişdir. Servis xidməti ilə əlaqə saxlayıb televizorda yaranmış qüsurun nədən ibarət olmasını maraqlandıqda servis xidməti qeyd olunan rəyi onlara təqdim etmişdir. İddiaçı israrla televizor sınmamış heç bir zədə yetirilməmişdir deyərək televizoru dəyişmək istəyini bildirməsində, onun yaşını, professor olmasını, şəxsiyyətinə diqqət edərək, onun onları aldatmaq arzusunda olmaması fikri yaranmışdır. Bu səbəbdən servis xidmətindən televizora baxış keçirilərkən çəkilmiş foto şəkilləri tələb etmişlər və foto şəkillərə baxış keçirilərkən məlum olmuşdur ki, ekrana zərbə dəymiş və ekrana dəymiş zərbədən bir neçə istiqamətdə şaxələnmiş çatlar yaranmışdır. Foto şəkillər iş materiallarında vardır və ekrana dəymiş zərbənin izi və həmin zərbədən yaranmış çatlar gözlə aydın şəkildə görünür. Sındırılmış televizorun qaytararaq zərərini “xxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulması üçün ona texniki nasazlıq adı qoyulmaqla zəmanət müddətinə əsaslanıb MMC-ni aldatmaq istəyi baş tutmadığından, iddiaçı Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclaslarında iddiaçı məhkəməyə təsir göstərmək üçün iddia tələbində göstərildiyi yüksən vəzifəli şəxslərin adlarını çəkməklə məhkəmənin iddianı təmin etməyi məcbur etmək istəmişdir. Bu baxımdan məhkəmə ekspertiza təyin etmiş və ekpertiza keçirilərkən hakim şəxsən iddiaçının evində ekspertiza keçirilməsinin iştirakçısı olmuşdur. Ekspert televizora baxış keçirtmiş və ekranda baş vermiş çat qüsurunun kənar şəxslər tərəfindən əl və ya əşya ilə vurduqları zərbədən olduğunu və bunun istehsal deyil, mexaniki təsir nəticəsində vurulmuş zərər olduğunu bildirmiş və bu barədə rəy tərtib etmişdir. Ekrandan əlavə ekranın qoruyucu qatının da olduğunu və həmin qatın şüşə deyil, elastik materialdan olduğundan sınmadığı və çatlamadığını qeyd etmişdir. Ekspert onu da bildirmişdir ki, elastik qat iti uclu və kəsici alətlə zərbə yetirildikdə kəsilə (sına) bilər. Əyani olaraq aydınlaşdırmaq üçün ekspert öz əli ilə ekranı sıxmaqla elastik qat sınmadan ekranı sındırmaq mümkün olduğunu göstərmək istəmiş, lakin hakim və iddiaçı aydın olduğunu bildirərək əli ilə ekranı sındırmamağı bildirmişlər. Eyni zamanda hakim iddiaçının yalanını görmüş və narazı olaraq evdən çıxmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən professor Ağarəhim Rəhimovun şüşə materialdan olan ekran qoruyucusu haqqında rəyni təqdim etmişdir. Elastik materialdan olan qoruyucuya aid olmayan həmin rəyi məhkəmə nəzərə alaraq, əsaslı verilmiş ekspertiza rəyini tamamilə nəzərə almamışdır. Həmin rəydə şüşə qoruyucu barədə fikir yazıldığından, həmin rəyin iddianın predmeti olan elastik qoruyucu hissədən ibarət olan televizora aidiyyəti olmadığından, məhkəmənin həmin rəyi əsas götürməsi əsassızdır. Bundan başqa məhkəmədə qərar qəbul etmək üçün ekspertiza rəyinin şərhinə ehtiyyac yaranmışdırsa, ekspertin özünü məhkəmə iclasına dəvət edərdi və ya yazılı şərhini təqdim etməyi ekspertin üzərinə qoymalı idi. İşə aidiyyəti olmayan televizora baxış keçirtməyən şəxsin şüşə barədə dediklərini məhkəmə əsassız və ədalətsiz olaraq əsas tutaraq, sındırılmış televizorun zərərinin çəkilməsini qərəzli olaraq “xxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoymuşdur. Professorun rəyinin ekspertiza rəyinə şərh verməsi kimi qəbul edilməsini düzgün hesab etmirlər və həmin rəydə şüşə qoruyucu barədə fikir deyildiyi nəzərə alınmasını hesab edirlər. İddiaçı məhkəməyə təsir etməsi üçün adını çəkdiyi rəhbər şəxslərə, o cümlədən Ümummilli Lider Heydər Əliyevə və onun davamçısı olan X10 irəli sürdüyü siyasəti dəstəkləyirlər. Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir və sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırır. Mərhum prezident Heydər Əliyevin və onun davamçısı olaraq İlham Əliyevin həyata keçirdiyi xarici, sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmuş və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləməkdədir. İddiaçıya satılmış televizorda heç bir texniki nasazlıq baş verməmişdir, iddia tələbində qeyd olunan çat qüsuru ekspert rəyi ilə təsdiq edilmiş mexaniki təsirdən əmələ gəlmişdir. Məhkəmə kollegiyası sındırılmış televizorun zərərini “xxxxxxxxxxxxxxx” MMC dən alınıb deyə MMC-nin üzərinə qoyulmasını ədalətsiz hesab edəcəkdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin tamamilə ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, İddiaçı (müştərinin kodu K- 1524891) Cavabdeh MMC-nin Azadlıq filialından xx.xx.2018-ci il tarixdə 1499 manata 1 illik zəmanətlə aldığı “TV Samsung UE55NU7140UXRU” markalı televizorunda yaranmış nasazlıq-zavod qüsurudur. Televizorun ekranının xarici qatı üzərində sınıq-çat aşkar olunmamışdır. Həmçinin, televizor hər hansı kompyuter tədqiqatından keçməmişdir. “İnteqral” Texno Servisinin xx.xx.2020-ci il tarixli SF000000612 nömrəli rəyində televizor ekranının xarici qoruyucu qatı elastik olduğu qeyd edilsə də, bu fakt televizorda yaranmış nasazlığın mexaniki-fiziki təsir nəticəsində yarandığını hesab edilməsi üçün əsas vermir. Məhkəmə mənəvi zərərlə bağlı hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalmaları ilə bağlı halları sübuta yetirə bilməmiş, həmçinin ona hər hansı mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Bu kontekstdə məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndəsini, mütəxəsisləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, qətnamə qismən təmin edilən və rədd olunan hissələrdə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehdən xx.xx.2018-ci il tarixdə “TV Samsung UE55NU7140UXRU” markalı televizore 1499 manata almış, televizora zəmanət talonu verilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı ona satılan televizorun qüsurlu olduğunu, cavabdeh isə televizorun qüsursuz vəziyyətdə iddiaçıya təhvil verildiyini, 9 aya yaxın müddət ərzində istifadə olunan televizorun LCD panelin (ekran) mexaniki təsir nəticəsində sınıq olduğunu, bunun zavod qüsuru olmadığını, mexaniki təsirdən yaranan qüsurun zəmanət şərtlərinə daxil olmadığını bildirir. Kollegiya qeyd edir ki, iddiaçı televizoru qüsursuz qəbul etdikdən sonra, mübahisə predmeti olan televizorda əmələ gəlmiş qüsurun mənbəyini göstərməyə borcludur. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələbinin əsaslılığının yoxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi vasitəsi ilə ekspertizanın keçirilməsinin mümkünsüzlüyü aşkardır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları (o cümlədən mübahisə predmeti olan “TV Samsung UE55NU7140UXRU” markalı televizor) və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssisin fəaliyyət göstərmədiyini (bu növ tədqiqatların aparılması üçün ixtisas dərəcəsi olan ekspertin olmadığını.) və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən olunması məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığını bildirmişlər. Belə olan halda, kollegiya hesab edir ki, iş materiallarında olan sübutlarla kifayətlənilməlidir. Belə ki, iş materiallarından “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli texniki rəyindən görünür ki, “TV Samsung UE55NU7140UXRU” markalı televizora baxış keçirilib və LCD panelin (ekran) mexaniki təsir nəticəsində sınıq olduğu təyin edilib. Mexaniki təsirdən yaranan qüsurlar zəmanət şərtlərinə daxil deyildir. Ödəniş xidməti əsasında televizorun LCD panel (ekran) yenilənə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-5859/2019 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə mübahisə predmeti olan İddiaçı (müştərinin kodu K-1524891) Cavabdeh MMC-nin Azadlıq filialından xx.xx.2018-ci il tarixdə 1499 manata 1 illik zəmanətlə aldığı “TV Samsung UE55NU7140UXRU” markalı televizorun nasazlığının hansı səbəbdən yaranmasını, nasarzlığın aradan qaldırılması üçün televizorun hansı ehtiyat hissələrinin dəyişdirilməli olmasının müəyyən edilməsi, ehtiyat hissələrinin, təmir işlərinin məbləğinin müəyyən edilməsi üçün yenidən məhkəmə mühəndistexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması “İnteqral” Texno Servisə həvalə edilmiş, qiymətləndiricinin rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. “İnteqral” Texno Servisinin xx.xx.2020-ci il tarixli SF000000612 nömrəli rəyi xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, televizor cıhazında müxaniki-fiziki zədə var; aşkar olunmuş qüsur istehsal qüsuru deyil, kənardan mexaniki-fiziki təsir nəticəsində yaranmış qüsurdur; ekranın xarici qoruyucu qatı, elastik olduğundan, üzərində sınıq-çat aşkar olunmur. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Texniki Universitetinin Radiotexnika kafedrasının professoru X4 verdiyi xx.xx.2020-ci il tarixli rəydə göstərilir ki, televizorda texniki nasazlıq iki səbəbdən ola bilər: 1) Televizor ekranına kənardan mexaniki təsir nəticəsində (bu zaman televizorun ekranı deformasiya uğrayır, ekranın xarici qatında (şüşəsində) sınıq, çat və sairə izlər qalır). 2) Televizorun özünün daxili nasazlığı nəticəsində - zavod qüsuru. “Ekranı sınıb” termini - ekranın xarici qatında (şüşəsində) sınıq, çat əmələ gəlib deməkdir. Məhkəmə kollegiyasının iclasında rəy vermiş “İnteqral” Texno Servisinin mütəxəsisi X7 qeyd etdi ki, o, verdiyi rəyi müdafiə edir və bir daha təsdiqləyir ki, “TV Samsung UE55NU7140UXRU” markalı televizor cıhazında mexaniki-fiziki zədə vardır. Həmin zədə- aşkar olunmuş qüsur istehsal qüsuru deyil, kənardan mexaniki-fiziki təsir nəticəsində yaranmış qüsurdur. Ekranın xarici qoruyucu qatı, elastik olduğundan, üzərində sınıq-çat aşkar olunmur. Məhkəmə kollegiyasının iclasında rəy vermiş Azərbaycan Texniki Universitetinin Radiotexnika kafedrasının professoru X8 xx.xx.2020-ci il tarixli rəyinə dəqiqləşmə verərək qeyd etdi ki, ekspertə təqdim olunmuş “Samsung” markalı televizor xaricdən təsir nəticəsində nasaz hala düşmüş, kinoskopun vakkumu pozulmuş və nasaz hala düşmüşdür. Bunu əsas götürərək qeyd etmək olar ki, ekran yalnız kənardan təsir nəticəsində sıradan çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. MM-nin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-nin 614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. MM-nin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətinin mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 624.3-cü maddəsinə əsasən, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. MM-nin 624.4-cü maddəsinə əsasən, bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, televizorda meydana gəlmiş qüsur və ya nasazlıq onun ekranının çatlamasından (sınmasından) ibarətdir. Sınma, çatlama kimi qüsurlar isə daha çox mexaniki təsir, kənar müdaxilə səbəbindən meydana gəlməsi bəlli fakt olmaqla yanaşı, onların görünən olması, yəni avadanlığın ilkin yoxlanması zamanı müəyyən edilməsinin mümkün olması, iddianın əsassızlığını təsdiq edir. Belə ki, xx.xx.2018-ci il tarixdən iddiaçı tərəfindən qəbul edilmiş və xx.xx.2019-cu il tarixədək onun tərəfindən istifadə olunan “TV Samsung UE55NU7140UXRU” markalı televizorla yaranmış qüsur mexaniki təsir nəticəsində əmələ gəlməklə, zavod qüsuru olmamaqla, zəmanət şərtlərinə daxil deyildir. Buna görə də, iddia tələbi qüsurlu televizorun qaytarılmaqla, ödədiyi 1.499 manat pulun iddiaçıya geri qaytarılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X13 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən onun mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi ona dəymiş mənəvi ziyana görə 3.547 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi hissəsində də əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci, 385.1.2, 385.1.4-cü maddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 210/2020 saylı qətnaməsi iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Xəyal Sarıyev Hakimlər: imzalar Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar