Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5662/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə xitam verilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə xitam verilməsi tələbi; 2) pul tələbi. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, müstəsna aidiyyət qaydasında görə, hazırkı iddia ərizəsinə başqa məhkəmədə - Nəsimi RM-də baxılmalıdır, çünki qeyri-yaşayış sahəsi Nəsimi rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Xətai RM mövqeyini əsaslandırmaq üçün MPM-in 39.1-ci maddəsindəki “…mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar…” ifadəsinə istinad edib və hesab edib ki, həmin ifadə hazırkı iddiaya şamil olunur. Lakin bu ifadədə “hüquqlarının” deyiləndə daşınmaz əşyaya aid hüquqların pozulmasının aradan qaldırılması haqqında iddia nəzərdə tutulur. İddia – hüququn müdafiə vasitəsidir. İddianın daşınmaz əşya ilə bağlı olması müstəsna aidiyyətin tətbiqi üçün əsas deyil, iddia vasitəsilə müdafiəsi tələb edilən hüququn obyekti daşınmaz əşyaya olduqda müstəsna aidiyyət tətbiq edilir. Hazırkı iddia daşınmaz əşya ilə bağlıdır, lakin iddia vasitəsilə müdafiəsi tələb edilən hüququn obyekti daşınmaz əşyaya deyil. Belə ki, icarə müqaviləsinə xitam verilməsi barədə iddia vasitəsilə müqavilə münasibətindən çıxmaq hüququnun müdafiəsi tələb olunub. Mülki qanunvericilikdə müqavilə münasibətinə daxil olmaq (müqavilə bağlamaq) hüququ müəyyən edildiyi kimi, müqavilə münasibətindən çıxmaq (müqaviləni ləğv etmək) hüququ da müəyyən edilib. Əşyalar (daşınar və ya daşınmaz əşyalar) həmin hüququn obyekti sayılmır. Hazırkı iddianın aidiyyəti MPM-in 35.2-ci maddəsinə əsasən müəyyən edilməldir. Həmin maddəyə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdeh MMC-nin hüquqi ünvanı Xətai rayonuna aiddir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5662/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5662/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver