Məhkəmə qərarları › İş №2(103)-5663/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5663/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5663/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-669/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona borclu olduğu 1000 manatın və dövlət rüsumu hesabına ödədiyi 30 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır (səh.5); 08.l0.2020-ci il tarixli əl yazmasına əsasən, Cavabdeh Tovuz rayonu, Şəhriyar küçəsində yerləşən mağazadan 1000 AZN dəyərində telefonlar almış və həmin məbləği hissə-hissə ödəyəcəyini qeyd etmişdir (səh.8). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-669/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 447, 448, 567, 600-cü maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119, 216, 217, 218-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına; S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı Cavabdeh hissə-hissə ödəmək şərti ilə telefonlar verdiyini və həmin malın dəyərinin ona veriləcəyini bildirsə də, bununla bağlı olaraq hər hansı bir qəbz və ya çek təqdim etməmiş, həmin pulun ona ödənilmədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə isə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Cavabdeh ilə alqı-satqı müqaviləsi bağladığı və ona mal verildiyini təsdiq edəcək əsaslı və mötəbər sübutlar mövcud deyildir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(010)- 669/2021 nömrəli qətnaməsi ləğv edilməsi və onun Cavabdeh qarşı 1000 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 30 manatın alınıb ona verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, hesab edir ki, Cavabdeh 555 manat olan İMEİ kodu **********72016 və **********72014 olan Samsung Galaxy A50 markalı telefon və alqı-satqı qiyməti 445 manat olan İMEİ kodu **********13743 və **********13750 olan X6 8 markalı telefonları nisyə almasını təsdiq edən öz əli ilə yazdığı qəbzi nəzərə almamış, mobil telefon vasitələri gündəlik istifadə edildiyi üçün alınan vaxtdan cavabdehin istifadəsində olmuşdur. Bunu sübut etmək üçün həmin telefonların imei kodlarına əsasllanmaqla müvafiq mobil operatorlara müraciət etməklə subut olunması mümkündür. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385-388, 442, 443, 739-745, 600,601; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmış, mülki qanunvericiliyin maddi hüquq normalarının öhdəliyə aid tələblərinə müvafiq tətbiq etmişdir. Qeyd edilməlidir ki, təqdim edilmiş yeganə sübut olan qəbzdə cavabdehin telefonları Tovuz şəhərində icarəyə götürdüyü mağazadan aldığını qeyd edilmiş və iddiaçının adı qeyd edilməmişdir. Digər sübutların təqdim (təmin) edilməsi üzrə müvafiq vəsatətlərin birinci instansiya məhkəməsində verilməməsi və ya digər asılı olmayan səbəblərin müəyyən edilməməsi onların apellyasiya icraatı zamanı baxılmasını mümkünsüz edir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, əsl iddiaçını müəyyən etməklə və ya yeni sübutlarla (yeni əsaslarla) məhkəməyə müraciət hüquqları mövcuddur. İddianın məbləğinə görə apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilməsi nəzərdə tutulmamışdır. Ona görə apellyasiya şikayəti təmin edilməməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-669/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar