Məhkəmə qərarları › İş №2(103)-5663/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5663/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5663/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(011)-4041/2016 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M- 1-0-198-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh1 18 ay müddətinə, illik 28 % ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M- 1-0-198-15 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. İddiaçı İKB ASC-nin maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 22-M-1-0-198-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 3633 ABŞ dolları əsas borcu və 911 ABŞ dolları faiz borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Kreditor borclulara qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsindən irəli gələn, xx.xx.2016-cı il tarixədək hesablanmış 3633 ABŞ dolları əsas borc və 911 ABŞ dolları faiz olmaqla, cəmi 4544 ABŞ dollarının, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, borclular Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

5. Kreditor tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsinə əsasən borc alana 4000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-4041/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

7. Cavabdeh1 məhkəmə əmrinə etiraz edərək, məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2016-cı il tarixli, 2(011)-4041/2016 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 448.1, 449.4, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsinə əsasən götürülmüş 4000 ABŞ dolları məbləğində pul vəsaiti, yəni götürülmüş kredit məbləği, götürülmə tarixi və digər parametrlərə görə problemli kreditlərin həlli istiqamətində verilmiş xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Fərmanın icrasına iddiaçı bank tərəfindən məhəl qoyulmamış, bu hal isə araşdırılmamış qalmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilməsi hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının həddi olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

31. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsinə əsasən borc alana 4000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Həmin kredit üzrə borc öhdəliyi yerinə yetirilməmiş, xx.xx.2016-cı il tarixə 3633 ABŞ dolları əsas, 911 ABŞ dolları faiz borcu yaranmışdır.

32. Cavabdeh2 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kredit müqaviləsinə əsasən bankdan alınmış kredit məbləği «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili açıq aşkar əsassızdır. Belə ki, hazırkı mülki mübahisə üzrə birinci instansiya məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsinin çıxarılmasından 2 il 7 aydan artıq müddət sona qəbul edilmiş həmin Fərmanın mübahisəli kredit öhdəliyinə tətbiqinə əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

36. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4041/2016 saylı iş üzrə 14 iyul 2016-cı il tarixli qətnaməsi apellyasiya baxışının həddi olan “iddianın Cavabdeh2 qarşı təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar