Məhkəmə qərarları › İş №2(103)-5664/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5664/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5664/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-32/2024 nömrəli 23 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 22 may 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, 2014cü ildə Cavabdeh hissə-hissə olmaqla 35000 manat pul verdiyini, Sevilin həmin pulu qaytara bilmədiyi üçün ona ünvan 1 ünvanında yerləşən evi verməyi təklif etdiyini, lakin onların ortaq tanışları olan Ayselə də 5000 manat borcunun olduğunu, Sevilin həmin evi onların hər ikisinə verməyi dediyini, evi götürüb satıb Aysellə aralarında qazanc bölüşdürməyi fikirləşdiyini, evə Ayselin bacısı Səbinə Şıxəliyevanın qeydiyyata salındığını, bundan sonra Ayselin vəfat etdiyini, Səbinənin isə onun pulunu verməkdən və evi qeydiyyat etməkdən imtina etdiyini, Sevilin ona olan başqa borcu isə Tağıyeva Zeynəbdə olan ona aid 750 əyyarlı qızıl sırğalar, 1200 manat dəyərində pul vəsaiti olduğunu bildirmişdir. Hal-hazırda Səbinə Şirəliyeva evə qeydiyyata durmuşdur.

2. Cavabdeh 2012-ci ildə Mahirə adlı xanımdan 11000 manat borc pul aldığını, 2015ci ildə Mahirədən aldığı pulu ödəyə bilmədiyi üçün yaşadığı evi Mahirəyə və Ayselə verdiyini, Mahirəyə olan borcunu evlə ödəyib bağladığını, sonuncuya heç bir borcunun qalmadığını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 34700 manat məbləğində əsas borcun, borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmış 6940 manat olmaqla, cəmi 41640 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi 2012-ci ilin yay aylarından tanıyır. Həmin vaxt cavabdeh ünvan 2 ünvanda yaşayır və yaşadığı evin altında gözəllik salonu işlədirdi. 2014-cü ildə cavabdeh işlətdiyi gözəllik salonunun təmiri və borclarının ödənilməsi məqsədi ilə ondan 4 il müddətinə hissə-hissə qaytarmaq şərti ilə borc pul və qızıl-zinət əşyası istəmiş, cavabdehi uzun müddəti tanıdığına görə 34000 manat borc pul və 3000 manat dəyərində qızıl zinət əşyası vermişdir. Cavabdeh bir müddətdən sonra yenidən 1000 manat lazım olduğunu bildirmiş, o da 1000 manat vermişdir. Lakin bir müddət sonra cavabdeh pulu qaytara bilmədikdə yaşadığı evi ona verəcəyini bildirmiş, sonrada isə məlum olmuşdur ki, evin birinci mərtəbəsində olan 2 otaqlı yaşayış sahəsini Səbinə adlı şəxsə vermişdir. O cavabdehdən pulun birdəfəlik ödənilməsini tələb etsə də, 35000 manat puldan 1000 manat qaytarmış, yerdə qalan məbləği qaytaracağına söz versə də, qaytarmamışdır. 15 fevral 2016-cı il tarixdə cavabdeh 34000 manat borcunun olması və 3000 manat dəyərində qızıl-zinət əşyasının olması barədə qəbz yazmışdır. Eyni zamanda cavabdeh 2020-ci ilin sentyabr ayında qəbz yazaraq göstərmişdir ki, Mahirə müəlliməyə olan borcundan 300 manat pul vermişdir. Hazırda cavabdeh ona borcundan 300 manat qaytarmış və ona 34700 manat borcu qalmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2023-cü il tarixli 4/1274 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 73-cü vərəqində olan qəbzdə “Mənim Mahirə müəlliməyə borcum 34000 m var və qızıl 8000 manat. 15 fevral 2020 il” yazıların sonundakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 5/1629 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzəridə olan əlyazılardakı “34000” rəqəmlərindən sonuncu “0” rəqəmi sonradan əlavə edilib. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “8000” rəqəmlərindən “8” rəqəmin yerində əvvəl “3” rəqəmi olub, sonradan üzərinə əlavə cizqi artıraraq indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “2020 il”yazısı sonradan əlavə edilib. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 fevral 2024-cü il tarixli 2(011)-32/2024 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh 11000 manat məbləğində borc pul, borcun ödənilməsinin gecikdirildiyi vaxta görə illik 5 faiz olmaqla, 3500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 196 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə 34700 manat məbləğində borc pul verdiyini sübuta yetirmək məqsədi ilə məhkəməyə cavabdehin adından yazılmış 34000 və 8000 manat borcun etirafı ilə bağlı sənəd təqdim etmişdir. Həmin sənədin cavabdeh X5 tərəfindən imzalandığı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində öz təsdiqini tapsa da, ekspertiza nəticəsində sənəddə sonradan düzəlişlərin edildiyi və sənəddə olan rəqəmlərin əslində 3400 və 3000 olduğu müəyyən edilmişdir.

9. Məhkəmə təqdim edilmiş digər sübutları və cavabdeh X3 iştirak etdiyi məhkəmə iclaslarında 11000 manat məbləğində pulun İddiaçı aldığını, bunun müqabilində isə sonuncuya evini verdiyinə dair izahatlarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 11000 manat məbləğində borcun verildiyi sübuta yetirilir.

10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh 11000 manat məbləğində borcun müqabilində İddiaçı 2 otaqlı evini verdiyini, bununla da öhdəliyini icra etdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Əliyev Sevil arasında mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı müqavilə bağlanılmamış, sözügedən mənzil isə üçüncü şəxslərin istifadəsi və sahibliyindədir. Belə olan halda, Cavabdeh borc aldığı pul vəsaitinin geri ödənilməsi ilə bağlı vəzifəsini icra etməmişdir.

11. Məhkəmə iddiaya borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmış 6940 manat olmaqla pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir.

12. Belə ki, cavabdeh Nizami Rayon Polis İdarəsinin 23-cü PB-də verilən izahatında borcun 2015-ci ildə qaytara bilmədiyinə görə guya özünə məxsus olan evi İddiaçı verdiyini göstərmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borcun geri qaytarılmasına dair öhdəliyin icrası müddəti 2015-ci ildə başa çatmış, lakin borclu öhdəliyini vaxtında icra etməmişdir. Odur ki, iddiaçı öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizi tələb etməkdə haqlıdır. Lakin, həmin faiz məbləği iddiaçının iddia etdiyi kimi 34000 manatdan deyil, məhkəmə tərəfindən müəyyən edilmiş 11000 manat borc məbləğindən hesablanmalıdır. Buna görə də, iddia araşdırılan hissədə qismən təmin edilərək 3500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, Mahirəni sələmə pul verən adam kimi tanımış, həmin vaxt o Keşlə qəsəbəsində özünə məxsus qadın salonu işləmişdir. 2012-ci ildə ziyana düşmüş, həmin vaxt Mahirədən hissə-hissə 11.000, onun şəriki Aysel adlı qadından isə yenə hissə-hissə 6.000 manat 10% pul götürmüşdür. Sonradan maddi durumu daha da pisləşdiyi üçün faizləri ödəsə də əsas borcu ödəyə bilməmişdir. Həmin ərəfədə Keşlə qəsəbəsi, Məşədi Hilal küçəsi 12 ünvandakı 7 saylı evini satmaq məcburiyyətində olmuş, Mahirə pulunu istədikdə demişdir ki, evini satıb pulu qaytaracaqdır. Mahirə demişdir ki, məcburi köçkündr, öz adına evi sənədləşdirmək istəmir, həmin vaxt onun şəriki Aysel adında qadının adına evi sənədləşdirməyi təkilf etmiş və bildirmişdir ki, onun pulunun Ayseldə qalması daha qarantiyaladır. Evinin alt hissəsini –yəni 2 otağını Ayselin bacısı X1 adına Nizami rayonu, 67 saylı MKİS-də onun razılığı ilə 2009-cu ildə daimi qeydiyyata düşmüşdür. Sonradan Aysel vəfat edəndən sonra Mahirə dedi ki, evin Ayselin bacısına sənədləşən hissəsi faktiki ona məxsusdur. Onun təklifi ilə Ayselin bacısını evdən çıxarmaq üçün Nizami Rayon Məhkəməsinə müraciət etdi. Səbinə evdə qeydiyyatda olduğu üçün iddiası təmin olunmamışdır, sonradan Əminə evə köçdü, əvvəllər isə həmin hissəni kirayəyə vermişdi. 2014-cü ildə evin ona aid olan hissəsini analığı Kərimova Qöncə xanıma satmış, sonradan o, da həmin hissəni başqasına satmışdır. Məhkəmə iclasında iştirak etmədiyi üçün iddia müddəti keçdiyinə görə iddia müddətinin tətbiqi barədə müraciət edə bilməmişdir. Məhkəmə araşdırması iştirakı olmadan aparılmış, o iş üçün mühüm əhəmiyyəti olan sübutları və o cümlədən şahidləri məhkəmə iclasına gətirə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

18. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 427. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

23. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

24. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

32. İddiaçı cavabdehə verdiyini iddia etdiyi borc məbləğindən ödənilməmiş qalan 34700 manat borcu və borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 6940 manatı cavabdehdən tələb etmişdir.

33. Cavabdeh isə iddaçıdan 11000 manat borc aldığını və əvəzində evini verdiyini bildirmişdir.

34. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında hər hansı borc müqaviləsi bağlanmamışdır.

35. İddiaçı 35000 manat borc verdiyini bildirsə də, iş materiallarında olan 15 fevral 2020-ci il tarixli əlyazma qəbzdə göstərilmişdir ki, “Mənim Mahirə müəlliməyə borcum 34000 m var və qızıl 8000 manat”. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin əlyazma qəbzdəki imza cavabdeh tərəfindən icra olunmuşdur, digər ekspertiza nəticəsində isə müəyyən edilmişdir ki, “34000” rəqəmlərindən sonuncu “0” rəqəmi sonradan əlavə edilib. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “8000” rəqəmlərindən “8” rəqəmin yerində əvvəl “3” rəqəmi olub, sonradan üzərinə əlavə cizqi artıraraq indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “2020 il” yazısı sonradan əlavə edilib.

36. 2020-ci il sentyabr ayında cavabdeh tərəfindən yazılmış digər əlyazmada iddiaçı cavabdehə olan borcundan 300 manat pul verdiyini göstərmişdir.

37. Beləliklə cavabdeh tərəfindən yazılmış əlyazma qəbzə əsasən cavabdehin iddiaçıya 3400 manat və 3000 manat dəyərində qızıl borcu olduğu müəyyən edilir.

38. “2020 il” yazısının sonradan əlavə edilməsi ilə bağlı Kollegiya qeyd edir ki, həmin qəbzdə 3400 manat və 3000 manat dəyərində qızıl borcu olduğu öz əksini tapır, qəbzin verildiyi tarix də 15 fevral olması şübhə doğurmur, yalnız həmin qəbzin hansı ildə verilməsi mübahisəlidir. Cavabdeh də birinci instansiya məhkəməsində bununla bağlı qeyri-müəyyən izahat verərək, 2020-ci ildə iddiaçıya borcu olmadığını, həmin qəbzi yazmadığını bildirmiş, eyni zamanda qeyd etmişdir ki, iddiaçı tənginəfəs onlara gəlmiş və kiməsə pul borclu olduğunu bildirərək, iddiaçıya borcunun olması barədə qəbz yamağı təklif etmiş, o da yazıb qol çəkmiş, sonradan iddiaçının evinə getdikdə, sonuncu “sənlik heç nə yoxdur” demiş, sonra məhkəmədən zəng gəlmiş, o da iddiaçıya “gəl evi alaq” demiş, həmin vaxt borcundan 300 manat vermişdir.

39. Göründüyü kimi, hər iki qəbzin cavabdeh tərəfindən yazıldığı müəyyən olunur, 300 manatın qaytarılması barədə qəbz də məhz 2020-ci ilin sentyabr ayında yazılıb.

40. Nəhayət Kollegiya qeyd edir ki, iddiaçı sübut qismində iki qəbz təqdim edib, birində cavabdehin iddiaçıya 3400 manat və 3000 manat dəyərində qızıl borcunun olması, digərində isə cavabdehin borcundan 300 manat qaytarması öz əksini tapır. Cavabdeh isə iddiaçıya olan borcunu qayratdığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilməyib.

41. Cavabdehin qeyd etdiyi halı təsdiq edən, yəni borc məbləğinin ev ilə əvəzləşdirilməsi ilə bağlı rəsmi hər hansı sənəd, tərəflər arasında olan razılaşma mövcud deyildir.

42. Göründüyü kimi cavabdeh əlyazma qəbzdə yazmaqla iddiaçıya 3400 manat və 3000 manat dəyərində qızıl borcunun olduğunu etiraf etmişdir.

43. Borcun etirafı haqqında müqavilənin bağlanması ilə həmin ana qədər tərəflər arasında olan mübahisəli hallar aradan qalxmış olur və bu müqaviləyə qədər borcla bağlı tərəflər arasında olan mübahisəli halların araşdırılması zərurəti yoxdur. Həmçinin müqavilə xeyrinə bağlanmış şəxsin həmin borcun olmasını sübuta yetirmək öhdəliyi aradan qalxmış olur.

44. Cavabdehin hazırda iddiaçıya ümumilikdə 6400 manat borcunun (özünün etirafına əsasən) olması mübahisəsizdir. Lakin 2020-ci il sentyabr ayında cavabdeh borcundan 300 manat qaytarmışdır.

45. Belə olan halda aydın olur ki, hazırda cavabdehin iddiaçıya ödənilməmiş qalan borcu 6100 (6400-300) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

46. İddiaçı borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 6940 manat tələb etmişdir.

47. Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi əsassızdır.

48. Belə ki, xx.xx.2020-ci il tarixli əlyazma qəbzdə öhdəliyin icra müddəti göstərilməmişdir. Qanunvericiliyin tələbinə görə bu halda icra müddəti tələbetmə anı ilə müəyyən edilir. Tələbetmə anı isə hazırda iddianın verildiyi vaxt hesab edildiyindən, belə nəticəyə gəlmək olur ki, öhdəliyin pozulması baş verməmişdir. Ona görə də öhdəliyin gecikdirilməsinə görə illik 5%-lə hesablanmış borc tələb edilməsi əsassızdır.

49. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iclasında iştirak etmədiyi üçün iddia müddəti keçdiyinə görə iddia müddətinin tətbiqi barədə müraciət edə bilməmişdir. Məhkəmə araşdırması iştirakı olmadan aparılmış, o, iş üçün mühüm əhəmiyyəti olan sübutları və o cümlədən şahidləri məhkəmə iclasına gətirə bilməmişdir.

50. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmiş, iddia müddəti ilə bağlı hər hansı fikir bildirməmişdir. Yalnız 21 fevral 2024-cü il tarixli iclasda iştirak edə bilməyəci ilə bağlı teleqram ünvanlamışdır.

51. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-32/2024 nömrəli iş üzrə 23 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 126 manat Cavabdeh, 70 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar