Məhkəmə qərarları › İş №2(103)-5665/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5665/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5665/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi Fərəh Fərhadovanın iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin mülkiyyətçiyə qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, başqa şəxsin - Xəlilova Lətifə Nurəddin qızının banka (cavabdehə) olan 22.423 manat borcunun barışıq sazişinin təsdiq edilməsi yolu ilə iddiaçı tərəfin özü üzərinə götürməsi nəzərə alınsın və həmin borcun təminatı üçün ipoteka ilə yüklü edilmiş əmlak - Abşeron rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 2-ci döngədə yerləşən 110D №-li ev iddiaçı tərəfə qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Başqa mülki iş - 2(011)-201/2011 №-li iş üzrə Xətai Rayon Məhkəməsi tərəfindən qəbul etilmiş 29.12.2011-ci il tarixli qətnamə ilə qət olunub ki, Xəlilova Lətifə Nurəddin qızından kredit müqaviləsi üzrə cəmi 22.423,82 manat borc tutularaq QSC “Bank Standard” Kommersiya Bankına (hazırkı işdə cavabdeh) verilsin və tutma X1 məxsus olan, Abşeron rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 2-ci döngədə yerləşən 110D №-li evə yönəldilsin. Kredit – öhdəlik münasibətidir. İddiaçılar həmin öhdəliyin tərəfi deyillər. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Ona görə də kredit öhdəliyi üzrə vəzifənin - borcu qaytarmaq vəzifəsinin məhkəmə qaydasında iddiaçı tərəfin üzərinə qoyulması mümkün deyil. İddia ərzəsindən görünür ki, iddiaçı tərəf ipoteka predmetinin (evin) özünə məxsus olduğunu iddia edir. Evin ipoteka yüklülüyüdən azad edilməsi üçün ipotekaya xitam verilməlidir. İpotekaya xitam verilməsinə əsas olan hallar isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində müəyyən olunub. Həmin hallar mövcud deyil, iddiaçı tərəf isə ipoteka qoyan deyil. Ona görə də evə dair tələbin təmin edilməsi mümkün deyil. Beləliklə, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də qətnamədə hər hansı maddi hüquq normasına istinad etməyib. Qətnamə - işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır. İşin mahiyyəti üzrə həlli maddi hüquq normalarına istinad edilməklə həyata keçirilməlidir. Mülki-Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Ona görə də qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin mülkiyyətçiyə qaytarılması barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar