Məhkəmə qərarları › İş №2(103)-5668/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5668/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5668/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(001)-2350/2019 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 150000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla X5 və Cavabdeh arasında 02 iyul 2018-ci il tarixdə “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilə X2 bankla bağladığı 140408-857- 23/1089 saylı 15.04.2008-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan, həmin kredit müqaviləsindən irəli gələn 294944 manat faiz öhdəliyindən qismən, yəni 150000 manat məbləğini Cavabdeh verilməsi münasibətlərini tənzimləyir. Həmin müqavilənin 1.2ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq, Cavabdeh tərəfindən müvafiq öhdəliyin icrası bankın tələbinə əsasən hissə-hissə və ya tam şəkildə icra edilir. Bank Cavabdeh ödənişin olunması məqsədilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. Bank tərəfindən Cavabdeh 04.12.2018-ci il tarixdə yazılı bildirişlə müraciət olunmasına və 5 təqvim günü müddətində 150000 manat məbləğində borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(001)- 2350/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 150000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 iş adamı kimi tanımış və uzun müddətdir ki, normal dostluq münasibətləri olmuşdur. Tapdıq Məmmədov 2018-ci ildə ona müraciət edərək demişdir ki, Sabunçu rayonu ərazisində “Nilufər” adında şadlıq sarayı onun və tanışının şərikli mülkiyyətində olmuşdur. Hal-hazırda tanışı şadlıq sarayında olan payını satmaq istədiyindən, o, şərikinin payını alıb şadlıq sarayının tam sahibi olmaq istəyir. Lakin həmin hissəni almağa imkanı çatmadığından kredit götürmək üçün İddiaçı ASC-uə müraciət etmiş, bankdan ona əvvəlcə kredit verəcəyini bildirsələr də, sonradan adının qara siyahıda olması səbəbindən ona kredit verə bilməyəcəklərini, amma başqa bir tanışı olarsa, onun adına kredit verə biləcəklərini dediklərini bildirdi. Bir müddət sonra Tapdıq ona bildirdi ki, Bankın rəhbərliyi onun adına kredit verilməsinə razılıq vermiş, lakin bunun üçün girov əmlak qoyulmasını bildirirlər. O, onun dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini bildirdi və Tapdıqla birlikdə yenidən banka getdi. Orada ona bir neçə sənədə imza etdirdilər. Eyni zamanda ona kredit verilməsi üçün formal olaraq Tapdıq Məmmədovun kredit borcunun bir hissəsinin onun tərəfindən ödənilməsinə öhdəlik götürməyi barədə müqavilə bağlamalı olduğunu bildirdilər. Bir müddət sonra Tapdıq Məmmədov ona müraciət edərək kredit verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun borcunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verdiklərini bildirdi. Lakin 2019-cu ilin mart ayında ona məlum oldu ki, İddiaçı ASC ona qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək ondan 150000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçının əməkdaşları və X6 onu aldadaraq, 02 iyul 2018-ci il tarixli müqaviləni imzalatdırıblar. Eyni zamanda, Binəqədi rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məlum oldu ki, İddiaçı ASC ilə T.Məmmədov arasında bağlanmış 15.04.2008-ci il tarixdə 140408-857- 23/1089 saylı kredit müqaviləsinə sonuncuya illik 22 faizlə 4 il müddətinə 550000 manat məbləğində kredit verilmiş, lakin X5 həmin krediti vaxtında ödəmədiyindən tərəflər arasında məhkəmədə uzun müddət məhkəmə mübahisəsi baş vermişdir. T.Məmmədova məxsus ipoteka predmeti iddiaçı tərəfindən öz mülkiyyətinə keçirilmiş, nəticədə yaşayış binasına qoyulan həcmdə T.Məmmədovun borcu silinmiş, qanunvericiliyin tələbinə görə, növbəlilik qaydalarına əsasən, T.Məmmədovun ümumi borcundan faiz borcu silinmişdir. T.Məmmədovun banka olan ümumi borcundan növbəliliyə əsasən, faiz borcu silindiyindən, həmin borcun ondan tələb edilməsi tamamilə qanunsuzdur. Bundan başqa, tərəflər arasında 02.07.2018-ci il tarixli müqavilənin 4.0.1-ci bəndində müqavilənin 14 ay müddətinə, 02.09.2019-cu il tarixədək bağlandığı qeyd olunduğu halda, həmin müddət bitmədən iddiaçının hal-hazırki iddia ilə məhkəməyə müraciət etməsi və məhkəmənin isə iddianı təmin etməsi tamamilə qanunsuzdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli 2(103)-333/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(001)-2350/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli 2(102)-2554/2021 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-333/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir. Həmin qətnamə ilə apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini cavabdeh X1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 294.944 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlamışdır. Həmçinin işin hallarından göründüyü kimi 02 iyul 2018-ci il tarixli müqavilə ilə T.Vilayətin üzərinə götürdüyü öhdəlik qeyd edilən qətnamə ilə tutulan 294944 manat faiz borcunun əhatə etdiyi 150.000 manat pul məbləğidir. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği qanuni qüvvədə olan qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 manat faiz borcunun 150000 manatını əhatə etdiyi halda apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni olmayan qətnamə qəbul etmişdir.” Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən X4 15 aprel 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit vermiş, T.Məmmədov isə həmin məbləği faizləri ilə birlikdə 15 aprel 2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə”dən görünür ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 15 aprel 2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin qismən, yəni 150000 manat məbləği hissəsini Cavabdeh öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, kreditor, yəni İddiaçı ASC üçüncü şəxsə, yəni Cavabdeh ödənişin olunması məqsədi ilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 04 dekabr 2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 5 təqvim günü müddətində banka olan 150000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2-2(103)-81/2018 saylı qətnaməsindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2011-ci il tarixli 2(82)-21/2011 saylı qətnaməsinə əsasən, İddiaçı ASC ilə X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı kredit müqaviləsinin ləğv edilməsi, X1 İddiaçı ASC-nin xeyrinə 465317,26 manat məbləğində əsas, 294944 manat məbləğində faiz, 155073,85 manat məbləğində dəbbə borcu olmaqla ümumilikdə 915335,11 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qərara alınmış, apelyasiya məhkəməsinin qətnaməsinə əsasən, həmin qətnamə qismən, əsas və cərimə borclarının tutulması hissəsində ləğv edilmiş, X1 əsas kredit borcu üzrə 387317,26 manat, cərimə borcu üzrə 40000 manat və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Faiz borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. “Hərracın yekunları barədə” 07 mart 2019-cu il tarixli, 33 saylı protokol və “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə 07 mart 2019-cu il tarixli müqavilədən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli, 2-2(103)-81/2018 saylı icra sənədinə əsasən X4 məxsus ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv.m ümumi sahəsi olan yaşayış binası 286875 manata İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 06 noyabr 2020-ci il tarixli 01/486 saylı arayışından görünür ki, X5 15 aprel 2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsinə İddiaçı ASC-nin Bakıxanov filialından 550000 manat məbləğində kredit götürmüşdür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2-2(103)-81/2018 saylı qətnaməsinə əsasən X2 həmin kredit üzrə 378317,26 manat əsas borc, 294944 manat faiz borcu, 40000 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 713281,26 manat müəyyən edilmişdir. Qətnaməyə əsasən hərracda satılmayan və Banka təklif olunan ipoteka predmetinin Bankın balansına qəbul olunmasına görə ödənilən 286875 manat əsas borcdan, həmçinin kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqaviləyə əsasən Cavabdeh keçən 150000 manat faiz məbləği ümumi faiz borcu çıxıldıqdan sonra X2 həmin kredit müqaviləsi üzrə Banka 91442,26 manat əsas, 144944 manat faiz, 40000 manat cərimə, dövlət rüsumu 20 manat, cəmi 276406,26 manat borcu vardır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(009)-1381/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı ASC və X4 qarşı 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(103)-749/2020 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(009)-1381/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.10.2020-ci il tarixli 2(102)-5001/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(103)-749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh müqavilənin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi icra etməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərindən irəli gələn 150.000 manat borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi hallar əsassızdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 150000 manat qanuni qüvvədə olan qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 manat faiz borcunun bir hissəsini təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı kredit müqaviləsinə əsasən sonuncuya 15 aprel 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı" ASC ilə cavabdeh X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 465.317,26 manat məbləğində kredit borcu, 294.944 manat məbləğində kreditə görə faiz borcu, 155.073,85 manat məbləğində dəbbə pulu (penya), cəmi 915.335,11 manat pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmuşdur. 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə” ilə X5 ilə İddiaçı ASC arasında bağlanmış 15 aprel 2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin 150.000 manat hissəsini Cavabdeh öz üzərinə götürmüşdür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2-2(103)-81/2018 saylı qətnaməsi ilə qeyd olunan qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Yəni, Cavabdeh ötürülən 150.000 manat məhz məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faiz borcunun bir hissəsidir və borclu T.Məmmədov da həmin hissədə məhkəmə qətnaməsini icra etməkdən azad olunmuşdur (hazırda bank borclu T.Məmmədovdan 144.944 manat faiz borcu tələb edir). Göründüyü kimi, cavabdeh 02.07.2018-ci il tarixli müqavilə üzrə qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 manat faiz borcunin 150000 manat məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/2019 saylı iş üzrə 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar