Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5670/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Ümid Nəbizadənin iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “fərdi birdəfəlik ödəmənin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 01.10.2014-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 5 ədəd əmanət hesabında olan əmanət və həmin əmanətə görə hesablanmış faizlər cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətindıə tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Ümid Nəbizadə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı və cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi əvvəlki məhkəmə iclsında iştirak etsələr də sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, iddiaçının 01.01.1992-ci il tarixə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası bankında 5 hesabı olub. Həmin hesablarda göstərilən əmanətlər olub: 1) 12634 saylı hesabda 3.627,02 rubl; 2) 9346 saylı hesabda 2.052,03 rubl; 3) 7834 saylı hesabda 0,69 rubl; 4) ******* saylı hesabda 600 rubl; 5) ******* saylı hesabda 852 rubl. Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14.03.2012-ci il tarixli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş Qaydalara əsasən Maliyyə Nazirliyi tərəfindən yuxarıda göstərilən əmanətlərə görə iddiaçının adına dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik ödəmə köçürülmüşdür. Birdəfəlik ödəmə "xxxx" ASC-yə köçürülmüşdür. Belə ki, həmin bank keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olduğuna görə birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank sayılıb. İddiaçı ödəmənin bir hissəsini məxaric etmiş, digər hissəsini məxaric etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, hesablama düzgün aparılmayıb. 5 hesabda olan ümumi əmanətə görə 771,34 manat birdəfəlik ödəmə köçürülmüşdür. İddiaçı etiraf edir ki, 652 manat məxaric edib. Bu hesabla qalıq məbləği 119,34 manat təşkil edir: 771,34 manat – 652 manat = 119,34 manat. Cavabdehlər 119,34 manatın iddiaçıya verildiyini təsdiq edən sübut təqdim edə bilmirlər. Ona görə də 119,34 manat iddiaçıya ödənilməlidir. "xxxx" ASC-nin nümayəndəsi bildirib ki, qalıq qalan bütün vəsaitlər Maliyyə Nazirliyinə qaytarılıb. Maliyyə Nazirliyi mübahisə ilə bağlı mövqeyini bildirməyib. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14.03.2012-ci il tarixli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş Qaydalara əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, 119,34 manat Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC mübahisəyə dair mövqeyini yazılı şəkildə məhkəməyə bildirib, habelə iddiaçıya verilməli olan birdəfəlik ödəmənin hesablanma qaydasını izah edib. Hesablama Azərbaycan Respublikası Prezidentinin 14.03.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”na uyğun aparılıb. İddiaçı faiz ödənilməsini tələb etsə də müəyyən olunur ki, həmin ödəmənin məxaric edilməsinə cavabdehlər tərəfindən iddiaçıya maneə yaradılmayıb, iddiaçı ödəmənin düzgün hesablanmadığına istinad edərək onu götürməkdən imtina edib. Faiz ödəmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması üçün Mülki Məcəllənin 14.2-ci maddəsində müəyyən edilmiş əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 01.10.2014-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankındakı əmanətə görə 119,34 (yüz on doqquz tam yüzdə otuz dörd) manat məbləğində birdəfəlik ödəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti heabına İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5670/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5670/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver