Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5670/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması və əlavə xərc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3018/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan 19 sentyabr 2012-ci il təvəllüdlü oğlu Hüseynov Əli Ramiz oğlunun saxlanılması üçün iddiaçının xeyrinə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat və uşağın hər ay müalicəsi üçün 150 manat, ümumilikdə 343 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi qaydada 02 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahdan 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlu anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(011)- 581/2020 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin arasındakı nikah pozulmuş, 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlunun anası İddiaçı yanında saxlanılmaqla Cavabdeh 170 manat sabit pul məbləğində alimentin alınmasına dair qətnamə qəbul edilmişdir. Tərəflərin ailə münasibəti pozulduğundan onlar ayrı yaşayırlar. Həmin vaxtdan da uşaq anasının yanında qalmışdır. 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlu hal-hazırda epilepsiya xəstəliyindən əziyyət çəkir və onun hər ay müalicəsi və dərmanlarını almaq üçün 100-150 manat pul tələb olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3018/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(011)-581/2020 saylı qətnaməsi əsasında 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlunun müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 55,16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyasının 3 və 27.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, sabit məbləğdə ödənilən alimentin 170 manatdan 193 manata qaldırılması hissəsində qüvvədə saxlanılması, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tibbi-sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımıalmasına təminat verir. İcbari tibbisığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi Qaydası Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16-4.2-ci maddəsinə əsasən hazırlanmışdır və 2020-civə 2021-ci illərdə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Qanunun 15-10.1.1-ci maddəsi ilə müəyyən edilmiş icbari tibbi sığorta haqqının (bundan sonra – sığorta haqqı) mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir. Əgər uşaq ağır xəstəlikdən əziyət çəkirsə müayinə və müalicəsi mütəmadi olmalı idi. Lakin verilmiş sənədlərdən görünür ki, müayinə bir ildən sonra həyata keçirlib. Bu isə işin şübhəli halıdır. Bundan əlavə iş mateiallarına yalnız müayinə sənədləri əlavə edilib. 2022-ci il də olunmuş müayinənin qiyməti isə cəmi 120 manat yazılıb. Madam ki, ildə bir dəfə özəl xəstəxanadan müayinə 120 manata başa gəlirsə o zaman niyə görə o hər ay 100 manat ildə 1200 manat əlavə aliment ödəməlidir? Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə d ətərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə qərar qəbul edərkən onun maddi və ailə vəziyyətini nəzərə almamışdır. Belə ki, o, artıq ailə qurmuş, bir azyaşlı övladı var. Ailənin maddi ehtiyaclarnı yalnız o təmin edir. Bundan əlavə hər ay sabit məbləğdə aliment ödəyir. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Yuxarıda qeyd olunan maddi və prosessual normaların pozulması nəticəsində Xətai Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı Kaçayeva Zarina İkraməddinovna məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı Kaçayeva Zarina İkraməddinovnanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
10. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4 valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
14. Maddə 81.1 - alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
15. Maddə 81.2 valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
16. Maddə 81.3 məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
17. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 5. dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Maddə 13 uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni əlavə xərcin n tutulması hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz əlavə xərcin tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi və aliment məbləğinin artırılmasının təmin olunması hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3018/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlu kriptogen epilepsiya sentral-gicgah bitişmə ilə 8 nömrəli uşaq poliklinikasında dispanser qeydiyyatdadır. Onun ananın qulluğuna və nəzarətinə ehtiyacı vardır.
29. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 may 2022-ci il tarixli arayışdan görünür ki, 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlu 30 iyun 2020-ci il tarixdən hal-hazırkı tarixədək "xxxx" MMC-də nevropatoloqepileptoloq tərəfindən müayinə və müalicə olunmuşdur. Onun müalicəsi davam edəcəkdir.
30. İş materiallarına çeklərdən görünür ki, uşağın müalicəsi üçün 03 iyun 2020-ci il tarixdə 310 manat, 30 iyun 2020-ci il tarixdə 310 manat, 06 avqust 2020-ci il tarixdə 55 manat, 30 may 2022-ci il tarixdə 110 manat, 01 iyun 2022-ci il tarixdə isə 120 manat məbləğində ödənişlər edilmişdir.
31. Məhkəmə işin hallarını nəzərə alaraq, haqlı olaraq hesab etmişdir ki, 19 sentyabr 2012- ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğlunun müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində vəsait tutulmalıdır.
32. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar onun valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 19 sentyabr 2012-ci il təvəllüdlü Hüseynov Əli Ramiz oğluna “epilepsiya” diaqnozu qoyulmuşdur və indiyədək “epilepsiya” diaqnozu ilə müalicə olunu və onun müalicəsi davamlı xarakter daşımalıdır.
33. Kollegiya onu da qeyd edir ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Belə ki, “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3018/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.