Məhkəmə qərarları › İş №2(103)-5670/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5670/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5670/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin artırılması, yaşayış minumumu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı və Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Məhərrəmova” soyadı verilmiş, nikahlarından xx.xx.2008-ci il tarixdə Elgün adını verdikləri uşaqları doğulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi nikahlarının pozulması, xx.xx.2008-ci il təvəllüdlü X2 anası X3 yanında qalması, Cavabdeh xx.xx.2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyul 2011-ci il tarixdən başlayaraq hər ay 76 manat sabit pul məbləğində alimentin tutulub X6 verilməsi qət edilmişdir.

2. Cavabdeh 06 noyabr 2012-ci il tarixdə X14 ilə nikaha daxil olmuş, həmin nikahından (evliliyindən) 27 yanvar 2012-ci il tarixdə Əlif, 29 fevral 2020-ci il tarixdə də Nilay adını verdikləri uşaqları doğulmuşlar.

3. Cavabdeh 2-ci qrup əlildir, 363,86 manat pensiya alır.

4. Elektron məhkəmə sistemində olan məlumatlara görə, İddiaçı fərdi sahibkar X11 yanında assistent işləyir və 180 manat əmək haqqı alır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən məhkəmənin 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılması, iddia ərizəsi daxil olan gündən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehdən xx.xx.2011-ci il tarixli icra sənədi üzrə hər ay uşağın saxlanılması üçün cəmi 76 manat sabit pul məbləğində aliment tutulur. Övladı hazırlıq kurslarına gedir, övladını tək böyüdür. Heç bir yerdən heç bir maddi köməkliyi yoxdur. Uşağının təlim-tərbiyəsi ilə özü məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Maddi imkanı yoxdur.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçı ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş və müəyyən müddət valideyinlərinə məxsus evdə yaşamışlar. Birgə nikahlarından xx.xx.2008-ci ildə X9 adlı övladı anadan olmuşdur. Bir müddətdən sonra iddiaçı kənar şəxslərin təsiri altına düşərək münasibətləri pozulmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və məhkəmənin qətnaməsinə əsasən 76 manat məbləğindən alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Təyin edilmiş alimenti anası tərəfindən həmişə ödənilmişdir. O, uşaq vaxtı, yəni xx.xx.1986-cı ildə anadan olanda tibbi sənədlərə əsasən çətin doğuş nəticəsində travma almış və asfikasiya halında anadan olmuş, erkən fiziki və psixi inkişafı qusurlu olmuşdur. Həmyaşıdlarından geri qalmış, qıcolma-tutma keçirmiş, kəllə-beyin travmasi almışdır. Uşaq yaşlarında infeksion xəstəliyə tutulmuş, 1994-cü ildə uşaq vaxlarında başından ağır xəsarət almış və Ağdam rayon xəstəxanasında kələ-beyin xəstəliyindən müalicə almışdır. 1997-ci ilin yaz aylarında elektrik vurması nəticəsində ağır travma almış, X20 2087 saylı stasionar kartasında çıxarışa əsasən “başın, hər iki əlin, sol saidin İİİ -İV dərəcəsi elektrik yanığı” diaqnozu ilə müalicə almışdır. İki əlinin solsaid İİİ B, İV dərəcəli elektrik yanğın 5.8-10-% xəstəliyi müəyyən edilmişdir. O zaman Bakı şəhəri M.Nağıyev adına şöbəsi, uşaq klinik xəstəxanasında və 2000-ci ildə X8 müalicə almışdır. 2000-ci ildə Bakı şəhəri X24 Xəstəlikləri Dispanseinin stasionar şöbəsində müayinə olunmuş və o zaman ona "Travmatik epileplsiya generaliza olunmuş tutmalar, şəxsiyyət dəyişikliyi” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Sabunçu rayon şöbəsində müalicə almışdır. Xəstəliyi sağalmaz olduğu üçün ona 2-ci qrup əlillik verilmiş və onu həqiqi hərbi xidmətdən-əsgərlik xidmətindən azad etmişlər. xx.xx.2018-ci il tarixində Bakı şəhəri Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsində onun barəsində əsassız olaraq AR CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət iş başlamış və sonradan onun əməlində cinayət tərkibi olmadığı üçün icraata xitam verilmişdir. Barəsində əsasız başlanmış cinayət işi üzrə ekspetiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Stasiaonar Məhkəmə Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının xx.xx.2019-cu il tarixli 18 saylı Rəyinə əsasən əməlinin faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Anlaqsız hesab olnur, əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Onun hazırkı psixi vəziyyəti və əzab çəkdiyi smatık xəstəliklə əlaqədar mütamadi olaraq ambulator qaydada 5 saylı KX-də müvafiq müayinə və müalicələrdən keçməsini nəzərə alaraq ona qarşı AR CM-nin müfafiq maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidə və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Qeyd olunan sənədlərdən müəyyən olunur ki, onun xəstəliyi ağırdır və sağalmaq ehtimalı yoxdur. Uzun müddətdir ki, valideynlərinin himayəsində yaşayır və anası onun qəyyumu təyin edilmişdir. Təkrar olaraq 2012-cı ildə ailə qurmuş və ikinci nikahından iki övladı - xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəlldlü X10 anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosisal Ekspert Komissiyasının Qərarı ilə fiziki imkanları məhdudlaşdırıldığından onun hər hansı bir formada əmək qabiliyyətin olmadığı üçün böyük məbləğdə aliment ödəmək imkanı yoxdur. O, 1-ci qrup əlildir və ona təyin edilmiş pensiya ilə yaşayır. O, daimi atasının himayəsində olduğu üçün və atası vəfat edəndən sonra atasının pensiyası ona təyin edilmişdir və hazırda o, atasına təyin olunmuş pensiya ilə yaşayır. Himayəsində 2 azyaşlı uşaq vardır. Onun üçün də 235 manat aliment ödəmək imkanı yoxdur. 1-ci qrup əlil olduğundan, yalnız aldığı pensiyadan 100 (yüz) manat məbləğində aliment ödəmək imkanı vardır. Bu səbəblə iddianın rədd olunmasını xahiş edir”.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

9. Birinci instansiya məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2011ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəmir. Bununla da uşağın maraqları pozulduğundan, tutulan aliment onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır.

11. Məhkəmə vurğulamışdır ki, cavabdeh 2-ci qrup əlil olduğundan ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır.

12. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 78.2-ci və 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 8-ci və 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.

13. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və alimentin məbləğinin 116 manat müəyyənləşdirilməsini xahiş etmiş, şikayətini, cavabdehin maddi vəziyyətinin 200 manat aliment ödəməyə imkan vermədiyi, birinci instansiya məhkəməsinin isə həmin halı, cavabdehin əlil olmasını, habelə ikinci nikahından övladlarının olduğunu nəzərə almayaraq maddi hüquq normasını düzgün təfsir etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

15. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

19. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanun

23. Maddə 1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. İddiaçı qətnamədən şikayət vermədiyindən iddia tələbinin təmin olunmaması ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 21).

38. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

39. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Sabunçu Rayon Məhkəməsi xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər ay 76 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatı artmış, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur.

40. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

41. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

42. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

43. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 18); sabit pul məbləğində (§ 20). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 19), həmçinin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 20).

44. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin minumumun bütünlüklə aliment ödəməli olan valideyndən tutulması mütləq deyildir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”.

45. İddiaçının 13 ildən artıqdır cavabdehdən cəmi 76 manat aliment almaqla kifayətləndiyini, bu müddət ərzində alimentin artırılmasına təşəbbüs göstərmədiyini, uşağın 17 yaşında olmasını nəzərə alan kollegiya birinci instansiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavadehdən hər ay 200 manat məbləğində alimentin tutulması hazırki mübahisənin halları baxımından ağlabatandır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3314/2024 saylı iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar