Məhkəmə qərarları › İş №2(103)-5672/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5672/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5672/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı İKB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 515,13 manat əsas borc, 52,91 manat faiz borcu və 991,21 manat cərimə və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 23,15 manat olmaqla ümumilikdə olmaqla ümumilikdə 1582,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 2500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2018-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 515,13 manat əsas borc, 52,91 manat faiz borcu, 991,21 manat cərimə və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 23,15 manat olmaqla ümumilikdə cəmi 1582,40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh2 İddiaçı İKB ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı İKB ASC arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi və ödənilən 10 manat dövlət rüsmunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən borcluya xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 aylıq 2500 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə onunla zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitmişdir. Amma cavabdeh xx.xx.2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, 515,13 (beş yüz on beş manat 13 qəpik) manat məbləğində əsas borcun, 52,91 (əlli iki manat 91 qəpik) manat məbləğində faiz borcunun, 90 (doxsan) manat məbləğində cərimə borcunun və kredit müddətinin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə 23,15 (iyirmi üç manat 15 qəpik) manat məbləğində əldən çıxmış faydanın, cəmi 681,19 (altı yüz səksən bir manat 19 qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 15-Z1-1-0-392-15 saylı zaminlik müqaviləsinə xitam verilməsi, 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı İKB ASC-dən alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İKB ASCapellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilkin iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, Suraxanı rayon məhkəməsi MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə AR MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə ilinir”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə fınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Dəbbə pulunun silərkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs rozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə cavabdehin cərimə borcunu tənasübsüz surətdə azaltmaqla haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İKB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1lə İddiaçı İK.B ASC arasında xx.xx.2015-ci il tarixli, 15-Z1-1-0-392-15 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən cavabdehə illik 28% olmaqla 24 ay müddətinə ödəmək şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2la İddiaçı İKB ASC arasında xx.xx.2015ci il tarixli, 15-Z1-1-0-392-15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunvericiliyin göstərilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı zaminə müansibətdə iddia müddətini ötürdüyü üçün ona münasibətdə iddia təmin oluna bilməz. Bundan əlavə iddiaçı apellyasiya şikayətində cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, 515.13 manat məbləğində əsas borca münasibətdə 90 manat məbləğində cərimə borcunun tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən, qarşılıqlı iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İKB ASC-yə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İKB ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İKB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar