Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5672/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında olmuş xx.xx.2022-ci il tarixli 40111***-*******01L saylı “Kredit limiti razılaşması müqaviləsi” çərçivəsində bağlanmış “sms razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.986,61 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 146,19 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 2,38 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,36 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən razılaşmalar üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı Banka müraciət edərək, ona kredit limiti ayrılmasını xahiş etmişdir. Cavabdeh1 müraciəti Bank tərəfindən təmin olunmuşdur. Bununla bağlı Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli “Kredit limiti razılaşması müqaviləsi” bağlanmış və ona 120 ay müddətinə 50.000 manat kredit limiti ayrılmışdır. İş üzrə digər Cavabdeh2 isə borcalan Cavabdeh1 həmin müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edilməsinə zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2022-cüi il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. “Kredit limiti razılaşması müqaviləsi” çərçivəsində xx.xx.2022-ci il tarixdə iş üzrə tərəflər arasında “sms razılaşması” olmuş və Cavabdeh1 Bankdan borcu 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 6.000 manat məbləğində pulu, illik 20 faiz dərəcəsi ilə borc götürmüşdür. Göstərilənlərə baxmayaraq, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar. Nəticədə onların Banka 3.986,61 manat məbləğində əsas kredit borcları, 146,19 manat məbləğində isə faiz borcları yaranmışdır. Bank müqavilələrin şərtlərinə əsaslanaraq kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərə 2,38 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 61,36 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.986,61 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 72,67 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 2,38 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,62 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. İş üzrə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ona münasibətdə iddianın rədd edilməsi, iddianın digər cavabdeh (zamin) Cavabdeh2 münasibətdə təmin edilməsi, borcun Cavabdeh2 tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclası barədə Cavabdeh1 məlumat verməmiş, məhkəmə baxışı iclasında onun iştirakını təmin etməmiş və bununla da onun hüquqlarını pozmuş, özünü müdafiə etmək imkanından məhrum etmişdir. Buna görə də, Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş üzrə yeni qətnamə qəbul edilən zaman nəzərə alınmalıdır ki, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına digər Cavabdeh2 zəmanət vermiş və onunla “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdeh1 maddi vəziyyəti həddindən artıq pisdir. Buna görə də Bankın iddiası Cavabdeh2 münasibətdə təmin olunmalı və borc da Cavabdeh2 tutularaq Banka ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, Bankın iddia ərizəsində qeyd edilən və tutulması xahiş olunan məbləğlər real deyil, şişirdilmiş məbləğlərdir. d) apellyasiya icraatı barədə məlumat
6. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığı üçün iş üzrə tərəflər apellyasiya baxışı iclasında dəvət edilməmiş, işə yazılı qaydada, yəni tərəflərin iştirakı olmadan baxılmışdır.
7. İş üzrə tərəflərə yazılı mülahizələrinin Məhkəməyə təqdim edilməsi təklif olunsa da, onlar öz mülahizələrinin Məhkəməyə gönədrməmişlər. e) apellyasiya baxışının hədləri barədə məlumat
8. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia iddianın bir qismi təmin edilməsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.
9. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
10. Eyni zamanda Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismin də olsa hər iki cavabdehə münasibətdə təmin etsə də, cavabdeh (zamin) Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti yalnız cavabdeh (borcalan) Cavabdeh1 tərəfindən verilmişdir. O, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini, iddianın ona aid hissəsinin rədd, iddianın yalnız zaminə - Cavabdeh2 münasibətdə təmin edilməsini xahiş etdiyindən, Məhkəmə, MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq, zaminin məsuliyyəti ilə bağlı mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnamənin əsaslığını zaminə - Cavabdeh2 münasibətdə də yoxlamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit limiti razılaşması müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 iddiaçı Banka müraciət edərək, ona kredit limiti ayrılmasını xahiş etmişdir. Cavabdeh1 müraciəti Bank tərəfindən təmin olunmuşdur. Bununla bağlı Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit limiti razılaşması müqaviləsi” əsasında Cavabdeh1 120 ay müddətinə 50.000 manat kredit limiti ayrılmışdır.
14. Bank ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 Bank ilə bağladığı müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edilməsinə zamin durmuşdur.
15. “Kredit limiti razılaşması müqaviləsi” çərçivəsində xx.xx.2022-ci il tarixdə iş üzrə tərəflər arasında “sms razılaşması” olmuş və Cavabdeh1 Bankdan borcu 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 6.000 manat məbləğində pulu, illik 20 faiz dərəcəsi ilə borc götürmüşdür.
16. Bank bildirir ki, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar.
17. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, Bank ilə Cavabdeh1 arasında əldə olunmuş razılaşmalar üzrə yaranmış əsas kredit borcu 3.986,61 manat, kredit borcuna hesablanmış faiz borcu isə 146,19 manat məbləğindədir. Bank müqavilələrin şərtlərinə əsaslanaraq kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərə 2,38 manat məbləğində cərimə (dəbbə) hesablamışdır.
18. İşdə olan sənədlərdən görünür ki, Bank, cavabdehlərə yazılı xəbərdarlıq göndərək borcun ödənilməsini tələb etmişdir.
19. “Ödəniş qəbzindən” görünür ki, Bank, kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61,36 manat məbləğində dövlət rüsumu ödəmişdir.
20. Cavabdeh1 onun və zamin Cavabdeh2 Banka borcunun olduğunu qəbul edir. Lakin hesab edir ki, həmin borc ondan deyil zamindən – Cavabdeh2 iddiaçı Bankın xeyrinə tutulmalıdır. O bunu onunla əsaslandırır ki, onun maddi vəziyyəti həddindən artıq pis olduğundan Bankın iddiası Cavabdeh2 münasibətdə təmin olunmalıdır.
21. İşin halını və apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
22. Mülki Məcəllənin zaminin məsuliyyəti ilə bağlı tələblərindən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.).
23. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Zaminlik müqaviləsindən” görünür ki, zamin olaraq Cavabdeh2 məsuliyyəti subsidiar qaydada deyil, borclu olaraq Cavabdeh1 ilə birgə məsuliyyət qaydasında müəyyən edilmişdir.
24. Belə olan halda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Banka olan borcun hər iki cavabdehdən müştərək qaydada tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.
25. Cavabdeh1 digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə prosesində onun iştirakını təmin etməmişdir.
26. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehlərə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş və Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan baxmışdır. Bu qayda MPM-in “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” adlı 23- 1-ci Fəsilində nəzərdə tutulmuşdur.
27. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsi, MPM-in həmin Fəsilinin tələblərinə uyğun olaraq Cavabdeh1 iddia ərizəsinin surətini məhkəmə bildirişi ilə, sonuncunun rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərək iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan baxılacağı barədə məlumat vermiş və iddia tələbinə qarşı etirazın məhkəməyə təqdim edilməsini təklif etmişdir.
28. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
29. Cavabdeh1 başqa bir dəlili ondan ibarətdir ki, Bankın iddia ərizəsində qeyd edilən və tutulması xahiş olunan məbləğlər real deyil, şişirdilmiş məbləğlərdir.
30. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, Cavabdeh1 borcun məbləğinin düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə öz təşəbbüsü ilə sübut toplamır. Belə ki, MPM-in 9.3-cü maddəsinə görə, hakim (məhkəmə) bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
32. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
37. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.