Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5673/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-561/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Hyundai Elantra minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.
2. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverən İddiaçı qanuni əsaslarla ona məxsus Hyundai Elantra minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə şərtlərinə görə nəqliyyat vasitəsi icarəyə verən tərəfindən tam sığortalanmamışsa icarəyə alınmış nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına icarəçinin istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən vurulmuş ziyana görə üçüncü şəxsə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia tələbi irəli sürmək, dəymiş ziyanın məhkəmə qaydasında təmin edilməsi tələb etmək icarəçinin öhdəliyidir. Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyəverən qarşısında maddi məsuliyyət daşımır. İcarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək bağlanmışdır.
3. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Hyundai Elantra markalı, 77-KL929 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin xüsusi şərtlərində qeyd edilmişdir ki, icarədar icarə haqqında əlavə yol-qəza, oğurluq və şəxsi qəza hadisələri üçün nəzərdə tutulmuş depozit (franşiza) avtomobili təhvil alan gün icarəyə verənə ödəyir, əgər avtonəqliyyat vasitəsinə heç bir ziyan dəyməyibsə depozit icarəyə götürənə tam olaraq qaytarılır. İcarədar tərəfindən spirtli içki qəbul edilərsə, habelə narkotik vasitələrin təsiri altında olarsa və ya icazə verilmiş sürət həddinin aşılması, icarədarın qəsdən və ya kobud ehtiyyatsızlığı nəticəsində avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında sığortalar öz qüvəsini itirir. İcarədar hər növ qəza vəziyyətində avtonəqliyyat vasitəsinin yerini dəyişmədən ən yaxın Yol Polis İdarəsinə müraciət edib qəzanın təstiqini və ya alkoqol test arayışını almalı, həmçinin sığorta şirkəti ilə əlaqə saxlamalıdır. Əks halda dəyən ziyanın ödənilməsi icarədarın üzərinə düşür.
4. İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
5. Azərbaycan Repsublikası DİN Baş DYP İdarəsində Cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində renta car-a məxsus ** KL *** DQN avtomaşınla Bakı-Quba yolunun ödənişli yolun 98 km-də üzü Quba istiqamətində hərəkətdə olduğu zaman sükanda nasazlıq əmələ gəlib və idarəetməni itirib, yolun orta hissəsində olan betonlara dəyərək dayanıb.
6. xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 26653 manat zərər dəymişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/296 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25000,00 manat olmuş 2016-cı il buraxılışlı “Hyundai Elantra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamt qalmış hissələr nəzərə alınmaqla təxminən 17500,00 (25000-30%) manat müəyyən edilir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı Cavabdeh 26653 manat maddi ziyan və 170 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan Hyundai Elantra markalı, **-KL-*** Dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixində notarial qaydada Rent A Car 929 MMC şirkətinə icarəyə vermişdir. xx.xx.2024-cü il tarixində Rent A Car 929 MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi mülkiyyətində olan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək günlük 60 (altmış) manat ödəmək şərtiylə icarəyə verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024- cü il tarixində Bakı-Quba yolunun 98ci kilometrliyində qəza baş vermiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Bununla bağlı cavadbeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Mütəxəssislər tərəfindən dəymiş zərər 26653 manat məbləğində hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Bu səbəblə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
10. Cavabdeh iddiaya qarşı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsində Mülki Məcəllənin borcla bağlı normasına istinad edilmişdir. Həmin normanın mübahisəyə aidiyyəti yoxdur. İddiaçı iddiasında Mülki Məcəllənin icarə ilə bağlı normalarına istinad edilmişdir. Onunla iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur. İddiaçı iddiasının əsası kimi icarə münasibətlərinə dair normalarına istinad etdiyinə görə, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır. Əgər iddiaçı hesab edirsə ki, cavabdeh onun tələbinə cavab verməli olan şəxsdir, o zaman tələbinin öncə cavabdehin sürücü kimi mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təşkilatı hesabına təmin edilməsi tədbirləri görməlidir. Tələb edilən məbləğ dəymiş zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). Avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqə yoxdur. Hadisənin baş verməsinin səbəbi inzibati xəta törədilməsi deyildir, sükanda nasazlıq yaranmasıdır. Əvvəla iddiaçının iddia ərizəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmək haqqında qərara istinad edilsə də, təqdim edilmiş sənəd qərar deyil, protokoldur. İkincisi, İXM – nin 327.1 – ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, xəta Bakı – Quba yolunun 83 – cü kilometrində törədilib. Halbuki, nəqliyyat vasitəsinə zərər həmin yolun 98 – ci kilometrində dəymişdir. "xxxx" MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.2–ci bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməlidir. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. "xxxx" MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.4 – cü bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalamalıdır. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Halbuki, həmin müqavilənin 5.4 – cü bəndinə əsasən, yol – qəza və şəxsi qəza hadisələri üzrə sığorta edilməli idi. Həmin bəndə əsasən, kasko və icbari sığorta ödənişə daxildir. 8. Sığortanın müqavilənin 5.4 – cü bəndində nəzərdə tutulan hallarda öz qüvvəsini itirməsi müddəasına gəlincə, əvvəl zərər həmin hala görə baş verməyib (əksini sübut etmək iddiaçının üzərinə düşür). İkincisi isə, elə olmuş olsa belə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.4-cü bəndinə əsasən sığorta müqaviləsində bu Qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz. Başqa sözlə, müqavilənin həmin şərti etibarsız şərtdir. Mübahisəli avtomobilə münasibətdə "xxxx" MMC uzufruktuardır. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. "xxxx" MMC öz öhdəliyini pozmuşdur və mülkiyyətçi qarşısında məsuliyyəti o daşıyır. Nəzərə alınmalıdır ki, avtomobilin icarə müqaviləsi standart müqavilədir. Qeyd edilənləri də nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdirlər.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09..07.2025-ci il tarixli, 2(011)-561/2025 saylı qətnaməsi ilə (sədrlik edən-Ə.Abbasova) iddia qismən təmin edilərək Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 12000 (on iki min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilnməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ona məxsus Hyundai Elantra markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC ilə arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncu hüquqi şəxsin istifadəsinə vermişdir. Sonuncu isə öz növbəsində mübahisəli avtomobili icarə müqaviləsi əsasında Cavabdeh istifadəsinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixində Hyundai Elantra markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti qaydaları”nı pozmuşdur. Nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə zərər dəymişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası rəyinə əsasən avtomobilə dəymiş zərərin 17500,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin məhkəmə iclasında İddiaçı etirafedici izahat verərək bildirmişdir ki, faktiki olaraq avtomobilin təmirinə 12000 manat xərcləmişdir və həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli qanuna zidd hərəkəti ilə iddiaçıya 12000 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçıya vurulmuş maddi zərərə görə 12000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
13. Məhkəmə cavabdehin "xxxx" MMC tərəfindən icarə müqaviləsi üzrə avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməsi və avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalaması ilə bağlı öhdəliklərini icra etmədiyinə görə avtomobilə dəymiş zərərə görə iddiaçı qarşısında maddi məsuliyyəti məhz "xxxx" MMC-nin daşıdığı ilə bağlı dəlilinə qiymət verərərək qeyd edir ki, cavabdehin bu dəlilləri əsasıssızdır. Belə ki, avtomobil Cavabdeh xx.xx.2025-ci il tarixində təhvil verilmiş, yol nəqliyyat hadisəsi bundan sonrakı gün baş vermişdir. Hadisənin məhz nəqliyyat vasitəsinin idarə edilməsi mexanizmlərində hər hansı bir nasazlıq nəticəsində baş verdiyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu hal bir tək cavabdehin özünün YPXA-a verdiyi izahatında qeyd edilmişdir ki, bu da özü-özlüyündə yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən mülki iş materiallarından göründüyü kimi iddiaçıya məxsus avtomobilə zərər məhz cavabdehin təqsirli və qanuna ziddi hərəkətləri nəticəsində dəymişdir. Belə olan halda, hüquq pozuntusunu törədən şəxsin əmlakın sahibi qarşısında maddi məsuliyyəti yaranır. Buna görə də, "xxxx" MMC tərəfindən Cavabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə hər hansı öhdəliyinin icra edib-etməməsi hazırkı mülki mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1097.3, 1097.5, 700.1, 700.2, 700.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
15.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Mülki Məcəllənin 683.3 – cü maddəsinə əsasən, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 700.3 – cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İddiaçı iddiasında Mülki Məcəllənin icarə ilə bağlı normalarına istinad etmişdir. Cavabdehlə iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur. İddiaçı iddiasının əsası kimi icarə münasibətlərinə dair normalarına istinad etdiyinə görə, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır. Avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqə yoxdur. Hadisənin baş verməsinin səbəbi inzibati xəta törədilməsi deyildir, sükanda nasazlıq yaranmasıdır. Əvvəla iddiaçının iddia ərizəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmək haqqında qərara istinad edilsə də, təqdim edilmiş sənəd qərar deyil, protokoldur. İkincisi, İXM – nin 327.1 – ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara-məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, xəta Bakı – Quba yolunun 83-cü kilometrində törədilib. Halbuki, nəqliyyat vasitəsinə zərər həmin yolun 98-ci kilometrində dəymişdir. Tələb edilən məbləğ dəymiş zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). "xxxx" MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.2 – ci bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməlidir. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Mülki Məcəllənin 676 – cı maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə verilməsi kirayə verənin məsuliyyətidir. "xxxx" MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.4 – cü bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalamalıdır. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Halbuki, həmin müqavilənin 5.4 – cü bəndinə əsasən, yol – qəza və şəxsi qəza hadisələri üzrə sığorta edilməli idi. Həmin bəndə əsasən, kasko və icbari sığorta ödənişə daxildir. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan xüsusən sui-istifadədir və yol verilmir. Mübahisəli münasibətdə "xxxx" MMC uzufruktuardır. MM – nin 265.10 – cu maddəsinə əsasən uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. "xxxx" MMC öz öhdəliyini pozmuşdur və mülkiyyətçi qarşısında məsuliyyəti o daşıyır. Nəzərə alınmalıdır ki, avtomobilin icarə müqaviləsi standart müqavilədir. Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 419-cu maddəsinə əsasən, müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 420.2-ci maddəyə əsasən isə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Ekspert rəyi məbləğin azaldılmadığı hissədə mötəbər deyildir və əsas götürülə bilinməz. Belə ki, ekspert rəydə qeyd edir ki, qiymətləndirmə tədqiqat obyektinə baxış keçirtmədən, iş materialarındakı ziyan (Qüsur) aktında olan məlumatlara əsasən nəzəri qaydada aparılıb. Onlar isə iddiaçının təqdim etdiyi həmin aktı mötəbər qəbul etmir və bunu iddiaya etirazında əsaslandırmışlar. Ziyan aktındakı rəqəmlər - məbləğlər avtomobildəki real zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). Həmçinin rəydə qeyd edilir ki, qiymətləndirmə cari avtomobilin əsaslı təmiri üzərində aparılmır. Halbuki, avtomobil təmir edilir. İddiaçı özü də bu faktları hazırlıq iclasında təsdiq etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı keçən məhkəmə iclasında MMC ilə onun arasında müqavilə bağlanıldığını bildirmişdi. Əslində "xxxx" MMC ilə İddiaçı arasında müqavilə olmalıdır, lakin iddiaçı məhkəməyə müqaviləni deyil sadəcə etibarnaməni təqdim etmişdir. Bu da onu ehtimal etməyə əsas verir ki, onlar arasında müqavilə olmayıb. Qanundan və müqavilədən irəli gələrək avtomobil sığortalanmalı idi, lakin sığortalanmayıb. O hesab edir ki, hətta müqavilədə olmasa belə Mülki Məcəlləyə əsasən tərəfin qanundan irəli gələn kasko öhdəliyi olub.
19. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs RENT A CAR 929 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə hissədə mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24.Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-561/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 25.Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ona məxsus Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC ilə arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə vermişdir. Sonuncu isə öz növbəsində mübahisəli avtomobili icarə müqaviləsi əsasında Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti qaydaları”nı pozmuşdur. Avtomobil betonlara çırpılmış və avtomobilə zərər dəymişdir.
26. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən avtomobilə dəymiş zərərin 17500,00 manat məbləğində olduğu müəyyən edilmiş, lakin, məhkəmə İddiaçı faktiki olaraq avtomobilin təmirinə 12000 manat xərcləməsi barədə etirafını nəzərə alaraq iddianı həmin həcmdə təmin etmişdir.
27. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək mövqeyini belə əsaslandırır ki, cavabdehlə iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur, o, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır, avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqə yoxdur, hadisənin baş verməsinin səbəbi inzibati xəta törədilməsi deyil, sükanda nasazlıq yaranmasıdır, iddiaçı tərəfindən inzibati xəta üzrə məsuliyyətə cəlb edilmək haqqında qərara istinad edilsə də, təqdim edilmiş sənəd qərar deyil, protokoldur, tələb edilən məbləğ dəymiş zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır, icarəyə verən icarə müqaviləsinin 4.1.4 – cü bəndində nəzərdə tutulan avtonəqliyyat vasitəsinin qanunla nəzərdə tutulmuş qaydada sığortalamalı olması barədə öhdəliyini icra etməmişdir, mübahisəli münasibətdə "xxxx" MMC uzufruktuardır, ekspert rəyi məbləğin azaldılmadığı hissədə mötəbər deyil, ziyan (Qüsur) aktında olan məlumatlara əsasən nəzəri qaydada aparılıb. 28.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 29.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 30.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 31.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 32.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
33. İş materiallarında olan İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
34. Azərbaycan Repsublikası DİN Baş DYP İdarəsində Cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində renta car-a məxsus ** KL *** DQN avtomaşınla Bakı-Quba yolunun ödənişli yolun 98 km-də üzü Quba istiqamətində hərəkətdə olduğu zaman sükanda nasazlıq əmələ gəlib və idarəetməni itirib, yolun orta hissəsində olan betonlara dəyərək dayanıb.
35. Göründüyü kimi avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqənin olmaması barədə cavabdehin dəlilləri iş materialları ilə təkzib olunur. Hadisənin baş verməsinin səbəbinin sükanda nasazlıqdan irəli gəlməsi və qəzanın Bakı-Quba yolunun ödənişli yolun məhz 98 km-də baş verməsi yalnız cavabdehin izahatı olmaqla hər hansı bir mötəbər sübutla təsdiq edilməmiş, cavabdeh tərəfindən onun barəsində tətbiq edilən inzibati tənbeh tədbirinin mübahisələndirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. 36.Bundan əlavə, iş materialına əlavə edilmiş bildirişdən görünür ki, hadisə baş verən zaman sürücü tərəfindən sürət həddinin pozulması qeydə alınmışdır (i.v.10). 37.Cavabdeh tərəf o cümlədən müqaviləyə əsasən avtomobilin sığorta olunmalı olmasına istinad etmişdir. 38.Cavabdehlə bağlanmış icarə müqaviləsində icazə verilmiş sürət həddinin aşılması, icarədarın qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında sığortaların öz qüvvəsini itirməsi qeyd edilmişdir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasa belə iddiaçı avtomobilin mülkiyyətçisi olmaqla hazırki iddia tələbini irəli sürmək üçün onun subyektiv hüququ vardır və hazırki işin faktiki halları nəzərə alınmaqla iş materiallarında olan icarə müqavilələrinin şərtləri baxımından iddiaçının bu hüququnu məhdudlaşdıran bir hal müəyyən edilmədi. 40.Kollegiya zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/296 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25000,00 manat olmuş 2016-cı il buraxılışlı “Hyundai Elantra” minik markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamt qalmış hissələr nəzərə alınmaqla təxminən 17500,00 (25000-30%) manat müəyyən edilir.
41. Bununla belə məhkəmə iddiaçının avtonəqliyyat vasitəsinin təmirinə 12000 manat vəsait sərf etməsi barədə etirafını nəzərə alaraq iddianı 12000 manat həcmində təmin etmişdir. 42.Məhkəmə kollegiyası avtomobilə dəymiş zərərlə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, ekspert tərəfindən rəy tərtib edilərkən rəydə qüsur aktı və ehtiyat hissələrinin köhnəlməsi nəzərə alınmışdır. Cavabdeh isə məhkəməyə həmin rəyin qeyri-mötəbərliyini təsdiq edəcək hər hansı sübutu və ya iddiaçıya məxsus avtomobilin zərər dəymiş hissələrinin düzgün qeyd olunmadığı, bu əsasla zərər məbləğinin düzgün hesablanmadığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-561/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.