Məhkəmə qərarları › İş №2(103)-5675/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5675/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5675/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə, apellyatorların birgə vəkili (nümayəndəsi) Vəkil2, İddiaçı özünün və vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, 159.188,8 ABŞ dolları vəsaitin (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə) və 546 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə İddiaçı 240.000 manat (ekvivalenti 305.000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh2 borc vermiş, sonuncu həmin pulu xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş və həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə iş üzrə digər cavabdeh olan (Cavabdeh2 qayınanası) Cavabdeh1 mülkiyyətində olan və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə İddiaçı 204.000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmaq şərti ilə Cavabdeh1 borc vermiş, sonuncu həmin pulu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüş və həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli öhdəlik müqaviləsi ilə Cavabdeh1 ipotekaya qoyulan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər borc müqavilələri üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirməyə və bunlardan əldə edilmiş pul vəsaitinin ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldiləcəyi barədə razılaşmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borcun və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dollarının, cəmi 345.225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi ilə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 ABŞ dolları məbləğində borcun və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dollarının, cəmi 227.460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi ilə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdehlərin şikayəti əsasında işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə apellyasiya şikayətini qismən təmin edərək, Rayon Məhkəməsinin qətnaməsinin “torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsini, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 230.000 manat müəyyən edilməsini, qətnamənin Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və nəticədə Cavabdeh1 məxsus olan torpaq sahəsinin ilkin satış qiyməti 230.000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243.800 manat olmaqla iddiaçıya satılmış və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən cavabdehlərin 2(103)-962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə cəmi qalıq borcunun 429.273,24 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Beləliklə, Cavabdeh2 345.225 ABŞ dolları, Cavabdeh1 227.460 ABŞ dolları iddiaçının xeyrinə tutulmuşdur. Beləliklə cavabdehlər tərəfindən 2018-ci ildən etibarən borcun ödənilməsini təmin etmək istiqamətində heç bir hərəkət olmadığı üçün 2018-ci ildən 2025-ci il tarixə qədər olan müddət ərzində iddiaçı ona vurulmuş zərərin əvəzi olaraq əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına dair hazırkı iddia tələbi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. b) cavabdehlərin iddia tələbinə münasibətləri barədə məlumat

3. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 Rayon Məhkəməsinə verdiyi etiraz və vəsatət verərək bildirmişdir ki, hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 iddiaçı olaraq cavabdehlər "xxxx" MMC-yə, Binəqədi Rayon İcra Şöbəsinə və hazırkı iş üzrə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin xx.xx.2020-ci il tarixli, 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Belə ki, cavabdehlərin ipoteka predmeti olan əmlakları ədalətli qiymətə satılmış olsaydı, hazırkı iddiaya da zərurət olmayacaqdı. Həmin iş hazırda yuxarı instansiya məhkəməsinin icraatındadır. Odur ki, həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraat dayandırılmalıdır.

4. Cavabdeh1 iddia tələbinə dair yazılı mülahizə verməmiş, məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 45.633,6 ABŞ dolları, Cavabdeh1 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 51.678,58 ABŞ dolları olmaqla cəmi 97.312,18 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, təmin edilmiş hissəyə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 546 manat pulun 161,9 manat məbləğinin Cavabdeh2, 171,8 manat məbləğinin isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Əsasları iddia tələbinə qarşı Cavabdeh2 verdiyi etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə tələb ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə yönəldilmiş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Hazırkı vəziyyətdə borclulardan – cavabdehlərdən gecikdirmə faizinin tutulması qanunsuzdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, Məcəllənin 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bununla yanaşı qeyd olunmalıdır ki, məhkəmə qətnamə qəbul edərkən gecikdirmə faizini borclulara münasibətdə fərqli hesablamışdır. Belə ki, Cavabdeh2 icra sənədi üzrə cəmi 345.225 ABŞ dolları borcundan (305.000 ABŞ dolları əsas borc və 44.225 ABŞ dolları əsas borcun illik 5% məbləği) ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin dəyərini, yəni 143.412 ABŞ dollarını çıxaraq, qalan 201.813 ABŞ dolları borca illik 5% gecikdirmə məbləği hesablamışdır. Halbuki, məhkəmə icra sənədi üzrə əsas borcdan, yəni 305.000 ABŞ dollarından 143.412 ABŞ dollarını çıxmalı və qalan 161.588 ABŞ dollarına münasibətdə gecikdirmə faizi hesablamalı idi. Hazırkı vəziyyətdə məhkəmə artıq hesablanmış faizin gecikdirilməsinə görə gecikdirmə faizi tətbiq etmişdir ki, bu da mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, bildirilir ki, “İpoteka haqqında” Qanunun 47.2 və 47.2.1-ci maddələrinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir). Qeyd olunanlar və işin faktiki halları onu deməyə taməsas verir ki, birinci instansiya məhkəməsi borcluların təqsirli hərəkətlərinin, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmənin nədə ifadə olumasını sübut etməmiş, nəticədə formal mülahizələrə əsaslanan qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında verdikləri izahatlar barədə məlumat

9. Cavabdehlərin birgə vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə İddiaçı 240.000 manat (ekvivalenti 305.000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh2 borc vermiş, sonuncu həmin pulu xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş və həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə iş üzrə digər cavabdeh olan (Cavabdeh2 qaynanası) Cavabdeh1 mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. Həmçinin 13.xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə İddiaçı 204.000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmaq şərti ilə Cavabdeh1 borc vermiş, sonuncu həmin pulu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüş və həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan və yuxarıda qeyd edilmiş torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. Cavabdeh1 xx.xx.2015-ci il tarixli öhdəlik müqaviləsi ilə ipotekaya qoyulan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər borc müqavilələri üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirməyə və bunlardan əldə edilmiş pul vəsaitinin ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldildiləcəyi barədə razılaşmışlar.

15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borcun və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dollarının, cəmi 345.225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus həmin torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi ilə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 ABŞ dolları məbləğində borcun və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dollarının, cəmi 227.460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın həmin torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi ilə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(103)-962/2019 saylı qətnamə ilə apellyasiya şikayətini qismən təmin edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin “torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 230.000 manat müəyyən edilməsi, qətnamənin Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş həmin qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli borc müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borc və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dolları olmaqla, cəmi 345.225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 məxsus sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 ABŞ dolları məbləğində borc və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dolları, cəmi 227.460 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalı, tələb üzrə tutma həmin torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq hesab kredit borcuna ödənilməlidir. Satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalıdır.

18. Həmin icra vərəqəsi icraya edilməsi üçün xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsinin xx.xx.2020-ci tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.

19. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli məktubdan görünür ki, həmin icra vərəqəsində borclular qismində qeyd edilmiş Cavabdeh2 və Cavabdeh1 cəmi qalıq borcu 429.273,24 ABŞ dolları təşkil edir.

20. İşdə olan xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçının hesabına 222,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

21. İşdə olan xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçının hesabına 222,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür

22. İşdə olan xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçının hesabına 240,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

23. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması və pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizlərin ödənilməsi bir-birindən fərqli anlayışlardır. Hazırkı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi, yəni müqavilə müddəti bitdikdən sonra pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin ödənilməsi təşkil edir.

24. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə Mülki Məcəllənin 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı).

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009cu il tarixli qərarında isə göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

26. Hazırkı işin hallarından görünür ki, iddiaçı Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli borc müqavilələri bağlanmışdır. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən Cavabdeh2 305.000 ABŞ dolları, Cavabdeh1 isə 204.000 ABŞ dolları məbləğində pul borc verilmişdir. Hər iki kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 özünə məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsi ipoteka müqavilələri ilə iddiaçının xeyrinə yüklü etmişdir.

27. Borc öhdəlikləri vaxtında icra olunmadığı üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 305.000 ABŞ dolları əsas borc, əldən çıxmış faydaya görə gecikdirilmiş 2 il 9 ay üçün 44.225 ABŞ dolları, Cavabdeh1 isə 204.000 ABŞ dolları, əldən çıxmış faydaya görə gecikdirilmiş 2 il 3 ay üçün 23.460 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, həmin məbləğin təminatı olaraq ipoteka predmeti olan torpaq sahələrinin hərraca çıxarılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi qərara alınmışdır.

28. "xxxx" MMC tərəfindən təşkil olunmuş xx.xx.2020-ci il tarixli hərrac nəticəsində ipoteka predmeti olan 0,276117 ha torpaq sahəsi 243.800 manat məbləğinə iddiaçıya satılmışdır. Məhkəmə sənədləri və icra hərəkətlərini həyata keçirən Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiqlənir ki, cavabdehlərin qalıq borcu 429.273,24 ABŞ dolları təşkil etmişdir. Bu məbləğ, ümumi borcdan hərrac yolu ilə əldə olunan 243.800 manatın çıxılması ilə müəyyən olunmuşdur. Hazırda isə iddiaçı 2018-ci ildən 2025-ci ilin iyunun 1-dək qalıq borc məbləğinə illik 5% hesablanmaqla əldən çıxmış fayda kimi 159.188,8 ABŞ dollarının və ödənilmiş 546 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir.

29. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

30. Mülki Məcəllənin tələblərinə əsasən, Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır (Maddə 14.2.6); Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Maddə 21.1.); Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Maddə 21.2.); Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Maddə 21.3.); Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Maddə 442.); Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (Maddə 443.1.); Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Maddə 448.1.); Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (Maddə 445.2.1.); Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (Maddə 445.7.) (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyası: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir); Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (Maddə 449.1.); Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (Maddə 449.2.); Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (Maddə 449.3.); Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Maddə 449.4.).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz.

33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)" müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Mülki Məcəllənin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.

34. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə müddəti bitəndən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə zərəri tələb etmək hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, həmin qətnamə ilə əsas borcla yanaşı cavabdehlərdən illik 5%-lə hesablanmış 44.225 ABŞ dolları (Cavabdeh2) və 23.460 ABŞ dolları (Cavabdeh1) məbləğində pul tutulmuşdur.

35. İş materiallarına əlavə edilmiş icra işinin materiallarından görünür ki, qətnamə ilə hər iki borc üzrə tutma ipoteka predmetinə yönəldilmiş, icra sənədi xx.xx.2020-ci il tarixdə verilmiş, Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş, xx.xx.2020-ci il tarixli hərracın yekunlarına dair protokol ilə ipoteka predmeti olan torpaq sahəsi 243.800 manata ipoteka saxlayan olan hazırkı iş üzrə iddiaçı tərəfindən əldə edilmişdir. Məhkəmə borc müqaviləsinin ipoteka ilə təmin edildiyini, icra sənədi verildikdən sonra ipoteka predmetinin icra məmuruna təhvil verildiyini və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hərracın keçirildiyini, tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə olduğunu nəzərə alaraq, borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin Cavabdeh2 münasibətdə ipoteka predmeti hərracdan satıldıqdan sonrakı gündən başlayaraq hesablanmasını ədalətli və qanunun tələblərinə uyğun hesab edir. Belə ki, həmin gündən sonra, yəni ipoteka predmeti realizə olunduqdan sonra borclu dəqiq nə qədər borcunun qaldığını, nə qədər ödəməli olduğunu bilmişdir.

36. Bundan başqa İcra sənədindən göründüyü kimi, xx.xx.2015-ci il tarixli borc müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borc və illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dolları olmaqla, cəmi 345.225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh2 tutulmalıdır. Cavabdeh1 borcunun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin sonrakı ipoteka müqaviləsi olduğu nəzərə alınarsa, “İpoteka haqqında” Qanunun 9.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əmlakın satışından əldə edilmiş vəsait əvvəlki kredit müqaviləsi üzrə borcdan çıxılmalıdır. Belə ki, həmin maddəyə görə, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. İpoteka predmetinin hərracdan xx.xx.2020-ci il tarixdə 243.800 manata satıldığı, həmin vaxtda dolların kursunun 1,7000 manat olduğu nəzərə alınarsa 143.412 ABŞ dolları məbləğində pul Cavabdeh2 borcundan çıxılmalıdır (faiz borcu da daxil olmaqla). Bu zaman Cavabdeh2 201.813 dollar borcu qalmış olur.

37. Cavabdeh2 münasibətdə məhkəmə qətnaməsi ilə müəyyən edilən borc xx.xx.2020-ci il tarixdən başlayaraq 01.06. 2025-ci il tarixədək (xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 4 il (1460 gün), xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 191 gün) ümumilikdə 1.651 gün gecikdirilmişdir. Qeyd edilən dövrdə qalıq 201.813 dollar borcuna gecikdirilmiş günlər üzrə illik 5% hesablanmaqla faiz borcu cəmi 45.633,6 ABŞ dolları təşkil edir (5% : 201.813 ABŞ dolları = 10090,6 ABŞ dolları (illik faiz məbləği) : 365 gün = 27,64 ABŞ dolları (bir günə düşən faiz məbləği) x 1.651 gün = 45.633,6 ABŞ dolları).

38. Cavabdeh1 münasibətdə xx.xx.2020-ci il tarixdən (icra sənədinin verildiyi tarixdən) başlayaraq xx.xx.2025-ci il tarixədək (xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 il (1.825 gün), xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək 82 gün) ümumilikdə 1.907 gün gecikdirilmişdir. Gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas borc 204.000 ABŞ dolları məbləğinə illik 5% hesablanmaqla faiz borcu cəmi 53.281,58 ABŞ dolları təşkil edir (5% : 2040.000 ABŞ dolları = 10.200 ABŞ dolları (illik faiz məbləği) : 365 gün = 27,94 ABŞ dolları (bir günə düşən faiz məbləği) x 1.907 gün = 53.281,58 ABŞ dolları).

39. İşdə olan sənədlərdən görünür ki, icra məmuru tərəfindən Cavabdeh1 pensiyasına inkasso sərəncamı qoyulmuşdur. Həmin sərəncamlarla pensiyadan məcburi ödənişlər tutulmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçı təsdiq etmişdir ki, 2024-cü ilin iyul ayından etibarən 2025-ci ilin aprel ayına qədər 222,2 manat, 2025-ci ilin aprel ayından 2025-ci ilin iyununa qədər isə 240,2 manat pul Cavabdeh1 tutulmuşdur. Bunlara əsasən, Cavabdeh1 ümumilikdə 2.720,4 manat (9 ay müddətində 222,2 manat, 3 ay müddətində 240,2 manat), dollar məzənnəsinə ekvivalentlə 1.603 ABŞ dolları tutularaq iddiaçının xeyrinə ödənilmişdir. Həmin məbləğ Cavabdeh1 tutulacaq məbləğdən çıxılmalıdır.

40. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, hazırda cavabdehlərin digər məhkəmənin icraatında olan iddiaları bilavasitə yekun hərrac protokolunun etibarsızlığı ilə bağlıdır. Qeyd edilən mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin bu iddianın gələcəkdə təmin olunması və ya olunmaması nəticəsində borcun ödənilməsi öhdəliyinin ötən dövr ərzində icra edilməməsi və gecikdirilmiş məbləğə faizlərin hesablanması məsələsinə təsir göstərmir.

41. Belə ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, buna baxmayaraq cavabdehlər borcu ödəməyərək məhkəmə qətnaməsinin məcburi icrası ilə bağlı qanunvericiliyin tələblərini pozmuşlar. Həmçinin nəzərə alınmalıdır ki, ötən 5 il ərzində icra səndi üzrə icraat dayandırılmamış, iddiaçının borcun ödənilməsini tələb etməsinə baxmayaraq, borc ödənilməmişdir. Cavabdehin sonrakı dövrdə yenidən iddia qaldırması və öhdəliyini icra etməməsi iddiaçını qanunla müəyyən olunan minimal faiz formasında zərəri tələb etmək hüququndan məhrum edə bilməz. Əks mövqe borclunun öhdəliklərini icra etməməklə, hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur.

42. Beləliklə, Məhkəmə Rayon Məhkəməsinin cavabdehlərin qətnamə ilə müəyyən edilmiş borc məbləği üzrə öz öhdəliklərinin icrasını gecikdirməsi əsası ilə, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququnu təmin edərək, Cavabdeh2 qalıq 201.813 dollar borcunun gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək illik 5% hesablanmaqla 45.633,6 ABŞ dolları, digər Cavabdeh1 isə 204.000 ABŞ dolları borcunun gecikdirilməsinə görə icra sənədinin verildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 51.678,58 ABŞ dolları məbləğində pul (53.281,58 ABŞ dolları – 1.603 ABŞ dolları (inkasso sərəncamı ilə tutulmuş vəsait)), cəmi 97.312,18 ABŞ dolları (45.633,6 + 51.678,58) tutularaq iddiaçıya ödənilməli olması qənaətini qanuni və əsaslı hesab edir. g) apellyasiya baxışının nəticəsi

43. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

46. Məhkəmə həmçinin bildirir ki, iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehlər isə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.

47. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə cavabdehlər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar