Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5677/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehyə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.822,52 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 501,42 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113,24 manat, ümumilikdə 9.437,18 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə Birliyin abonenti olan cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04145xx/xx-2022 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdehə məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********21260 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh, onunla Birlik arasında bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunmuş və bu halı təsdiqləyən fotoşəkillər çəkilmiş, müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan aktlar əsasında aparılmış araşdırmalar və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərər 8.822,52 manat məbləğindədir. Təbii qazdan qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə 501,42 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 113,24 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 28,80 manat, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 501,42 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 113,24 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış ziyan məbləği qanuni hesab edilə bilməz. Belə ki, akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ (qeyri standart su qızdırıçısı), dəmir və İran Respublikasında istehsal olunmuş sobalarından istifadə edilməsinə görə sərfiyyat hesablansa da, iddiaçı Birlik tərəfindən cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə etməsi qeyd edilmişdir. Cavabdehin həmin qurğudan hər gün 24 saat istifadə etməsi həqiqəti əks etdirmir. İddiaçı tərəfindən orta günlük iş rejimi 8 saat qəbul edilməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, düzgün olmayaraq 360 gün qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq əslində akt üzrə itirilmiş qazın miqdarı (1.2 x 8 x 30=) 288 kub metr, dəymiş ziyanın miqdarı isə 28,80 manat təşkil edir. Buna görə də, iddia tələbinin müzakirə edilən bu hissəsi qismən təmin edilməli və vurulmuş maddi zərərin əvəzi olaraq 28,80 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməlidir. Bundan başqa abonentin saldosundan və cavabdehin Birliyə ünvanladığı ərizəsindən müəyyən olunur ki, cavabdehin faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 501,42 manat debitor borcu vardır. Odur ki, həmin hissədə iddia tam təmin olunmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Rayon Məhkəməsinin yalnız müqavilədə göstərilən cihaza uyğun hesabat aparması qanunsuzdur. Çünki müqavilə imzalanan tarixdən sonra istehlakçı tərəfindən qaz cihazlarının sayı və növü dəyişdirilə bilər və edilmiş dəyişiklik barədə Birliyə məlumat verilməmişdir. Bu səbəbdən də akt tərtib edilən ünvanda faktiki istifadə edilən cihazlar aktda qeyd edilmiş və hesabat da həmin cihazlara əsasən aparılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməyən hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İş üzrə iddiaçı Birlik apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birlik isə apellyasiya şikayətində iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
10. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı Birlik ilə cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı olan iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qazpaylayıcısı olan Birlik tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydalarının” tələblərinə əməl etməlidir. Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt əsasında Birlik tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 8.822,52 manat məbləğində ziyan vurulmuşdur.
14. Qeyd edilməlidir ki, iddia tələbinin təmin edilməyən hissəsi akt üzrə dəymiş zərərin düzgün hesablanmaması ilə bağlıdır. Rayon Məhkəməsi həmin akt üzrə 28,80 manat ziyan müəyyən etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ, dəmir və İran Respublikasında istehsal olunmuş sobalarından istifadə edilməsinə görə sərfiyyat hesablansa da, iddiaçı tərəfindən cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə etməsi qeyd edilmişdir. Cavabdehin həmin qurğudan hər gün 24 saat istifadə etməsi həqiqəti əks etdirmir. İddiaçı tərəfindən orta günlük iş rejimi 8 saat qəbul edilməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli Aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, düzgün olmayaraq 360 gün qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq əslində akt üzrə itirilmiş qazın miqdarı (1.2 x 8 x 30=) 288 kub metr, dəymiş ziyanın miqdarı isə 28,80 manat təşkil edir.
15. Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni həmin akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 kub metr olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd “PQ-4”, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 kub metr olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 73.440 kub metr hesablanmışdır.
16. Məhkəmə iddianın təmin edilməməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi qənaəti, yəni təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış ziyan məbləğinin qanuni hesab edilməsi barədə qənaəti haqlı hesab edir. Çünki iddiaçının adına tərtib edilmiş müqavilədən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) istifadə olunur. Aktda QSSQ, dəmir soba və İran Respublikasında istehsal olunmuş qaz sobasından da istifadə edildiyi qeyd edilsə də, iddiaçı Birlik tərəfindən bu hal sübuta yetirilməmişdir.
17. Bu səbəbdən, “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədə öz əksini tapmış hesabat əsaslı hesab edilə bilməz.
18. Bundan başqa, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.
19. Məhkəmə hesab edir ki, “PQ-4” cihazı üçün orta günlük iş rejimi 8 saat, hesabat müddəti isə 30 gün qəbul edilməlidir.
20. Belə olan halda itirilmiş qazın bərpası 1 ədəd “PQ-4” üçün (1,2 x 8 x 30 =) 288 kub metr hesablanmalıdır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarif nəzərə alınmaqla iddiaçı Birliyə dəymiş ziyanın miqdarının 28,8 manat olması müəyyən edilir.
21. Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 13.). Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar (maddə 22.).
23. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Qaz sayğaclarının üzərində müvafiq Dövlət Xidmətinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (bənd 4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (maddə 4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (maddə 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 4.9.).
26. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən vurulmuş ziyanın miqdarı düzgün müəyyən edilmişdir.
27. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəni əsaslı, iddiaçı Birliyin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi
28. Apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN
XÜSUSİ QƏRARDADİ İş № 2(103)-5677/2023
Bakı şəhəri 26 sentyabr 2023-cü il
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023-cü il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN ETDİ:
Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.822,52 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 501,42 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113,24 manat, ümumilikdə 9.437,18 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04145xx/xx-2022 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdehə məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********21260 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh, onunla Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunmuş və bu halı təsdiqləyən fotoşəkillər çəkilmiş, müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan aktlar əsasında aparılmış araşdırmalar və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərər 8.822,52 manat məbləğindədir. Bundan başqa Təbii qazdan qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə 501,42 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 113,24 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 28,80 manat, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 501,42 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 113,24 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birliyin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş tərəflərin əməllərində cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün iş üzrə xüsusi qərardad qəbul edilməli və xüsusi qərarda göstərilən hallar müvafiq prokurorluq orqanının diqqətinə çatdırılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı Birliyin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvana xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı edilmişdir ki, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edilir. Bununla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akt tərtib edilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın cəmi həcmi 73.440 kub metr təşkil edir. Birliyin əməkdaşları bu halları müəyyən etsələr də, halların təkrar edilməsinin qarşısını almaq üçün effektiv tədbirlər görməmiş, bu kimi halların qarşısının alınması məqsədi ilə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 394.1-ci maddəsinə görə, işə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi qərardad çıxara bilər. MPM-in 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263-266, 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ:
Hazırki mülki iş tərəflərin və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun diqqəti xüsusi qərardadın təsviri hissəsində göstərilən hallara cəlb edilsin. Xüsusi qərardad və müvafiq sənədlərin surətləri araşdırılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin.