Məhkəmə qərarları › İş №2(103)-5679/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5679/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5679/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı2, onun vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44328 manat məbləğində pulun tutularaq onlara qaytarılması və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, onlar 2017-ci ilin avqust ayının əvvəlində 2 ev üçün mebel almaq istəmişlər. X1 onlara demişdir ki, tanışı Həmid adlı şəxsin mebel sexi vardır. Həmid onlara mebel kataloqlarını göstərmişdir. Onlar Həmidə “Dəniz Mebel” mağazasından mebel almaq istədiklərini bildirsələrdə, Həmid onları mağazadan mebel almağa qoymamış, mağazadakı mebelləri pisləmiş və onlar üçün yaxşı mebel hazırlayacağını bildirmişdir. Onlar Həmidlə hər iki evin mebellərinin hazırlanması ilə əlaqədar ona veriləcək məbləğin 51700 manat olması ilə razılaşmışlar və Həmidə, onun qardaşı Eminin və qohumları Füzulinin yanında 10000 manat məbləğində pul vermişlər. İki gündən sonra Xəzər rayonu, Albalılıq qəsəbəsində, yol kənarında yerləşən təzə evlərdə onlar Həmidə yenə 10000 manat məbləğində pul vermişlər. Onlar Həmidə ikinci dəfə 10000 manat pulu onun anasının yanında vermişlər. Həmid mətbəx mebellərini, stol və divanı gətirib təhvil verib, onlardan yenə 20000 manat tam təhvil verdikdən sonra 11700 manat pulun qalığını alacağını demiş və söz vermişdir ki, 03.12.2017-ci il tarixdə mebelləri tam hazırlayacaq. Lakin bu günə qədər vədini tutmayıb, işi yarımçıq qoyub, ona göstərdiyi materiallardan istifadə etməyib, gətirdiyi mebellər çatladığından gəlib söküb aparıb, bu günə kimi işini icra etməmişdir. Onlar Həmidə ümumilikdə 44328 manat məbləğində pul vermişlər. İşi görmədiyinə görə onlar rəng və halqa alaraq Həmidə təhvil vermişlər ki, heç olmasa evi qurtarsın. O, yenə onları süründürməyə başlamış, yenə də onlara yalandan tez hazır olacağıbarədə vədlər vermişdir, lakin artıq bir ildir ki, onları aldadır. Onlar Həmiddən 44328 manatpul tələb edirlər. Lakin Həmid onların pullarını qaytarmır. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, 2017-ci ilin iyul ayında tanışı Müşfiq Elmarla birlikdə icraçı direktoru olduğu 6-cı mikrorayon dairəsi yaxınlığında yerləşən sexinə gəlmişlər və Elmarın və qardaşı Elşadın evləri üçün mebellər düzəltdirmək niyyətində olduqlarını bildirmişdir. Onları dinləyib niyyətlərini başa düşdükdən sonra sifariş olunacaq mebellərin ayrıayrılıqda dizayn olunacağını, qiymətlərinin hesablanacağını və işlənəcək materiallara aydınlıq gətirildikdən sonra razılığa gələcəklərini bildirmişdir. 2 aya yaxın müddətdə danışıqları davam etmişdir. 2017-ci ilin sentyabr ayında sifariş olunacaq bütün mebellərin 62000 manat dəyərində olacağı barədə razılığa gəlmişlər. Həmin məbləğə materialların alınması, ustaların əmək haqqı, rənglənməsi, aksessuarları və yerinə danışıb quraşdırma xərcləri daxil idi. O, briqadası ilə birlikdə 2017-ci ilin oktyabr ayında işə başlayıb 2018-ci ilin mart ayında sifarişlərin 90-95%-ni başa çatdırmaqla təhvil vermişdir. İddiaçılar beh verilən zaman 1 ədəd qonaq dəstinin hələlik dayandırılmasını tələb edərək ümumi məbləğdən həmin dəstin dəyərini çıxmasını istəmişlər. Mebelin dəyəri çıxıldıqdan sonra ümumi məbləğ 53700 manat təşkil etmişdir. İddiaçılar ona bir neçə tranşla 44700 manat məbləğində pul vəsaiti vermişlər ki, bu da gördüyü işin tam dəyərini ödəmirdi. İşin gedişi zamanı iddiaçılar tərəfindən bi neçə dəfə mebellərin dizaynında dəyişikliklər olmuş, yəni qapıların üstünə lepkaların vurulması, tacların və tinlərin qızılı rəngdə boyanması, onlar da əlavə vəsait tələb edirdi. O, əlavə işlər üçün iddiaçılardan vəsait tələb etməmiş, lakin sifarişdən qalmış 16 ədəd stulun, 1 ədəd stolun və 1 ədəd divanın hazırlanması üçün onlardan 9000 manat pulu istəmişdir. Dəfələrlə telefon danışıqları və görüşlər heç bir nəticə verməmişdir. O, iş ləngiməsin deyə öz hesabına həmin mebellərin də materiallarını alıb sexə gətirmiş və ilkin hazırlıq işlərini aparıb növbəti dəfə bu ilin may ayında onlarla əlaqə saxlayaraq qalıq pulu tələb etmişdir. İddiaçılar pul verməkdən imtina etdiyi tərzdə ustalar əmək haqqısız işləməkdən imtina etmişlər və hazırlanmış detallar bu günə qədər sexdə durur. Əgər bu gündə qalıq vəsait onlara ödənsə, o, yarımçıq qalmış mebelləri yığıb təhvil verməyə hazırdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 44328 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 44358 (qırx dörd min üç yüz əlli səkkiz) manat pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçılar tərəfindən məhkəmə iclasında cavabdeh tərəfindən onlara xidmət göstərməsi ilə bağlı detallar qeyd edilsə də, məhkəmə bu halları nəzərə almamış, o cümlədən hazırki mülki iş üzrə şahidlərin adları çəkilsə də məhkəmə öz təşəbbüsü ilə, obyektivliyi təmin etmək məqsədilə şahidlərin dəvət olunaraq dindirilməsini təmin etməmişdir. O, iddia tələbinin həcmi ilə razı deyildir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı2, onun vəkili X6 apelyasiya şikayətini qəbul etmədilər, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər, izahatlarında əlavə olaraq qeyd etdilər ki, cavabdeh tərəfindən mebellər qüsurlarla icra edilmiş, həmin qüsurun aradan qaldırılması xahiş olunsa da, cavabdeh həmin qüsuru aradan qaldırmamışdır. Hətta bir ildən artıq onları süründürmüşdür. Buna görə də, onlar verdikləri pullarını tələb etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir . Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2019-cu il tarixli, 1577 saylı ekspertiza rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində və keçirilmiş ekspert baxışının nəticələrinə görə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Albalıq qəsəbəsi, 18 Oktyabr küçəsində yerləşən iddiaçılara məxsus evlərdə quraşdırılmış mebellərdə əmələ gələn mövcud olan bütün qüsurlar mebellərin hazırlanmasında istehsalat qüsurlarıdır, yaranmış həmin qüsurların nədən ibarət olduğu rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Baki şəhərı, Xəzər rayonu, Albalıq qəsəbəsi, 18 Oktyabr küçəsində yerləşən iddiaçılara məxsus evlərdə quraşdırılmış mebellərin fərdi qaydada hər bir otağın ölçülərinə görə, hər bir otağın təyinatı və sifariş edilmiş dizayn üzrə işləri icra etməklə ayrıayrı vəziyyətdən asılı olaraq, eləcə də, onların fərdi dizayn üzrə hazırlanması, daşıma və quraşdırma işləri, sifariş edən ilə iş görən arasında fərdi qaydada bağlanmış yazılı və ya şifahi müqavilə-razılaşma olduğundan nəqliyyat, daşıma və quraşdırma xərclərini də nəzərə alaraq mebellərin ayrı-ayrılıqda və cəmi dəyərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən onlara məxsus evlərdə mebellərin quraşdırılması barədə Cavabdeh ilə razılığa gələrək bu məqsədlə ona cəmi 44328 manat məbləğində pul ödəmişlər. Lakin cavabdeh tərəfindən iddiaçılara məxsus evlərdə quraşdırılmış mebellər qüsurlarla hazırlandığından tez bir zamanda sıradan çıxmış, iddiaçılar ödənilmiş məbləğin geri qaytarılmasını tələb etsələr də, cavabdeh tərəfindən həmin məbləğ onlara qaytarılmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. MM-nin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat üqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. MM-nin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. MM-nin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs, icraçı dedikdə isə iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar başa düşülür. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə, işin faktiki hallarına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən onlara məxsus evlərdə mebellərin quraşdırılması barədə Cavabdeh ilə razılığa gələrək bu məqsədlə ona cəmi 44328 manat məbləğində pul ödəmələrini, cavabdeh tərəfindən iddiaçılara məxsus evlərdə quraşdırılmış mebellərin qüsurlarla hazırlanmasını, tez bir zamanda sıradan çıxmasını, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2019-cu il tarixli, 1577 saylı ekspert rəyini nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən ödənilmiş 44328 manat məbləğində pul vəsaiti alınaraq iddiaçılara verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 44358 (qırx dörd min üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı2 və İddiaçı2 xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələni düzgün olaraq həll etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kollegiya apellyatorun iddia tələbinin həcmi ilə razı olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator özü iddia tələbinə etirazında iddiaçılar tərəfindən ona bir neçə tranşla 44700 manat məbləğində pul vəsaiti verildiyini etiraf etmişdir. Kollegiya apellyatorun şahidlərin dindirilməməsi ilə bağlı dəlilinə qiymət verərək, hesab edir ki, podratın nəticələrinin qüsurlu olmasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, birinci instansiya məhkəməsi həmin qüsurun müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar