Məhkəmə qərarları › İş №2(103)-5682/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5682/2024

25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5682/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 3626/2024 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, 4 uşağın – xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü üçəm X1, X5 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4791/2022 nömrəli qətnaməsi ilə ata Cavabdeh ana İddiaçı xeyrinə tutulan alimentin miqdarı - hər ay hər uşaq üçün 193 manat, cəmi 772 manat artırılaraq hər ay hər uşaq üçün 300 manat, cəmi 1.200 manat müəyyən edilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4791/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilərək aliment atanın aylıq əmək haqqının yarısı miqdarında tutulsun. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat, dörd uşaq üçün cəmi 940 müəyyən edilsin, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Alimentin miqdarının artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən edilmiş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının, habelə uşaqların digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2022-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırıb. Alimentin miqdarının hər uşaq üçün 235 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Uşaqların atası əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və hər ay hər uşaq üçün 235 manat aliment ödəmək iqtidarındadır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Uşaqların atasının əmlak vəziyyətini və gəlirlərini təsdiq edən çoxsaylı sübutlar uşaqların anası tərəfindən məhkəməyə təqdim olunub. Həmin məlumatların həqiqiliyi “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlarla da təsdiq olunur. Bununla yanaşı, uşaqların anası apellyasiya icraatı zamanı izahatında uşaqların atasının əmlak vəziyyəti və gəlirləri barədə məlumatlar vermişdir. Uşaqların atası isə apellyasiya məhkəməsində iki dəfə məhkəmə iclası təyin edilməsinə baxmayaraq iclaslara gəlməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Alimentin əmək haqqının yarısı miqdarında tutulması barədə qarşılıqlı tələb əsassızdır. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsindən görünür ki, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda aliment sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin uşaqların atasının əmək haqqının yarısı miqdarında tutulması uşaqların anasının və uşaqların mənafeyini əhəmiyyətli dərəcədə pozacaq. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 3626/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar