Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5685/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-716/2022 saylı 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, ümumilikdə 757 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinə etiraz etdiyini bildirmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, e-2(002)- 716/2022 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung A415» markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 110 manat olmaqla, cəmi 658 manat 80 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə heç ödəniş etməmiş və qalıq qalmış 658 manat 80 qəpik borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 988 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 988 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 98 manat 80 qəpik "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, cəmi 757 manat 60 qəpik təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-716/2022 saylı 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, ümumilikdə 757 manat 60 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 328.1, 385.1, 386.1, 442, 445, 448.1, 600.1 və 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, o, 22 may 2021-ci il tarixdə "xxxx" MMC-dən 33 manat ilkin ödəniş edərək 6 aylıq kreditə “Samsung A415” (Black) mobil telefon almışdır. Telefonu alarkən satıcı ona telefon barədə kifayət qədər düzgün məlumat, yəni telefonun işləmə sürəti, proqram təminatı və bəzi proqramları dəstəkləməməsi haqqında məlumat verməmişdir. Telefonu istifadə edərkən görmüşdür ki, telefonun surəti həddindən artıq azdır və bu da bəzi proqramlara daxil olarkən donma baş verməsinə səbəb olur. Buna görə də telefonu 3-4 gün ərzində (14 gün tamam olmamış) mağazaya geri qaytarmışdır. Satıcı telefonu ondan geri aldı. Telefonu ondan geri alarkən ona blanka imza etdirmişlər. Hal-hazırda da telefon mağazadadır, lakin əsassız olaraq ondan aylıq ödəniş tələb etmişlər. Məhkəmə iclasında idddiaçı telefonu məhkəməyə təqdim etmişdir. Məhkəmədə telefona hakim tərəfindən baxış keçirilərkən ilk baxışda telefonun üzərində heç bir çızıq və ya iz olduğu görünməmişdir. Sonra idddiaçı bildirmişdir ki, günəş işığında baxılanda telefonun arxa qapağında çox cüzi çızıq olduğu görünmüşdür. Bundan sonra hakim telefona günəş işığında baxaraq telefonun arxa qapağında cızıq olduğu gördü. O, telefonu 14 gün tamam olmamış satıcıya geri qaytarmışdır. Telefonu təhvil verərkən üzərində heç bir cızıq və ya iz olmamışdır. Həmin telefon bir ildən artıqdır ki, iddiaçıın özündədir. Telefona cızıq qəsdən özləri tərəfindən də salına bilərdi. Lakin bunlar nəzərə alınmamış, ondan cəmi üç gün sonra mağazaya geri qaytarmışdığı, həmin vaxtdan bu günə qədər bir ildən artıq müddətdə iddiaçının özündə olan və işlətmədiyi bir telefona görə əsas borc və cərimə borcu ilə birlikdə pulun tutulması tam əsassəızdır. Əgər həqiqətən də telefonun arxa qapağına cızığı o etmişdir sə bu hal sübut olunmalı idi. Göründüyü kimi, iddiaçı bir istehlakçı kimi onun hüquqlarını pozmuş, əsassız olaraq ondan təhvil verdiyi telefona görə pul tələb etmişdir. Həmçinin ondan pulu tələb edəcəkdilərsə telefonu qaytarmalı idilər. Ondan olmayan telefona görə telefonun tam pulunu cərimə ilə birlikdə ödəməli deyil. İş üzrə müəyyən edilmiş bütün faktlar araşdırılmamış, onun 14 gün tamam olmamış telefonu qaytarma səbəbləri aydınlaşdırılmamış, telefonu aldığı vaxtdan üç gün sonradan halhazıradək istehlakçıda olması nəzərə alınmamışdır. Məhkəmədə iddiaçı tərəf telefonu ondan geri alarkən tərtib etdiyi aktda mobil telefonun arxa hissəsində cızığın olması barədə heç bir qeyd olmamışdır. Həmin qeyd akta sonradan əlavə edilmişdir. Əks halda o həmin akta imza etməzdi. Bundan başqa o, telefonu “qızıl” zəmanətlə götürmüşdür. “Qızıl” zəmanətə görə o əlavə pul ödəmişdir. “Qızıl” zəmanət telefonda olan bütün qüsurlara görə sığortanı nəzərdə tutur. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı "xxxx" MMC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 328.1 əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.
14. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-716/2022 saylı 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən «Samsung A415» (Black) markalı mobil telefon almışdır.
31. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə cavabdeh alınmış əşyaya görə 5 ay ərzində hər ay 110 manat, 6-cı ay 108 manat 80 qəpik olmaqla, cəmi 658 manat 80 qəpik ödəniş etməli idi. Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya 658 manat 80 qəpik əsas borcunun mövcud olması, həmçinin dəbbə pulu məbləğinin 98.8 manat təşkil etməsi qeyd olunmuşdur.
32. Göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə mobil telefon almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı əsas borca cərimə məbləği hesablayaraq, əsas borcun və cərimənin cavabdehdən ödənilməsini tələb etmişdir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir.
33. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, müqavilə üzrə yaranmış 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, ümumilikdə 757 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində aldığı telefonu bəyənməyərək 14 gün bitməmiş mağazaya qaytardığını, lakin mağazada telefonu qəbul etməkdən imtina etdiklərini, telefonun hələ də iddiaçıda olduğunu qeyd edir. İş materiallarına əlavə olunmuş sənədlərdən isə görünür, cavabdehə nisyə alğı-satqı müqaviləsinə əsasən əşya satılarkən, cavabdehə əmtəə görünüşündə qüsur olmayan, saz vəziyyətdə mobil telefon təqdim olunmuşdur. Cavabdeh 02 iyun 2021-ci il tarixdə həmin telefonu – donma olması, məhsulun qane etməməsi, qaytarmaq istəməsi, özünə başqa mobil telefon alması adı ilə Texniki Servis mərkəzinə müraciət etmişdir. Texniki Servis mərkəzində həmin cihaz yoxlanılmış, hər hansı qüsur, maye təsiri, fiziki zədə təsiri aşkar edilməmişdir. Lakin arxa qapaqda, karkasda cızıqlar, ləkələr müşahidə olunmuşdur. Cihazın əmtəə görünüşü pozulduğuna görə cihazın dəyişilməsi və ya qaytarılmasının mümkün olmaması qeyd edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin şəxsi mülahizəsi ilə telefonun iddiaçıya məxsus servisə verilməsi onun müqavilə üzrə üzərinə götürmüş öhdəliyin yerinə yetirilməsindən azad etmir.
35. Apellyasiya şikayətinin telefonda olan cızığın onun tərəfindən deyil, iddiaçı Şirkətin işçiləri tərəfindən qəsdən edilməsi barədə dəlini də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından həmin halın, yəni məhsulda yaranmış qüsurun iddiaçının işçiləri tərəfindən yetrilməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh bu halın təsdiqi kimi isə hər hansı sübut təqdim etməmişdir.
36. Kollegiya onu da qeyd edir ki, hazırki halda Cavabdeh iddiaçıdan müqavilə üzrə ona verilməli telefonun geri qaytarılmasını tələb etmək hüquq var və hazırki qətnamənin mövcudluğu bunu istisna etmir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-716/2022 saylı 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.