Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5688/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3173/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 835,92 ABŞ dolları əsas, 168,25 ABŞ dolları faiz borcunun, cəmi 1.004,17 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02 dekabr 2014cü il tarixli “Nağd pul lahiyəsi” müqaviləsinə əsasən bank borcluya 12 ay müddətinə, illik 28% olmaqla 1.350 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3173/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdehlə "İddiaçı" ASC arasında kredit müqaviləsi 02.12.2014-cü il tarixdə 12 ay müddətinə bağlanmış və 02.12.2015-cı il tarixdə müqavilənin icra müddəti başa çatmışdır və Binəqədi rayon Məhkəməsi tərəfindən 27.03.2018-ci il tarixdə 2(001)-4006-2018 saylı məhkəmə əmri çıxarılmışdır. Beləliklə də, iddia müddətinin axımı həmin tarixdə kəsilmişdir. Daha sonra qeyd edilən məhkəmə əmri ləğv edilmiş, mülki iş üzrə iddia icraatına keçirilmişdir. Həmin məhkəmənin 30 may 2018-ci il tarixli, 2(001)- 4006/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. Məhkəmənin 29 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, 15 may 2019-cu il tarixli, 2(001)-349/2019 saylı qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. "İddiaçı" ASC məhkəməyə məhkəmə əmri çıxarıldığı tarixdən yəni 27.03.2018-ci il tarixdən iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı yenidən başlamışdır. Eyni zamanda, iddia ərizəsinin baxılmamış saxlanılmasının subyektiv deyil obyektiv səbəbləri olmuşdur. Həmin obyektiv səbəb ondan ibarətdir ki, "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olmuşdur. Fərmana əsasən də, problemli kreditin restrukturizasiya edilməsinə şərait yaratmaq üçün iddia ərizələri baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməli idi. "İddiaçı" ASC-də öz üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirərək restrukturizasiyaya düşən bütün işlərin baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməsi barədə ərizələri məhkəməyə təqdim etmişdir. Bu faktiki əsaslarla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Fərmanın icrası üçün ayrılmış müddət bitdikdən sonra restrukturizasiya edilməmiş işlərlə bağlı yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yaranmış fasilədə bəzi kateqoriya işlərdə 3 illik iddia müddətləri qeyri-ixtiyari ötürülmüşdür. Belə işlər üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin problemli kreditlərinin həllinə dövlət dəstəyi gəstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3173/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli, CC/96702/46/11 saylı kredit Sazişindən və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh illik 28% hesablanmaqla 12 ay müddətinə 1.350 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin ödəniş tarixinin əvvəli 31 dekabr 2014-cü il tarixindən başlamaqla, 02 dekabr 2015-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 835,92 ABŞ dolları əsas, 168,25 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(001)- 349/2019 saylı qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmışdır. İş materiallarında olan eektron qaydada ödənilmiş ********* nömrəli ödəniş qəbzinə əsasən iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2 və 377.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində is göstərildiyi kimi müqavilələr özündə mövcud qanunvericiliyə zidd normalar əks etdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(001)-349/2019 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, yəni tərəflər məhkəməyə gəlmədiklərinə görə baxılmamış saxlanılmış, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı deyil. Bundan başqa, iddiaçı həmin qərardadı mübahisələndirməmiş, həmin Fərmanın icrası müddəti bitdikdən bir ildən artıq müddət keçdikdən sonra məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3173/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3173/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5688/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5688/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver