Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5688/2023 22.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzillərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-328/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX serialı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 13 saylı evin, 4, 6 və 14 saylı mənzillərə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;
2. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda 48 saylı MKİS-in xx.xx.2018-ci il tarixli aktına əsasən bildirilmişdir ki, görülmüş tədbirlər nəticəsində sözügedən dəmir konstruksiya həmin ünvanda abadlıq və təmir-bərpa işləri aparan "xxxx" MMC-nin əməkdaşları tərəfindən sökülərək dam örtüyü əvvəlki vəziyyətinə qaytarılmışdır;
3. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2018-ci tarixli məktubuna əsasən sözügedən ünvanda 10 gün müddətində İddiaçı mülkiyyətində olan mənzillərin damında quraşdırılmış və yığılmış bütün əşyaların oradan götürülərək təmizlənməsi, dama çıxış qapısının bağlanaraq açarlarının mülkiyyətçilərə verilməklə, digər açarın isə MKİS-də saxlanılması, kənar şəxslərin dama çıxmasının qarşısının alınması, həmçinin təmiz saxlanmasına nəzarət edilməsi və görülmüş tədbirlər haqqında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə rəsmi məlumat verilməsi 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır;
4. Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 24 nömrəli məktubuna əsasən ona məxsus yaşayış sahəsinin dam örtüyünə və dama baxış zamanı müxtəlif əşyaların dam örtüyünün üstündə olduğu faktı aşkar edilmişdir. Sahə müvəkkilinin iştirakı ilə dam örtüyü əvvəlki vəziyyətinə qaytarılmışdır. Bir neçə həftədən sonra məlum olmuşdur ki, qonşu Cavabdeh məxsus bütün əşyalar yenidən damın üstünə yığılmışdır. Təkrarən dam örtüyü yığılmış əşyalardan təmizlənmiş, yaranmış münaqişəyə baxmayaraq Cavabdeh ona məxsus gül dibçəklərini və müxtəlif əşyaları yenidən İddiaçı məxsus dama yığmışdır;
5. Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Akta əsasən mənzilə baxış keçirən zaman su axıntısı nəticəsində divarlarda sarı ləkələrin əmələ gəldiyi, çatlar və divara vurulmuş boyada qopma aşkar olunmuşdur;
6. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən 4, 6 və 14 saylı mənzillərə su sızması halları baş vermişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən 4, 6 və 14 saylı mənzillərə su sızması vardır, su sızması rəyin tədqiqat hissəsində göstərilən amillərdən baş verə bilər. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən 4, 6 və 14 saylı mənzillərdə su sızması nəticəsində dəymiş ziyanın dəyəri təqribən 1.035 manat məbləğində müəyyən edilmişdir;
7. Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı və Cavabdeh qarşılıqlı ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7603 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 4, 6 və 14 saylı mənzilin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən İddiaçı istifadəsində olan 4, 6 və 14 saylı mənzilinə həmin mənzilin dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və gül dibçəklərindən su axıdıldığı və nəticədə 4, 6 və 14 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 4, 6 və 14 saylı mənzilin dam örtüyünə baxış keçirilən zaman sözügedən mənzilin dam örtüyü faktiki olaraq quru olduğundan, dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və dam örtüyünə yığılmış gül dibçəklərindən hər hansı su axıntısının olmadığından 4, 6 və 14 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 4, 6 və 14 saylı mənzilə su sızması həmin mənzilin dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və gül dibçəklərinə qulluq zamanı cavabdeh tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən İddiaçı istifadəsində olan 4, 6 və 14 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.015 manat məbləğində müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir;
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-134/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərə Cavabdeh tərəfindən edilən müdaxilənın aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin Cavabdeh hesabına sökülməsi, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə tərəf qanunsuz açılmış pəncərə oyuğunun Cavabdeh hesabına mişar daşı ilə bağlanması, İddiaçı mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, dama çıxan qapının qıfılının sındırılması Cavabdeh qadağan edilməsi və İddiaçı məxsus təsərrüfat təyintatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması qət edilmişdir;
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-134/2020 saylı qətnaməsi İddiaçı məxsus təsərrüfat təyintatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə İddiaçı iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 13 saylı evin, 4, 6, 14 saylı mənzillərə Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1.035 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,50 manat məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş pulun əvəzi olaraq 200 manat pulun, cəmi 1.268,50 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 13 saylı evin, 4, 6, 14 saylı mənzilləri onun mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayonu ərazisində "xxxx" MMC binaların təmiri və rənglənməsi ilə əlaqədar işlər görərkən qanusuz olaraq onun mülkiyyətində olan mənzillərin damında yaşayış otaqlarının üstündə iş üzrə cavabdeh üçün mətbəx və tualet tikilisi nəzərdə tutulan dəmir konstruksiyadan karkas quraşdırılmışdır. Onun çoxsaylı şikayətləri əsasında həmin dəmir konstruksiya sökülərək, mənzillərin damı əvvəlki vəziyyətə gətirilmişdir. Bundan sonra cavabdeh ona qarşı qərəzli hərəkətlərini davam etdirərək, mülkiyyətində olan mənzillərin damında ev əşyalarını yığmış, gül dibçəkləri yerləşdirmiş, mənzilin divarına bitişik qanunsuz bağlı balkon inşa etdirərək, eyni zamanda divara su çəni və kondisioner quraşdırmışdır. Qanunsuz inşa etdiyi balkondan mənzillərin damına qoydurduğu pəncərədən düşərək dama yerləşdirdiyi iri həcmli gül dibçəklərini sulayır, damda gəzərək bitumla örtülmüş və artıq istismar müddətini ötmüş damın taxtadan olan örtüyünü zədələyərək onun mülkiyyətinə qəsd edir və yuduğu paltarları damda zivəyə asır. Mənzillərin tavanında çatlar əmələ gəlmişdir. O, dəfələrlə cavabdehə, Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra-Hakimiyyəti Mənzil-Kommunal Departamentinə, Nəsimi rayon Mənzil Koomunal Təsərrüfyatı Birliyinə, ərazi üzrə 48 saylı MKİS-ə və sahə üzrə müvəkkilə müraciət etmişdir. Bir neçə dəfə damda olan dibçəklərin, məişət əşyalarının MİS və sahə müvəkkilinin əməkdaşları tərəfindən yığışdırılaraq götürülməsi təmin edilsə də, cavabdeh sonradan qanunsuz hərəkətlərini davam etdirərək, məişət əşyalarını, gül dibçəklərini onun mülkiyyətində olan dama yenidən yığmışdır. Bundan əlavə, onun mənzillərinin damına çıxmaq üçün nərdivan və bağlı qapı qoyulmuşdur. O, müdaxilənin qarşısını almaq üçün həmin qapını qıfılla bağlasa da, cavabdeh həmin qıfılları dəfələrlə sındırmış və dama özünə məxsus istənilən əşyaları yığmaqda davam edir. Bütün bunların qarşısını almaq üçün cavabdehlə söhbət aparsa da, müsbət nəticəsi olmamışdır. Əksinə, ona qarşı kobudluq edərək, təhqir etmişdir. Bundan başqa mənzilin təmiri ilə əlaqədar ustaların işinə maneçilik törədərək, müxtəlif orqanlara şikayətlər yazaraq, ona qarşı şər-böhtan xarakterli məlumatlar vermişdir. Hətta onun mülkiyyətində olan mənzillərin damına jurnalist çıxararaq oradan reportaj hazırlatmış və kütləvi informasiya portallarında yaydırmışdır. Jurnalist isə onun fikirini öyrənmədən, jurnalist etikasına əməl etmədən onun barəsində böhtan və şər xarakterli məlumat yaymışdır. Eyni zamanda, cavabdeh ümumi istifadədə olan otaqdan mülkiyyətində olan mənzillərin damına çıxaraq mənzilin damından mənzilə yıxılması nəticəsində mənzilin tavanında oyuq açmışdır. Bütün bu xarakterli qərəzli hərəkətlərinin nəticəsi olaraq qaldırdığı iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, onun mənzillərinə cavabdeh tərəfindən edilən müdaxilənin aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damına qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin cavabdehin hesabına sökülməsi, cavabdehə məxsus 9 saylı mənzildən onun mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1.2 kv.m ölçüdə qanunusuz açılmış pəncərə oyuğunun cavabdehin hesabına mişar daşı ilə bağlanması, onun mənzilinin damına hər hansı bir əşyanı qoymasının, dama çıxmasının, o cümlədən dama çıxan qapının sındırılmasının ona qadağan edilməsi qərara alınmışdır. Lakin, bugünə qədər cavabdeh məhkəmə qətnaməsinin icrasına maneçilik törədərək qətnaməni icra etməmişdir. Beləliklə, cavabdeh qərəzli hərəkətlərini davam etdirərək ona ziyan vurmaqda davam etdiyinə görə o, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 48 saylı Mənzil İstismar Sahəsinə cavabdeh tərəfindən qəsdən su axıdılaraq mülkiyyətində olan mənzillərə davamlı olaraq ziyan vurması və bunun qarşısının alınması barədə müraciət etmişdir. Hər iki təşkilatın əməkdaşlarının və cavabdehin iştirakı ilə mənzillərə və evin damına baxış keçirilərək cavabdeh tərəfindən damda iri həcmli gül dibçəklərinin yığılmaması, su çənininn və kondisionerin hələ də sökülmədiyi və su axıntısı nəticəsində mənzillərin divarında sarı ləkələr, çatlar və divara vurulmuş boyada qopmaların aşkar olunması barədə akt tərtib olunmuşdur. Bundan sonra o, cavabdeh tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi barədə “X7 və Ekspertiza Mərkəzi MMC-nə müraciət etmişdir. Həmin Cəmiyyətin əməkdaşı olan ekspert və cavabdehin iştirakı ilə mülkiyyətində olan mənzillərdə və onun damına baxış keçirilərək mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin ona qarşı qərəzli hərəkətləri nəticəsində mənzillərinə ümumilikdə 1.035 manat maddi ziyan vurulmuşdur.
13. Cavabdeh iddiaya qarşı yazılı etiraz ərizələri (ekspert tədqiqatından əvvəl və sonra) təqdim edərək, bildirmişdir ki, o, qeyd edilən mənzillərin damında yaşayış otaqlarının üstündə mətbəx və tualet tikilisi nəzərdə tutan dəmir konstruksiyadan karkas quraşdırmamış, qanunsuz balkon inşa etməmiş və balkondan dama çıxmaq üçün hər hansı pəncərə açmamışdır. Ümumi istifadədə olan təsərrüfat otağına çıxmaq üçün əvvəllər pilləkən mövcud olmuşdur. Sonradan iddiaçı həmin pilləkəni sökmüş, pilləkən qəfəsi və ümumi istifadədə olan digər sahələri öz mənzilinə qatmışdır. Mənzilin ikinci mərtəbəsində yerləşən ümumi istifadədə olan sahəyə qalxmaq üçün isə dəmirdən vintvari pilləkən düzəltdirmişdir ki, həmin pilləkənlə yuxarı qalxmaq və otağa daxil olmaq çox təhlükəlidir. İddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mənzilin taxta tavanının istismar müddəti başa çatmışdır. Yuxarı mərtəbədə yerləşən qonşu mənzillərə quraşdırılmış kondisionerin suları və pəncərə önünə qoyduqları dibçəklərin suları da iddiaçının mənzillərinin üstünə axır. Qonşular da məcburiyyət qarşısında qalaraq iddiaçının mənzillərinin üstünə çıxır. Sözügüdən təsərrüfat otağına da təhlükəsiz giriş məhz həmin mənzillərin üstündədir. İddiaçının mənzillərinə hər hansı atmosfer, yağış sularının sızması onun günahı deyil. O, iddiaçının mənzillərinin damından istifadə etmir. Tikinti normalarına görə mənzilin damı möhkəm materialdan, dəmir-beton örtüyündən və təhlükəsiz olmalıdır. Lakin iddiaçı ümumi istifadədə olan təsərrüfat otağına olan pilləkəni sökmüş, həmin hissənin tavanına alçıpan materialı vuraraq, bağlamış və evinə qatmışdır. Alçıpanın üzərini toz basmış, o da təsərrüfat otağına əşya qoyarkən həmin alçıpan sınmış, o da yıxılaraq, xəsarət almışdır. Ekspert tədqiqatının nəticəsi olaraq da su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə eksperti də su sızmanın texniki səbəbini müəyyən edə bilməmiş, iddiaçının arzu və istəklərini və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli akta istinad edərək, suyun məhz onun tərəfindən axıdılmasına dair yalnız nəticəyə gəlmişdir. Su çəni iddiaçının damında deyil, onun özünün mənzilinin divarına quraşdırılmışdır. O, mənzili alarkən həmin cən mövcud olmuşdur. Həmin çəndən artıq suyun axıdılması üçün çənə quraşdırılmış böyük ölçüdə su borusu birbaşa mənzilin hamamına çəkilmişdir. Su çənindən heç zaman su axmamışdır. Mənzilə fasiləsiz su verildiyindən həmin çəndən uzun illərdir ki, ümumiyyətlə istifadə olunmur. Eyni zamanda, ekspert rəyində qeyd edilmişdir ki, o, gül dibçəklərini suvararkən suya nəzarət etməməsi səbəbindən iddiaçının mənzilinə su sızması ola bilər. Halbuki, o gül dibçəklərini heç zaman axan su ilə suvarmamışdır. Başqa sözlə, dibçəklərin suvarması nəticəsində evin damından 1-ci mərtəbəsinə qədər su sızması baş verə bilməzdi. Baxış zamanı onun mənzilinin fasad divarına quraşdırılmış kondisionerdən də iddiaçının mənzilinə hər hansı su axıntısı da aşkar edilməmişdir. Bundan başqa baxış zamanı digər qonşuların da fasad divarlarına kondisionerlərin quraşdırıldığı və həmin kondisionerlərin də suyunun iddiaçının damına axdığı müəyyən olunmuşdur. Belə olan halda, iddiaçının mənzilinə suyun sızmasına səbəb onun faktiki olaraq işlətdiyi kondisioner ola bilməz. Yağış yağan günü o iddiaçının mənzilinə baxış keçirmiş və foto və video çəkilişlər aparmışdır. Məlum olmuşdur ki, iddiaçının mənzilinə su sızması onun mənzilinə bitişik olan hissədən deyil, tamamilə aralı hissədədir. Belə ki, həmin mənzilin ruberoid örtüyü uzun müddətdir ki, təmir olunmur, həmin örtüyün divar boyunca divara bitişik hissələrində çatlar və divardan qopmalar əmələ gəlmişdir ki, atmosfer suları da məhz həmin hissələrdən iddiaçının mənzilinə sızır. İddiaçının mənzilinin iki qat mişar daşından inşa edilmiş fasad divarının üst hissəsi başlanmamış, yaxud nə vaxtsa sökülmüşdür. Yağış yağarkən atmosfer suları fasad divarının arasındakı boşluqdan birbaşa birinci mərtəbəyə qədər axır. Bu faktı yağışlı gündən sonra iddiaçının mənzilinin fasad hissəsindən çəkilmiş şəkillərdən də aydın görmək olur. Bununla belə, iddiaçının mənzilinə su sızmasının səbəbi boş su çəni, işləməyən kondisioner və arabir suvarılan gül dibçəkləri deyil, məhz atmosfer sularıdır. Qeyd edilən səbəblərdən iddianı əsassız hesab edir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-328/2023 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin İddiaçı tutularaq X2 hesabına köçürülməsi qət edilmişdir. (hakim X5)
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus mənzilin dam örtüyündə su çəni, kondisioner və gül dibçəklərinin olması və cavabdehin həmin ərazidən istifadə etməsi, eyni zamanda iddiaçıya məxsus mənzilə ziyan dəyməsi işin mübahisəsiz hallarıdır. Lakin, araşdırma zamanı iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın birbaşa cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması sübuta yetirilə bilməmişdir. Belə ki, ekspert rəyindən də görünür ki, ünvana mütəxəssis tərəfindən baxış keçirilən zaman sözügedən mənzilin dam örtüyü faktiki olaraq quru olduğundan və dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və dam örtüyünə yığılmış gül dibçəklərindən hər hansı su axıntısının olmadığından 4, 6 və 14 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçıya konkret olaraq cavabdeh tərəfindən ziyan vurulması halı müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsinə baxış keçirilən zaman iddiaçıya məxsus mənzilin 1-ci və 2-ci mərtəbələrində yerləşən otaqların binanın fasad divarında sarımtıl su sızma ləkələrin olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı 4, 6 və 14 saylı mənzilin dam örtüyünün şüşəli ruberoidlə izolyasıya olunduğu, dam örtüyündə su axımı dama olan kondisionerlərin, müxtəlif həcmi gül dibçəklərin, dama tərəf olan 1,1 m x 1,2 m ölçüdə su çəninin quraşdırıldığı müəyyən edilmişdir. Baxış zamanı sözügedən mənzilin dam örtüyünün faktiki olaraq quru olduğu, dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və dam örtüyünə yıqılmış gül dibcəklərindən hər hansı su axıntısının olmadığı müşahidə olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması halı aşkar edilməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci, 78-ci, 80-ci, 88ci, 119-cu, 217-ci maddələrinə, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il və “Qavazov Bolqarıstana” qarşı xx.xx.2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə təyin olunan 2 ekspert rəyinin nəticələrini təhrif edərək, eyni zamanda onun mənzillərinə baxış keçirərkən 1-ci və 2-ci mərtəbədəki otaqların fasadlarında sarımtıl su sızma ləkələrinin olduğunu müəyyən etdiyi halda baxış zamanı damın quru olduğunu, su axıntısı olmadığını göstərmişdir. Bu halda cavabdehin məhkəmənin yerli baxış keçirməsi barədə ondan əvvəlki iclasda elan etdikdən sonra axıntıların qarşısını almasını, mənzillərin damında təmizlik işi aparmasını, yerli baxışda heç bir qüsurun olmaması üçün canfəşanlıq etməsini nəzərdən qaçırmamalı olduğu halda nəzərdən qaçırmışdır. Baxış zamanı məhkəmə cavabdehin yuxarıda göstərilən hərəkətlərinə obyektiv qiymət verməmiş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Beləliklə, məhkəmə özü sübutların mövcudluğu barədə halı müəyyən etdiyi halda, sübutların qiymətləndirilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələblərini pozulduğuna görə qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “X6 və Ekspertiza Mərkəzi” MMC-nin rəyi iddiaçının mənzilinə su sızması nəticəsində dəyən ziyanın məbləğinin müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində isə iddiaçının mənzillərinə suyun hansı səbəbdən sızması ehtimalları göstərilmişdir. Məhkəmə tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı təyin edilmiş gün o, iddiaçının mənzilinə getmişdir. Həmin gün hava yağışlı olmuş, atmosfer suları iddiaçının mənzilinə Bəşir Səfər oğlu küçəsi və Mərdanov qardaşları küçəsi istiqamətlərində evin giriş qapısına qədər hissədə divar boyunca və pəncərə boşluqlarından daxilə doğru axdığının şahidi olmuşdur. Lakin iddiaçı bu halı ekspertdən gizlətmək üçün ekspertin tədqiqat obyektinə həmin gün deyil, başqa vaxt gəlməsini uyğun bilmişdir. Çünki, ekspert gəlmiş olsa idi atmosfer sularının axdığı istiqamətləri və səbəbləri aydın müəyyən edə bilərdi. Ekspertin rəyi ehtimallar əsasında tərtib olunduğu üçün məhkəmə tərəfindən yerli baxışın keçirilməsi üçün gün təyin olunmuşdur. Məhkəmə baxışından əvvəlki gün yenə yağış yağmış, atmosfer suları onun evindən aralı yerlərdən iddiaçının evinə sızmışdır. Baxışda iştirak edən hakim və digər şəxslər də bunun şahidi olmuşlar. O, iddiaçının evinin həmin istiqamətlərində istəsə də, belə getməmiş, divar küncü boyunca gəzməmiş, həmin hissələrə hər hansı gül dibçəkləri düzməmişdir. İddiaçının mənzillərinin uzun illər öncə düzəldilmiş ruberoit örtüyünün istismar müddəti başa çatdığından üzərində çatlar əmələ gəlmiş və divar boyunca divardan qoparaq, aralanmışdır. Su sızması da məhz divardan qopan hissələrdən və iki qat hörülmüş divarın qatları arasındadır (divarın üst hissəsində qatlar arası qum-sement məhlulu ilə bağlanmamışdır). İddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mənzilin taxta tavanının istismar müddəti başa çatmışdır. Bununla belə, iddiaçının mənzillərinə su sızması onun təqsiri ucbatından baş verməmiş və o, su sızması nəticəsində dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşımır. Mübahisənin əsl səbəbi ondan ibarətdir ki, iddiaçı ümumi istifadədə olan mətbəxi, hamam-tualeti, keçid yolunu zəbt edərək, öz mənzilinə qatmışdır. Onun mənzilinin mətbəxi, hamam və tualeti olmadığı üçün o, məcbur olaraq, kiçik eyvanda mətbəx, hamam-tualet yaratmışdır. Bu hal mənzilinin texniki pasportunda da öz əksini tapmışdır. Hansı ki, "xxxx" MMC həmin tikillərin sökülməsini ondan tələb edir. Buna görə də o, iddiaçıdan ümumi istifadədə olan qeyd olunan sahələrin boşaldılmasını tələb etmişdir. İddiaçının mənzillərinin texniki pasportuna nəzərə saldıqda bir neçə ədəd ayrı-ayrılıqda hamam-tualet, dəhlizlər və mətbəx oduğunu görmək olar. Onun haqlı tələblərindən sonra iddiaçı onunla müxtəlif bəhanələrlə əsassız mübahisələr yaratmış, hazırki iş də həmin növ mübahisələrdən biridir. xx.xx.2023-cü il tarixdə yağan yağış suyu da onun mənzillərinin damında yığılıb qalmışdır. Bununla belə, iddiaçının mənzillərinin dam örtüklərinin yararsız olması səbəbindən mənzillərinə hər hansı atmosfer, yağış sularının sızması onun günahı deyil. O, iddiaçının mənzillərinin damından istifadə etmir. Qeyd olunların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş və iddia ərizəsinin məzmununa, habelə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməmişlər və iddiaya, habelə apellyasiya şikayətinə qarşı etiraz ərizələrinin məzmuna uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə bilrikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı ona məxsus mənzillərə həmin mənzillərin dam örtüyünə quraşdırılmış cavabdehə məxsus su çəninin, kondisionerin istismarı və gül dibçəklərinə qulluq zamanı sudan nəzarətsiz istifadə edilməsi nəticəsində maddi zərər dəyməsini iddia edir.
32. İddiaçıya məxsus mənzillərə zərər dəyməsi faktı işin mübahisəsiz halıdır. Lakin həmin zərərin cavabdehin təqsirli əməlləri nəticəsində törədilməsi və dəymiş zərərlə cavabdehin əməlləri arasında səbəbli əlaqənin olması faktı öz təsdiqini tapmır. İddiaçı da bunun cavabdeh tərəfindən törədildiyini sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edə bilməmişdir.
33. Məhkəmə kollegiyası ekspert rəyinin təhrif edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyil. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Məhkəmə kollegiyası işin araşdırılmış halları və prosesssual normaların tələbləri baxımından təqdim edilmiş ekspert rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşıyır və mübahisənin həlli istiqamətində konkret faktlara istinad etmir. Nəzərə alınmalıdır ki, ekspert rəyinin 1-ci və 2-ci suallar üzrə gəldiyi nəticə özü ziddiyyətlidir. Belə ki, rəyin nəticə hissəsinin ilk abzasında iddiaçının mənzilinə həmin mənzilin dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və gül dibçəklərindən suyun axıdıldığının və nəticədə həmin mənzillərin tikililərinə ziyanın vurulduğunun müəyyən edildiyi göstərilsə də, ikinci abzasında baxış keçirilən zaman həmin mənzillərin dam örtüyünün faktiki olaraq quru olması və su çənindən, kondisionerdən və gül dibçəklərindən hər hansı su axıntısının olmaması səbəbindən qeyd edilən mənzillərə su sızmasının səbəblərinin dəqiqliklə müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmiş və nəticədə su çənindən, kondisionerdən və gül dibçəklərinə qulluq zamanı cavabdeh tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi ehtimal edilmişdir. Başqa sözlə, iddiaçının mənzillərinə suyun cavabdehin qanunsuz hərəkətləri nəticəsində axıdılması sadəcə olaraq ehtimal edilmişdir.
34. Bununla bağlı, xüsusilə qeyd edilməlidir ki, su çəni, kondisioner və gül dibçəkləri mübahisəli mənzillərin yerləşdiyi evin tavanında, açıq səma altındadır. Qeyd edilən tavan atmosfer suları üçün tam açıq və onlarla təmasdadır. Başqa sözlə, yaxış və qar suları bilavasitə mənzillərin yerləşdiyi evin damına yağır. Belə olan halda, həcm etibarı ilə kondisionerdən və gül dibçəklərindən axan su yağış və qar suları ilə ümumiyyətlə müqayisə edilə bilməz. Digər tərəfdən bilavasitə damın altında deyil, 1-ci mərtəbədə yerləşən mənzilin divarlarında da suyun sızması izləri mövcuddur ki, bu sızmanı da bilavasitə kondisionerdən və gül dibçəklərindən axan su ilə əlaqəli olmaması qənaətinə gəlmək üçün bu sahə üzrə xüsusi biliyə malik olmaq lazım deyil. Nəticə etibarı ilə evin damına yağan və dam üzərində qalan yağış və qar sularının iddiaçının mənzilinə axmaması, lakin həmin dam üzərində olan kondisionerdən, su çənindən və gül dibçəklərindən axan suyun iddiaçının mənzilinə axması qənaətinə gəlmək ümumiyyətlə “qənaət” sözünün anlamına və mahiyyətinə ziddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, gül dibçəklərindən və kondisionerdən tavan suyun axması ehtimal edilsə də, su çənindən suyun axması ümumiyyətlə müəyyən edilmir. Belə ki, su çənindən boru bilavasitə cavabdehin sanitar qovşağına çəkilmişdir və çənin dolması nəticəsində daşma halı baş vermir, artıq su qeyd edilən boru vasitəsi ilə birbaşa cavabdehin sanitar qovşağına axır. Yuxarıda qeyd edilənlər məhkəmə kollegiyası tərəfindən mübahisəli mənzillərə keçirilmiş yerində müayinə zamanı aşkar edilmişdir. Məhz qeyd edilən səbəblərdən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir.
35. Bununla belə, suyun sızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzillərə maddi zərərin vurulduğu müəyyən edilmiş, lakin həmin zərərin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması, ümumiyyətlə vurulmuş zərərdə cavabdehin hər hansı təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi göstərilən hallara istinadən iddianı təmin etməməkdə haqlı olmuşdur.
36. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-134/2020 saylı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnamələrinə istinadən o halı da qeyd edir ki, mövcud vəziyyətdə su çəninin, kondisionerin və gül dibçəklərinin evin damında olması qanunsuzdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-134/2020 saylı qətnaməsinin icrası qaydasında cavabdeh gül dibçəklərinin, məişət əşyalarının götürülməsini, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin sökülməsini öz hesabına təmin etməli olduğu bir halda, bugünədək etməmişdir. Bu da öz növbəsində icra sənədinin icra edilməməsinin səbəbləri araşdırılmaqla onun məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilər. Lakin qeyd edilən halın mövcudluğu hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehin bu əşyalar, o cümlədən su dibçəkləri vasitəsi ilə onun mənzilinə su axıtması öz təsdiqini tapmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402--ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-328/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.