Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5690/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Zümrüd Alıyevanın, Cavabdeh3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiyaşikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 135693/05112014 saylı kredit müqaviləsi, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 135693/05112014 saylı zaminlik müqavilələrinə əsasən, cavabdehlərdən birgə qaydada 9623 ABŞ dolları əsas, 1917 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borclu olmaqla, cəmi 12.040 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh3, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, cərimə tam, faiz borcu isə qismən ləğv edilməklə iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı əsas və faiz borcunu şişirtmiş, cərimə borcu isə qətnamə qəbul edilən vaxt ümumiyyətlə mövcud olmamışdır. Cərimə borcu tam, faiz borcu isə yarı hissədə əsas borcun bir hissəsidir. Məhkəmə bununla bağlı yalnız iddiaçının nümayəndəsinin izahatı ilə kifayətlənmiş və düzgün araşdırma aparmamışdır. Halbuki, borcla bağlı iş üzrə müvafiq ekspertiza təyin edilsəydi, real borc məbləğinin tələbdə göstərilən məbləğ olmadığı müəyyən edilərdi. İş üzrə düzgün və ədalətli qətnamə qəbul edilməsi üçün real borc müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etdi. İddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Qətnamə, apellyatorun mübahisələndirdiyi hissədə yoxlanılmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 135693/05112014 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 28 % dərəcəsi ilə 18 ay müddətinə 12.700 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 135693/05112014 saylı zaminlik müqavilələri bağlamaqla, bankın tələb hüququna zamin durmuşlar. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. Bankın xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə borcu- 9623 ABŞ dolları əsas, 1917 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12.040 ABŞ dolları təşkil edir. Belə olan halda, Mülki Məcəllənin 739.1-ci, 741-ci, 462.1-ci və 472-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehlərdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh3, şikayətdə faiz və cərimə borcunun düzgün hesablanmadığına və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyinə istinad etsə də, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-598/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5690/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5690/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver