Məhkəmə qərarları › İş №2(103)-5692/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5692/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5692/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-4808/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* saylı 2014-cü il tarixli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı mənzil alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayon, Cavadxan (ünvan 1 mənzil 52 ünvanında yerləşən, ümumi sahəsi 150,71 kv.m olan 4 otaqlı mənzil 110.000 manata Cavabdeh satılmışdır. Həmin müqaviləyə əsasən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeyd edilən ünvan cavabdehin şəxsi mülkiyyətinə verilmişdir. Bu alıq-satqı müqaviləsi yalan əqd olduğu üçün etibarsızdır. Əslində cavabdehlə onun arasında alqısatqı münasibəti deyil, borc münasibəti mövcud olmuşdır. Belə ki, imzalanmış bu alqısatqı müqaviləsi əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. O, Cavabdeh tanımamışdır. Cavabdeh Sənan adlı şəxsin vasitəçiliyi ilə tanımışdır, Cavabdeh sələmə pul verdiyini ona Sənan adlı şəxs demişdir. Sənanın vasitəçiliyi ilə Cavabdeh əri kimi özünü təqdim edən Əli adlı şəxslə Nərimanov parkında görümüşlər. Həmin vaxtı Sənan ona bankdan kredit götürmək üçün çox sənəd lazım olduğunu, bunun əziyyətli iş olduğunu, pul götürməyin asan yolununun Cavabdeh mənzili girov qoyub pul götürmək olduğunu bildirmişdir. O, mənzilini satmaamışdır, cavabdehdən faizə pul almışdır. Ona mənzilin girov qoyulacağı, ada keçirilməyəcəyi, borc ödənilməsə mənzilin satılacağı, Cavabdeh özünə məxsus pulu götürəcəyi və pulun qalan hissəsinin ona qaytarılacağı bildirilmişdir. O, cavabdehdən faizə razılığa əsasən 110.000 manat məbləğində aylıq 3 faiz, hər ay 3.100 manat olmaqla faizlə borc almışdır. Həmin borcun təminatı olaraq görünüş üçün alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin xx xxxxxx 2014-cü il tarixində imzalanmasına baxmayaraq, cavabdeh mənzili 7 ay sonra xx xxxxxxxx 2014-cü il tarixində öz mülkiyyətinə keçirmiş və adına çıxarış almışdır. Belə ki, 6 ay boyunca mütımadi olaraq faizləri ödəsə də, ticarət fəaliyyətində yaranmış problemlərə görə daha sonralar fazilərin ödəniməsində gecikmələr olmuş və yalnız bundan sonra cavabdeh əslində borc müqaviləsini pərdələmək niyyəti ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən həmin mənzili öz mülkiyyətinə kemişdir. Həqiqətən də bu müqavilə alqı-satqı niyyəti ilə bağlanmış olsaydı, cavabdeh müqavilədən dərhal sonra adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edərdi. Bu fakt alqı-satqı müqaviləsinin əslində yalan əqd olması və etibarsız hesab edilməsi üçün kifayət edir. Manatın devalivasiyasından sonra ticarət fəaliyyətində problemlər yaranmış və maddi vəziyyəti çətinləşmişdir. O, bu zaman cavabdehə faizləri ödəməyəcəyini və 6-7 ay müddətinə əsas borcu bağlayacağını bildirmişdir. Lakin cavabdeh onun bu təklifi ilə razılaşmamışdır. Cavabdehin onun təklifi ilə razılaşmamasına baxmayaraq, o, faizlərin ödənişin dayandırmışdır. Bundan sonra cavabdehə faizləri ödəməyəcəyini və 6-7 ay müddətinə əsas borc bağlayacağını bildirmişdir. Lakin cavabdeh onun bu təklifi ilə razılaşmamışdır. Cavabdehin onun təkilifi ilə razılaşmamasına baxmayaraq, o, faizlərin ödənişi dayandırmışdır. Bundan sonra cavabdeh ona məxusus mənzili öz adına keçirmişdir. Bununla bağlı cavabdehlə aralarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mübahisələri olmuşdur. Məhkəmə prosesi zamanı cavabdeh 140.000 manat qarşılığında evi ona qaytaracağını demişdir. Cavabdeh peşəkar olaraq faizlə başqa insanlara da borc pul verməsi ilə məşğul olmaqdadır. Lakin peşəkar olaraq kredit müqaviləsi şəklində şəxslərə borc pul verməsi ilə məşğul olmaq xüsusi icazə (lisenziya) tələb edən sahədir və bu sahə ilə fiziki şəxslər deyil, banklar və bank olmayan kredit təşkilatları məşğul ola bilərlər. Nəzərə almaq lazımdır ki, cavabdehin öz adına təkcə Bakı şəhərində onlarca mənzil və ev vardır. Bu da cavabdehin eyni üsulla onun kimi başqa şəxslərin evlərini də əllərindən almasına dəlalət edir. Əks halda irihəcmli ticarət fəaliyyəti ilə məşğul olmayan cavabdehin bu qədər çox sayda mənzil və evə sahib olması mümkün deyildir. Eyni zamanda cavabdeh etibarsız olan alqı-satqı müqaviləsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. Ona görə də həmin çıxarış da etibarsız hesab edilməlidir. Həmçinin 2014-cü ildə milli valyutanın devalvasiyaya məruz qaldığı və mənzillərin qiymətlərinin enmədiyi dövrdə 150,71 kv.m təmirli, 4 otaqlı, yeni tikilən binada mənzilin qiyməti 110.000 manat təşkil etmirdi. Bu fakt da bir daha alqı-satqı müqaviləsinin yalan əqd olmasına dəlalət edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 4808/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün təfsir etmədiyini, mənzilinin alqı-satqısı ilə bağlı müqavilənin yalan əqd olduğunun mənzilin satış qiymətindən aydın şəkildə göründüyünü, cavabdehin sələmçiliklə məşğul olan şəxs olmasının işin halları ilə sübuta yetirildiyini nəzərə alınmadığını, iddia müddətinin tətbiqi ilə bağlı səhv nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-7711/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4808/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1205/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının əvvəkli iclasında iştirak edən İddiaçı və onun vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Vəkili X3 əlavə olaraq bildirdi ki, iddiaçı uzun müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, ailəsini bu şəkildə dolandırmış, sələmçiliklə məşğul olan Cavabdehyla ticarət fəaliyyətinin pis getdiyi vaxtda tanış olmuşdur. Belə ki, 2014-cü ildə pula ehtiyacı olduğu bir vaxtda Sənan adlı şəxsn vasitəçiliyi ilə Cavabdeh tanımış, daha sonra onun əri kimi özünü təqdim edən Əli adlı şəxslə Nərimanov parkında görüşmüşdür. Bankdan pul götürməyin olduqca uzun bir proses olduğu, bu səbəblə mənzilini girov qoyaraq bu məbləği əldə etmək istədiyini bəyan etməsi ilə aralarında xx xxxxxx 2014-cü ildə alqı-satqı müqaviləsi imzalanmış, əslində isə bu əqd aldığı 110 000 manat borc üçün aylıq 3 faiz, hər ay 3100 manat faiz müəyyən edilməklə bağlanan əqdi pərdələmək niyyətilə bağlanmışdır. Mənzilin girov qoyulacağı, cavabdehin adına keçirilməyəcəyi, borc ödənilməsə mənzilin satılacağı, Cavabdeh özünə məxsus pulu götürəcəyi və pulun qalan hissəsinin ona qaytarılacağı barədə razılaşmışlar. 6 ay boyunca mütəmadi olaraq faizləri ödəsə də, ticarət fəaliyyətində yaranmış problemlərə görə daha sonralar faizlərin ödənilməsində gecikmələr meydana gəlmiş, yalnız bundan sonra cavabdeh əslində borc müqaviləsini pərdələmək niyyətilə imzalanımş alqı-satqı müqaviləsinə əsasən xx xxxxxxxx 2014-cü ildə mənzili öz mülkiyyətinə keçirmişdir. Müqavilənin bağlandığı 2014-cü il üçün Binəqədi rayonu, Cavadxan küçəsi ev 51, mənzil 52 ünvanında yerləşən 150,71 kv.m təmirli, 4 otaqlı, yeni tikilən binadakı mənzilin qiyməti 110 000 manat təşkil etmirdi, həmçinin cavabdehin alqı-satqı müqaviləsi bağlandıqdan 6 ay sonra çıxarış alması faktı da sübut edir ki, müqavilə görünüş üçün bağlanmışdır. Digər tərəfdən cavabdeh uzun illərdir ki, qanunsuz şəkildə sələmçilik fəaliyyətilə məşğul olur. Daha əvvəl mənzildən çıxarılma tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia üzrə prosesdə də Cavabdeh bildirmişdir ki, o, 110 000 manat qarşılığında evi qaytarmağa razıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatlarıında göstərdilər ki, Cavabdeh ev alıb-satmaqla məşğuldur və iddiaçıya məxsus olmuş mənzilin alqı-satqısı ilə bağlı danışıqları da vasitəçi makler aparmışdır. Cavabdeh iddiaçıya məxsus mənzili 2014-cü il tarixdə almış, mənzilin boşaldılması ilə bağlı vaxt qoyulmuş, mənzildən çıxmama səbəbindən məhkəməyə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsi qətnamə çıxarmış, İddiaçı həmin qətnamədən şikayət vermişdir. Daha sonra qətnaməyə izahla bağlı aralarında mübahisə olmuş, iddiaçı həmin məhkəmə araşdırmasında da iştirak etmişdir. Faizə pul verən şəxs girov götürdüyü mənzili faizə verdiyi puldan az qiymətləndirir, ya da nəticədə alacağı faizlərə hesablayır və tərəflər arasında bağlanılmış müqavilədə bunu nəzərdə tutur. Lakin iddiaçının mübahisələndirdiyi müqavilədə və faktiki olaraq belə bir hal baş verməmişdir. İddiaçı özünə məxsus mənzili 110 000 manata satmaq istəmişdir və tərəflər müqavilə şərtlərini razılaşmışlar. Bu səbəblə də daşınmaz əmlakın alqı-satqısı müqaviləsində mənzilin satış dəyəri qeyd olunan məbləğdə göstərilmişdir. Müqavilənin imzalandığı tarixdən üç ildən artıq vaxt keçdikdən sonra iddiaçı müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş, beləliklə də iddia müddətini ötürmüşdür. Digər tərəfdən, mənzildən çıxarılma ilə bağlı iddia qaldırdıqları müddətdən etibarən İddiaçı təklif edirlər ki, əgər müqaviləni etibarsız hesab edirsə, mənzilə görə ödənilmiş pul vəsaitini geri versin və mənzil ona qaytarılsın; lakin İddiaçı bu addımı da atmaq niyyətində deyildir. Hazırkı apellyasiya baxışında da bu məzmunda danışıqları olmuş, məhkəmə kollegiyası bu şəraiti yaratmış olsa da, iddiaçı mübahisənin həll olunması üçün heç bir hərəkət etməmişdir. Əlavə olaraq Cavabdeh bildirdi ki, o, 150.000 manat qarşılığında evi qaytarmağa razıdır. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə İddiaçı məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən göstərişləri nəzərə almaqla iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4808/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-İ №0408839 saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh adına olan RX seriyalı, № ******* saylı, xx.xx.2014-cü il tarixli mülkiyyət hüququna dair Çıxarış ləğv edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-1 № ******* saylı xx xxxxxx 2014-cü daşınmaz əmlakın alqı-satqı müqaviləsinə İddiaçı və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin qaydaları tətbiq edilməli, həmin müqavilə İddiaçı və Cavabdeh arasında 110.000 (otuz min) manat pulun borc verilməsinə dair borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilməli, qeydiyyata alınması müvafiq orqana həvalə edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı dostudur. Cavabdeh isə tanımır. 4-5 il bundan əvvəl İddiaçı ona işi olduğunu və onunla gəlməsini xahiş etmişdir. İddiaçı xahişinə əsasən onunla birlikdə 2014-cü ilin qış aylarından Nərimanov parkına gəlmişlər. Orda başqa bir şəxslə görüşmüşlər. Həmin şəxsin adı Sənandır. Sənan onlara Əli adlı şəxsi təqdim etmişdir. Görüş zamanı tərəflər aralarında İddiaçı Əlidən hər ay 3 faiz olmaqla 110.000 manat pul götürməsini, əvəzində Samirin mənzilinin girov qoyulacağını, pul verilə bilməzsə 2 ay gözləyəcəyini, girov göstərilmiş mənzilin ya İddiaçı, ya da Əli tərəfindən satılacağını, 110.00 manatın Əliyə veriləcəyini, pulun qalan hissəsinin isə Samirə veriləcəyini razılaşdırmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, ona qızıl alqı-satqı işi ilə məşğul olmaq üçün pul lazım olmuşdur. Pul götürmək üçün bir neçə banka müracitə etmişdir. Lakin banklardan imtina cavabı almışdır. Bu zaman Sənan, Rövşən, Emin və Kəmalə adlı şəxslərin sələmə pul vermələrini və sələmçi olmalarını eşitmişdir. O, məhz həmin vaxtı hazırki iş üzrə sələmə pul verən şəxs kimi Cavabdeh adını eşitmişdir. Məhz həmin vaxtı Cavabdeh ilə tanış olmuşdur. Onun evinin qiyməti 165.000 manat olsa da, 125.000 manata alqı-satqı müqaviləsi bağlamışlar. Götürdüyü pulu faiz ilə Cavabdeh ödəmişdir. O, mənzilinin sənədlərini girov üçün notariat kontoruna versə də, mənzilinin sənədləri alqı-satqı kimi rəsmiləşdirlmişdir. O, mənzilinin sənədlərinin alqı-satqı üçün rəsmiləşdirildiyini sonradan bilmişdir. Belə vəziyyətdə olan 37 nəfər vardır. Bunlardan biri də İddiaçıdur. İddiaçı da faizlə Cavabdeh sələmə pul götürmüşdür. Bildiyinə görə İddiaçı mənzilini girov qoyub Cavabdeh sələmə pul götürmüşdür. İddiaçı Cavabdeh ilə tərəflər arasında müqavilə bağlanılan zaman tanımamış, Cavabdeh İddiaçı pul verilməsi ilə bağlı görüşmələrini görməmişdir. Samiri Kəmalədən faizə pul götürüb evi əldən çıxan şəxs kimi sonradan-2016-cı ildə tanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Cavabdeh tanımır. İddiaçı eşitdiyinə görə o, Cavabdeh sələmə pul götürmüş, evini girov qoymuşdur. İddiaçı yaşadığı problemləri o da yaşamış, Sənan adlı şəxs vasitəsi ilə Kəmalədən faizə pul götürmüşdür. Sənan adlı şəxs isə “xxxxxxxxx” ASC-də işləmişdir və bank makleridir. İş materiallarındakı notariat işində olan (4Ə/82 reysetr nömrəli, xx xxxxxx 2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan (Gəncə xanı) küçəsi, 51 saylı evin 52 saylı mənzili İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reystrində 1354 nömrəli reyestr kiabının 123745 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarındakı notariat işində olan (4Ə/82 reyestr nömrəli) xx xxxxxx 2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Cavadxan (Gəncə xanı) küçəsi, 51 saylı evin 52 saylı mənzilini alıcı Cavabdeh 110.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. İş materiallarındakı notariat işində olan (4Ə/82 reyestr nömrəli, xx xxxxxx 2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlaın alqı-satqı müqaviləsi) xx xxxxxx 2014-cü il tarixli xəzinə mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki. Alıcı Cavabdeh nümayəndəsi X6 tərəfindən ev alqı-satqısı üçün 110.000 manat notariat kontorunun depozit hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********18 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (ünvan 1 52 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********18 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 51 saylı evin 52 saylı mənzili Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1354 nömrəli kitabının 123745 nömrəli vərəqində xx.xx.2014cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, iddianı təmin etməyən məhkəmələr mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıbimzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi İddiaçı irəli sürdüyü dəlilləri obyektiv araşdırıb qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin aldadılma nəticəsində bağlanmasına, müqavilənin bağlanmasında tərəflərin iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyini araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqısatqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Qeyd olunan hissədə iddia əsassız hesab edildiyindən iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab etmir və gəlmiş olduğu qənaəti aşağıdakı kimi əsaslanıdır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin müəyyən olunmuş halına əsasən, ünvan 2 ünvanında yerləşən 52 saylı mənzilxx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 110.000 manata Cavabdeh satılmış, xx.xx.2014-cü il tarixdə sonuncunun adına müvafiq çıxarış verilmişdir. İşin materiallarından görünür ki, İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, uzun müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, ailəsini bu şəkildə dolandırmış, sələmçiliklə məşğul olan Cavabdehyla ticarət fəaliyyətinin pis getdiyi vaxtda tanış olmuşdur. Belə ki, 2014- cü ildə pula ehtiyacı olduğu bir vaxtda Sənan adlı şəxsn vasitəçiliyi ilə Cavabdeh tanımış, daha sonra onun əri kimi özünü təqdim edən Əli adlı şəxslə Nərimanov parkında görüşmüşdür. Bankdan pul götürməyin olduqca uzun bir proses olduğu, bu səbəblə mənzilini girov qoyaraq bu məbləği əldə etmək istədiyini bəyan etməsi ilə aralarında xx xxxxxx 2014-cü ildə alqı-satqı müqaviləsi imzalanmış, əslində isə bu əqd aldığı 110 000 manat borc üçün aylıq 3 faiz, hər ay 3100 manat faiz müəyyən edilməklə bağlanan əqdi pərdələmək niyyətilə bağlanmışdır. Mənzilin girov qoyulacağı, cavabdehin adına keçirilməyəcəyi, borc ödənilməsə mənzilin satılacağı, Cavabdeh özünə məxsus pulu götürəcəyi və pulun qalan hissəsinin ona qaytarılacağı barədə razılaşmışlar. 6 ay boyunca mütəmadi olaraq faizləri ödəsə də, ticarət fəaliyyətində yaranmış problemlərə görə daha sonralar faizlərin ödənilməsində gecikmələr meydana gəlmiş, yalnız bundan sonra cavabdeh əslində borc müqaviləsini pərdələmək niyyətilə imzalanımş alqı-satqı müqaviləsinə əsasən xx xxxxxxxx 2014-cü ildə mənzili öz mülkiyyətinə keçirmişdir. Müqavilənin bağlandığı 2014-cü il üçün Binəqədi rayonu, Cavadxan küçəsi ev 51, mənzil 52 ünvanında yerləşən 150,71 kv.m təmirli, 4 otaqlı, yeni tikilən binadakı mənzilin qiyməti 110.000 manat təşkil etmirdi, həmçinin cavabdehin alqı-satqı müqaviləsi bağlandıqdan 6 ay sonra çıxarış alması faktı da sübut edir ki, müqavilə görünüş üçün bağlanmışdır. Digər tərəfdən cavabdeh uzun illərdir ki, qanunsuz şəkildə sələmçilik fəaliyyətilə məşğul olur. Daha əvvəl mənzildən çıxarılma tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia üzrə prosesdə də və apellyasiya icraatı zamanı vermiş olduğu izahatında Cavabdeh bildirmişdir ki, o, 150.000 manat qarşılığında evi qaytarmağa razıdır. İş materiallarından və iddiaçının əvvəlki apellyasiya instansiyası icraatı zamanı təqdim etdiyi məhkəmə qətnamələrinin surətlərindən də görünür ki, Cavabdeh hazırkı iddiaya bənzər məzmunla çoxlu sayda müxtəlif məhkəmə işlərində tərəf kimi iştirak etməklə o, müxtəlif evləri alqı-satqı kimi rəsmiləşdirməklə müəyyən faizə pul verməklə məşğul olmuşdur. İş materiallarında olan ekspertiza rəyindən də görünür ki, alqı-satqısı bağlanmış mənzilin real satış qiyməti 220.000 manat təşkil etməklə həmin mənzil alqı-satqı zamanı yarı qiymətinə 110.000 manata qiymətləndirilmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayon, Cavadxan (ünvan 1 mənzil 52 ünvanında yerləşən, ümumi sahəsi 150,71 kv.m olan 4 otaqlı mənzilin alqı-satqı qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş olsa da, tərəflər arasında alqı-satqı münasibəti deyil, borc münasibəti mövcud olmuşdır. Cavabdeh borcun təminatı məqsədi ilə mübahisəli mənzilə dair ipoteka müqaviləsi bağlamalı olduğu halda, əvəzində alqı-satqı müqaviləsi bağlamışdır. Ona görə də, iddia tələbi xx xxxxxx 2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən onun əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı 2014-cü il tarixli mülkiyyət hüququna dair çıxarışı da ləğv edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı da birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik yalnız barəsində mübahisə edilən etibarsız əqdlər üzrə müddətlər, o cümlədən kəsici müddətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin məzmumuna görə əhəmiyyətsiz əqdin deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinəcəyi müəyyən edilmişdir. Hazırkı halda isə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı mənzilin alqı-satqı müqaviləsini məhkəmə kollegiyası əhəmiyyətsiz əqd hesab etməklə qeyd edir ki, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz. Belə ki, əgər bir əqd, 1 il ərzində iddia qaldırılmadığı təqdirdə hüquqi nəticə əmələ gətirə bilirsə, həmin əqd əhəmiyyətsiz əqd demək mümükün deyil. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir və hər hansı hüquqi nəticə yaratmır. Ona görə də, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımında qanunla müəyyən edilmiş qaydada hər iki tərəfin mənafeyini nəzərə alaraq qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə və çıxarışın ləğv edilməsi cavabdehin qanunla gözlənilən hüququn pozulması ilə nəticələnmiş olar. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi etibarısız hesab edilməsi ilə yanaşı hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsinə müvafıq olaraq alqı-satqı müqaviləsinin ipoteka müqaviləsi ilə əvəz edilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə müvafiq olaraq, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinə ipoteka müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədiyindən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin və apellyasiya şikayənin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdeh tutularaq “X9” MMC-nin hesabına köçürülməlidir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4808/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqısatqısına dair AN-İ №0408839 saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh adına olan RX seriyalı, № ******* saylı, xx.xx.2014-cü il tarixli mülkiyyət hüququna dair Çıxarış ləğv edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-1 № ******* saylı xx xxxxxx 2014-cü daşınmaz əmlakın alqı-satqı müqaviləsinə İddiaçı və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin qaydaları tətbiq edilməli, həmin müqavilə İddiaçı və Cavabdeh arasında 110.000 (otuz min) manat pulun borc verilməsinə dair borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilməli, qeydiyyata alınması müvafiq orqana həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4808/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-İ №0408839 saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və, Cavabdeh adına olan RX seriyalı, № ******* saylı, xx.xx.2014-cü il tarixli mülkiyyət hüququna dair Çıxarış ləğv edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-1 № ******* saylı xx xxxxxx 2014-cü daşınmaz əmlakın alqı-satqı müqaviləsinə İddiaçı və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin qaydaları tətbiq edilsin. Həmin müqavilə İddiaçı və Cavabdeh arasında 110.000 (otuz min) manat pulun borc verilməsinə dair borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilsin və qeydiyyata alınması müvafiq orqana həvalə edilsin. İddia ərizənin və apellyasiya şikayənin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq “X9” MMC-nin hesabına (VÖEN:**********,hesab№:AZ30GUNA********************,Bank:“xxxxxxxxx”ASC,VÖEN:170 002853 1,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar