Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5692/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (X5 qanun üzrə vərəsələri) qarşı mülki iş (Açar sözlər: «kredit borcunun vərəsələrdən tutulması, miras passivi, iddia müddəti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1751/2025 saylı, 14 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ASC ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borcalan X6 xx.xx.2022-ci il tarixinə qədər, illik 8 % ödəmək şərtilə 147000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən şəxsi məqsədləri üçün istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürüb.
2. İddiaçı ASC ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavəyə əsasən İddiaçı ASC (“Borc verən”) ilə X9 (“Borc alan”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M Kredit Müqaviləsinə bu əlavənin edilməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “şəxsi məqsədlər üçün”, xx.xx.2022-ci il tarixinə qədər, illik 8 % hesablamaq şərti ilə, verilən 147 000 AZN məbləğində olan kreditin qalıq borcunun (əsas məbləğ 47 934.18 AZN, faiz məbləğ 1 203.63 AZN) istifadə müddəti xx.xx.2022-ci il tarixinə kimi, illik faiz dərəcəsi 8 % dən 12 %ə faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılır. Kreditin istifadə müddətinin artırılmasına görə borcalandan xidmət haqqı tutulmur. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 47934,18 manat əsas, 10742,49 faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % dərəcəsi ilə 4706,87 manat, cəmi 63383,54 manat borcu yaranmışdır.
4. X9 ilə X3 nikahlarını xx.xx.1980-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmişdir.
5. X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 491 nömrə ilə qeyd edilmişdir.
6. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələri: arvadı - Cavabdeh1, oğlu - Cavabdeh2, qızı - Cavabdeh3dır. Onların hər biri “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olan miras əmlakdan 1/3 hissədə pay almalıdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 905/M saylı kredit müqaviləsi üzrə cəmi 63 663,69 (altmış üç min altı yüz altmış üç manat, altmış doqquz qəpik) manat, bundan 47 934,18 (qırx yeddi min doqquz yüz otuz dörd manat, on səkkiz qəpik) manat əsas, 10 742, 49 (on min yeddi yüz qırx iki manat, qırx doqquz qəpik) manat faiz, 4 706,87 (dörd min yeddi yüz altı manat, səksən yeddi qəpik) manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 280,15 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilib ki, borcla bağlı vəfat etmiş X5 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2024-cü il tarixli 12-5/2-R-21-5361/2024 saylı xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq, cavabdehlər banka olan borcu ödəməmişdirlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1751/2025 saylı, 14 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (X5 qanun üzrə vərəsələri) müştərək qaydada 47934,18 (qırx yeddi min doqquz yüz otuz dörd manat on səkkiz qəpik) manat əsas, 4209,29 (dörd min iki yüz doqquz manat iyirmi doqquz qəpik) manat faiz, gecikdirilmiş vaxt üçün 4706,87 (dörd min yeddi yüz altı manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 56850,34 (əlli altı min səkkiz yüz əlli manat otuz dörd qəpik) manatın və dövlət rüsumu olaraq ödənilmiş 260.55 (iki yüz altmış manat əlli beş qəpik) manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 150 (əlli) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ASC ilə X9 arasında xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə Əlavə bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 məxsus “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən miras əmlak kimi arvadı - Cavabdeh1 (1/3 hissə), oğlu – Cavabdeh2 (1/3 hissə), qızı – Cavabdeh3 (1/3 hissə) pay almışlar. Kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə X9 öhdəlik götürsə də, bu öhdəlik lazımınca icra edilməmişdir. Öhdəliyin lazımınca icra edilməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehlərə qarşı bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə İddiaçı ASC ilə mərhum Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsas və faiz borcu hissəsində əsaslıdır. Həmçinin, göründüyü kimi, kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirilmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzi, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış borcun tutulması tələbi də əsaslıdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən "xxxx" ASC ilə X9 arasında bağlanmış 905/M nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehlərin İddiaçı ASC-yə əsas borc üzrə - 47.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat, gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) - 4.735,45 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində göstərilmiş əsas borc üzrə 47953.90 manat, gecikdirilmiş vaxt üçün müəyyən edilən 4.735,45 manat faiz borcuna münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır. Bu səbəbdən, iddia əsas borc və gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində iddia ərizəsində göstərilən həddə, yəni 47934.18 manat əsas, gecikdirilmiş faiz borcu üzrə 4.706,87 manat məbləğində təmin edilməlidir. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, kreditorların vərəsələrə qarşı iddialarında sübutetmə yükü vərəsələrin üzərinə düşür. Cavabdehlər “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən başqa miras əmlakın olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, "xxxx" ASC ilə X9 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci il tarixinə qədər bağlanmış, daha sonra xx.xx.2022-ci il tarixdə tərəflər arasında həmin müqaviləyə Əlavə bağlanmış və Əlavəyə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. Bundan başqa, iş materiallarına əsasən müəyyən olunur ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə ödəniş həyata keçirilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Belə olan halda, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını nəzərə alsa, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (nümayəndəsi və vəkili Nümayəndə2) birgə verdikləri apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilib həmin hissədə də iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, məhkəmə iddianı qismən təmin edərkən (56850,34 manat cavabdehlərdən tutulması) nəzərə almamışdır ki, mərhum Cavabdeh2 miras şəklində yalnız bir ədəd avtomobil qalmış və onun dəyəri 9970 manat təşkil edir. Sözügedən avtomobil mərhum X9 ilə onun arvadı – Cavabdeh1 birgə nikahı dövründə əldə olunduğuna görə, avtomobilin ½ hissəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Şəhadətnaməyə əsasən, avtomobilə dair vərəsələrin payları bərabər müəyyən olunsa da, lakin avtomobilin ½ hissəsi Cavabdeh1 mülkiyyətində olduğuna görə, əslində payların bölgüsü yerdə qalan ½ hissənin bölünməsi kimi nəzərə alınmalıdır. Bu halda iddiaçıya münasibətdə cavabdehlərin məsuliyyət həddi onlara çatmış miras payı həcmində, yəni avtomobilin bazar dəyərinin (9970 manat) yarısı (4985 manat) ilə məhdudlaşmış olur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Cavabdeh2 miras şəklində yanlnız 1 ədəd avtomobil vərəsələrə keçmişdir. Başqa sözlə, notarius tərəfindən miras əmlakın dairəsi konkret olaraq müəyyən edilmişdir. Bundan başqa, mirasın siyahıya alınmasının tələb olunması və digər məsələlər hüquq münasibətinin yarandığı vaxt deyil, sonradan qanunvericiliyə əlavə edilmişdir. Beləliklə, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, bir daha maddi hüquq normasını pozmuşdur. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bundan sonra iddiaçının onun vərəsələrinə/cavabdehlərə münasibətdə iddia irəli sürmək hüququ yaranmış və onlara qarşı 1 (bir) il müddətində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmişdir (qeyd: iddiaçı ilə cavabdehlər arasında mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdən etibarən yaranmışdır). Bu hal iddianın məhkəmə tərəfindən rədd olunmasına əsas yaratdığı halda, məhkəmə bundan imtina etmişdir (cavabdehlər iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə təqdim etmişlər). İddiaçıya münasibətdə borclunun - mərhum X5 ölümündən sonra mirası qəbul etmiş vərəsələr – cavabdehlər miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, hüquq normasının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının nümayəndəsinin izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində səhhətilə bağlı həkim müayinəsində olacağının nəzərə alınıb bu günə təyin olunmuş məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etsə də, buna dair ərizəsinə sübut əlavə etməyib. Məhkəmə hər bir halda Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan).Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Maddə 1255(xx.xx.2025-ci ilədək qüvvədə olan). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255(xx.xx.2025-ci ildən qüvvədə olan). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4(xx.xx.2025-ci ildən qüvvədə olan). Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5(xx.xx.2025-ci ildən qüvvədə olan). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1307(xx.xx.2025-ci ilədək qüvvədə olan).Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
16. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar: “Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.”
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar: “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın iddianın təmin edildiyi hissədə rədd edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. Təmin edildiyi hissədə iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
26. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
29. Əvvəla, məhkəmə mühasibatlıq ekspertizasının 9/2225 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 905/M saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2024-cü il (pretenziya göndərilən) tarixə: əsas borc üzrə - 47.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat, gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) - 4.735,45 manat.
30. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından əlavə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi qərarına gəldi. Çünki -İddiaçı ASC ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən xx.xx.2022-ci il tarixinə(müqavilənin müddətinin bitdiyi tarixə) faiz borcunun; eləcə də xx.xx.2024-cü il tarixə qədər əsas borca hesablanmış illik 5 %-lə tələb edilən məbləğin nə qədər təşkil etməsi müəyyənləşdirilməli idi.
31. Məhkəmə mühasibatlıq q ekspertizasının 3-16-16/2-9/5265/2025 saylı, 03 dekabr 2025-ci il tarixli ekspert rəyində qeyd edildi ki, Rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 905/M saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il (müqavilənin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə ----------- 7.953,90 manat, faiz borcu üzrə ----------- 4.209,29 manat.29. xx.xx.2024-cü il (pretenziya göndərilən) tarixə: əsas borc üzrə ----------- 47.953,90 manat, faiz borcu üzrə ----------- 4.209,29 manat. gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) ----------- 4.708,81 manat.
32. Cavabdehlərin iddiaya etirazı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini vərəsəsi olduğu şəxs iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olub. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehlərdən qaytarmaq hüququ vardır. Cavabdehlər vərəsəsi olduğu şəxsin iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasa idi iddiaçı da məhkəməyə müraciət etməzdi. Ona görə də cavabdehlərin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehlərin borcalanın vərəsəsi olduğu üçün müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdehlər isə iddiaçı qarşısında həmin müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir.
33. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
34. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
35. Bundan başqa, imtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
36. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edir. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.
37. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.
38. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
39. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
40. Miras qoyan borcludan yalnız bir ədəd avtomobil qalması, onun dəyərinin isə 9970 manat təşkil etməsi, həmin avtmobilin birgə nikah dövründə alındığı üçün ½ hissəsinin Cavabdeh1 mülkiyyətində olması, şəhadətnamə ilə bərabər bölünməsinin formal olması, bu halda iddiaçıya münasibətdə cavabdehlərin məsuliyyət həddi onlara çatmış miras payı həcmində, yəni avtomobilin bazar dəyərinin (9970 manat) yarısı (4985 manat) ilə məhdudlaşmış olması barədə dəlillər məhkəmənin qanunsuz və əsassız məhkəmə aktı qəbul etməsini bəyan etməyə əsas vermir. Əvvəla ona görə ki, qeyd olunan avtomobil cavabdeh vərəsələr arasında bərabər bölünüb. Bərabər bölünməmiş olsa idi belə, yenə də cavabdehlərin öhdəlik həddi 4985 manat hissəsi ilə məhdudlaşa bilməzdi. Çünki cavabdehlə mirasqoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mirasın notarius tərəfindən siyahıya alınması məsələsi isə sonradan qanunvericiliyə əlavə edilməyib, əvvəldən də mövcud olub. Sadəcə yuxarıda qeyd olunduğu kimi xx.xx.2025-ci ilədək Mülki Məcəllənin 1307-ci maddəsinin məzmununda olduğu halda, qeyd olunan tarixdən 1306.4 və 1306.5-ci maddənin məzmununa əlavə edilib. Bu hal isə hüququn tətbiqində səhvə yol verilməsi və maddi hüquq normasının pozulması sayılmır. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu məsələ ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarı da vardır. Apellyasiya baxışı zamanı da cavabdeh vərəsələr miras qoyanın borclarının mirasdan çox olduğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etmədi.
41. Mirasqoyanın xx.xx.2023-cü il tarixdə öldüyü vaxtdan iddiaçının onun vərəsələrinə qarşı 1 il müddətində iddia irəli sürməli olması barədə dəlillərin də nəyə əsaslandığı bəlli deyil. Çünki kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ildə bitsə də iddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci ildə müraciət edilib. Demək ki, 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də bu əsasla da iddia rədd edilə bilməzdi.
42. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, vərəsələrin miras qoyanın öhdəlikləri üzrə məsuliyyəti, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
43. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1751/2025 saylı, 14 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1751/2025 saylı, 14 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ0**********000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.