Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5693/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-569/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 16000 manat məbləğdə pul vəsaitinin və sair pulun Cavabdeh1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanılmış 25 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən onun Cavabdeh1 16000 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur. Lakin bildirmək istəyir ki, Cavabdeh1 ilə onun arasında heç vaxt borc münasibətləri olmamışdır. Sadəcə o, səmimi münasibətlərdən istifadə edərək yuxarıda qeyd edilən kredit müqaviləsini ona imzalatdırmışdır. Bakı şəhəri, 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra qeydi və 08 dekabr 2020-ci il tarixli icra sənədi üzrə ondan 16.000 manat məbləğdə pul vəsaitinin və sair pulun alınaraq Cavabdeh1 xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Bakı şəhəri, 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra sənədi əsasında Səbail rayon İcra və Probasiya söbəsinin icra məmuru Tural Aşurov tərəfindən “icraata başlamaq haqqında” 11 dekabr 2020-ci il tarixli qərar qəbul edilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. Bildirir ki, hal-hazırda Bakı şəhəri, 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra sənədi əsasında əssasız olaraq ondan 16000 manat məbləğdə pul vəsaitinin və sair pulun alınaraq Cavabdeh1 xeyrinə ödənilməsi tələb olunur. Bildirir ki, o, qeyd olunmuş əsaslarla bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-569/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, notariat işi Bakı şəhəri 28 saylı Notariat Ofisindən tələb edilməmişdir. Əgər tələb edilsəydi orada hər hansı bir qanun pozuntusu olub-olmadığı müəyyən edilərdi. Belə ki, onun heç vaxt Cavabdeh1 borcu olmamışdır. Sadəcə olaraq cavabdeh onun etibarından istifadə edərək bunu etmişdir. Bu müqavilənin bağlanması üçün müvafiq pul Əlizadə tərəfindən ödənilmiş və onun tərəfindən də geri götürülmüşdür. Bu əqd sadəcə formal olaraq bağlanmışdır. Notariat ofisində ona bu müqavilənin şərtləri və ödənilməyəcəyi təqdirdə nələr olacaqı belə deyilmədi. Sadəcə olaraq imza etdiyi yerlər ona göstərilmişdir. Hal-hazırda bunları qanunsuz və əsassız hesab edir və bu borc onu çox əlverşsiz vəziyyətə salmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış 25.04.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən - Cavabdeh1 borc alan - İddiaçı 16000 (on altı min) manat məbləğində pul borc vermiş, borc alan krediti 25.10.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08.12.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vaxtında ödənilməmiş 16000 (on altı min) manat tutulmasına dair icra qeydi aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş 11.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08.12.2020ci il tarixli, 4239 nömrəli icra qeydinə əsasən icra icraatı başlanılmışdır. İşə əlavə olunmuş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən İddiaçı 11.12.2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış 25.04.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən - Cavabdeh1 borc alan - İddiaçı 16000 (on altı min) manat məbləğində pul borc vermiş, borc alan krediti 25.10.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir. Borc ödənilmədiyi üçün Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən “ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 16000 (on altı min) manat tutulmasına” dair 08.12.2020-ci il tarixli icra qeydi aparılmışdır. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 11.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08.12.2020-ci il tarixli, 4239 nömrəli icra qeydinə əsasən icra icraatı başlanılmışdır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, icra qeydlərinin aparılması notarius tərəfindən aparılan notariat hərəkətlərinə daxil edilmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması qaydası və halları isə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. İş materiallarından göründüyü kimi Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08.12.2020-ci il tarixli, 4239 nömrəli icra qeydini mübahisələndirsə də tərəflər arasında notarial qaydada bağlanmış 25.04.2019-cu il tarixli kredit müqaviləsini hazıradək mübahisələndirməmişdir və sözügedən müqavilə hal-hazırda qüvvədədir. Bundan başqa iddiaçı tələbini əsaslandırdığı halları təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı da Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra qeydinin və Bakı şəhəri 28 saylı Notariat Ofisinin 08 dekabr 2020-ci il tarixli icra sənədinin etibarsız hesab edilməklə ləğv edilməsi ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir. Digər tərəfdən apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi üçün Bakı şəhəri 28 saylı Notariat Ofisindən 08.12.2020-ci il tarixli 8İ-4239 reyestr nömrəli icra qeydi notariat işinin surəti tələb edilmişdir. Həmin notariat işindən görünür ki, tərəflər arasında kredit müaviləsi bağlanmış, lakin iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini həyata keçirmədiyindən Cavabdeh1 ərizəsi əsasında da icra qeydi verilmişdir. Göründüyü kimi 08.12.2020-ci il tarixli 8İ-4239 reyestr nömrəli icra qeydi notariat işi qanunvericiliyin pozulması halları aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin formal olaraq bağlanmasını qeyd etsə də, hazırki tələb məhz icra qeydinin etibarsızlığını təşkil edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-569/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5693/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5693/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver