Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5698/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Vəfa Qədirovanın və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3294/2023 nömrəli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı (kreditverən) ilə Cavabdeh2 (kreditalan) arasında xx.xx.2011-ci il tarixli AK-909 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən 31.310,53 manat kredit verilib, kredit 139 ay müddətinə, yəni xx.xx.2011-ci ildən xx.xx.2023-cü ilədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12 faiz müəyyən edilib. İddiaçı ilə digər cavabdeh "xxxx" ASC-nin arasında xx.xx.2010-cu il tarixdə “birgə fəaliyyət haqqında müqavilə” adlandırılan müqavilə bağlanıb. Müqvilənin 1.1-ci bəndində qeyd olunub ki, müqavilə tərəfləri tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün ASC-nin inşa etdiyi mənzillərin satışının bank tərəfindən kreditləşməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər. Müqavilənin 2.12-ci bəndinin 2-ci cümləsində qeyd olunub ki, kredit öhdəliyinin bu bəndin 1-ci cümləsində qeyd edilən pozuntusu halında həmin ASC kreditalanın bank qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflərin arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Tələb və onun həlli: İddia ərizəsi xx.xx.2023-cü ildə, yəni kredit müqaviləsinin müddəti bitdikdən sonra məhkəməyə verilib. İddia ərizəsində tələb olunub ki, xx.xx.2011-ci il tarixli AK-909 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 29.349,91 manat, faiz borcu kimi 23.989,21 manat, cərimə kimi 1.881,42 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu kimi 558,96 manat, dövlət rüsumunun əvəzi kimi 257,34 manat cavabdehlərdən – kreditalan Cavabdeh2 və zamin "xxxx" ASC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 29.349,91 manat, faiz borcu kimi 23.989,21 manat, cərimə kimi 200 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə hesablanmış faiz borcu kimi 558,96 manat, dövlət rüsumunun əvəzi kimi 257,34 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi – cərimə tutulması barədə tələbin 1.681,42 manatlıq hissəsi və cavabdeh "xxxx" ASC-yə qarşı olan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Vəfa Qədirova bildirdi ki, apellyasiya şikayəti əsaslıdır, "xxxx" ASC zamin kimi borcun tam ödənilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, mənzil alıb, onu İddiaçı ASC-nin ofisinə "xxxx" ASC-dən göndəriblər, mənzil almaq üçün kredit müqaviləsi bağlayıb, sonradan 2 il ərzində ödəniş edə bilməyib, etdiyi ödənişlər ancaq faizə silinib, ona görə də ödəniş etməyib. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Kreditalan və zamin qətnaməni mübahisələndirməyib. Bank isə qətnamənin 2 hissəsini mübahisələndirib: 1) cərimə tutulması barədə tələbin rədd edilən 1.681,42 manatlıq hissəsi; 2) cavabdeh "xxxx" ASC-yə qarşı olan tələbin rədd edilən hissəsi. Mübahisələndirilən hissələrlə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Cərimə barədə: Bank cərimə kimi 1.881,42 manat tələb edib, birinci instansiya məhkəməsi həmin məbləği tənəsübsüz surətdə yüksək hesab edərək cərimənin məbləğini 200 manat müəyyən edib, cərimə tələbinin qalan hissəsini - 1.681,42 manatlıq hissəsini rədd edib. Tələbin rədd edilməsinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin maddədə daha sonra qeyd olunub ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tənasübü düzgün müəyyənləşdirib, daha yüksək məbləğdə cərimə tutulması üçün əsas yoxdur. Zaminlik barədə: “Birgə fəaliyyət haqqında müqavilə” adlandırılan müqavilə məzmunca həm də zaminlik müqaviləsidir (bənd 2.12). Həmin müqavilə zaminlik müqaviləsi üçün qanunda müəyyən edilmiş bütün tələblərə cavab verir: müqavilə yazılı formada bağlanıb, müqavilədə zaminliklə təmin edilən öhdəlik və zaminliyin şərtləri göstərilib. “Birgə fəaliyyət haqqında müqavilə” adlandırılan müqavilədə müəyyən edilmiş zaminlik hazırkı kredit münasibətinə də şamil olunur (bənd 2.1). Belə ki, kreditalan zaminə aid olan binadan mənzil alıb, habelə kredit alan apellyasiya icraatı zamanı izahatında bildirdi ki, onu bankın ofisinə məhz zamin göndərib. Kredit öhdəliyi pozulub. Belə ki, bank öhdəliyin pozulduğunu bildirib, kreditalan isə apellyasiya icraatı zamanı izahatında öhdəliyi pozduğunu etiraf edib. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllədə və müqavilədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə, zamin və kredit alan bankın qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin borcun məbləğinin düzgün müəyyən edilmədiyini iddia etmədiyinə və bu barədə sübut təqdim etmədyinə görə, o, qətnamədə müəyyən edilmiş məbləğdə borcun ödənilməsinə görə borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, qətnamə zaminə qarşı tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli və qətnamədə müəyyən edilmiş borc kreditalan ilə yanaşı zamindən müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3294/2023 nömrəli qətnaməsi cavabdeh "xxxx" ASC-yə qarşı olan tələbin rədd edilməsi hissəsində ləğv edilsin, bu hissədə tələb qismən təmin olunsun, həmin qətnamə ilə tutulması qət edilmiş pul Cavabdeh2 ilə yanaşı "xxxx" ASC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə, yəni 1.681,42 manat cərimənin tutulması barədə tələbin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5698/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5698/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver