Məhkəmə qərarları › İş №2(103)-5699/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5699/2025

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5699/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzər borcun tutulması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Nümayəndə və X2, cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Əlili İsrafil Muğan oğlunun iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-305/2025 saylı, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflər arasında bağlanmış ## ###### 2009-cu il tarixli, *** saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 15%-lə 180 ay müddətinə 100000 manat məbləğində kredit borcalana ünvan 2 ünvanında yerləşən binanın A blokunda ** saylı mənzilin alınması məqsədi ilə verilmişdir.

2. Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına ## ###### 2009-cu il tarixdən ## ##### 2014-cü il tarixədək ümumilikdə 100.100 manat ödəniş edilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənilməli olan cəmi 122.893,41 manat, bundan 57423,88 manat əsas, 65469,53 manat faiz borcu yaranmışdır.

3. Tərəflər arasında bağlanmış ## ###### 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh bankla arasında olan ## ###### 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda ** saylı mənzil bankın xeyrinə girov qoyulmuşdur.

4. “xxxx” MTK ilə Cavabdeh arasında bağlanılmış ## ###### 2009-cu il tarixli ***/R nömrəli müqavilənin surətindən görünür ki, bu müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. Satışa qəbul edilmiş mənzilin ünvanı, dəyəri və ödəniş qaydaları icraçı və alıcı ilə tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının A blokunda 15 mərtəbəsində ** saylı mənzilində yerləşməklə ümumi sahəsi 109 kv.m olmaqla 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 917 manat, cəmi 100000 manat müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 1130, ünvan 1 1 ünvanında yerləşən ümumi sahəsi 99.9 kv/m olan ** saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə ## ###### 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

6. İşin birinci instansiya məhkəməsində baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***** saylı, ## ### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ## ###### 2009- cu il tarixli, *** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-yə ## ###### 2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas borcu – 57189,39 manat, 91193,24 manat faiz borcu vardır. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış ## ###### 2009-cu il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün ## ###### 2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə cavabdeh Cavabdeh cərimə borcu hesablamamışdır

7. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli ekspert rəyinə əsasən əyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ## ###### 2009-cu il tarixli, *** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh ## #### 2024-cü il tarixinə (pretenziya bildirişinin çatdırıldığı tarixə) LPO İddiaçı ASC olan borcu 144 975.10 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 57189, 39 manat; faiz borcu üzrə - 87785,71 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi 122.893,41 manat, bundan 57.423,88 manat əsas, 65.469,53 manat faiz və 413 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda ** saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış 140/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda ** saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda ** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında ##.##.2009-cu il tarixli 104/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə ************* saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ünvan 2 ünvanında yerləşən binanın A blokunda ** saylı mənzilin alınması üçün 100.000 manat məbləğində kreditin verilməsinə dair kredit müqaviləsi bağlansa da, həmin vəsaitin cavabdehə təqdim edilməsini təsdiq edən kassa məxaric orderi və ya vəsaitin cavabdehin hesabına köçürülməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin sənədin məhv edildiyini bildirmişdir. Kredit müqaviləsinin əslinin məhkəməyə təqdim edildiyi halda, yalnız kassa məxaric orderinin məhv edilməsi ağlabatan hesab edilmir. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda ** saylı saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında imzalanmış ##.##.2009-cu il tarixli 104/1 ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir, həmçinin hal-hazırda həmin mənzil üzərində ipoteka yüklülüyü mövcud deyil.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin arasında kredit müqaviləsi imzalansa da, həmin müqavilədə qeyd edilmiş pul vəsaitinin nə cavabdehə verilməsi, nə mənzilin satışını həyata keçirən MTK-ya köçürülməsi sübut edilmədiyindən, həmin kreditin təminatı olaraq ipoteka müqaviləsi imzalansa da, notarial qaydada təsdiq edilmədiyindən, ipoteka predmeti olan mənzilin dəyəri tam olaraq ödənildiyindən və hazırda həmin mənzil üzərində ipoteka yüklülüyü mövcud olmadığından, beləliklə də cavabdehin iddiaçı bank qarşısında öhdəliyinin olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan hökmdən görünür ki, İddiaçı ASC ilə “xxxx” MTK-nın rəhbəri eyni şəxs - İsmaylov Nadir Əmir oğlu olmuş, həmin şəxslə cavabdeh arasında tanışlıq münasibətləri olduğundan “xxxx” MTK ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə ünvanında inşa edilmiş 2 yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 109 kv.m olmaqla ** saylı mənzilin alınmasına dair ## ###### 2009-cu il tarixli ***/R nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən alıcı aldığı mənzilin dəyəri olan 100000 manat pul vəsaitini müəyyən edilmiş müddətdə MTK-ya ödəməli olmuş, cavabdeh həmin məbləği tamamilə ödəmişdir. Cavabdeh İsmaylov Nadir Əmir oğlunun göstərişi ilə mənzilə görə aylıq ödənişlərini ## ###### 2009-cu il tarixdən ## ##### 2014-cü il tarixədək ümumilikdə 100100 manat pul vəsaitini İddiaçı ASC-də olan hesaba ödəmişdir. Mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı “xxxx” MTK tərəfindən ## #### 2014-cü il tarixdə arayış verilmiş, həmin mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə ## ###### 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Təqdim edilmiş çıxarışda mənzilin ipoteka ilə yüklü edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilməmişdir. Eyni zamanda iddiaçının tələb etdiyi kredit vəsaiti mənzilin alınması üçün verilsə də, həmin vəsaitin MTK-nın hesabına köçürülməsini təsdiq edən mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçı ASC ilə “xxxx” MTKnın rəhbəri eyni şəxs - İsmaylov Nadir Əmir oğlu dəfələrlə analoji əməllərə yol verdiyi üçün məhkum olunmuşdur. Bununla bağlı olaraq məhkəmə cavabdeh tərəfin izahatında verdiyi məlumatı ağlabatan hesab etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 390.2, 390.5, 405.1, 405.2, 406.1, 406.2, 406.3, 739.1 və 739.2-ci maddələrinəistinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

15. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, # ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, “kreditin verilməsinə dair məhkəməyə heç bir sübutedici sənədlər təqdim edilməmişdir. O cümlədən, nə kassa (məxaric) sənədi, nə də cavabdehin ödəniş tapşırığı (əgər cavabdeh hesabına mədaxil edilən vəsaiti hara köçürübsə) təqdim edilməmişdir.” Qeyd edir ki, kredit borcunu təsdiq edən 2009-cu il tarixli sənədlərdən biri olan kassa məxaric orderi saxlama müddəti həmin ildə başa çatan sənədlərlə birlikdə məhv edilmiş və sənədlərin məhv edilməsi barədə ##.##.2016-cı il tarixli akt tərəfindən məhkəməyə təqdim edilmişdir. Kassa məxaric orderi mövcud olmaması səbəbindən deyil, məhv edilməsi səbəbindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda kredit borcunu təsdiq edən digər sənəd olan cavabdehə aid və ##.##.2009 – ##.##.2016-cı il tarixdə ödənişləri əhatə edən cavabdehin bankda olan ************** nömrəli hesab üzrə hesabdan çıxarış tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdehin özü tərəfindən də məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən göründüyü kimi bütün ödənişlərin təyinatı: ssuda və faizin ödənilməsi kimi qeyd edilmişdir və 08121 21000 02252 ***** nömrəli hesab vasitəsilə həyata keçirilmişdir. Bütün ödənişlər Cavabdeh bankdan aldığı kredit üzrə əsas və faiz borcları üzrə silinmişdir. Cavabdeh Cavabdeh bank tərəfindən ##.##.2009-cu il tarixdə 100.000 manat dəyərində mənzilin alınması üçün kredit verilmişdir və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də yuxarıda qeyd etdiyi kimi 2009-cu il tarixindən cavabdeh tərəfindən banka kredit borcu üzrə ödənilmişdir. Təqdim edilən ödəniş qəbzlərində ödənişlərin təyinatı açıq – aşkar qeyd olnmuşdur. Həmin mədaxil qəbzlərində göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının nəticəsi də bunu təsdiq edir. Belə ki, məhkəməyə təqdim edilən qəbzlərin ödənişin təyinatından da göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Cavabdehin bankdan almadığı kredit üzrə banka ödəniş etməsi məsələsinə nə cavabdeh nümayəndəsi, nə də Xətai Rayon Məhkəməsi öz qətnaməsində münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1- ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədləridir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənəddə göstərilən ödəniş bank sənədi hesab olunmur və şəxs tərəfindən təqdim edilən sənəd bank sənədi hesab olunmadığından öhdəliyin icra olunmasını təsdiq edən sənəd qüvvəsinə malik deyildir. Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri – bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlərdir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Eyni zamanda həmin Qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Tərəflər arasındakı borc münasibətlərində yuxarıda göstərilən bəndlərdə qeyd edilmiş borcun icrasını təsdiq edən bank sənədlərinin tərifindən də göründüyü kimi cavabdeh tərəfindən verilən Cavabdeh verilmiş ## #### 2014-cü il tarixli arayış borcun icrasını təsdiq edə bilməz, çünki həmin məlumatlar mühasibat uçotunda əks olunmamışdır. Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra "nağd pulun mədaxili üçün elan"ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Lakin hesabdan çıxarışda borcun tam şəkildə icrası barədə məlumat mövcud deyildir.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Nümayəndə və X2 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, # ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Əlili İsrafil Muğan oğlu apellyasiya şikayıtinə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-305/2025 saylı, # ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 26.317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 27.319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 28.324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 29.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 30.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 33.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

34. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 35.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 37.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 38.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 39.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun

40.10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 41.10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 42.11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 43.11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 44.11.6-cı maddəsinə əsasən, tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. 45.11.7-ci maddəsinə əsasən, ipoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

46.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 47.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 48.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayətlər qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.

50. İddiaçının istinad etdiyi hallara görə, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında ##.##.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, Bank cavabdehə 180 ay müddətinə, illik 15 faiz olmaqla 100.000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada onu faizlə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. ##.##.2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi tərəflər və “xxxx” MTK arasında ipoteka müqaviləsi bağlanılmış, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda yerləşən ** saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

51. Bank müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən 57.423,88 manat əsas, 65.469,53 manat faiz borcu olmaqla, ümumilikdə 122.893,41 manat məbləğində borcu yaranmışdır. Cavabdehin sözügedən kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbindən, iddiaçı borcludan Bankın xeyrinə borcun tutulmasını, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda yerləşən ** saylı mənzilə yönəldilməsini, daha sonra isə ixtisaslaşdırılmış təşkilat vasitəsilə açıq hərracda satılmasını və satışdan əldə olunacaq vəsait hesabına yaranmış borcun ödənilməsini tələb etmək hüququnun yarandığını bildirmişdir.

52. İddiaçı onunla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını və bununla da iddia tələblərinin əsaslı olduğunu təsdiq etmək məqsədilə tərəflər arasında yazılı formada bağlanmış kredit və ipoteka müqavilələrinə, habelə hesabdan çıxarışlara istinad etmişdir.

53. Cavabdeh isə mübahisə predmeti olan müqavilələrin onun tərəfindən imzalandığını inkar etməsə də, kredit müqaviləsi üzrə pul vəsaitinin onun sərəncamına verilmədiyini, kredit müqaviləsinin icrasının təminatı kimi Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda yerləşən ** saylı mənzil barəsində bağlanmış ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmədiyini və mənzil üzərində ipoteka yüklülüyünün mövcud olmadığını qeyd etmişdir.

54. Yaranmış mübahisənin həlli kredit müqaviləsinin tərəflərin aktiv hərəkətləri ilə real olaraq icra edilib-edilməməsinin, yəni müqavilə bağlandıqdan sonra tərəflərin üzərlərinə götürdükləri hüquq və vəzifələrin faktiki olaraq yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsindən asılıdır. Həmin hallar isə iş üzrə təqdim edilmiş sübutlar məcmu halında qiymətləndirilməklə müəyyən edilməlidir.

55. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları iş materiallarında olan sübutlar əsasında tam və hərtərəfli qiymətləndirməmişdir.

56. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 2 ünvanında yerləşən binanın A blokunda yerləşən ** saylı mənzilin alınması üçün 100.000 manat məbləğində kreditin verilməsinə dair kredit müqaviləsi bağlansa da, həmin vəsaitin cavabdehə təqdim edilməsini təsdiq edən kassa məxaric orderi və ya vəsaitin cavabdehin hesabına köçürülməsini təsdiq edən digər sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə kredit müqaviləsinin əsli məhkəməyə təqdim edildiyi halda yalnız kassa məxaric orderinin məhv edilməsini ağlabatan hesab etməmişdir. Məhkəmə eyni zamanda iş materiallarında olan hökmü ilə müəyyən edilmiş halları hazırkı iş üzrə tətbiq etmişdir.

57. İş materiallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi mövcuddur. Həmin müqavilə ləğv edilməmiş və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bank tərəfindən cavabdehə ayrıldığı iddia edilən 100.000 manat kredit vəsaitinin sonuncu tərəfindən bankdan alınmasına dair kassa məxaric orderi təqdim edilməsə də, hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olsa da, cavabdehin özü tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2009-cu il tarixdən ##.##.2016-cı il tarixədək həyata keçirilmiş ödənişləri əks etdirən mədaxil qəbzlərindən görünür ki, həmin ödənişlərin təyinatı kredit öhdəliyinin icrası kimi qeyd edilmiş və 3801 02252 **** nömrəli hesab vasitəsilə həyata keçirilmişdir. Həmin nömrəli hesabdan çıxarışa əsasən ödəniş məbləğlərinin Cavabdeh bankdan aldığı kredit üzrə əsas və faiz borclarının silinməsinə yönəldildiyi müəyyən edilmişdir.

58. Bundan başqa kredit müqaviləsinin bağlanmasında əsas məqsəd kimi göstərilən ünvan 2 ünvanında yerləşən binanın A blokunda yerləşən ** saylı mənzilin cavabdeh tərəfindən əldə edilməsi baş tutmuş, yəni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmeti olan mənzilin cavabdehin mülkiyyətinə keçdiyi müəyyən edilmişdir.

59. Birinci instansiya məhkəməsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli hökmünə istinadı ilə əlaqədar isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

60. Halbuki istinad olunan məhkəmə aktından *(***)-**/**** nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş və (və ya) mülki iddiaçı qismində cəlb edildiyi, onunla bağlı epizodun və ya hazırkı iş üzrə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə və həmin münasibətlərdən irəli gələn hüquq və öhdəliklərə aid halların araşdırıldığı müəyyən edilmir.

61. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ##.##.2009-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyi işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

62. Beləliklə də, iddiaçı cavabdehlə arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş pulun qaytarılmasını tələb etmək hüququna malik olmuş və həmin müqaviləyə istinad edərək verdiyi pulun cavabdehdən geri tələb edilməsində haqlı olmuşdur. Cavabdeh isə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməklə iddiaçının həmin hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini ona qaytarması öhdəliyini şərtləndirir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

63. İddiada əks olunan hallar öz təsdiqini tapsa da, nəzərə alınmalıdır ki, pulun qaytarılmasına dair sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh pulun iddiaçıya tam olaraq qaytarıldığını təsdiq edə biləcək hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən məhkəmə qətnaməsi yalnız tərəflərin təqdim etdikləri sübutlarla deyil, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar əsasında çıxarılmalıdır. Kollegiya həmin normalara uyğun olaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya tam qaytarılması halı sübuta yetirilməmişdir.

64. Məhkəmə kollegiyası işi üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etmiş, bu əsasla ekspertiza təyin edilmişdir. Ekspert qarşısında LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh ##.##.2024-cü il tarixinə (pretenziya bildirişinin çatdırıldığı tarixə) əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi barədə rəy verilməsi tələb edilmişdir.

65. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *- *-**-**-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış ##.##.2009-cu il tarixli, *** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Cavabdeh iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə pretenziya bildirişinin çatdırıldığı tarixə - ##.##.2024-cü il tarixinə əsas borcunun 57.189,39 manat, faiz borcunun 87.785,71 manat təşkil etdiyi müəyyən edilmişdir.

66. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən birtərəfli iradə ifadəsi ilə məhkəmədənkənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab olunur. Nəzərə alınmalıdır ki, bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu ##.##.2024-cü il tarixdə (pretenziya bildirişinin çatdırıldığı tarixdə) müvafiq qaydada məktub göndərməklə bildirmiş, müqaviləyə həmin tarixdən xitam vermişdir. Bu səbəbdən annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün həmin tarixədək mövcud olmuş məbləğdə nəzərə alınmalıdır.

67. Baxmayaraq ki, ekspert rəyində bank-kreditorun Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə birtərəfli iradə ifadəsini bildirdiyi tarixə əsas borcun 57.423,88 manat olduğu göstərilmişdirsə də, ekspert rəyinə əsasən müəyyən edilmiş 57.189,39 manat məbləği əsas borc kimi qəbul edilməli və həmin məbləğ cavabdehdən əsas borc kimi tutulmalıdır. Ekspert rəyi ilə müqavilə müddəti üçün hesablanmış faiz borcunun məbləği 87.785,71 manat həddində müəyyən edilsə də, məhkəmə irəli sürülmüş tələb həddində baxdığından hesab edir ki, cavabdehdən faiz borcu üzrə 65.469,53 manat məbləğində pul tutulmalıdır.

68. Məhkəmə kollegiyası “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə bağlı qeyd edir ki, müvafiq qanunvericiliyə görə poteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, ipoteka qoyan borclu deyildirsə, həmçinin borclu tərəfindən imzalanmış bir sənəd şəklində və yazılı formada bağlanmalı, notarial qaydada təsdiqlənməli, dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir, ipoteka hüququ isə həmin müqavilənin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

69. Lakin LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli, *** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış və daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən həmin müqavilənin predmeti olan ünvan 2 ünvanında yerləşən binanın A blokunda yerləşən ** saylı mənzil hazırkı öhdəliyin təminatı üsulu kimi çıxış edə bilməz, həmin əmlaka tutumanın yönəldilməsi də istisna olunmalıdır.

70. İddia “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilmədiyindən, məhkəmə kollegiyası “əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi”nə dair tələblərə münasibət bildirilməsini zəruri hesab etməyərək, özünün bu mövqeyini “prosessual qənaət” prinsipi ilə izah edir.

71. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından müvafiq hissədə ləğv edilməli, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Cavabdeh Cavabdeh ##.##.2009cu il tarixli, *** nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 57.189,39 manat, faiz borcu üzrə 65.469,53 manat olmaqla, cəmi 122.658,92 manat məbləğində pul LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

72. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 620 (413+207) manatın 310 manatı məbləğində pul cavabdeh Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir.

73. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

74. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-305/2025 nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi qismən – “kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2009-cu il tarixli, *** nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 57.189,39 manat, faiz borcu üzrə 65.469,53 manat olmaqla, cəmi 122.658,92 (yüz iyirmi iki min altı yüz əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğində pul LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 620 (413+207) manatın 310 manatı məbləğində pul cavabdeh Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 245 manatın 122,5 manatı iddiaçı LPO İddiaçı ASC-dən, 122,5 manatı cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, X5, Kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar