Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-57/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azsığorta ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-57/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X16 və X12 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının hüquqi varisi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azsığorta ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1731/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azsığorta ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində onun Hyundai Sonata minik markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6155 manat dəyərində ona dəymiş maddi ziyanın 5000 manatının Azsığorta ASC-nin Xaçmaz filialından alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 törətdiyi nəqliyyat hadisəsi nəticəsində etibarnamə əsasında iddiaçının istifadəsində olan və yaxın qohumu X2 idarə etdiyi Hyundai Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulmuş və Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bu əmələ görə X8 60 manat məbləğində cərimə olunmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 6155 manat dəyərində ziyan dəymişdir və iddiaçı onun 5000 manat olan hissəsini cavabdehdən tələb etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1731/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbinin təmin edilməsi, yol-nəqliyyat hadisəsi nəticəsində Hyundai Sonata minik markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ididaçı İddiaçı ödənilməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1-ci maddələrinə, “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində sığortalı X8 tərəfindən idarə olunan “Lada” markalı, 99DN062 d.q.n.l-lı avtomaşının iştirakı iləsığorta hadisəsinin baş verməsi barədə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixində məlumat daxil olmuşdur. Sığorta hadisəsi barədə "xxxx" ASC-nin gec məlumatlandırılması hadisənin araşdırılması və qanunvericilikdə nəzərdə tutulan digər prosessual hərəkətlərin aparılmasınımümkünsüzetməsinə baxmayaraq xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları hadisəilə bağlı baxış keçirib vəekspertizarəyi tərtib olunmuşdur. 4162 nömrəli ekspert rəyinə əsasən “Hyundai Sonata” markalı, 90HO405 d.q.n-lı nəqliyyat vasitəsinə 3810 manat zərər vurulmuşdur. Yasamal Rayon Məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş ekspertiza keçirilməsi barədə vəsatətə münasibət bildirməmişdir və nəticədə iddiaçı tərəfindən tərtib olunmuş ekspertiza rəyini nəzərə almişdır. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışı zamanı iddiaçının hüquqi varisi (arvadı) X13 apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
12. Maddə 884.3 Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
13. Maddə 922 Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
14. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
15. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
«İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu
17. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
18. Maddə 6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.
19. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
20. Maddə 15.1 İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
21. Maddə 16.4 Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
22. Maddə 20.2 Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
31. Kollegiya ilk növbədə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq müəyyən edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermiş, iddiaçının hazırki tələblə müraciət etməsi ilə bağlı subyektiv hüququnun olub-olmamasını düzgün müəyyən etməmişdir.
32. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP3557924 nömrəli İnibati Xəta haqqında protokoldan görünür ki, Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X8 xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
33. xx.xx.2020-ci il tarixli,TP3970631 saylı İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
34. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Hyundai Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir.
35. İş materiallarında olan AD№ 152885 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Hyundai Sonata minik markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X10 mülkiyyətindədir
36. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X3 Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və s. hərəkətlər etməyi etibar etmişdir.
37. Apellyasiya icraatı zamanı iddiaçı X9 vəfat etdiyi müəyyən olunmuş və işə onun hüquqi varisləri – atası X18, arvadı X13, oğlu X20 (yetkinlik yaşına çatmadığı üçün onu anası qanuni nümayəndəsi X13) və qızı X21 cəlb olunmuşdur.
38. Kollegiya hesab edir ki, hazırki iş üzrə ilk növbədə iddiaçının avtomobilə dəymiş zərərlə bağlı tələb hüququnun olub-olmaması məhkəmə tərəfindən müəyyənləşdirilməli, yalnız bundan sonra digər məsələrə münasibət bildirilməsi zərurətinin qalmasına baxılmalıdır.
39. Belə ki, hazırki iş üzrə iddiaçının tələb irəli sürməklə bağlı subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirmək üçün 2 məsələyə aydınlıq gətirmək lazımdır: 1) baş verən hadisə ilə bağlı sığorta ödənişi kimlərə ödənilə bilər? 2) hazırki iş üzrə iddiaçı həmin şəxslər siyahısına daxildirmi?
40. Qanunvericiliyin tələblərinə görə Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Beləliklə, müəyyən olunur ki, sığorta ödənişi 3 kateqoriyadan olan şəxslərə: sığortalı, sığorta olunan və ya faydalanan şəxslərə ödənilə bilər. Bu zaman qeyd edilən şəxslər dairəsinin anlayışına və iddiaçının həmin anlayışlardan hansısa birinə uyğun olub-olmaması müəyyənləşdirilməlidir.
41. Sığortalı - «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbari sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxsdir. Hazırki iş üzrə materiallardan müəyyən olunur ki, icbari sığorta müqaviləsinin tərəfi iddiaçı deyil, yol nəqliyyat hadisəsini törətmiş və inzibati məsuliyyətə cəlb edilmiş X5r və cavabdeh özü də sonuncunun idarə etdiyi Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən sığortalanmasını qəbul etmişdir.
42. Sığorta olunan - İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxsdir. Göründüyü kimi sığorta hadisəsi baş verən zaman sığortalanmış avtomobil onun mülkiyyətçisi və eyni zamanda faktiki sahibliyi həyata keçirən X8 olmuşdur. Bu zaman da iddiaçı qeyd olunan kateqoriya şəxs dairəsinə aid deyildir.
43. Faydalanan şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. İddiaçının qeyd edilən üçüncü şəxs kimi faydalanan şəxs hesab olunmasını müəyyənləşdirmək üçün üçüncü şəxs anlayışına da nəzər yetirmək lazımdır.
44. Üçüncü şəxs - Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləridir. Göründüyü kimi qanunvericiliklə sığorta ödənişinin alınması hüququna malik olan faydalanan şəxsin sığorta hadisəsindən birbaşa olaraq zərər çəkmiş şəxs olması şərti müəyyən edilmişdir. İşin faktiki hallarına baxdıqda müəyyən olunur ki, iddiaçının sağlamlığına yol-nəqliyyat hadisənin baş verməsi zamanı hansısa zərər dəyməmişdir (bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır). Zərərin dəymiş olduğu əmlak isə, ümumiyyətlə, iddiaçının deyil, başqa bir şəxsin mülkiyyətindədir və iddiaçı avtomobilə etibarnamə əsasında faktiki sahibliyi həyata keçirmişdir. Ona görə də qeyd edilənlər onu deməyə əsas verir ki, zərər dəymiş avtomobil iddiaçıya deyil, digər bir şəxsə məxsus olduğundan, baş vermiş hadisə ilə bağlı zərər də dolayısı ilə iddiaçıya deyil, əmlakın mülkiyyətçisinə dəymişdir və qeyd edilən konteksdə faydalanan üçüncü şəxs qismində iddiaçı deyil, əmlakın mülkiyyətçisi və real zərərə məruz qalan şəxs çıxış edə bilər.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı zərərin dəydiyi avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından, o yalnız X14 etibarnamə əsasında təmsil etdiyindən, onun qeyd edilən hadisədə bağlı dəymiş zərərin ödənilməsi bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur.
46. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
47. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddiaçının hazırki iş üzrə göstərilən tələblə iddia qaldırmaqla bağlı subyektiv hüququnun olmaması səbəbindən iddia təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manat olsa da, iddiaçı vəfat etdiyindən və onun hüquqi varisləri olan 4 nəfər şəxsin iddianın məbləği ilə bağlı hər birinin öz paylarına mütənasib formada tələb hüquqları olduğundan, beləliklə, həmin şəxslərin ayrı-ayrılıqda tələb hüquqları beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova