Məhkəmə qərarları › İş №2(103)-5701/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5701/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5701/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-466/2019 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada QSC-nin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 22970,67 ABŞ dolları məbləğində kredit borcu, 9384,02 ABŞ dolları məbləğində faiz borcu və 16518,14 ABŞ dolları məbləğində cərimə borcu, 004KK**********01 saylı kredit razılaşması üzrə 3587,72 ABŞ dolları məbləğində kredit borcu, 779.58 ABŞ dolları məbləğində faiz borcu və 2924,6.8 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 56164,81 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması və Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxxxxxxxx” QSC ilə bağladığı xx xxxxx 2014-cü il tarixli 09L000005246 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxxxxxxxx” QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli, 004R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli 004R**********S saylı, xx xxx 2016-cı il tarixli 004R**********SA saylı, xx xxxxxxx 2016-cı il tarixli 004R**********SB saylı, xx xxxxx 2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7029.33 ABŞ dolları ödəmiş, onun 22970.67 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxxxx 2018-ci il tarixə 476 gün üçün hesablanmış faiz borcu 9384.02 ABŞ dolları və cərimə borcu 16518.14 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 “xxxxxxxxxx” QSC ilə bağladığı xx xxxx 2015-ci il tarixli, 004KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, müəyyən olmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 3700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 112.28 ABŞ dolları ödəmiş, onun 3587.72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxxxx 2018-ci il tarixə 180 gün üçün hesablanmış faiz borcu 779.58 ABŞ dolları və cərimə borcu 2924.67 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə bank arasında bağlanılmış xx xxxxx 2014-cü il tarixli, 04MQ00001401 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 37 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxxxxxxxx” QSC cavabdeh - ipoteka verən Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2018-ci il tarixində ipoteka bildirişi qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 466/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 004R********** saylı kredit razılaşması üzrə 22.970,67 ABŞ dolları əsas borc, 8.970,02 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə, cəmi 32940,69 ABŞ dolları məbləğində borcun, Cavabdeh1 “xxxxxxxxxx” QSC ilə arasında bağlanmış 004KK**********01 saylı kredit razılaşması üzrə 3587,72 ABŞ dolları əsas borc, 358,77 ABŞ dolları faiz borcu, 35,87 ABŞ dolları məbləğində cərimə, cəmi 3982,36 ABŞ dolları məbləğində borcun, ümumilikdə 36923,05 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə olan manat məzənnəsi ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 manat, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat dövlət rüsumunun “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, tələbin Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaitin hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxxxxxxxx” QSC-nə olan borcunun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı QSC və Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı QSC apelyasiya şikayətində qətnamənin qismən – ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan çıxarılmalarının, əmlakın boşaldılmasının təmin edilməməsinə dair hissədə və cərimə borcunun təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. İpoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Cərimə məbləği həddindən artıq azaldılmış və kreditorun mənafeləri nəzərə alınmamışdır. Cavabdeh1 isə apelyasiya şikayətində qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır, onun məhkəmə proseslərindən məlumatı olmamışdır. Əsas və faiz borcunun dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik olan ekspert rəyi alınmalı olduğu halda, məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir. Həmçinin ipoteka predmetinin qiyməti müəyyən edilmədən iddiaçının fərziyyələrinə uyğun qiymətləndirilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-6242/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxx” ASC-nin və Cavabdeh1 apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin satışı hissəsində dəyişdirilməsi, evin ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmamış, yəni Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evi hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 və Cavabdeh3 evdən çıxarılmaları, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1375/2020 saylı Qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-6242/2019 saylı qətnaməsi borcun tutulması hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya iclasında iddiaçının nümayəndəsi cavabdehin apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qismən, yəni borc məbləğinin tutulması hissəsində qanuni və əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində həm ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsini, həm də borclu ilə kreditor arasında əsas və faiz borclarının düzgün müəyyən olunmamasını mübahisələndirsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsinə dair apelyasiya şikayətinin digər dəlilinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında yalnız ödənilməmiş borc məbləğləri qeyd olunmuş, cavabdeh tərəfindən hansı məbləğlərdə borcun ödənilməsi həmin maliyyə arayışlarında göstərilməmişdir.” Hazırki halda apelyasiya baxışının predmetini qətnamənin yalnız borc məbləğinin tutulması hissəsində yoxlanılması təşkil edir. Kollegiya onu da qeyd ki, cərimə borcunun azaldılması ilə bağlı iddiaçının apelyasiya şikayəti əvvəlki apelyasiya məhkəməsi tərəfindən təmin olunmamış, həmin qətnamədən isə iddiaçı kassasiya şikayəti verməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi yalnız borcun tutulması hissəsində cavabdehin kassasiya şikayəti əsasında ləğv edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 09L000005246 saylı kredit xətti müqaviləsindən görünür Cavabdeh1 120 ay müddətinə 200000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxxx 2014-cü il tarixli 004R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq 1,8333% dərəcəsi ilə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 004KK**********01 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 12 ay müddətinə, aylıq 2 % dərəcəsi ilə 3700 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli 004R**********S saylı, xx xxx 2016-cı il tarixli 004R**********SA saylı, xx xxxxxxx 2016-cı il tarixli 004R**********SB saylı, xx xxxxx 2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “xxxxxxxxxx” QSC-nin xx.xx.2018-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 004R********** saylı kredit razılaşması üzrə banka 22970,67 ABŞ dolları əsas borcu, 8970,02 ABŞ dolları faiz borcu, 10445 ABŞ dolları cərimə olmaqla, cəmi 42385,69 ABŞ dolları borcu yaranmışdır. “xxxxxxxxxx” QSC-nin xx.xx.2016-cı il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 004KK**********01 saylı kredit razılaşması üzrə banka 3587,72 ABŞ dolları əsas borcu, 358,77 ABŞ dolları faiz borcu, 35,87 ABŞ dolları cərimə olmaqla, cəmi 3982,36 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh1 əsas və faiz borcunun dəqiqləşdirilməsi üçün eksperiza keçirilməli olduğunu qeyd etmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Bu zaman bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixinə banka 22970,67 ABŞ dolları əsas borcu, 12110,19 ABŞ dolları faiz borcu, 14036,04 ABŞ dolları cərimə olmaqla, cəmi 49116,9 ABŞ dolları borcu yaranmışdır. “xxxxxxxxxx” QSC-nin maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 004KK**********01 saylı kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixinə banka 3587,72 ABŞ dolları əsas borcu, 35,88 ABŞ dolları faiz borcu, 358,77 ABŞ dolları cərimə olmaqla, cəmi 3982,37 ABŞ dolları borcu yaranmışdır. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 9/3694 nömrəli rəydən görünür ki, xx.xx.2014-cü il tarixli 004R********** saylı kredit razılaşması üzrə iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, xx.xx.2014-cü il tarixli 004R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 “xxxxxxxxxx” QSC-yə xx.xx.2018-ci il tarixə olan borcu: əsas borcu üzrə – 22.970,67 ABŞ dolları; faiz borcu – 12.110,19 ABŞ dolları məbləğində; xx.xx.2015-ci il tarixli 00KK**********01 saylı kredit razılaşması üzrə iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, xx.xx.2015-ci il tarixli 00KK**********01 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 “xxxxxxxxxx” QSC-yə xx.xx.2016-ci il tarixə olan borcu: əsas borcu üzrə – 3.587,72 ABŞ dolları; faiz borcu – 35,88 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Əsas borc məbləğinə aid hissədə Kollegiya qeyd edir ki, hər iki kredit razılaşması üzrə ekspert rəyi ilə də əsas borcun düzgün hesablandığı müəyyən edilmişdir. Faiz borcuna aid hissədə Kollegiya aşağıdakıları qeyd edir. xx.xx.2014-cü il tarixli 004R********** saylı kredit razılaşması üzrə görünür ki, birinci instansiya məhkəməsində iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışında xx.xx.2018-ci il tarixə faiz borcunun 8970,02 ABŞ dolları məbləğində olduğu göstərilmiş, məhkəmə qətnaməsi ilə də həmin məbləğdə faiz borcu tutulmuşdur. İddiaçı tərəfin apelyasiya şikayətində isə faiz borcu mübahisələndirilməmişdir. xx.xx.2015-ci il tarixli 00KK**********01 saylı kredit razılaşması üzrə isə ekspert rəyi ilə göründüyü kimi faiz borcunun 35,88 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmçinin ekspertiza təyin edilən zaman bank tərəfindən təqdim edilmiş maliyyə arayışında da faiz borcu elə həmin məbləğdə göstərilmişdir. Odur ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə faiz borcuna dair hissədə Kollegiya məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas tutur və hesab edir ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 35,88 ABŞ dolları tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə faiz borcuna aid hissədə dəyişdirilməsi, mübahisələndirilən digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-466/2019 saylı iş üzrə xx xxxxxx 2019-cuil tarixli qətnaməsi mübahisələndirilən - xx.xx.2015-ci il tarixli 00KK**********01 saylı kredit razılaşması üzrə tutulmalı olan faiz borcuna aidhissədə dəyişdirilsin və həmin kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 35,88 ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar