Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5704/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, onun nümayəndəsi-vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(005)-91/2019 saylıqətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 12229/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)- 3404/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 843 (səkkiz yüz qırx üç) manat və mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat, cəmi 1343 (min üç yüz qırx üç) manat pul vəsaitinin tutularaq İddiaçı1, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12229/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq: müayinəyə çəkilmiş 843 manat, dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xərci olaraq 2358 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat, ümumilikdə 58670,79 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış xx xxxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən İddiaçı2 banka artıq ödədiyi 23557,02 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 40000 manat, ümumilikdə 63557,02 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixdə Nəcəfli Əfqan İsa oğlunun 16 yaşlı oğlu Fəqan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan atasına məxsus “X7” markalı avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı1 idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı1 ağır, yanındakı sərnişin isə az ağır bədən xəsarəti almışdır. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılmış, istintaqla cinayətin törədilməsində Cavabdeh2 təqsirli olması sübuta yetirilsə də, cinayəti törədərkən 16 yaşına çatmadığına görə onun barəsində cinayət işinin icraatına xitam verilmişdir. Qəzadan sonra İddiaçı1 47 gün koma vəziyyətində qalmış, müayinə və müalicəsinə xeyli vəsait sərf olunmuşdur. Zəruri müalicələri lazımi dərəcədə etdirməyə maddi imkanı olmadığından və eləcə də cavabdeh tərəf ona heç bir maddi yardım etmədiyindən o, sağtərəfli iflic və dil qüsurlu olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına və əmlakına vurulmuş zərərin, habelə digər xərclərin əvəzinin ödənilməsi üçün o, hadisədən bir neçə ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qaydasında həmin xərclərlə bağlı qərar qəbul edilmişdir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk dəfə məhkəməyə müraciət edəndən sonrakı dövrdə İddiaçı1 müayinə və müalicələri davam etmiş, həmin müayinə və müalicə xərcləri, habelə hadisə ilə bağlı iddiaçı tərəfin çəkdiyi bəzi xərclər əvvəlki iddia ərizəsində qeyd olunmamışdır. Belə ki, əvvəlki məhkəmə qərarlarında qeyd olunanlardan əlavə İddiaçı1 müayinə və müalicə olunması üçün 843 manat, müalicə olunması üçün zəruri olan dərman preparatlarının alınmasına 5469,79 manat, cavabdehlərin qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına müraciətlər üçün poçt xidmətlərinə 239,81 manat, müayinə və müalicələrə, habelə şikayətləri ilə əlaqədar dövlət orqanlarına və məhkəmələrə gedərkən qonşuların və tanışların avtomobilinə yanacaq alaraq 2358 manat xərc çəkmişdir. Bundan əlavə, zərərçəkənin anası İddiaçı2 hadisə baş verməmişdən əvvəl, yəni xx xxxxxxx 2014-cü il tarixində “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə kredit müqaviləsi bağlayaraq, 4600 manat kredit götürmüşdür. Həmin vaxt oğlunun fiziki sağlamlığı yerində idi, işləyib gəlir əldə edirdi, ailənin maddi ehtiyaclarını qarşılayırdı. İddiaçı2 əldə etdiyi gəlir hesabına isə banka olan kredit borcları vaxtında ödənilirdi. Hadisə baş verdikdən sonra o, öz gəlirləri hesabına həm oğlunun müalicə və müayinə xərclərini ödəməyə, həm də maddi ehtiyaclarını qarşılamağa məcbur olduğu üçün, kredit borclarını ödəyə və bank qarşısında öhdəliyini icra edə bilməmişdir. O, bankdan götürdüyü kredit borcuna görə, faizlərlə birlikdə 6498,65 manat pul ödəməli olduğu halda, cavabdehlərin təqsiri üzündən baş vermiş hadisə nəticəsində ödəmə qabiliyyəti itdiyi üçün, banka faizlər və cərimələrlə birlikdə ümumilikdə 30055,67 manat pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, cavabdehlərin təqsiri üzündən o, banka 23557,02 manat məbləğində artıq pul ödəmişdir. Hadisə nəticəsində İddiaçı1 ona vurulmuş mənəvi zərəri 50000 manat, İddiaçı2 isə 40000 manat məbləğində qiymətləndirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən qətnamə qəbul olunmuşdur. Məhkəmə maddi hüquq normalarını pozmuş və tətbiq edilmiş maddi hüquq normalarını səhv təfsir etmişdir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair kifayət qədər sübutlar təqdim etsə də, birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının və onun nümayəndəsini,şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehlərin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-3404/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat (doqquz yüz qırx bir manat on üç qəpik) və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 3941,13 manat (üç min doqquz yüz qırx bir manat on üç qəpik) pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki,xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsində yerləşən 58 saylı binanın qarşısında xx xxxxxx 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Cavabdeh2 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “X7” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili saatda 100 km sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozmuş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda İddiaçı1 idarə etdiyi “Hyundai Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü İddiaçı1 sağlamlığa ağır zərər vuran və həmin avtomobilin sürücüsü X1 az ağır zərər vuran xəsarət almışlar. Faktla bağlı xx xxxx 2015ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaqla Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmiş, lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni Cavabdeh2 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığına görə cinayət işi üzrə icraata bir neçə dəfə, o cümlədən sonuncu dəfə xx xxxx 2019-cu il tarixli qərarla xitam verilmişdir. Baş vermiş hadisə nəticəsində İddiaçı1 koma vəziyyətinə düşmüş və uzun müddət müalicə olunmuşdur. İddiaçı1 və onun qardaşı Xəyal Abbasov cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)- 592/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəqd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqlarının müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı üç il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni borc kimi alınmış 17750 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın təmin edilməsi, eləcə də 3000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, 17750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində İddiaçı1 İsa oğlunun iddiası rədd edilmiş, İddiaçı1 əldən çıxmış faydaya görə 3000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddia tələbi təmin edilmiş və əldən çıxmış faydanın əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı1 ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat məbləğində avtomobildə zay olmuş əşyaların dəyərinin, İddiaçı1 üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14103 manat məbləğində pul vəsaitinin dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, avtomobilə dəymiş 9775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər tərəfindən tələbkar İddiaçı1 34329 manat məbləğində pul ödənildiyindən və icra sənədi icra edildiyindən, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1104.1, 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. İş materiallarından görünür ki, zərərin vurulmasına gətirib çıxarmış yol nəqliyyat hadisəsinin baş verməsində özünə məxsus avtomobili idarə etmək üçün nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsə vermiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (xx.xx.2016-cı il tarixə qədər qüvvədə olmuş redaksiyada) 152-3.3-cü maddəsi ilə inzibati məsuliyyət daşımışdır. Buna görə də yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə hər iki cavabdeh müştərək qaydada mülki məsuliyyət daşıyır. İşə əlavə edilmiş müayinəyə çəkilmiş xərclər barədə qəbzlərdən görünür ki, İddiaçı1 koma vəziyyətindən çıxdıqdan sonra tibbi müayinələrdən keçmək üçün 140 manat + 165 manat + 30 manat +140 manat + 260 manat + 50 manat + 28 manat +30 manat olmaqla, cəmi 843 manat xərc çəkmişdir. Bundan əlavə, zərərçəkmişin anası, iş üzrə digər İddiaçı2 yolnəqliyyat hadisəsindən əvvəl xx xxxxxxx 2014-cü il tarixində “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə bağlı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməsi, lakin hadisədən sonra oğlunun müayinə və müalicə xərcləri ilə bağlı cərimə və faizlərə görə əlavə 23.557,02 manat pul ödəməsinə dair iddia tələbinin dəlili birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamış, həmin tələbin əsaslı olub-olmaması ilə bağlı müqavilə bağlanılan banka müvafiq sorğu verilməmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarın tövsiyyələrinə əsasən işin tam, obyektiv və hərtərəfli araşdırılması ilə əlaqədar “xxxx” ASC-nin 1 saylı Sabunçu Filialı ilə İddiaçı2 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 120GTUM142900003 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi ilə əlaqədar İddiaçı2 cərimə və faiz borcuna görə əlavə nə qədər pul ödənilməsi barədə sorğu verilmişdir. Qeyd olunan sorğuya cavab olaraq məhkəməyə daxil olmuş “xxxx” ASC-nin Bakıxanov filialının xx.xx.2020-ci il tarixli 1980 nömrəli arayışından görünür ki, yuxarıda adıçəkilən kredit müqaviləsi üzrə kredit ödənişlərini gecikdirdiyi üçün İddiaçı2 banka 98,13 manat ödəmişdir. Bundan əlavə iddia tələbinin dəlilləri ilə bağlı düzgün hüquqi nəticəyə gəlmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı aşağıdakı göstərişlər də nəzərə alınmalıdır: “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır...”. Yuxarıda şərh olunanlardan göründüyü kimi iddia tələbləri ilə bağlı maddi və mənəvi ziyanın məbləği qarşılıqlı əlaqələndirilməklə məhkəmə tərəfindən düzgün müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi İddiaçı1 mənəvi iztirab və sarsıntı, İddiaçı2 isə İddiaçı1 anası kimi mənəvi sarsıntı keçirmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. " Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında həmçinin qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X6 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X3 haqqında Konvensiya»nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunan qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Şərh olunanlara və iş materiallarına əsasən korllegiya hesab edir ki, iddiaçı aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, cavabdehlər mənəvi zərərin ödənilməsinə görə məsuliyyətdən azad edilməməli və iddiaçıya vurduqları mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Kollegiya, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianın mənəvi ziyanın tutulması hissəsində də təmin etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərə görə cavabdehlərdən 5000 (beş min) manat alınaraq iddiaçılara ödənilməsini ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-3404/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat (doqquz yüz qırx bir manat on üç qəpik) və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 3941,13 manat (üç min doqquz yüz qırx bir manat on üç qəpik) pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Elşən Kazımov Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. HAKİM Tofiq Səmədov.
Məhkəmə qərarları › İş №2(103)-5704/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5704/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver