Məhkəmə qərarları › İş №2(103)-5707/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5707/2025

07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5707/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1193/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə “Kia” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). Avtomobil İddiaçı mülkiyyəti kmi qeydə alınıb. 2.Avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində mexaniki zədə alıb. Hadisə xx.xx.2024-cü il tarixdə baş verib. Hadisəni həmin avtomobili etibarnamə əsasında idarə edən Elçin Əliyev törədib. İnzibati xəta haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat cərimə olunub (iş v. 42). Elçin Əliyev iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl - xx.xx.2024-cü il tarixdə ölüb. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, yolnəqliyyat hadisəsində avtomobilin mexaniki zədə alması nəticəsində dəymiş zərərin əvəzi kimi 7.680 manat cavabehdeh Cavabdeh İddiaçı xeyrinə tutulsun. 4.Tələb onunla əsaslandırılıb ki, avtomobil iddiaçının mülkiyyətindədir. Cavabdeh avtomobili almaq istədiyini bildirmiş və bu barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Razılığa əsasən, cavabdeh avtomobilə görə hər ay 660 manat ödəməli idi. İddiaçı cavabdehin adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan qısa müddət sonra cavabdeh iddiaçıya müraciət edərək, yaxın qohumu Elçin Əliyevin də avtomobili idarə etmək istədiyini bildirmiş, ona görə avtomobili idarə etmək üçün Elçin Əliyevin də adına etibarnamə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Elçin Əliyevin adına etibarnamə verilmişdir. Qısa müddət sonra Elçin Əliyev avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, lakin indiyə kimi avtomobil təmir edilməmiş və ya zərərin əvəzi ödənilməmişdir. Qüsur aktına əsasən, avtomobilin yol-nəqliyyat hadisəsində mexaniki zədə alması nəticəsində iddiaçıya 7.680 manat məbləğində zərər dəymişdir. 5.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Cavabdeh avtomobilin mexaniki zədə alması nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşımır. Belə ki, yol-nəqliyyat hadisəsi başqa şəxs - Elçin Əliyev tərəfindən törədilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. X1 tərəfindən törədildiyinə görə, məsuliyyəti də həmin şəxs daşıyır. Elçin Əliyev öldüyünə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsində müəyyən edilmiş əsaslar olduğu halda, zərərə görə onun vərəsələri məsuliyyət daşıya bilər. 10.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar