Məhkəmə qərarları › İş №2(103)-5709/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5709/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5709/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” 2(005)- 2287/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanan xx xxxxxx 2017-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, vətəndaşlardan daxil olan sifarişlər əsasında şam taxta materialından taxta evlər yığmaq növündə fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2017-ci ilin iyul ayında yaxın tanışı, hazırki iş üzrə Cavabdeh ilə qeyd edilən fəaliyyət növündə sex qurmaq və sex qurub gəlirlə işləməyə başladıqdan sonra əldə edilən gəlirdən asılı olaraq hər ay 300-500 manat civarında cavabdehə pul vermək barədə razılığa gəlmişlər. Sexin qurulması və mal-material alınması üçün pul vəsaiti çatışmadığından birgə razılığa əsasən aylıq ödənişlərin onun tərəfindən ödənilməsi şərti ilə cavabdehin adına “Kapital Bank” X3 Xətai filialından xx xxxxxx 2017-ci il tarixli 1xx xxxx 1721 40003 nömrəli kredit müqaviləsi üzrə 7500 (yeddi min beş yüz) manat məbləğində 1 il müddətinə kredit vəsaiti götürmüşlər. Həmin vəsaitin bir hissəsini cavabdeh başqa bir şəxsi kredit borcunu bağlamaq üçün özündə saxlamış, qalan 6200 (altı min iki yüz) manat pulu isə sexin qurulması üçün ona vermişdir. Qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcunun birlikdə yekun ödəniş məbləği 11500 (on bir min beş yüz) manat təşkil etdiyindən cavabdehin təkidi ilə həmin məbləğin onun tərəfindən ödənilməsi ilə bağlı yuxarıda qeyd olunan öhdəliyinin təminatı olaraq, götürülmüş kreditin yekun məbləğinə uyğun, yəni 11500 (on bir min beş yüz) manata formal olaraq aralarında xx xxxxxx 2017-ci il tarixli notarial təsdiq edilmiş borc müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə görə guya cavabdeh ona 11500 (on bir min beş yüz) manat məbləğində faizsiz borc verir, o da öz növbəsində 1 il müddətində həmin məbləği ona qaytarmağı öhdəsinə götürür. Həmçinin, qarşılıqlı razılaşmaya əsasən o, cavabdehin adına aldığı krediti tam şəkildə ödədikdən sonra formal şəkildə bağladıqları borc müqaviləsi tərəflərin yazılı razılığına uyğun olaraq ləğv edilməli idi. Göstərilən kredit müqaviləsi üzrə ödənişin ilk iki ayını 400 (dörd yüz) manat hesabı ilə o, cavabdehə şəxsən ödəmiş, qalan aylıq ödənişləri isə “Kapital Bank” X3 Binəqədi filialında yerləşən ödəniş terminalı vasitəsilə cavabdehin adından banka tam şəkildə ödəmişdir. Ödəniş qəbzlərinin əksəriyyəti bu günədək onda qalır. Onu da qeyd edir ki, götürülmüş kredit özünə məxsus pul vəsaiti ilə birlikdə “Dərnəgül bazarı”nda yerləşən sexin icarəyə götürülməsinə və mal materialın alınmasına sərf edilmiş, lakin xx xxxx 2018-ci il tarixdə həmin sexdə baş vermiş güclü yanğın nəticəsində alınmış materiallar tamamilə yanaraq yararasız hala düşmüş, yanğın nəticəsində ona 45000 (qırx beş min) manat məbləğində maddi ziyan dəymişdir. Lakin buna baxmayaraq, sözügedən kredit məbləği 2018-ci ilin avqust ayından tərəfindən banka tam şəkildə ödənmiş və ötən müddət ərzində cavabdehin bu ödənişlərin aparılmaması və ya hər hansı digər bir əsasla ona qarşı tələb və iddiası olmamışdır. Onun həmin krediti tam şəkildə ödəməyini cavabdehlə arasında aparılmış “Whatsap” yazışmaları və telefon danışıqları da təsdiq edir. Beləliklə, qeyd edilən kreditin ödənişi ilə bağlı aralarında hər hansı mübahisə və narazılıq qalmamış və yalnız baş vermiş yanğın nəticəsində nəzərdə tutduqları fəaliyyət növündə işi qura bilməmişlər. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin ona ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli “tələbin könüllü icrası” barədə rəsmi bildirişini aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh aralarında formal şəkildə bağlanmış borc müqaviləsinə əsasən icra qeydi aparılması barədə Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş və bu müraciətə əsasən ondan 11500 (on bir min beş yüz) manat pul məbləğinin tutulmasına dair icra qeydi aparılaraq, iş icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, hazırki iddia tələbi təmin olunmalı və cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbinin yuxarıda şərh edilən dəlillərindən göründüyü kimi mübahisələndirdiyi kredit (boc) müqaviləsi, cavabdehlə aralarında onun adına aldıqları xx xxxxxx 2017-ci il taixli 107 CTKR ********* nömrəli kredit müqaviləsi üzrə kredit ödənişinin onun tərəfindən aparılacağı öhdəliyi ilə bağlı şifahi razılaşmanın (şifahi əqd), yəni cavabdehin adına alınmış ümumi ödəniş məbləği 11500 (on bir min beş yüz) manat məbləğində olan kreditin onun tərəfindən ödəniləcəyi ilə bağlı cavabdeh qarşısında götürdüyü ödəliyin təminatı kimi formal olaraq bağlanmış yalan əqd olmaqla, bu müqavilə əslində qeyd olunan şifahi razılaşmanı (şifahi əqd) pərdələmək məqsədi daşımışdır. Belə ki, mübahisənin hazırki vəziyyətində işin tam, hərtərəfli və obyektiv tədqiqinə nail olmaq üçün cavabdehin adına olan xx xxxxxx 2017-ci il tarixli 107 CTKR ********* nömrəli kredit müqaviləsinin, ona uyğun tərtib edilmiş ödəniş cədvəlinin, eləcə də həmin kreditin tam şəkildə ödənilib-ödənilməməsi barədə məlumatların “Kapital Bank” X3 Xətai filialından alınması zəruridir. Həmin sənədlərin və məlumatların alınması barədə vəkil sorğusu verilmiş, lakin sorğu təmin edilməmiş və bank tərəfindən bu sənədlərin yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında veriləcəyi bildirilmişdir. “Kapital Bank” X4 mülki iş üzrə iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsini aldadaraq və yalan məlumatlar verərək öz xeyrinə qətnamə çıxarılmasına nail olmuşdur. İddiaçının ərizəsində göstərdikləri həqiqətə uyğun deyil və yalandır. Məhkəmədə həmin yalanları həqiqət kimi qəbul edərək qanunsuz və əsassız qətnamə qəbul edibdir. Əsl həqiqət isə ondan ibarətdir ki, o, xx xxxxxx 2017-ci il tarixində Bakı şəhəri 6 saylı notariat kontorunda iddiaçı ilə kredit müqaviləsi bağlayaraq ona 11500 manat pul borc vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi həmçinin mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçıya borc verdiyi pul onun mülkiyyətidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 10680/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1947/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10680/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı iddiaçı və vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, cavabdehin qeyri-ardıcıl və ziddiyyətli ifadələrinə görə o, bir tərəfdən sexin qurulması üçün bankdan kredit götürərək iddiaçıya vermiş, digər tərəfdən isə, elə həmin gün iddiaçıya 11500 manat məbləğində borc vermişdir. Əgər cavabdehin borc verdiyi 11500 manat məbləğində pulu var idisə, onda bankdan 7500 manat məbləğində kreditin götürülüb iddiaçıya verilməsinə və sonra həmin kreditin faizlərlə ödənilməsinə (11500) ehtiyac yox idi. İddiaçının izahatına görə cavabdeh bankdan götürdüyü 7500 manatdan ona yalnız 6200 manat vermiş, qalan məbləği isə başqa şəxsi kredit borcunu bağlamaq üçün özündə saxlamışdır. İddiaçının izahatından məlum olur ki, bank kreditinin götürüldüyü gün cavabdehin özünün pula ehtiyacı olmuşdur. Belə olduqda onun iddiaçıya 11.500 manat məbləğində borc verməsinin həqiqət olması şübhə doğurur. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və onun notariatda təsdiq olunması o zaman borcludan pulun tələb edilməsi üçün əsas ola bilərdi ki, müqavilə tərəflərin həqiqi niyyətlərinə uyğun bağlanmış olsun və tələb olunan pul məbləği borcluya verilmiş olsun. Kredit müqaviləsi üzrə borclunun öhdəliyi o zaman yaranır ki, müqavilənin predmeti olan pul məbləği “borc verən” tərəfindən “borc alana” verilmiş olsun. Hər iki kredit müqaviləsinin bağlanması ilə əlaqədar İddiaçı göstərdikləri həm məntiqi həm də ağlabatan mühakimə baxımından daha inandırıcı göründüyü üçün onun irəli sürdüyü dəlillərin yoxlanılmasına və qiymətləndirilməsinə ehtiyac olmuşdur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmaqla sübutların qiymətləndirilməsini təmin etməmiş, əqdin etibarlılığına şübhə yaradan dəlilləri yoxlamamışdır. İddia ərizəsində tərəflər arasında bağlanmış borc müqaviləsinin yalan əqd kimi etibarsız sayılması tələb olunsa da, işin mübahisə olunan halları müqavilənin uydurma əqd kimi etibarsız sayılması üçün əsas verir. Sübut olunacağı təqdirdə müqavilə uydurma əqd kimi etibarsız sayıla bilər. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “Kapital Bank” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 1xx xxxx 1721 40003 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 7500 manat krediti illik 29,84% dərəcəsi ilə 36 ay müddətinə hər ay 317,80 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən, Cavabdeh 11500 (on bir min beş yüz) manat məbləğində pulu İddiaçı borc vermiş, İddiaçı göstərilən məbləği xx xxxxxx 2018-ci il tarixədək qaytaracağını bildirmişdir. Müqavilə Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, müqaviləni tərəflər notariusun yanında şəxsən imzalamışlar, tərəflərin şəxsiyyəti müəyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərarın və İddiaçı ünvanladığı xx xxxxxxx 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin məzmunlarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin 10 (on) gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, əks təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən maddələrinə əsasən müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. xx xxx 2019-cu il tarixli müqavilə üzrə çıxarışın məzmunundan görünür ki, xx xxxxxx 2017-ci il tarixli 1xx xxxx 1721 40003 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh borc məbləği yoxdur. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bank kreditinin birgə biznes fəaliyyətinin təmin olunması məqsədi ilə götürülməsi və həmin kreditin ümumi razılaşmaya əsasən iddiaçı tərəfindən ödənilməli olması və onun tərəfindən də ödənilməsini göstərməsinə baxmayaraq, apelyasiya şikayətində və apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında isə bank kreditini öz ehtiyaclarını ödəmək üçün götürdüyünü, bir-iki dəfə iddiaçıdan aylıq borcun ödənilməsini xahiş etsə də iddiaçının bunu etmədiyi üçün cəmi 11500 manat məbləğində borcu banka özünün ödəməsini göstərmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış və hazırda mübahisələndirilən kredit (borc) müqaviləsi iddiaçı şəxslə bank arasında bağlanmış kredit müqaviləsi üzrə alınmış pul vəsaitinin qaytarılması ilə bağlı uydurma bir əqddir. Belə ki, hər iki müqavilə eyni tarixdə və məbləğdə bağlandığından iddia əsaslıdır və təmin edilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mübahisə edilən əqd tərəflərin mübahisələndirməsi nəticəsində etibarsız hala gələn əqd kimi qəbul edilir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar