Məhkəmə qərarları › İş №2(103)-5709/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5709/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5709/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5187,8 manat əsas borcun, 673,94 manat faiz borcunun, cəmi 5861,74 manat kredit borcunun və 79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Bolkart Ailə müqaviləsi”nə əsasən bank borcluya 59 ay müddətinə, illik 25% olmaqla 5200 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Firuzə Mirzəyeva) iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 5187,8 manat məbləğində əsas borcun, 673,94 manat faiz borcunun, cəmi 5861,74 manat kredit borcunun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv hallarına diqqət yetirilməməsi, cavabdehin iş yerində əmək haqqının ödənilməməsi səbəbindən kredit borcumun ödənilməsində gecikmələrin baş verməsi, kredit borcunu əmək haqqı verilən kimi ödəyəcəyini bildirməsi və bank tərəfindən bu məsələyə hər hansı etiraz bildirilməməsi, yəni qarşılıqlı razılıq əldə edilməsi və ona əmək haqqının ödənilməsindən sonra kredit borcunun ödənilməsinə möhlət veriləcəyinin bildirilməsi, bank tərəfindən heç bir bildiriş almaması, bildirişin təqdim olunması barədə qəbzin onun tərəfindən imzalanmaması, bu halın araşdırılmaması, həmçinin tərəfindən kredit borcu üzrə iddiaçıya 1300 manat pulun ödənilməsi və bununla bağlı ödəniş qəbzini təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən iddianın tam təmin edilməsi, iş üzrə hərtərfli və obyektiv araşdırmanın aparılmaması, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, nəticədə hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli kredit sazişinə əsasən üzərinə düşən öhdəliyi əhəmiyyətli dərəcədə pozmuş, uzun müddət ərzində ödənişləri həyata keçirməmişdir. Bu səbəbdən də iddiaçı müqavilədən imtina etmiş və qalıq borcun tam şəkildə ödənilməsi üçün cavabdehə 28 oktyabr 2024-cü il tarixli bildiriş göndərmişdir. Bildirişdə cavabdehdən 5187,8 manat əsas borcun və 534,8 manat faiz borcunun qısa müddətdə ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh ödənişləri etməmiş, bu səbəbdən də məhkəməyə müraciət olunmuşdur. Bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişinə əsasən cavabdehə ilkin olaraq 5200 manat kredit verilmişdir. Lakin eyni tarixli digər müqavilə ilə cavabdehə əlavə 15000 manat da kredit verilmiş, həmin məbləğlə bağlı hazırda ayrı məhkəmə icraatı davam edir, ekspertiza təyin olunmuşdur. Tərəflər arasında başqa məhkəmə mübahisəsi yoxdur. Bu səbəbdən də cavabdeh hazırki icraatın dayandırılması barədə vəsatəti əsassızdır. Bununla yanaşı, cavabdeh 1300 manat ödəniş etməsinə dair qəbzlər təqdim etsə də, həmin ödənişlər hazırki kredit üzrə deyil, digər kredit üzrə həyata keçirilmişdir. Ekspertiza rəyindən də görünür ki, cavabdehin hazırki kredit üzrə 28 oktyabr 2024-cü il tarixədək çox cüzi ödənişi olmuş, 02 deyabr 2024-cü ildə isə 176 manat ödəmişdir. Cavabdehin məqsədi işi süni yolla uzatmaqdan ibarətdir. Apellyasiya icraatı zamanı təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının rəyindən də görünür ki, tələb olunan 5187,8 manat əsas borc düzgün hesablanmış, faiz hissədə isə cüzi fərq yaranmışdır. Bununla belə, faizlərin 28 oktyabr 2024-cü il tarixli bildirişdə qeyd edilən 534,8 manat həddində müəyyən olunmasına, həmin məbləğdən isə cavabdehin sonradan ödədiyi 176 manat pul vəsaitinin çıxılmasına etiraz etmirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AL/25048/A0 saylı kredit sazişindən müəyyən olunur ki, iddiaçı cavabdehə 59 ay müddətinə, illik 25% ödəmək şərti ilə 15000 manat kredit xəttindən ilkin olaraq 5200 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit sazişi imzalamaqla onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli “Bank of Baku ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlər”i ilə tanış olmuş və razılaşmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 5030 nömrəli balansdankənar məxaric orderindən müəyyən olunur ki, cavabdehə 1 ədəd “X10 Contactless” kartı verilmişdir. İşdə olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehin xx.xx.2024-cü iİ tarixli kredit sazişinə əsasən xx.xx.2024-cü il tarixə - 5187,8 manat əsas və 534,8 manat faiz borcu, 174,35 manat cərimə borcu vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən bank tərəfindən kredmt müqaviləsi birtərəfli qaydada ləğv edilir və kredit borcunun dərhal ödənilməsi tələb edilir. əks halda borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və icra xərclərinin tutulacağı barədə xəbərdarlıq edilir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə - 5187,8 manat əsas və 673,94 manat faiz borcu vardır. İşdə olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı dövlət rüsumu olaraq 79 manat ödəniş etmişdir. Göründüyü kimi, tərəflər arasında müvafiq kredit sazişi imzalanmış və həmin saziş çəkçivəsində cavabdehə ilkin olaraq 5200 manat kredit verilmişdir. Bununla yanaşı, işdə olan sübutlardan açıq aydın görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmişdir. Cavabdehin özü də bu halı təkzib etməmiş, əksinə istər birinci instansiya məhkəməsində iddia ərizəsinə yazılı etirazında, istərsə də apellyasiya şikayətində göstərmişdir ki, iş yerində əmək haqqının ödənilməməsi səbəbindən kredit ödənişlərini həyata keçirə bilməmişdir. Cavabdeh bununla bağlı (əmək haqqının ödənilməməsi ilə bağlı kredit ödənişlərinin gecikdirilməsinə bankın razılıq verməsi, ona möhlət verilməli olması və s.) iddiaçı ilə müvafiq razılaşmasının olmasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının nümayəndəsi isə bu halı təsdiq etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin digər dəlillərindən göründüyü kimi, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müvafiq kredit sazişi üzrə 1300 manat məbləğində ödəniş etməsinə baxmayaraq həmin məbləğin borcdan düzgün formadan silinməməsinə də istinad etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin kredit sazişi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini (5187,8 manat əsas və 534,8 manat faiz borcu) tələb etmişdir. Lakin, iddia ərizəsindən görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamaqda davam etmiş və maliyyə arayışında göstrəilən 09 dekabr 2024-cü il tarixə - əsas borc üzrə 5187,8 manat, faiz üzrə 673,94 manat tələb etmişdir. Halbuki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən qərarında həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sonda bu nəticəyə (Qərarın 3 və 4-cü bəndləri) gəlmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən bu və digər xüsusatların ekspertiza vasitəsilə aydınlaşdırılmasına zərurət vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2026-cı il tarixli, 9/5374 nömrəli rəyindən görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, AL/25048/AO nömrəli kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə 28 oktyabr 2024-cü il tarixə 5187,8 manat əsas borcu, 626,67 manat faiz borcu mövcud olmuşdur. Ekspert həmçinin qeyd etmişdir ki, hazırki ekspertiza zamanı borc məbləği 28 oktyabr 2024-cü il tarixə hesablandığından cavabdeh tərəfindən 02 dekabr 2024-cü il tarixdə həyata keçrilmiş 176 manat ödəniş nəzərə alınmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə əsas borcun məbləği iddia tələbində göstərilən məbləğlə analoji olmuş, faizlərin hesablanmasında isə cüzi fərq (iddiaçı 673,94 manat tələb etmiş, ekspertiza zamanı 626,67 manat müəyyən edilmişdir) yaranmışdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı müqavilədən imtina edərək, cavabdehə göndərdiyi 28 oktyabr 2024-cü il tarixli bildirişdə faizləri 534,8 manat həddində tələb etmişdir. Belə olan halda isə iddiaçı sonradan daha artıq faiz hesablamaqda haqlı olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası faizlərin məhz 534,8 manat həddində olmasını müəyyən edir. Bununla yanaşı, ekspertiza rəyinə əsasən cavabdeh tərəfindən sonradan 176 manat ödəniş həyata keçirilmişdir. MM-nin 432.4-cü maddəsinin tələbinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, cavabdehin sonradan ödədiyi 176 manat pul vəsaiti bütün borcun ödənilməsi üçün yetərli deyildir, belə olan halda isə həmin pul vəsaiti faizlərdən çıxılmalı, nəticədə cavabdehin iddiaçıya ödəməli olduğu faizlərin məbləği 358,8 manat müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində həmçinin ona bank tərəfindən müvafiq xəbərdarlıq (bildiriş) göndərilməməsini, xəbərnamədə olan imzanın ona məxsus olmamasını göstərsə də işdən görünür ki, cavabdeh açıq-aşkar uzun müddət çərçivəsində kredit öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən də bank tərəfindən onun rəsmi qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, həmin bildiriş rabitə orqanı tərəfindən ünvana çatdırılmışdır. Cavabdeh isə ünvanın ona məxsus olmamasını təkzib etməmişdir. Belə olan halda isə ümumi sözlərlə bildirişin alınmaması barədə dəlillər işdə olan sübutlarla müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh hazırki kredit üzrə 1300 manat ödəniş etməsini, borcun düzgün hesablanmamasını bildirsə də, bu hal da işdə olan digər sübutlarla və ekspertiza rəyi ilə müəyyən olunmamışdır. Əksinə, iddiaçının nümayəndəsinin izahatından və təqdim edilmiş digər sənədlərdən (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, e-2(010)-1384/2025 nömrəli qərardadı, iddia ərizəsi və s.) görünür ki, tərəflər arasında digər kredit məbləği ilə bağlı (15000 manat) da mübahisə vardır və hazırda məhkəmə icraatı davam etməkdədir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən hazırki icraat üzrə təqdim etdiyi ödənişlərin digər kredit müqaviləsi üzrə həyata keçirildiyini bildirmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən sübutları təqdim edə və əsaslandıra bilməmişdir. Həmçinin işdən görünür ki, cavabdeh məlumatlı olmasına baxmayaraq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iştirak etməmiş, irəli sürdüyü dəlilləri əsaslandırmağa çalışmamışdır. Bununla yanaşı, cavabdeh hazırki iş üzrə icraatın dayandırılması barədə yazılı vəsatət versə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərardadından və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyun 2025-ci il tarixli qərardadından görünür ki, cavabdeh hazırki kredit sazişinin etibarlılığını müstəqil qaydada mübahisələndirmiş, lakin iddia baxılmamış saxlanmışdır. Həmçinin, cavabdeh hazırda birinci instansiya məhkəməsində tərəflər arasında digər kredit üzrə məhkəmə mübahisəsinə görə hazırki icraatın dayandırılmalı olmasını da əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır (Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadı). Cavabdeh hazırki icraat çərçivəsində müvafiq əqdin etibarsızlığı ilə bağlı hər hansı sübutu və əsaslandırmanı təqdim etməmiş, əksinə yuxarıda da qeyd edildiyi kimi iddiaya qarşı etirazı və apellyasiya şikayətindəki dəlilləri etibarlı müqaviləyə dayanmış, etirazı isə əsasən kredit borcunun düzgün hesablanmaması, ona bildiriş (xəbərdarlıq) göndərilməməsi və s. bu istiqamətdə olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 5187,8 manat əsas, 358,8 manat faiz borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-nin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. MM-nin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. MM-nin 741.1-ci maddəsinə əsasən, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. MM-nin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-nin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 358,8 manat müəyyən olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissədə dəyişdirilərək, məbləğ faktiki olaraq 315,14 manat həddində azaldığından, həmin məbləğ isə 5000 manatdan az olduğundan iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 358,8 (üç yüz əlli səkkiz manat, 80 qəpik) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən, o, 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar