Məhkəmə qərarları › İş №2(103)-571/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-571/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-571/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2504/2021 saylı, 16.04.2021-ci il tarixli Qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası 7000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ona çatası 6000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahtında bildirdi ki, o, məcburi koçkündür, Tərtər rayonu Şıxarx kəndində məskunlaşmışdır, Cavabdehla münasibətləri yaxşı olmuşdur, bir yerdə işləmişlər, 28.01.2020ci ildə Cavabdeh ailəsində problem olduğu üçün ondən 6000 manat borc pul istəmişdir, o, da münasibətləri yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu bankdan götürüb ona borc olaraq vermişdir, Cavabdeh ondan borc pul alması ilə bağlı qəbz yazıb banka verdi və həmin pulu 28 yanvar 2021 ci ildə qaytarmağı söz verdi, lakin Elvin müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədi, işə düzəlməsinə baxmayaraq pulu dediyi vaxtda qaytarmadı, pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmişdir, o isə cavabında pulu sonra verəcəyini bildirmişdir, təkrar bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını demişdir, onun cavabdehdə 6000 manat pulu qalmışdır, pulunu qaytarmadığı üçün dəfələrlə Cavabdeh qulluq etdiyi hərbi hissəyə getmişdir, bu məqsədlə 1000 manat pul xərcləmişdir, lakin ondan əlavə xərclərini tələb etmir.Odur ki, İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2504/2021 saylı, 16.04.2021-ci il tarixli Qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı o xidmət etdiyi hərbi hissə ərazisində hərbiçilərə sələm verməklə məşğul idi. Həmin vaxt onun adına Bankda kredit var idi. Həmin krediti bağlamaq üçün İddiaçı 2200 manat pul almış və bunun qarşılığında ona əmək haqqı kartını vermişdir ki, hər ay əmək haqqından ona olan borcundan çıxmalı idi. Əlavə olaraq da ondan aldığı 2200 manat pul üçün toplamda ona 2857 manat pul verməli idi və həmin məbləği də iddiaçıya artıqlaması ilə ödəmişdir.Əlavə olaraq da bildirir ki, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmişdir.O, yəni Cavabdeh hərbiçidir, 27.09.2020-ci il tarixdə başlamış Vətən müharibəsi zamanı döyüşlərə qatılmışıdır, 29.09.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində ağır yaralanmışdır.Həmin dövürdən bu günə qədər yaralanmağı ilə bağlı hərbi hosbitalda müalicələr alır, hal-hazırda da səhhətində ağır narahatlıqlar var. Daim həkim nəzaratində müalicələr alır. (Bununla bağlı həkim arayışlarını və xəstəlik epikrizlərini ərizəsinə əlavə edir) Bu səbəbdən də ağır yaralı olduğundan məhkəmə proseslərində iştirak edə bilməmişdir və məhkəmə proseslərindən heç bir xəbəri olmamışdır.2(011)-2504/2021 saylı 16.04.2021-ci il tarixdə onun iştirakı olmadan məhkəmədə qiyabi qətnamə çıxarılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olmasını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin əməkhaqqı kartı heç vaxt onda olmamış, cavabdeh borcundan heç bir məbləğ ödəməmişdir, həmçinin "xxxx"ASC tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş videogörüntülərdə "xxxx"ASC-nin pos-terminallarından (Cavabdeh (şəxsiyyət vəsiqəsinin nömrəsi:AA2559203, FİN: xxxxxxx, doğulduğu tarix: xx.xx.1983) məxsus 2020-ci ilin sentyabr ayına kimi aktiv olmuş kartdan kim tərəfindən, "xxxx" ASC-nin hansı terminallarından və həmçinin hansı məbləğdə pul çıxarılması ilə bağlı məlumatlar, həmçinin, videogörüntülər də daxil olmaqla digər məlumatlar "xxxx" ASC (Baş ofis) tərəfindən Bakı apellyasiya məhkəməsinin Banka göndərilmiş soğu əsasında təqdim olunmuşdur) pul vəsaiti məxaric edən şəxs nə o, nə də onun tanıdığı, yaxud ona aidiyyəti olan şəxs deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq onun əməkhaqqı kartından iddiaçının pul vəsaiti məxaric etməsi, bununla da borcunun ödənilməsinə qiymət verilməsini xahiş etmişdir.Sonuncu məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh təkrar olaraq apellyasiya baxışında iştirak etməmişdir.Məhkəmənin dəftərxanası vasitəsilə 12.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, cavabdehin atası X3 Əhmədovun hərbi hospitalda olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Artıq 3-cü məhkəmə baxışı iclası olması və işin obyektiv araşdırılması baxımından təxirə salınma üçün hər hansı zərurət olmadığından Məhkəmə Kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəflərin izahatını, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin olunmalı, cavabdeh 1-ci instansiyada məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmadığından, bununla da MPM-in 9-cu maddəsinin tələbləri (Ədalət mühakiməsi tərəflərin çəkişməsi, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir) pozulduğundan, eyni zamanda yeni sübutlar təqdim olunduğundan (MPM-in 384.0.2-ci maddəsi nə əsasən Apellyasiya instansiyası məhkəməsi: qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2504/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan mövcud borcun alınması haqqında qəbzdən görünür ki, borclu Cavabdeh 28.01.2020-ci il tarixdə 6000 (altı min) manat pulu borc verən İddiaçı almış, aldığı pulu 28.01.2021-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan AA seriyalı 278974 saylı Məcburi köçkün vəsiqəsini surətindən görünür ki, Əsədov X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Tərtər rayon şöbəsi tərəfindən verilmiş 304 saylı 01.02.2021-ci il tarixli arayışdan görünür ki, Əsədov X4 rayonundan məcburi köçkündür və hazırda Tərtər rayonu Şıxarx kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 20.09.2021-ci il tarixli Arayışdan görünür ki, N nömrəli hərbi hissənin zabiti, mayor (təv.1983-cü il, 08.2001-ci il SHXÇDX Suraxanı Rİ) Cavabdeh DİSSOSİATİV reaksiya” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş X2 bölməsində stasionar müayinə və müalicədədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 07.01.2022-ci il tarixli Arayışdan görünür ki, N nömrəli hərbi hissənin zabiti, mayor Cavabdeh 19.12.2021-ci il tarixdən hal-hazıra kimi Müdafiə Nazirliyinin Baş X6- Çənə cərrahiyyə bölməsində stasionar müayinə və müalicədədir. Daha sonra cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanması baxımından (Cavabdeh şikayətində bildirmişdir ki, İddiaçı 2200 manat pul almış və bunun qarşılığında ona əmək haqqı kartını vermişdir ki, hər ay əmək haqqından iddiaçıya olan borcundan çıxmalı idi. Əlavə olaraq da ondan aldığı 2200 manat pul üçün toplamda ona 2857 manat pul verməli idi və həmin məbləği də iddiaçıya artıqlaması ilə ödəmişdir.) "xxxx"ASC tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş və məhkəmə iclasında araşdırılmış videogörüntülərdə "xxxx"ASC-nin pos-terminallarından pul vəsaiti məxaric edən şəxsin nə İddiaçı, nə də onun tanıdığı, yaxud ona aidiyyəti olan şəxs olması müəyyən olunmamışdır. (Cavabdeh (şəxsiyyət vəsiqəsinin nömrəsi:AA2559203, FİN: xxxxxxx, doğulduğu tarix: xx.xx.1983) məxsus 2020-ci ilin sentyabr ayına kimi aktiv olmuş kartdan kim tərəfindən, "xxxx" ASC-nin hansı terminallarından və həmçinin hansı məbləğdə pul çıxarılması ilə bağlı məlumatlar, həmçinin, videogörüntülər də daxil olmaqla digər məlumatlar "xxxx" ASC (Baş ofis) tərəfindən Bakı apellyasiya məhkəməsinin Banka göndərilmiş soğu əsasında təqdim olunmuşdur). Beləliklə, iş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan 6000 manat borc almış, həmin məbləği müqavilədə nəzərdə tutulmuş 28.01.2021-ci il tarixinə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya 6000 manat məbləğində borcu qalmışdır. Cavabdeh borcunu iddiaçıya verdiyi ona məxsus və 2020-ci ilin sentyabr ayına kimi aktiv olmuş kartından iddiaçının “Kapital Bank" ASC-nin terminallarından məxaric etdiyi pul vəsaiti hesabına ödədiyini bildirsə də, bu dəlil mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmamışdır. Belə ki, "xxxx"ASC tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş və məhkəmə iclasında araşdırılmış videogörüntülərdə də "xxxx"ASC-nin pos-terminallarından Cavabdeh (şəxsiyyət vəsiqəsinin nömrəsi:AA2559203, FİN: xxxxxxx, doğulduğu tarix: xx.xx.1983) məxsus 2020-ci ilin sentyabr ayına kimi aktiv olmuş kartdan pul vəsaiti məxaric edən şəxsin nə İddiaçı, nə də onun tanıdığı, yaxud ona aidiyyəti olan şəxs olması müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən Cavabdeh iddiaçıdan 6000 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş 28.01.2021-ci il tarixinə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürməsi iş materialları ilə təsdiq olunduğundan, borcun qaytarılmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində pul Dövlət Büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2504/2021 saylı, 16.04.2021-ci il tarixli Qiyabi qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar