Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5711/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1803/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X6 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində agent vəzifəsində çalışır, əmək haqqısı 814 manat təşkil edir. Cavabdeh sonuncu dəfə xx.xx.2018 – xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatların ixtisarı əsası ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır, onun adına qüvvədə olan əmək müqaviləsi mövcud deyil.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-1535/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 250 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 500 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1535/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2018ci il təvəllüdlü qızı X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq onun xeyrinə 250 manat sabit pul məbləğində alimentin tutulması qət edimişdir. Cavabdeh hazırda "xxxx" MMC-də smetaçı vəzifəsində çalışır və əmək haqqı 3.336,31 manat təşkil edir. Hazırda o, işsizdir. Maddi durumu çox zəifdir, işsiz olduğundan atasının pensiyası hesabına dolanır. Bu səbəbdən müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 500 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1803/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 23.012018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş 250 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X7)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 300 manat məbləğində müəyyən edilməlidir. Bu səbəbdən iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78-ci, 78.2-ci, 100.2-ci, 112.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Uşaq hüquqları haqında” Qanunun 13-cü maddəsinə, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər təyin edilmiş aliment onun işlədiyi, qazancının olduğu dövrə aid idi. Məhkəmə, aliment təyin edildikdən sonra onun maddi durumumda olan dəyişikliyə, yəni işsiz qalmağına, maddi ehtiyacda olmağına əhəmiyyətsiz yanaşmışdır. Əvvəlki vəziyyətdən fərqli olaraq o, hazırda işləmir, işsizdir və buna dair sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə, onun işsiz olmağına dair sübutlarına, faktiki durumuna əhəmiyyətsiz yanaşmaqla, təqdim etdiyi sübutları tədqiq etmədən qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə qətnaməsi əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi onun təqdim etdiyi sənədləri sübut qismində sadalasa da və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsaslansa da təyin edilmiş alimentin 300 manat müəyyən olunması əsaslarını açıqlamamışdır. Əksinə məhkəmə alimentin azaldılmalı olduğuna əsas verən hallara istinad edərək alimenti artırmışdır, yəni tərəflərin qarşılqlı münasibətlərini səhv təsfir edərək, işə normanı yanlış tətbiq etmişdir. Bu səbəbdən o, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi düzgün olmamaqla yanaşı, qətnamə maddi və prosessual hüquq normaları baxımından da düzgün sayıla bilməz. Məhkəmənin iş üzrə nəticəsi, işin materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, onun işsiz olmağına dair, imkansız durumu barədə sübutlarına rəğmən məhkəmə iddia tələbini qismən təmin edərək heç bir əsas olmadan, aliment miqdarını 300 manat müəyyən etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, bir müddətdir ki, işsizdir, valideynlərinin aldığı pensiya məbləğinə möhtacdır. O, alimentin 250 manat məbləğində təyin edilməsinə razılıq verəndə işləyirdi, lakin hazırda heç bir yerdə işləmir və o, bununla bağlı məşğulluq xidmətinə də müraciət etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh işsiz deyildir, hazırda da cavabdeh işləyir, sadəcə cavabdeh alimenti çox ödəməmək üçün işlədiyini gizlədir. Təyin edilən aliment onun övladının haqqıdır. Birgə yaşadıqları dövrdə də cavabdeh həmişə yüksək maaşlı işlərdə çalışmış və əmək haqqısı da daim yüksək olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
22. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Digər tərəfdən tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.
24. Cavabdehdən iddiaçının xeyrinə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat aliment məhkəmə qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdən tutulur. Həmin ildə uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu 193 manat olmuşdur. Lakin iddiaçının tələbi və ən asası da cavabdehin iddianı etiraf etməsi nəticəsində ondan hər ay 250 manat sabit pul məbləğində tutulmuşdur. Bu da bilavasitə cavabdehin həmin vaxt mövcud olan aylıq gəlirlərinin göstəricisi qismində çıxış edir və onun hər ay 250 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün maddi imkanının olmasını təsdiq edir.
25. Lakin hazırda cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, 250 manat sabit pul məbləğində aliment tutularkən işlədiyini, lakin hazırda işləmədiyini, heç bir qazancının olmadığını, ötən dövr ərzində maddi vəziyyətində heç bir yaxşılaşmanın baş vermədiyini bildirir. Onun bu mövqeyi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2018 – xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatların ixtisarı əsası ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır, onun adına qüvvədə olan əmək müqaviləsi mövcud deyil.
26. İddiaçı isə cavabdehin hazırda əmək müqaviləsi əsasında işlədiyini və onun əmək haqqının 3.336,31 manat təşkil etdiyini bildirməklə yanaşı, həmçinin özünün də işsiz olduğunu və atasının pensiyası hesabına özünü və uşağı təmin etdiyini bildirir. Halbuki, cavabdehin hazırda işsiz olduğu ilə yanaşı, iddiaçının rəsmi iş yerinin olduğu və onun hər ay 814 manat məbləğində əmək haqqı aldığı artıq öz təsdiqini tapmışdır. İddiaçı cavabdehin alimentdən yayınmaq üçün gəlirləri barədə məlumatı gizlətdiyini bildirsə də, irəli sürdüyü bu arqumentləri təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
27. Bununla belə, hüquqi nəticə etibarı ilə üzərində alimentin ödənilməsi öhdəliyi olan cavabdehin maddi vəziyyəti 2022-ci illə müqayisədə pisləşmişdir və hazırda iddiaçı hər ay əmək haqqı qismində 814 manat müntəzəm gəlirə malik olduğu bir halda, cavabdeh hər hansı gəlirə malik deyil. Bu halın mövcudluğu isə ondan tutulan aliment məbləğinin artırılmasını istisna edir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən o halı da qeyd edir ki, hələ 2022-ci ildə cavabdehdən tutulan alimentin məbləği (250 manat) 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən də (220 manat) yüksəkdir. Başqa sözlə, hələ 2022-ci ildə müəyyən edilmiş aliment məbləği hesabına tərəflərin birgə nikahından doğulmuş uşağın 2023-cü il üzrə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur. Belə olan halda (iddiaçının aylıq gəlirləri də nəzərə alınmaqla) alimentin hazırki məbləğinin artırılmaması uşağın maddi vəziyyətinə də mənfi təsir göstərmiş olmur.
29. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas götürüb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
30. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (50x12=600 manat) 600 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1803/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.