Məhkəmə qərarları › İş №2(103)-5714/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5714/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5714/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən əmlakına dəymiş zərərə görə 5600 manatın, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manatın və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, maddi zərərə görə 2108,27 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 11 manatı və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 50 manat, cəmi 2169,27 manatın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 62 manatının İddiaçı, 38 manatını isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yol hərəkəti hadisəsi zamanı «Chevrolet Aveo» markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində qeyd olunan qaydaya riayət etməmişdir. Həmin maddəyə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərin və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən səs siqnalları və sayrışan işıqları yanan avtomobillərə yol verilməli idi. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, X12 2017-ci il tarixdən Tibb Universitetinin Tədris X4 X14 sürücü kimi «X15» markalı, xüsusi təyinatlı ** JX *** dövlət nömrə nişanlı təcili yardım avtomobilini idarə etmişdir. Çağırışla əlaqədar həkimi və tibb bacısı ilə birlikdə avtomobillə hərəkətdə olarkən «Renault- Megane» markalı avtomobil ilə toqquşmuşdur. Zərbədən «Renault-Megane» markalı avtomobil 90 dərəcə dönərək yolun ikinci hərəkət zolağında yola perpendikulyar vəziyyət almış, onun arxası ilə eyni zolaqda hərəkətdə olan «Chevrolet Aveo» markalı avtomobil təcili tibbi yardım avtomobilindən yayınaraq sağa, 2-ci zolağa keçərək «Renault-Megane» markalı avtomobilin sol tərəfindən ortadan çırpılmışdır. Baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində X1 almış olduğu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğundan, həmçinin X2 notarial qaydada ərizə təqdim edərək sürücü X12 ilə barışdığından, həmin sürücü tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən X7 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığına görə Azərbaycan Respublikası CPMnin 40.3-cü maddəsinin tələblərinə uyğun olaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Mercedes Benz 200» markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 yol nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarəti almasını nəzərə alaraq X7 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci mədəsinin tərkibi olduğundan barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami rayon prokurorluğu vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçı qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər olaraq 5600 manatın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2007-ci il buraxılışİı “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 4183,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 14.06.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə görə yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə əsasında idarə edən X9 2074,73 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2074,73 manatı “xxxx” ASC tərəfindən ödənildiyi müəyyən edildiyindən hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.01.2021ci il tarixli, 9/4066 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş zərərin məbləği 2074,73 manat azaldılmalı, 2108,27 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə X10 50 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasıa onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır, mübahisələndirilməyən hissədə isə yoxlanılmır. Hazırki iş üzrə, iddia tələbinin təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar), tələbin təmin edilən hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya əlamətlərinə uyğun olmuşdur. Çünki, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin işçisi tərəfindən iddiaçıya maddi zərər vurması müəyyən edilmişdir. Belə ki, bu hal iş materialları ilə tam təsdiq olunur. X7 cavabdehin Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından işçisi olması işin mübahisəsiz halıdır. Yəni, bunu cavabdeh tərəf də mübahisələndirməmişdir. X13 əmək müqaviləsi yaxud mülki hüquqi müqavilə əsasında cavabdehin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o, cavabdehin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də cavabdeh məhz Mülki Məcəllənin 1099.1ci maddəsinin məcburi tələblərinə əsasən iddiaya cavab verməli olan şəxsdir və işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və İlham Məmmədovun vurduğu zərərin əvəzini ödəməlidir. Əlbətdə ki, cavabdehin də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən İlham Məmmədovun vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres)hüququ vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan normalarının, yəni maddi hüquq normalarının tələblərinə riayət edərək qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili iddiaçının “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərinə riayət etməməsi ilə bağlıdır. Ancaq bu cür dəlil özü də apellyasiya şikayətinin açıq-aşkar əsassız olduğuna dəlalət edir. Çünki, iddiaçının həmin maddənin tələblərinə riayət etməməsi ümumiyyətlə iş materialları ilə təsdiq olunmur və ümumiyyətlə mübahisə predmeti də olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar