Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5715/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, X3, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X6 və “xxxxxxxxx” MMC-yə qarşı “borc sənədinin etibarsız hesab edilməsi və s.” haqqında ilkin, X3 İddiaçı qarşı “borcun ödənilməsi və s.” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı və X6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, tərəfindən Rəcəbəli Məmmədova verilmiş xx.xx.2016-cı il tarixli borc sənədinin etibarsız sayılması və ödənilmiş dövlət rüsumunun R.Məmmədovdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Rəcəbəli Məmmədov, qarşılıqlı iddia verərək (iddia tələbinin həcmini artırmaqla), İddiaçı 180.000 ABŞ dolları əsas borc, 120.000 ABŞ dolları mənəvi zərər və 100.000 ABŞ dolları faiz olmaqla, cəmi 400.000 ABŞ dollarının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək, İddiaçı 180.000 ABŞ dollarının (manatın ödəniş gününə olan məzənnəsi ilə) tutularaq Rəcəbəli Məmmədova ödənilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ilkin iddianın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq göstərilmişdir ki, rayon məhkəməsinin gəldiyi nəticə nə işin hallarına, nə işdəki sənədlərə, nə də ki qanunvericiliyə uyğun deyil. Əvvəla məhkəmə, tərəflər arasında borc münasibətinin olması haqqında yalnış qənaətə gəlmişdir. İkincisi, R.Məmmədovun xeyrinə tutulmalı olan məbləğin 180.000 həcmində, özü də ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə tutulması haqqında gəldiyi nəticə absurd olmaqla, işdəki sənədlərin və tərəflərin münasibətinin açıq-aşkar təhrif edilməsidir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb (halbuki, İddiaçı dediklərini elə R.Məmmədov öz yazdıqları ilə təsdiqləmişdir), onlara obyektiv hüquqi qiymət vermək əvəzinə, məsələyə çox formal şəkildə yanaşmış, mübahisəli sənədin məzmununu belə təhlil etmədən, tərəflərin əsl münasibətini nəzərə almadan İddiaçı R.Məmmədovun xeyrinə 180.000 ABŞ dollarının tutulması kimi səhv nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi, İddiaçı əqdin etibarsızlığından əlavə iddianın həcminin artırılması barədə ərizəsinə münasibət bildirmədən prosessual qaydaları pozmaqla, qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə ərizədə göstərilənləri həll etmədən baxışı tamamlaya və qətnamə çıxara bilməzdi. Rəcəbəli Məmmədov da, apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, ona 180.000 ABŞ dolları borcla yanaşı, 120.000 ABŞ dolları mənəvi zərərin və 100.000 ABŞ dolları faizlərin ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı 2013-cü ilin ortalarından başlayaraq, 2018-ci ilin aprel ayınadək, 51 ay ərzində ondan aldatma yolu ilə aldığı 180.000 ABŞ dollarını qaytarmaqdan imtina etmiş, ondan əsassız və qanunsuz istifadə etməklə varlanmış, ötən müddət ərzində pulun qaytarılması barədə tələblərinə məhəl qoymamış, ona külli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Nəticədə, R.Məmmədov, maddi məhrumiyyətlərlə üzləşmiş, mənəvi sarsıntı, iztirab keçirmiş, sağlamlığı pozulmuş, bununla əlaqədar müalicələr almış, onlara pul xərcləmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X8 adına Milli Oftolmologiya Mərkəzində, “OS yetişməmiş katarakta, OD başlanğıc katarakta” diaqnozu ilə müalicədə olmuş, hər iki gözündə cərrahi əməliyyat aparılmışdır. Həmçinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “aşağı ətrafların xroniki xəstəliyi İİ mərhələ, ÜİX, gərginlik stenokardiyası İİ fs, şəkərli diabet İİ tip” diaqnozu ilə Bakı Medical Plaza Mərkəzində müayinə və müalicə olunmuş, xx.xx.2018-ci il tarixdə ona endotraxeal narkoz altında “Bifemoral femora-politlal burass” əməliyyatı icra olunmuşdur. Bundan başqa, Mərkəzi Bankın xx.xx.2018-ci il tarixli arayışından görünür ki, bankın illik uçot dərəcəsi xx.xx.2016-xx.xx.2018-ci ilə qədər 15% olmuşdur. Həmin uçot dərəcəsinə uyğun olaraq, 180.000 ABŞ dollarının 15%-i 27.000 ABŞ dolları təşkil edir. İddiaçı ondan aldığı 180.000 ABŞ dollarından dörd ildən artıq müddət ərzində qanunsuz istifadə etməsi nəticəsində cavabdehə dəyən zərər 27.000 ABŞ dollarından çox olmaqla, 100.000 ABŞ dolları olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı, R.Məmmədov və “xxxxxxxxx” MMC-yə qarşı “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, tərəfindən R.Məmmədova verilmiş borc sənədinin etibarsız sayılması, R.Məmmədov və MMC-dən ona vurduqları maddi ziyana görə 50.000 manat, mənəvi ziyana görə 100.000 manat olmaqla, cəmi 150.000 manatın və iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəq 54). Ərizə onunla əsaslandırılmışdır ki, həm İddiaçı, həm də R.Məmmədovun verdiyi vəsait MMC tərəfindən həyata keçirilən ümumi ticarətə qoyulmuşdur. MMC tərəfindən ticarət fəaliyyəti səmərəli şəkildə təşkil edilmiş olsaydı, onlar ziyana düşməzdi. Cavabdehlərin ona qarşı birgə qərəzli münasibətləri vardır. Nəticədə onun səhhətində ciddi problemlər yaranamışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, “xxxxxxxxx” MMC-nin iş üzrə cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə isə, hər iki apelyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, bildirmişdir ki, uzun müddət mebel sahəsində biznes fəaliyyəti ilə məşğul olmuş, Rəcəbəli Məmmədovu çoxdan tanımış, münasibətləri yaxşı olmuşdur. Lakin R.Məmmədovdan borc almamışdır. Belə ki, R.Məmmədov, bir gün yanına gələrək, biznes fəaliyyətində iştirak etmək istədiyini bidirmiş və pul verməyi təklif etmiş, o da təklifi qəbul etmişdir. O, şirkətə hissə-hissə əvvəl 100.000 ABŞ dolları (78.000 manat) və daha sonra 60.000 manat olmaqla, cəmi 138.000 manat pul qoymuşdur. Yəni, pulu ona yox, şirkətə vermiş və dollarla verdiyi məbləğ həmin anda şirkətin mühasibatlığına daxil olaraq, manata çevrilmişdir. Çünki dövriyyədə dollarla işlədilməsi mümkün deyildi. Daha sonra, ölkədə devalvasiya olmuş və şirkət ziyana düşmüşdür. R.Məmmədovla şifahi razılaşmaları isə əvvəldən belə olmuşdur ki, o ümumi işə pul qoyur və əldə edilən gəlirlərdən ona da pay düşəcək. Aralarında konkret məbləğ razılaşmamışlar, eyni zamanda ziyanla bağlı da razılaşma olmayıb. Hətta, onu işə də qəbul etmişdir ki, arxayın olsun. Lakin ziyana düşəndə onu ziyana şərik etməmiş, bildirmişdir ki, pulu batmayacaq, qoyduğu pulu əvəzləşdirəcək. Verdiyi pula satış üçün mebellər alınmış və həmin dövrdə mebel ticarətində geriləmə olduğundan bütün mebel mağazaları kimi ziyanla işlədikləri üçün təklif etmişdir ki, pulun dəyəri həcmində ya mebellərdən götürsün, ya da Gəncə şəhərində olan obyektini öz mülkiyyətinə keçirsin. Lakin R.Məmmədov, heç bir təkliflə razılaşmayaraq, tez-tez ofisə gələrək, onu narahat etmişdir. Buna görə də, yəni ona təsir etdiyi üçün işdə olan qəbzi yazmışdır. R.Məmmədova 10.000 manat qaytarmışdır. Qarşı tərəfin verdiyi qalan pulu natura şəklində qaytarmağa razdır, lakin pul şəklində qaytarmağa yox. Çünki pul ümumi işə qoyulub. Əslində, gəlirə şərik olduğu kimi, ziyana da şərik olmalı olduğu halda o, vicdanlı hərəkət edərək naturada qaytarmağa razı olur. Suallara cavab olaraq bildirdi ki, aralarında özəlləşmə söhbəti olmayıb. Qarşılıqlı iddiaçının birgə ticarətə qoyduğu pul verilən zamanda olan məzənnəyə görə 100.000 ABŞ dolları 78.000 manat edirdi. Şirkətdən zorla uzaqlaşdırıldığına görə sənədlər onda yoxdur, hamısı şirkətdə qalıb. Bu səbəbdən, işlə əlaqədar sənədləri təqdim edə bilmir. İddianı qismən, yəni 128.000 manatın natura şəklində qaytarılması hissəsində etiraf edir və bu hissədə təmin olunmasına etiraz etmir. Qarşı tərəflə şərtləri belə olub ki, ziyan İddiaçı öhdəsində olub, xeyir olsa ona da verəcək. Ona 10.000 manat vermişdir. Lakin sübut təqdim edə bilmir. İddiaçı nümayəndəsi və vəkili, öz apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, İddiaçı sahib olduğu “xxxxxxxxx” şirkətinin dövlət müəssisəsi ilə birgə fəaliyyət haqqında sazişi olub. O, biznesini genişləndirəndə qarşılıqlı iddiaçı onun yanına gələrək, bu genişləndirmədə iştirak etməyi təklif edib. Qarşılıqlı iddiaçı borc verməyib. O, birgə ticarət fəaliyyətinə pul qoyub. Rayon məhkəməsi tələbin hüquqi əsasını borc olaraq səhv müəyyən edib və nəticədə yanlış qənaətə gəlib. Qarşı tərəf qəbzdəki 180.000 dolların izahını verə bilmir. Tərəflər arasında faiz razılaşması olmayıb, çünki birgə ticarət münasibətləri yaranıb. Göstərilənlərə əsasən, şikayətlərinin təmin, qarşı tərəfin şikayətinin isə rədd edilməsini xahiş edir. Rəcəbəli Məmmədov isə, bildirmişdir ki, İddiaçı 100.000 ABŞ dollar və 60.000 manat pul vermişdir. Pulu çevirmiş və qəbzə 180.000 ABŞ dolları yazmışlar. Hazırda qəbzdə olan pulu tələb edir. Pulu qəbz yazılandan iki il əvvəl vermişdir. Suallara cavab olaraq bildirdi ki, qarşı tərəfə pulu bir yeri özəlləşdirmək üçün vermişdir. Onu əvvəldən tanıyırdı. Pulu 2014-cü ildə vermişdir. Obyekt özəlləşdirilməli idi. Lap borc kimi pulu vermişdir. Sonra? Qarşı tərəf istəyir ki, qəbzdəki pulu verilən zaman mövcud məzənnəyə çevirsin. İş materiallarında faiz məsələsi və digər detallar var. Başqa suallara cavab vermək istəmir. Halı pisdir. Faiz tələbini o yazmamışdır. Rəcəbəli Məmmədovun nümayəndəsi və vəkili, öz apelyasiya şikayətlərinin dəlillərini uyğun izahat edərək, eyni zamanda bildirmişdir ki, qarşı tərəfin dedikləri yalnız sözlərdən ibarətdir və sübut yoxdur. Tərəflər arasında borc münasibətləri olmuşdur. Heç bir birgə ticarətdən söhbət gedə bilməz. Göstərilənlərə əsasən, şikayətlərinin təmin, qarşı tərəfin şikayətinin isə rədd olunmasını xahiş edir. Suallara cavab olaraq bildirdi ki, İddiaçı pul 2014-cü ildə verilib. İddia ərizəsində isə 2013-cü il yazılıb. Bu fərqi belə izah edir ki, təmsil etdiyi şəxs dəqiq xatırlamaya bilər. Elə böyük fərq deyil. Özəlləşdirmə desə də, təmsil etdiyi şəxs sonradan sözünü dəyişib borc verdiyini demişdir. Qarşı tərəf faizə dair vəd verdiyi üçün iddiada yazmışlar. Təmsil etdiyi şəxs faizi özünün yazmadığını deməklə vəkilin yazdığını nəzərdə tuturdu. 180.000 dolların yazılmasının izahının verilməsi barədə sualı belə cavablandırır ki, tərəflər qəbzdə bu məbləğin yazılmasına razılaşıblar. Borc verənin niyə borc alanın yanına getməsi ilə bağlı sualı isə belə cavablandırır ki, R.Məmmədovla qarşı tərəf dost olublar. O, xahiş etdiyi üçün, yanına gedib və borc verib. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “xxxxxxxxx” MMC məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, R.Məmmədovun şikayəti rədd, İddiaçı şikayəti isə qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi, ilkin iddianı rədd, qarşılıqlı iddianı isə qismən təmin edərkən, qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Ali Məhkəmə isə, rayon məhkəməsinin qətanaməsini dəyişdirmədən saxlayan apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, xx.xx.2020-ci il tarixli qərarında vurğulamışdır ki, ...apelyasiya instansiyası məhkəməsi hər iki iddia tələbinin dəlillərinə əsasən tərəflər arasındakı münasibətin həqiqi xarakterinin nədən ibarət olmasını tam araşdırmamış və bunun nəticəsi olaraq tələbin maddi hüquqi əsasını düzgün tətbiq etməmişdir. Belə ki, ilkin iddiaçı iddia tələbində Rəcəbəli Məmmədov tərəfindən 100.000 ABŞ dolları və 60.000 manat həcmində pul vəsaitinin mebel satışı ilə bağlı ticarətə qoyulması və gəlir əldə etmək məqsədi ilə qoyulduğunu, yəni həmin məbləğlərin borc kimi verilmədiyini bildirir. Bununla əlaqədar Rəcəbəli Məmmədov ilkin iddia tələbinə etirazında aşağıdakı məqamları qeyd etmişdir: “...2013-cü ilin axırlarında İddiaçı Ticarət Mərkəzində məndən əvvəl 100.000 ABŞ dolları, sonra 60.000 manat pul istəmiş, bildirmişdir ki, ayda 20.000-25.000 manat xeyrimiz olacaqdır. Mən də ona inanıb, həmin məbləğ pulları iş yerində İddiaçı vermiş, o da öz növbəsində pulları Vüsal adlı oğluna vermişdir...”. Etirazda, həmçinin aşağıdakılar qeyd olunmuşdur: “Belə ki, mən İddiaçı mebel ticarətinə qatılmağımı xahiş etməmiş, o, özü əldə edəcəyi gəlirdən mənə pay verməyi vəd etmiş, lakin vədi yerinə yetirməmiş, mebel ticarətinin gedişi məni maraqlandırmamış, bu barədə İddiaçı məlumat tələb etməmiş və almamış, mənə ofis lazım olmamış, İddiaçı ayı 1000 manata mənə ofis təklif etməmişdir...”. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasındakı münasibətlər müəyyən mənada kommandit ortaqlıq üzrə Mülki Məcəllənin 82.1-ci maddəsində təsbit olunmuş münasibətlərin məzmununa uyğundur. Həmin maddəyə görə, kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır. Lakin Mülki Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından tərəflər arasındakı münasibətlərə həmin maddə tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 82.4-cü maddəsinə əsasən, kommandit ortaqlığının firma adında bütün tam ortaqların adları ilə “kommandit ortaqlığı” sözləri və ya “və ortaqları” və “kommandit ortaqlığı” sözləri əlavə edilməklə azı bir tam ortağın adı göstərilməlidir. Buna görə, ilkin və qarşılıqlı iddia ərizələrinə Mülki Məcəllənin 390.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya, Ali Məhkəmənin yuxarıdakı mövqeyini nəzərə alaraq, bildirir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını nəzərdə tutur. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Bu baxımdan, nəzərə alınmalıdır ki, MM-nin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Kollegiya, mülki qanunvericiliyin qeyd olunan normalarını hazırkı mülki işə tətbiq edərək, ilkin və qarşılıqlı iddianın həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşin hallarından və tərəflərin izahatlarından belə müəyyən olunur ki, Rəcəbəli Məmmədov tərəfindən 2014-cü ildə İddiaçı mebel ticarətinə pul qoyulmaqla tərəflər arasında şifahi formada razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya görə, R.Məmmədov 100.000 ABŞ dolları və 60.000 manat məbləğində mebel ticarətinə pul qoyur və əvəzində əldə edilmiş mənfəətdən qoyduğu pula müvafiq olaraq pay hüququ qazanır. Lakin şirkətin sahibkarlıq fəaliyyətində iştirak etmir, sahibkarlıq fəaliyyəti ilə İddiaçı məşğul olur. Şirkətin fəaliyyəti ilə bağlı zərər üçün hər hansı məsuliyyət daşımır. İşdə olan İddiaçı tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli iltizamdan görünür ki, İddiaçı iki il əvvəl R.Məmmədovdan 100.000 ABŞ dolları və 60.000 manat pul almışdır. İndiki kursla o, 180.000 ABŞ dolları qaytarmalıdır. Hazırda ilkin iddia üzrə İddiaçı, tərəfindən R.Məmmədova verilmiş xx.xx.2016-cı il tarixli iltizamın hədənin təsiri altında yazıldığını bildirərək, həmin sənədin etibarsız hesab edilməsini və R.Məmmədov və “xxxxxxxxx” MMC-dən ona vurduqları maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Mülki Məcəllənin339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Normadan aydın olur ki, qanunda əqdin məcburetmə, yəni zorakılıq və ya hədələmə nəticəsində bağlanması etibarsızlıq əsası kimi nəzərdə tutulmuşdur. Bu əsasla əqdin etibarsız sayılması üçün aşağıdakışərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özünü (o cümlədən qohumlarına) və ya əmlakını real təhlükə yarada biləcəyi nəticəsində müqaviləni bağlamalıdır. Bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. İstinad olunan etibarsızlıq hallarından hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Baxılan işdə isə İddiaçı, mübahisələndirdiyi xx.xx.2016-cı il tarixli iltizamı R.Məmmədov tərəfindən edilmiş hədələr nəticəsində yazdığını bildirərək, həmin sənədin etibarsız sayılmasını xahiş etsə də, bu faktı təsdiqləyən mötəbər sübutları (şahid ifadələri, maddi daşıyıcılar və s.) məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, iddiaçı, Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozisiya şərtlərini sübuta yetirə bilməmişdir. Ona görə də, ilkin iddia bu tələbə aid hissədə təmin oluna bilməz. Kollegiya, bu qənaətə gələrkən onu da vurğulayır ki Mülki Məcəllənin 354.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət (354.1-ci maddəsində nəzərdə tutulan iddia müddətindən fərqli olaraq) kəsici müddətdir. Kəsici müddəti cavabdehin ərizəsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə tətbiq edir. Hazırkı işdə İddiaçı, hədələmə faktını sübuta yetirə bilmədiyindən əqdin mübahisə edilməsi üçün müddətin araşdırılmasına da ehtiyac yoxdur. Kollegiya, prosessual qənaət prinsipini də nəzərə alaraq bu xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Məhkəmə kollegiyası, ilkin iddianın vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə münasibətdə isə bildirir ki, İddiaçı, bu tələbrinin əsası kimi istinad etdiyi halları da sübuta yetirə bilməmişdir. Belə ki, o, “xxxxxxxxx” MMC tərəfindən ticarət fəaliyyətinin səmərəli şəkildə təşkil olunmadığını, cavabdehlərin ona qarşı qərəzli mövqedə olduqlarını bildirsə də, məhkəməyə qeyd olunanlarla bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, Kollegiya, ilkin iddianı bu hissələrdə də əsaslı saymır. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qarşılıqlı iddia üzrə isə, Rəcəbəli Məmmədov, İddiaçı 180.000 ABŞ dollarının, onun ödənilmədiyi müddət üçün faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İşin müəyyən edilmiş faktiki hallarına görə, R.Məmmədov, İddiaçı mebel ticarətinə 2014-cü ildə 100.000 ABŞ dolları və 60.000 manat məbləğində pul qoymuş və tərəflər aralarındakı razılaşmaya əsasən belə şərtləşdirmişlər ki, ticarət fəaliyyətindən əldə edilmiş mənfəətdən R.Məmmədova müvafiq pay verilməli, şirkət ziyana düşdükdə isə o, maddi məsuliyyət daşımamalıdır. R.Məmmədovun qoşulduğu İddiaçı tərəfindən həyata keçirilən mebel ticarətinin ziyanla işləməsi isə işin mübahisəsiz halıdır. Belə olan halda, qarşılıqlı iddiaçı şirkətin fəaliyyəti ilə bağlı zərər üçün hər hansı məsuliyyət daşımadığından şirkətə qoyduğu pulun (yəni 100.000 ABŞ dolları və 60.000 manat) geri qaytarılmasını tələb etməkdə haqlıdır. Rəcəbəli Məmmədov isə hazırda xx.xx.2016-cı il tarixli iltizama istinad edərək,İddiaçı 180.000 ABŞ dollarının qaytarılmasını tələb edir. Belə ki, İddiaçı tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli iltizamdan görünür ki, İddiaçı iki il əvvəl R.Məmmədovdan 100.000 ABŞ dolları və 60.000 manat pul almışdır. İndiki kursla o, 180.000 ABŞ dolları qaytarmalıdır. Lakin Ali Məhkəmə hazırkı iş üzrə yuxarıda istinad olunan qərarında qeyd etmişdir ki, ...xx.xx.2016-cı il tarixli iltizamda iki il bundan öncə alınmış 100.000 ABŞ dolları və 60.000 manat pulun indiki kurs ilə 180.000 ABŞ dolları etdiyi qeyd olunsa da, adi hesablama üzrə bunun düzgün olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının internet saytından əldə edilmiş çıxarışa əsasən isə, 2014-cü il ərzində 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 0,78 manat olmuşdur. Bu baxımdan, Kollegiya, hesab edir ki, R.Məmmədov tərəfindən 2014-cü ildə mebel ticarətinə qoyulmuş 78.000 manat (ABŞ dollarının həmin vaxt Azarbaycan manatına olan məzənnəsinə uyğun olaraq) və 60.000 manat olmaqla, ümumilikdə 138.000 manat ona qaytarılmalıdır. İddiaçı, apelyasiya baxışında verdiyi izahatında R.Məmmədova 10.000 manat verdiyini bildirərək, qarşılıqlı iddianı qismən yəni 128.000 manatın natura şəklində qaytarılması hissəsində etiraf etmiş və bu hissədə təmin olunmasına etiraz etməmişdir. Kollegiya, ilk növbədə bildirir ki, İddiaçı, R.Məmmədova 10.000 manat qaytardığını bildirsə də, bu fakt onu izahatından başqa, hər hansı sübutla dəstəklənmədiyindən, mötəbər hesab edilə bilməz. Eyni zamanda, İddiaçı qalan 128.000 manatı qaytarmalı olmasını etiraf edərək, şirkət zərərə düşdüyü üçün onu naturada qaytaracağını bildirsə də, işin hallarından tərəflər arasında bununla bağlı hər hansı razılaşma olması müəyyən olunmur. Əksinə, aralarındakı razılaşmaya əsasən, şirkətin fəaliyyəti ilə bağlı zərərə görə R.Məmmədovun hər hansı formada məsuliyyət daşımayacağı şərtləşdirilmişdir. Belə olan halda, Kollegiya qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə qismən təmin edilərək, R.Məmmədov mebel ticarətinə qoyulmuş 138.000 manat məbləğində pul İddiaçı tutularaq ona ödənilməlidir. Kollegiya, R.Məmmədovun faizlərin ödənilməsi tələbinə münasibətdə bildirir ki, xx.xx.2016-cı il tarixli iltizamda İddiaçı tərəfindən R.Məmmədova qaytarılmalı olan məbləğlər qeyd olunarkən faizlərin ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Ona görə də, qarşılıqlı iddia bu hissədə əsassız hesab edilməlidir. İlkin və qarşılıqlı iddianın mənəvi zərərin ödənilməsi hissələri ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Baxılan işdə isə, nə ilkin iddiaçı, nə də qarşılıqlı iddiaçı mənəvi zərər tələblərini, yəni onlara vurulduğunu iddia etdikləri mənəvi zərərin nədə ifadə olunmasını kifayət qədər əsaslandıra bilməmişlər. Bu tələblərinin əsası kimi istinad etdiyi hallar isə, onların mənəvi zərərə məruz qalmaları qənaətinə gəlməyə imkan vermir. Belə ki, mənəvi zərərlə bağlı tələbin təmin olunması üçün yuxarıda sadalanan şərtlərin ödənilməsi sübuta yetirilməmişdir. Ona görə də, həm ilkin, həm də qarşılıqlı iddia bu hissədə əsassızdır və təmin olunmamalıdır. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, qətnamə ləğv olunaraq, yuxarıda sadalanan əsaslarla iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia rədd, qarşlıqlı iddia isə qismən təmin edilərək, İddiaçı 138.000 manat məbləğində pul tutularaq Rəcəbəli Məmmədova ödənilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X3 apelyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin2(001)-3360/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X6 və “xxxxxxxxx” MMC-yə qarşı “borc sənədinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 138.000 (bir yüz otuz səkkiz min) manat məbləğində pul tutularaq X4 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5715/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5715/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver