Məhkəmə qərarları › İş №2(103)-5719/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5719/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5719/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi ziyan, podrat müqaviləsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-231/2024 saylı, 28 iyun 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X10 fərdi yaşayış evinin 11 ədəd qapısının (7 ədəd tək qapı, 1 ədəd 4 laylı şəbəkə, 1 ədəd 3 laylı şəbəkə, 1 ədəd 2 laylı şəbəkə və mansard üçün 1 balaca qapı olmaqla) hazırlanacağına, əvəzində 11500 manat ödəyəcəyinə dair X7 ilə razılaşmışlar.

2. X1 Xalıd Salman oğluna cəmi 8350 manat ödəmiş və sifarişinin hansı formada olmasını istədiyini göstərən fotoşəkillər göndərmişdir.

3. X10 qapılar təqdim edildikdən sonra 6 qapını qəbul etmiş, 5 qapını isə qəbul etməyərək, dəyişdirilməsini tələb etmişdir. X7 həmin qapıları qüsurun aradan qaldırılması üçün geri götürmüşdür.

4. X7 qüsurların aradan qaldırılması üçün X5 əlavə pul tələb etmiş, lakin pulun məbləği barədə razılığa gələ bilməmişlər.

5. X2 qalmış və sonuncuya məxsus sex yandığından qapıların qaytarılması mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8350 (səkkiz min üç yüzəlli) manatın və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu əvəzinin tutulub xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiada göstərilir ki, 2022-ci il tarixdə ona məxsus olan fərdi yaşayış evinə 11 qapı sifariş vermək qərarına gəlmişdir. Bir müddət usta axtardıqdan sonra Cavabdeh ilə tanış olmuş və onu qapı ustası kimi tanımışdır. Cavabdeh məxsus olan qapı-pəncərə sexinə gedərək onun əl qabiliyyətinə baxmış və xoşuna gəlmişdir. Bundan sonra evinin qapıların düzəltməsini qapı-pəncərə ustası olan Cavabdeh sifariş eləmək qərarına gəlmişdir. Ona məxsus olan fərdi yaşayış evinin birinci mərtəbəsi üçün 5 qapı, ikinci mərtəbə üçün 5 qapı və mansard üçün isə bir qapı düzəltməli idi. Razılaşmaya əsasən birinci mərtəbə üçün hazırlanmalı olan qapılardan 1-i 4 şəbəkədən, 1-i 3 şəbəkədən, 1-i isə 2 qapılı, digər 2 qapı isə tək qapıdan, ikinci mərtəbədə isə beş qapı tək qapıdan və mansarda isə düzəlməli olan qapı 1 ədəd balaca qapı düzəltməsi tərəfindən sifariş verilmişdir. Həmçinin, həmin qapılar maşın rəngi ilə rənglənməli idi. Həmin qapıların düzəlməsi üçün ümumi olaraq Cavabdehlə 10.000 manata razılaşmışdırlar. Sifarişi qəbul etdikdən sonra ilkin olaraq Cavabdeh öz evində 5000 manat və 600 manat vermişdir. Həmçinin qapıların plintusları üçün cəmi 750 manatda ayrıca vermişdir. Bir müddətdən sonra birinci mərtəbə üçün sifariş verilmiş 1 ədəd tək qapı və 2-ci mərtəbə üçün 5 ədəd tək qapılar təhvil verilmişdir. Lakin 1-ci mərtəbə üçün sifariş verilmiş 3 ədəd şəbəkəli qapılar gətirlib təhvil veriləndə xoşuna gəlməmiş və onun sifariş verdiyi formada yığılmamışdır. Bununla bağlı Cavabdeh bildirdikdə ona demişdir ki, qapıları yerlərinə yığandan sonra qərar verərsiniz. Lakin ona bildirib ki, şəbəkəli qapılar yığılandan sonra xoşuna gəlməsə qəbul etməyəcəkdir. Cavabdeh bildirib ki, yığılandan sonra xoşunuza gəlməsə söküb aparmaq bizlikdir. Şəbəkəli qapılar birinci mərtəbəyə yığılandan sonra onun xoşuna gəlməmiş və şəbəkəli qapıların çıxarılmasını tələb etmişdir. Həmin vaxt Cavabdeh ondan 2000 manatda qapıların hazırlanması üçün razılaşdıqları puldan almışdır. İddiaçı ondan qapıların tam şəkildə hazırlanıb təhvil verilməsini tələb etdikdə, ona bildirdi ki, şəbəkəli qapılar yenidən yığılması üçün sifariş verməlidi buna görə də razılaşdığı puldan qalan 2400 manatı və əlavə olaraq 3000-4000 manat pul tələb etmişdir. İddiaçı ona əlavə olaraq insanlıq xatirinə 1000 manat verə biləcəyini bildirdi. Cavabdeh bununla razılaşmıyaraq şəbəkəli qapıları sökərək aparmış və ona hara isdəyirsə şikayət edə biləcəyini bildirmişdir. Dəfərlərlə Cavabdeh ya şəbəkəli qapıların təhvil verməsini ya da ona verdiyi ödənişləri geri tələb etsə də, bugünə kimi heç bir nəticəsi olmamışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-231/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək cavabdeh X3 5350 (beş min üç yüz əlli) manat məbləğində pulun və 66 (altmış altı) manat pulun tutularaq iddiaçı X8 ödənilməsi; mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 66 manatının Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddiaçıya aid edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yazılı müqavilə bağlanmasa da, yaranmış münasibətlər mahiyyət etibarı ilə podrat müqaviləsindən irəli gəlir. Bu səbəbdən də hazırki münasibətlərin tənzimlənməsi həmin müqaviləyə və bu hüquqi fakta əsasən yaranmış hüquq münasibətlərinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquq normaları ilə tətbiq edilməklə həyata keçirilməlidir. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Cavabdeh şifahi razılaşma üzrə qapıların hazırlanıb iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı cavabdehə razılaşdırılmış 11500 manat puldan 8350 manat məbləğində pulu ödəmişdir. İddia ərizəsində qeyd edilən bu hal cavabdeh tərəfindən də etiraf edilmişdir. Daha sonra hazırlanan 11 qapıdan 6-nın (beş ədəd 2-ci mərtəbədə, bir ədəd birinci mərtəbədə olmaqla) iddiaçı tərəfindən qəbul edilməsi, qalan qapıların qəbul edilməməsi də tərəflərin izahatları ilə təsdiqini tapır. Mübahisəli məsələ eyni zamanda cavabdehin etirazının əsasını da təşkil edən – qapıların əvvəldən bəyənilməsi, daha sonra iddiaçının fikiri dəyişərək qəbul etməkdən imtina etməsidir. Cavabdeh bu halı sübut etmək məqsədilə məhkəməyə CD disk təqdim etmiş, lakin iddiaçı sexdə bəyənilən qapıların qəbul edilən qapılar olduğunu bildirir. Məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir. Belə ki, cavabdeh özü də bildirir ki, iddiaçı qapı girişlərinin genişləndirilməsinin zəruri olduğunu bildirmiş, lakin iddiaçının qapı girişlərini cavabdehin dediyi ölçülərdə hazırlatmamasına baxmayaraq, sifarişi hazırlamağa başlamış və son nəticədən iddiaçının razı qalacağını bildirmişdir. Mülki işin materiallarında olan fotoşəkillərdən də aşkar görünür ki, iddiaçının evinə quraşdırılan şəbəkə qapı ilə, nümunə götərilən fotoşəkildəki qapı bir birindən kəskin surətdə fərqlənir. Digər tərəfdən, cavabdeh sifarişə uyğun gəlməyən qapıları sökərək sexə geri aparmışdır. Hətta bu qapılardan biri - mansard qapısının mexanizmində olan problem də cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Lakin qapılar, uzun müddət keçməsinə baxmayaraq hazırlanmamışdır. Cavabdehin davranışı – qapıları sökərək sexə aparması özü-özlüyündə cavabdehin icranı qüsurlu icra etdiyini etiraf etməsinin göstəricisidir. İddiaçının icrasını bəyənmədiyi sifariş məhz şəbəkə şəklində olan 1 ədəd ikilaylı, 1 ədəd üçlaylı, 1 ədəd dördlaylı qapılar olmasına baxmayaraq, digər 2 ədəd – mansard otağının qapısı və bir tək qapının da qüsuru aradan qaldırılaraq yenidən quraşdırılmamışdır. Göründüyü kimi, cavabdeh öhdəliklərinin icrasına laqeyd yanaşmış, aradan qaldırılması xərclər çəkilmədən də mümkün olan əlavə icranı icra etməmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarında yanğın nəticəsində qapıların məhv olduğunu bildirərək, məhkəməyə zərərçəkmiş şəxs qismində tanıtma barədə qərar təqdim etsə də, ilkin hazırlıq iclaslarında da mebel emalatxanasında yanğın olduğunu, bütün sənədlərin məhv olduğunu, qapıların sexdə qaldığını qeyd etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən uzun müddət ərzində qapılar qüsurların aradan qaldırılması üçün sexə aparılsa da, geri qaytarılmamışdır. Yəni, əlavə icra üçün müəyyənləşdirilmiş müddət ərzində əlavə icranı həyata keçirməmişdir. Belə olan halda sifarişçinin icradan imtina edərək, çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ yaranır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 27 iyun 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, həmin rəydə əks edilən məbləğ – yəni cavabdeh tərəfindən icra edilməmiş sifarişin icra edilməsi üçün lazım olan məbləğ 11950 manat dəyərində qiymətləndirilir. Halbuki iddiaçı tam sifariş üçün cavabdehə 11500 manat ödəməyi razılaşdırmışdır. Göründüyü kimi qiymətləndirmə rəyi ilə mülki işin materialları, o cümlədən iddia ərizəsinin məzmunu arasında uyğunsuzluq mövcuddur. Buna görə də mötəbər sübut qismində qiymətləndirilmir. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif qiymət cədvəlləri ilə bağlı qeyd edib ki, həmin sənədlərdə qeyd edilən məbləğlər indiki vaxt üçün nəzədə tutulan məbləğlərdir. Eyni zamanda iddiaçı və cavabdeh tərəfindən təqdim edilən qiymət təklifləri arasında xeyli fərq olmaqla, orada əks edilən qiymətlər tərəflərin özlərinin də verdiyi izahatlarda səsləndirdikləri məbləğlərlə üst-üstə düşmür. Eyni zamanda tərəflər razılaşma əldə edərkən özləri azad şəkildə sifariş üçün məbləğ müəyyənləşdirmişdirlər və ona uyğun ödəniş edilmişdir. Məkəmə hazırlıq iclasında cavabdeh tək qapının təxminən 500 manata razılaşdırıldığını qeyd etmiş, iddiaçı buna etiraz eməmişdir. Məhkəmə məhz tərəflərin izahatlarında göstərilən həmin məbləği əsas götürməyi ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir. Məhkəmə ümumilikdə 11 qapı üçün 8350 manat ödənilməsini nəzərə alaraq, həmin məbləği ağlabatan hesab edir. Belə ki, bir qapının dəyərinin 500 manat olması və iddiaçı tərəfindən onların bəyənilməsi nəzərə alınaraq, 8350 manat puldan 3000 manat hissəsinin (6x500=3000 manat) cavabdehdən tutulması əsassızdır. Məhkəmə qalan hissə ilə bağlı qeyd edib ki, cavabdeh özü də izahatında bildirir ki, qapılar onun tərəfindən geri götürülmüşdür. Bu cavabdehin həmin qapıların qüsurlu olmasını qəbul etməsi kimi qiymətləndirilir. Eyni zamanda iş materiallarından və cavabdehin izahatından müəyyən edilir ki, qapılar baş vermiş yanğın nəticəsində məhv olmuşdur və onların faktiki olaraq qaytarılması mümkün deyildir. Cavabdehin faktiki olaraq qüsursuz icra etdiyi və iddiaçı tərəfindən qəbul edilmiş qapılar üçün ödədiyi məbləğdən savayı, yerdə qalan məbləğ iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçının ödənilən bütün məbləğin qaytarılması, yeni qapılar hazırlanarkən əvvəlki qapılarla uyğunsuzluğun olacağı, tam sifariş razılaşdırılarkən qiymətin daha münasib olduğu lakin natamam sifariş zamanı daha baha başa gəldiyi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh faktiki olaraq sifarişin bir hissəsini qüsursuz icra etmiş və icra iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan təqdirdə məhkəmə bütün məbləğin cavabdehdən tutulması barədə tələbi əsassız hesab edir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə şahidlərdən Ə.Kəmalə və Y.Adilin ifadələrini mötəbər sübut qismində qiymətləndirmir. Belə ki, Ə.Kəmalə iddiaçının həyat yoldaşı, Y.Adil isə qaynatası olmaqla, onların mülki mübahisənin iddiaçının xeyrinə həll olmasında maraqlı olmaları yüksək ehtimaldır. Cavabdeh tərəfindən tədim edilən şahidlər isə onun işçiləri olmaqla aralarında olan münasibətin xarakterinə görə onların da ifadələri mötəbər sübut qismində qiymətləndirilimir. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, Cavabdeh 5350 (8350- 3000=5350) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qanunsuz olaraq qətnamədə onun izahatını məqsədli şəkildə təhrif edərək guya onun iddiaçıdan sifarişin icrası üçün ümumilikdə 8350 manat pul almağını qeyd etmişdir. Məhkəmə onun elə bir etirafı olmadan qanunsuz və məqsədli şəkildə bunu etmişdir. Çünki o, iddiaçıdan ümümilikdə 3750 manat pul alıb. Amma 1500 manat öz pulundan iddiaçı üçün mağazadan petlə və zamok alıb. Belə olan halda məhkəmənin guya onun 8350 manat almağını etiraf etməyini qeyd etməsi böyük qanun pozuntusudur. Məhz bu cür qanunsuzluğa gedən məhkəmə onun yalan etirafını yaradaraq və 6 qapıya görə 3000 manat çıxaraq onu 5350 manat borclu çıxarmışdır. Əslində isə gördüyü sifarişə görə iddiaçı ona borcludur. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Çünki məhkəmənin qətnamədə göstərdiyi dəlillər müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinib. Belə ki, sifarişçi podratçıya danışılmış muzdu verməyib və qüsursuz işi guya qüsurlu olması kimi qeyd etməklə qalıq ödənişin ödənilməsindən yayınıb. Mülki iş üzrə toplanmış sübutları obyektiv, hərtərəfli və tam araşdırmamış, nəticədə onlara düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

22. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün hesab edir. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, 31 may 2024-cü il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, cavabdeh iddiaçının həqiqətən 11500 manatın 8350 manat hissəsini ona ödəməsini təsdiq etmişdir. Bu halı etiraf etməyə ona kimsə məcbur etməmişdir. Həqiqətən belə bir etiraf etməmişdirsə bu günədək iclas protokoluna qeyd də verə bilərdi, ancaq verməyib. Apellyasiya şikayətində iddiaçıdan cəmi 3750 manat almasını göstərməsi isə mötəbər və təsdiq olunan dəlil hesab edilmir.

24. Bundan əlavə, qapıların karopkası, petlə və zamokun, plintusların iddiaçının evində qalması ilə bağlı dəlil üzrə qeyd olunur ki, apellyasiya baxışı zamanı iddiaçı həmin əşyaların həqiqətən onun evində qaldığını təsdiqlədi və cavabdehin istənilən vaxt onları götürə biləcəyini bildirdi. Demək bu dəlil də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməzdi.

25. Göründüyü kimi, göstərilən hallar, iddiaçıya əsas verib ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə ödədiyini geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qüsurlu icra olunmaqla yanaşı, demək olar ki, həm də tam icra olunmamışdır, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilənin icra olunmayan digər hissəsindən imtina edərək ödədiklərini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də cavabdehin göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Ona görə də tərəflər arasında podrat münasibətlərinə xitam verildiyindən cavabdeh tərəfin yol verilmiş nöqsanları aradan qaldırmağa hazır olmasının da əhəmiyyəti qalmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə suiistifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 231/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-231/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar