Məhkəmə qərarları › İş №2(103)-572/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-572/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-572/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər Cavabdeh1 və Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızına qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC və cavabdeh Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 015İK/207 saylı kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 100000 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit borcalana Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev14, mənzil 241, yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 27 aprel 2017-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün verilmişdir.

2. Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC (Kreditor-İpoteka saxlayan) ilə Cavabdeh1 (Alıcı- İpoteka qoyan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satış qiyməti 174 000 manat olan mənzilin dəyərinin 74 000,00 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 100 000,00 manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən 22 iyun 2017-ci il tarixli 015İK/2017 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Alıcı-İpoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor- İpoteka saxlayana ipotekaya vermişdir.

3. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 47427,52 manat məbləğində ödəniş həyata keçirilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6806/2020 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241, (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 03 otaqlı mənzilə dair birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 2/5, X2 3/5 hissədə payları müəyyən edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 92273,69 manat, faiz borcu üzrə 7804,27 manat olmaqla, cəmi 100 077,96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqının tutulması; tələbin 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 (2/5hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyət üzrə məxsus ünvan 4, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cəmi 100 077,96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan – ünvan 4, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh1 və Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızı tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-2140/23) iddia qismən təmin edilmiş, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 92273,69 manat, faiz borcu üzrə 7804,27 manat olmaqla, cəmi 100 077,96 manat borc, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat dövlət rüsumu və xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqı Cavabdeh1 tutulması, tutmanın 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 (2/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyət üzrə məxsus ünvan 4, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cəmi 100 077,96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97(doxsan yeddi) manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – ünvan 4, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) tutma yönəldikdən sonra cavabdehlər tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən götürülmüş kredit ailə ehtiyaclarına – mənzil alınmasına istifadə olunduğundan iddia tutmanın Cavabdeh1 ilə onun keçmiş arvadı X2 ümumi paylı mülkiyyətində olan əmlaka - Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241, (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 03 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri hissəsində əsaslıdır və təmin edilməlidir. Mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2140/2023 saylı qərardadı ilə ipoteka əmlakının qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş, lakin cavabdehlər tərəfindən əmlaka baxış keçirilməsi təmin edilmədiyindən ekspert rəy verməkdən imtina etmişdir. Odur ki, ipoteka əmlakının hazırda mövcud olan bazar qiymətləri nəzərə alınmaqla likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması tələbi də təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3, 34.1.4-cü, Ailə Məcəlləsinin 41-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC və cavabdeh Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızı qətnamədən apellyasiya şikayətləri vermişlər.

11. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, əmlakın qiymətləndirilməsi üçün vəsatət təqdim edilmiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmiş, qanunun tələbləri nəzərə alınmamışdır. Məhkəmə mübahisəsi olduqda ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməlidir. Ona görə də qətnamə qismən - əmlakın ilkin satış qiyməti hissəsində ləğv edilərək, təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmaqla ilkin satış qiyməti müəyyən edilməli, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

12. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni borc məbləği, ipoteka predmetinin ilkin satış qiyməti, ipoteka predmetinə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, ipoteka predmeti satıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə mənzildə olan paylarına münasibətdə geri qaytarılması hissələrində ləğv edilməsini və həmin hissələrə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tək tutmanın ipoteka predmetinə yönəldilməsi mənzilin boşaldılması üçün yetərli deyildir. Eyni zamanda həm də ipoteka predmeti satılmış olmalıdır. Qanuna görə ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində tərk edilməlidir. Məhkəmə qətnaməsində qeyd edilən pozuntuya yol vermişdir. Həmçinin, ipoteka predmetinin boşaldılmalı olduğunu qət etmişdir ki, qanunda boşaldılma deyil, tərk etmə anlayışı yer almışdır. Bu da pozuntudur. Bundan başqa bilidirlir ki, boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi də qanun pozuntusudur. Çünki iddiaçının hələ həmin ipoteka predmetinin mülkiyyətçisi olacağı, həmin ipoteka predmetinin hərracda satılarkən kimin alacağı bəlli deyildir. Məhkəmə cavabdehlərin ipoteka predmetinə dair mülkiyyət hüquqlarını pozmuş, tutma yönəldilmiş əmlakın cavabdeh və ya başqa şəxslər tərəfindən satın alınmasının qarşısını kəsmiş və iddiaçının, yəni bankın əmlakın mülkiyyətçinə məxsus olan subyektiv hüququnun olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən mülkiyyətin toxunulmazlığı, mülkiyyət hüququnun üstünlüyü prinsiplərinə uyğun olaraq ipoteka qoyanın (mülkiyyətçinin) öz əmlakı barədə hüquqlarından imtina etməsinin, onun bu hüquqlarının tətbiqinə mədudiyyət qoyulması hüquqi cəhətdən əsassızdır. Hesab edir ki, borcun dəqiq məbləği də məhkəmə tərəfindən müəyyən edilməli idi. Düzdür, kredit götürən şəxs Cavabdeh1 vaxtında öhdəlikləri yerinə yetirməsə də, götürülmüş kredit üzrə onun və Cavabdeh2 tərəfindən xeyli miqdarda ödəniş həyata keçirilmişdir. Kredit borcunu işdə olan bankın verdiyi tək maliyyə arayışı ilə sübut edilmiş saymaq qanuni deyildir.

13. Cavabdeh göstərilənləri nəzərə alaraq qətnamənin qismən mübahisələndirilən hissələrdə (yəni, borc məbləği, ipoteka predmetinin ilkin satış qiymətinin olmaması, ipoteka predmetinə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, ipoteka predmeti satıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə mənzildə olan paylarına münasibətdə geri qaytarılmasının olmaması hissələrində) ləğv edilməsini və həmin hissələrə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən təmsil etdiyi Bankın apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.

16. Cavabdeh1 digər cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh (apelyator) üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. M a d d ə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur M a d d ə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə xx.xx.2023 tarixli qərardadı

tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC və cavabdeh Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin şəxslərin apellyasiya şikayətinə münasibətdə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayır və hesab edir edir ki, birinci instansiya məhkəməsi faiz borcunun məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrində, eləcə də ipoteka predmeti olan mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi hissəsində səhvə yol verdiyindən, qətnamə həmin hissələrdə dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

26. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi 92273,69 manat əsas, 7804,27 manat faiz borcu olmaqla, cəmi 100 077,96 manat borcun tutulması barədədir.

27. Birinci instansiya məhkəməsi iddianı əsas və faiz borcu hissəsində əsaslı sayaraq tam təmin etmişdir.

28. Cavabdeh Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızı apellyasiya şikayətində borcun düzgün hesablanmadığını qeyd etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/9859 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə son maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixə 92.349.45 manat əsas, 7678,03 manat faiz borcunun olduğunu müəyyən etmişdir.

30. Göründüyü kimi, ekspert rəyində faiz borcunun məbləği qətnamədə göstəriləndən aşağı müəyyən edilmişdir. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 7804,27 manat faiz borcu tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq 7678,03 manat həddində müəyyən edilməlidir.

31. Əsas borcun məbləğinə gəldikdə isə, birinci instansiya məhkəməsi həmin hissədə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği qətnamə ilə müəyyən edilmiş əsas borcun məbləğindən yüksəkdir. Belə olan halda Kollegiya belə qənaətə gəlir ki, cavabdehdən qətnamə ilə müəyyən edilmiş həcmdə əsas borc tutulmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu hissədə hər iki apellyasiya şikayətinin dəlilləri üst-üstə düşür.

34. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin etmiş, lakin cavabdehlər tərəfindən əmlaka baxış keçirilməsi təmin edilmədiyindən ekspert rəy verməkdən imtina etmişdir. Odur ki, ipoteka predmetinin hazırda mövcud olan bazar qiymətləri nəzərə alınmaqla likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır.

35. Apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq Kollegiya apellyasiya baxışı zamanı ipoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli, 9/3964-10/372 saylı ekspert rəyi ilə ipoteka predmetinin mövcud orta bazar dəyəri təqribən 257300,00 manat, likvid dəyəri təqribən 231500,00 manat məbləğində müəyyən edilmişdir.

36. Rəy kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına alan əsaslar müəyyən edilməmişdir. Ona görə də, Məhkəmə kollegiyası mənzilin ekspert rəyi ilə müəyyən olunmuş likvid qiyməti ilə razılaşır. Belə ki, apelyator mənzilin likvid dəyərinin daha yüksək olması barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir.

37. Cavabdehin apellyasiya şikayətinin başqa bir dəlili ipoteka predmeti olan mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi hissəsində məhkəmənin yanlış nəticəyə gəlməsi, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin düzgün tətbiq olunmaması barədədir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

38. İşdən göründüyü kimi, məhkəmə qətnamə ilə ipoteka predmeti olan – ünvan 4, mənzil 241-ə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) tutma yönəldikdən sonra mənzilin cavabdehlər tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsini qət etmişdir ki, bu da “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbinə uyğun deyil. Ona görə də qətnamə qeyd olunan hissədə də dəyişdirilməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi 7804,27 manat faiz borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması və ipoteka predmeti olan mənzilə tutma yönəldikdən sonra mənzilin cavabdehlər tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi hissələrində dəyişdirilsin. 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləği 7678,03 (yeddi min altı yüz yetmiş səkkiz manat, üç qəpik) manat müəyyən edilsin. ünvan 4 ünvanında 241 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) açıq hərracda ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 231.500,00 (iki yüz otuz bir min beş yüz ) manat müəyyən edilsin. İpoteka predmeti olan ünvan 4, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və X4 tərəfindən ən geci bir ay ərzində tərk edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 200 manatın 100 (bir yüz) manat hissəsi iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən, 100 (bir yüz) manat hissəsi isə cavabdehlər Cavabdeh1 və X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar