Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5724/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə, qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5714/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20800 manat məbləğində əsas pulun, 2496 manat əsassız istifadəyə görə faizlərin, 10000 manat miqdarında mənəvi ziyanın, cəmi 33296 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyaları” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 783 əyarlı, üzərində brilyant qaşları olan, 20 qramlıq kolye (2700 manat), 1 ədəd 783 əyarlı, üzərində brilyant qaşları olan, 15 qramlıq qolbaq (2000 manat), 1 cüt 783 əyarlı, üzərində brilyant qaşları olan, 12 qramlıq sırğa (1200 manat), 1 ədəd 783 əyarlı, üzərində brilyant qaşları olan, 6 qramlıq üzük (1500 manat), 1 ədəd 783 əyarlı, üzərində brilyant qaşları olan, 10 qramlıq kişi üzüyü (1000 manat), 1 ədəd “Gazelli” firmalı, 27 qramlıq, 783 əyarlı, İtaliya istehsalı qolbaq (2000 manat), 1 ədəd “Gazelli” firmalı, 32 qramlıq, 783 əyarlı, İtaliya istehsalı qolbaq (2400 manat), 1 ədəd 585 əyarlı qızıl “10-luq” (1000 manat), 2 ədəd 50 qramlıq, “moruq sep", RF istehsalı (7000 manat), 1 ədəd brilyant komplekt dəsti (2800 manat), 1 ədəd 30 qramlı 5 əyarlı, RF istehsalı kişi qolbağı (2100 manat), 1 ədəd üzərində brilyant qaşları olan sırğaüzük dəsti, 17 qramlıq (2200 manat), 1 ədəd tros sep, 585 əyarlı, RF istehsalı, 20 qramlıq (1200 manat), 1 ədəd 585 əyarlı, RF istehsalı, 7 qramlıq nişan üzüyü (500 mahat), 1 ədəd '“paxlava” üzük, 585 əyarlı, üzərində brilyant qaşları olan RF istehsalı, 6 qramlıq (3000 manat), 1 ədəd “fantaziya” üzük-sırğa dəsti 585 əyarlı, RF istehsalı, 27 qramlıq (7000 manat), bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyalarının dəyəri qismində 39.600 manat məbləğində pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun İddiaçı alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5714/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 10800 manat məbləğində əsas borc və 540 manat əsassız istifadəyə görə faiz cəmi 11340 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, İddiaçı 10000 manat məbləğində mənəvi ziyanın tələbi hissəsində ilkin iddiası rədd edilmiş, Cavabdeh 39600 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması tələbi ilə bağlı qarşılıqlı iddiası rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5823/2019 saylı qətnaməsi qismən - ilkin iddia tələbinin 11.956 manat təmin edilməmiş və 10.000 manat mənəvi ziyanın rədd edilmiş hissəsində ləğv edilməsi, 11.956 manat əsas borcun və 10.000 manat mənəvi ziyanın, cəmi 21.956 manat pulun da təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 5823/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək müvafiq ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının İddiaçı alınaraq ona verilməsi, əşyaların verilməsi mümkün olmadıqda isə onların dəyərinin, yəni 39.600 manat məbləğində pulun İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun həcmini 12.000 manat kimi qəbul etmiş, qalan 10.000 manatı qəbul etməmiş, 12.000 manatdan isə 1.200 manatı əsassız olaraq çıxmışdır. Halbuki, sonuncu 1.200 manat məbləğ Gülbənizin bildirdiyinə görə, Natella adlı şəxsdə olan 10.000 manat puldan qaytarılmışdır. Buradan belə qənaətə gəlmək olur ki, məhkəmə tərəflərin izahatlarını təhrif etmiş, Gülbənizin etirafedici izahatını, yəni 10.000 manat pulun Şərqiyyədən alıb Natella adlı şəxsə verdiyini, həmin puldan 1200 manat qaytarıldığını, qalan 8.800 manatın isə Natella adlı şəxsdə qaldığını nəzərə almamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında dəfələrlə tədqiq edilmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsində aparılan araşdırma zamanı toplanmış material üzrə 02.06,2019-cu il tarixdə izahat verən Cavabdeh bildirmişdir ki, həqiqətən tanışı Şərqiyyə adlı şəxsdən borca pul götürmüş, həmin puldan 10.000 manatı Natella adlı şəxsdədir, hal-hazırda isə Şərqiyyəyə 12.000 manat verəcəyi vardır. Qeyd olunan sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda, polis bölməsində izahat verən X6, X1 və X3 bildirmişlər ki, müxtəlif vatlarda müxtəlif məbləğlərdə pulu Şərqiyyədən götürərək Gülbənizə vermişlər. Bundan başqa, cavabdeh tərəfindən ona verilmiş borc pulu vaxtında qaytarmadığı üçün əsassız olaraq faydalanmış və bu səbəbdən Azərbaycan Respublikası MM-nin 449,1-ci maddəsinə əsasən cavabdehdən bank uçot dərəcəsinə uyğun faizlər tutulmalıdır. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bankuçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2018-ci ildə Cavabdeh borc pul verilərkən və həmin pulun qaytarılmalı olduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsinin marjası 12% olmuşdur. Lakin məhkəmə səhv nəticəyə gələrək əsassız faydalanmağa dair bank uçot dərəcəsini 5%-lə götürmüşdür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun adından kimlərsə tərəfindən yazılmış saxta izahatı məhkəmə mötəbər sübut kimi qəbul etmiş və əsassız olaraq onun 12.000 manat borcu etiraf etməsi qənaətinə gəlmişdir. Bildirir ki, o, məhkəmə proseslərində borcunun olmamasını, əksinə qarşı tərəfin ona qızıl-zinət əşyaları verməli olmasını dəfələrlə göstərmişdir. Lakin, məhkəmə nədənsə qərəzli şəkildə onun məhkəmə iclasında verdiyi izahatını deyil, polis bölməsində kimlərsə tərəfindən təhrif edilərək onun adından yazılmış izahatı mötəbər sübut kimi qəbul etmişdir. Qeyd edilməlidir ki, əgər 7-ci Polis Bölməsində toplanmış materiallarda olan xx.xx.2019-cu il tarixli izahatda həmçinin onun 60.000 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı verməsi göstərilmişdir. Əgər həmin izahat mötəbər sübut kimi qəbul edilirsə o zaman 60.000 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı verməsi də məhkəmə tərəfindən müəyyən edilərək qarşılıqlı iddia təmin edilməli idi. Lakin, təəssüf ki, məhkəmə işə yalnız qarşı tərəfin mövqeyi baxımından yanaşmış, qeyd edilən izahatı onun əleyhinə olan hissədə mötəbər, lehinə olan hissədə isə qeyri- mötəbər hesab etmişdir. Bununla da bir sübuta münasibətdə ikili münasibət göstərmişdir. Hesab edir ki, onun etirafını əsas götürülərək iddianın qismən təmin edilməsi tamamilə qanunsuz və əsassızır. Çünki, o, məhkəmə iclasında verdiyi izahatlarında iddianı etiraf deyil, rədd etmişdir. Lakin, məhkəmə onun prosesdə verdiyi izahatını deyil, onun adından polis bölməsində təhrif edilərək yazılmış izahatı mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin bildirir ki, cavabdeh kimi vəsatətlə məhkəməyə müraciət edərək şahidlərin dindirilməsini xahiş etsə də, vəsatətində göstərdiyi şahidlərin hamısı dindirilmədiyi üçün onun İddiaçı verdiyi pulların məbləği də məhkəmə tərəfindən müəyyən edilməmiş qalmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və cavabdeh tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, mülki işin materiallarından müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 2018-ci ilin noyabr ayında 12.000 manat borc pul vermişdir. Həmin borc pul vəsaitindən isə 1200 manat məbləğində pul vəsaiti İddiaçı qaytarmışdır. Birinci instansiya məhkəməsində izahatları alınmış X7, X8, X4 və X1 bu tərəflər arasında dəqiq hansı məbləğdə borc pulların alınıb qaytarılması barədə xəbərsiz olduğunu bildirmilər. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbini qismən təmin, qarşılıqlı iddia tələbini isə rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı 2018ci ilin noyabr ayında üçüncü şəxslərin vasitəsi ilə göndərdiyi və Cavabdeh aldığı 12000 manat məbləğində pulu sonuncuya borc vermiş, Cavabdeh isə həmin puldan 1200 manatı İddiaçı qaytardığına görə Cavabdeh əsas borcdan 10800 manat məbləğində pulu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdehin iddiaçıya 10.800 manat məbləğində borcu vardır. Tərəflər arasında borc münasibətlərinin olması iş materialları, o cümlədən qarşılıqlı iddia ərizəsi ilə öz əksini tapır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı 2018-ci ilin noyabr ayında cavabdehə özü tərəfindən 10000 manat məbləğində pul verilməsini bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Bundan başqa kollegiya əldən çıxmış fayda ilə bağlı qeyd edir ki, tələbin həmin hissədə qismən təmin edilərək, cavabdehdən 10800 manatın illik 5%-i olan 540 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh ona məxsus qızıl-zinyət əşyalarını girov qoyulmasını və onların dəyərinin ödənilməsini tələb etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri cavabdehin mövqeyini əks etdirməklə formal xarakter daşıyır. Kollegiya apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş 7-ci Polis Bölməsində toplanmış materiallar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından, yəni qanuni qüvvəsini almış məhkəmə aktı olmadığından, sübut qismində qiymətləndirilə bilməz. Tərəflərin əsaslandırdığı halları təstiq edən hər-hansı digər sübut isə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Tərəflər apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini tələb etsələr də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişlər. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, tərəflərin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5714/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5724/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5724/2020
01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver