Məhkəmə qərarları › İş №2(103)-5724/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5724/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5724/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində X7 Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4265/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsinə əsasən Ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/101312/15 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4425.06 manat məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Restrukturizasiya olunmuş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və müqaviləyə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği Banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1 % olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü ildir;

2. xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 illik 1% dərəcəsi ilə 60 ay müddətinə aylıq 75.64 manat ödəniş etmək şərti ilə 4425.06 manat məbləğində kredit götürmüşdür;

3. xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsinə əsasən öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. “Borclu” restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri tamamilə və ya hissəhissə icra etmədikdə, o cümlədən vaxtlı-vaxtında və lazımınca icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar;

4. Cavabdeh1 xx.xx.2029-cu il tarixdən – xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarışına əsasən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə kredit üzrə borcun ödənilməsinə 76 manat məbləğində pul ödənişi həyata keçirilmişdir;

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2019ci il tarixli, 1xx/xx/101312/15/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 4099.29 manat əsas, 179.92 faiz, 7.81 məbləğində cərimə borcu, 76.38 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % dərəcəsi ilə 0.57 manat, cəmi 4363.40 manat borcu yaranmışdır;

6. xx.xx.2025-ci il tarixli bildirişə (pretenziya) əsasən "xxxx" ASC-ilə Cavabdeh1 xx.xx.2025-ci il tarixinə 4099.29 manat əsas, 179.92 manat faiz, 7.81 manat cərimə borcu olmaqla, cəmi 4287.02 manat borcunun yarandığını, bütün borc məbləğini 5 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı LPO Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsi üzrə 4099.29 manat məbləğində əsas borc, 179.92 manat məbləğində faiz borcu, 7.81 məbləğində cərimə borcu, 76.28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 4363.40 manat və 63.64 manat dövlət rüsumunun ləğv prosesində X7 Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh1 (bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli,1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra Zamin) xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı zaminlik müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4425.06 (dörd min dörd yüz iyirmi beş manat 06 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Qeyd olunan restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsi üzrə isə borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 4099,29 (dörd min doxsan doqquz manat, 29 qəpik) manat məbləğində əsas borc, 179,92 (bir yüz yetmiş doqquz manat, 92 qəpik) manat məbləğində faiz borcu, 7,81 (yeddi manat, 81 qəpik) məbləğində cərimə borcu, 76,28 (yetmiş altı manat, 28 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 4363,40 (dörd min üç yüz altmış üç manat, 40 qəpik) manat məbləğində borcu qalmışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4265/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4099,29 (dörd min doxsan doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 179,92 (bir yüz yetmiş doqquz manat doxsan iki qəpik) manat faiz, 7,81 (yeddi manat səksən bir qəpik) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün 76,28 (yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 4363,3 (dörd min üç yüz altmış üç manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı LPO Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində restrukturizasiya müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/101312/15 saylı kredit müqaviləsinə əsasən borclunun 4425.06 manat məbləği restrukturizasiya olunmuş və borclu xx.xx.2024-cü il tarixədək illik 1 % dərəcəsi ilə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı QSC "xxxx" KB ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və müvaqilənin şərtlərinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsinə əsasən öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüş və borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri tamamilə və ya hissəhissə icra etmədikdə, o cümlədən vaxtlı-vaxtında və lazımınca icra etmədikdə zamin borclu ilə birlikdə bank qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borclu Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə restrukturizasiya müqaviləsinə əsasən öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsas, faiz və cərimə borcu hissəsində əsaslıdır və təmin edilməlidir. Həmçinin, göründüyü kimi, cavabdehlər restrukturizasiya müqaviləsi üzrə borcun ödənilməsini gecikdirmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372, 373.2, 375.2, 377, 385.1, 386.1, 399.1, 425.1, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 462.1, 465.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilərək, Cavabdeh1 və zamin Cavabdeh2 4363.3 manat məbləğində borcun müştərək tutulmasına qərar verilmişdir. Hesab edir ki, bu qətnamə qanunsuz və əsassızdır, işin faktiki halları və hüquqi normalar düzgün qiymətləndirilməmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. xx.xx.2019-cu ildə restrukturizasiya müqaviləsi bağlanmış, öhdəliyin son icra tarixi isə xx.xx.2024 göstərilmişdir. Bank iddianı xx.xx.2025ci ildə qaldırmışdır. Bu tarixdə iddia müddəti artıq bitmişdir. MM-nin 374-cü maddəsinə görə, iddia müddəti bitdikdə cavabdehin etirazı əsasında məhkəmə iddianı rədd etməlidir. “Banklar haqqında” Qanunun 82-ci maddəsinə görə, ləğv prosesində olan bankların kreditor tələbləri yalnız Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həyata keçirilə bilər. Bu halda bankın öz adından məhkəməyə müraciət etməsi hüquqi baxımdan əsassızdır. Problemli kreditlər üzrə Prezident fərmanına görə problemli kreditlər restrukturizasiya olunmalı, əlavə faiz və cərimələrin tətbiqi qadağan olunmuşdur. Bank isə həm illik faiz (1%), həm də əlavə gecikmə faizi və cərimə tələb etmişdir. Bank həm müqavilədə nəzərdə tutulan illik 1% faizi, həm də gecikmə faizi və dəbbə pulu tələb edir. MM-nin 470 və 472-ci maddələrinə görə, zamin yalnız əsas borclunun öhdəlikləri ilə eyni şərtlərdə məsuliyyət daşıyır. Əgər əsas borclu müqavilə müddəti ərzində öhdəliyi icra edə bilərdisə, zaminə qarşı müştərək məsuliyyət irəli sürmək əsassızdır. Bank qeyri-şəffaf şəkildə əlavə faizlər və cərimələr tətbiq etmiş, istehlakçı hüquqlarını məhdudlaşdırmışdır. Bu iş sadələşdirilmiş icraatla aparılıb, lakin restrukturizasiya və zaminlik məsələsi mürəkkəb hüquqi xarakter daşıyır. MPM-nin 10-cu maddəsinə görə, məhkəmə ədalət mühakiməsini tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirməlidir. Sadələşdirilmiş icraat cavabdehin müdafiə hüquqlarını məhdudlaşdırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddələr 445.2.1 və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.7. bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilən hissəsində yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin halları ilə müəyyən edilir ki, iddiaçı LPO Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində restrukturizasiya müqaviləsi bağlanmış və müvaqilənin şərtlərinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/101312/15 saylı kredit müqaviləsinə əsasən borclunun 4425.06 manat məbləği restrukturizasiya olunmuş və borclu xx.xx.2024-cü il tarixədək illik 1 % dərəcəsi ilə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı QSC "xxxx" KB ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və müvaqilənin şərtlərinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 saylı restrukturizasiya müqaviləsinə əsasən öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüş və borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən vaxtı-vaxtında və lazımınca icra etmədikdə zamin borclu ilə birlikdə bank qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

24. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

26. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin ilk dəlilini iddia müddətinin bitməsi əsası ilə idddianın rədd edilməli olması təşkil etmişdir. İşdən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 1xx/xx/101312/15/19 nömrəli müqavilə 60 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə qədər bağlanılmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olması, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlanılması nəzərə alınmaqla, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən, iddia müddətinin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəmənin mövqeyi əsaslı olmuşdur.

27. Məhkəmə kollegiyası həmçinin apellyatorun bankın həm müqavilədə nəzərdə tutulan illik 1% faizi, həm də gecikmə faizi və dəbbə pulu tələb etməsinin əsassız olması ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borclu Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır.

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

29. Qeyd olunanlara əsasən kollegiya apellyatorun dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh restrukturizasiya müqaviləsi üzrə borcun ödənilməsini gecikdirdiyindən, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmış, işə baxan məhkəmə əsas, faiz və cərimə borcunun ödənilməsinə dair iddia tələbinin təmin edilməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir. 30.Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

31. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4265/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar