Məhkəmə qərarları › İş №2(103)-5727/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5727/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5727/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pulun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “Ford Tranzit” yük markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 12.500 manat məbləğində pulun, gecikdirilmiş müddət üzrə faizlərin əldən çıxmış faydaya görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 22.530 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 12.500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12.530 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 12.500 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, cəmi 12.530 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iddiaçı iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək üçün əsassız olaraq Bakı şəhərində pasport qeydiyyatında olan Cavabdeh1 cavabdeh kimi qeyd etmiş və sonradan cavabdehlikdən çıxartmışdır. Həmin şəxsi tanımır, heç vaxt görməmiş və həmin şəxsin bu işə aidiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi iddiaçı məhkəməyə müraiət edərkən cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 cəlb etmiş, daha sonra ərizə ilə müraciət edərək, digər Cavabdeh1 qarşı iddiasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu əks olunmuş və 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və tələbindən görünür ki, iki cavabdeh göstərilmiş, lakin onların hər birinə qarşı yönələn tələb aydın olmamış, iddiaçının cavabdeh qismində cəlb etdiyi Cavabdeh1 qarşı hər hansı tələbi olmamışdır, tələbi Cavabdeh2 qarşı yönəlmişdir. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh2 qeydiyyat ünvanı Şəmkir rayonu olduğundan, iddiaçı ərazi aidiyyəti üzrə işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması niyyəti ilə hər hansı tələbi olmadığı halda Bakı şəhərində qeydiyyatda olan Cavabdeh1 formal olaraq cavabdeh qismində işə cəlb etmiş, daha sonra isə ona qarşı iddia tələbindən imtina etmişdir. Məhkəmə isə bu halları nəzərə almadan, cavabdeh qismində göstərilən digər şəxsə qarşı iddiaçının hər hansı tələbi olmadığını diqqət yetirmədən və 149.2.3-cü maddəsinin tələblərinə riayət edilmədən iddia ərizəsini icraata qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Kollegiya hesab edir ki, iddiaçının məhz ərazi aidiyyətinin dəyişdirilərək, işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması məqsədi ilə formal olaraq ikinci cavabdeh göstərməsi yolverilməzdir və bu hal işə qanunla nəzərdə tutulmuş digər Cavabdeh2 qeydiyyat ünvanı üzrə Şəmkir Rayon Məhkəməsində baxılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400, 403 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 qarşı “pulun qaytarılması tələbinə dair” iddiası baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar