Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-573/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(002)-1912/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 10030 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı Cavabdeh 10000 manat məbləğində borc vermiş, aralarında 11 fevral 2021-ci il tarixdə sadə yazılı müqavilə bağlanmış, cavabdehdən borcu qaytarmasını tələb etsə də, nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(002)- 1912/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etmədiyinə görə iddianın təmin edilməsinə əsas yoxdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübuta düzgün hüquqi qiymət verməyərək əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh borcun 4700 manat hissəsini qaytarmış, hal-hazırda 5300 manat borcu qalmışdır. Buna görə də qətnamənin ləğv olunub iddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək borcun 4700 manat hissəsini hissə-hissə ödədiyini bildirmiş və apellyasiya şikayətinə onun iştirakı olmadan baxılıb iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(002)-1912/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında sadə yazılı formada bağlanmış11 fevral 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 10000 manat məbləğində borc götürmüş və 3 ay müddətinə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı iddia tələbi üzrə yeganə sübutemə vasitəsi kimi yazılı borc müqaviləsinə istinad etmişdir. Lakin qeyd edilən müqavilə notarial qaydada təsdiq edilmədiyindən, habelə iddiaçı tərəfindən həmin müqavilənin mötəbərliyinin müəyyən edilməsinə, qeyd edilən məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin pul vəsaitinin təhvil alınmasına dair heç bir başqa sübutemə vasitəsi məhkəməyə təqdim edilmədiyindən, məhkəmə araşdırması zamanı tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olması halını müəyyən etmək mümkün olmamışdır. Lakin apellyasiya icraatı zamanı Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Cavabdeh iddiaçıdan borc müqaviləsi əsasında 10000 manat pul götürdüyünü etiraf etmiş, həmin pulun 4000 manatını hissə-hissə ödədiyini, 05 yanvar 2022-ci il tarixdə isə borcundan 700 manat ödədiyini, qalan 5300 manatını isə hissə-hissə ödəyəcəyinə dair üzərinə öhdəlik götürdüyünü bildirmişdir. Buna görə də o, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, aparılmış araşdırma zamanı cavabdehin iddiaçıya 5300 manat məbləğində pul borclu olması iş materialları ilə sübuta yetirildiyindən, iddia həmin hissədə təmin edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia qismən təmin olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 53 faizi, yəni 23 manat 85 qəpik pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(002)- 1912/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5300 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun, cəmi 45 manat pulun 23 manat 85 qəpik hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-573/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-573/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver