Məhkəmə qərarları › İş №2(103)-5732/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5732/2023

06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5732/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Hacıməmməd oğluna qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1111/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 2 uşağın – xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-1194/2018 nömrəli qətnaməsi ilə atadan (cavabdehdən) ananın (iddiaçının) xeyrinə tutulan alimentin miqdarı (hər ay hər uşaq üçün 154 manat) artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat müəyyən edilsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, iddia tam təmin olunsun və aliment iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən tutulsun. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2018-ci ildəki (aliment miqdarının müəyyən olunduğu vaxtdakı) müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, alimentin miqdarı artırılmalıdır. Qətnamə alimentin miqdarına aid hissədə dəyişdirilməlidir. Belə ki, 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün 220 manat təşkil edir. Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının (ananın) üzərinə düşməsini nəzərdə alaraq hesab edir ki, yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) cavabdeh (ata) tərəfindən ödənilməlidir. Cavabdeh əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və həmin miqdarda alimenti ödəmək iqtidarındadır. Odur ki, alimentin miqdarının hər uşaq üçün 220 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Birinci instansiya məhkəməsi alimentin midarını əsaslandırarkən qeyd edib ki, cavabdehin başqa nikahdan ailəsi və övladı var. Lakin cavabdeh apellyasiya icraatı zamanı bildirdi ki, ikinci nikahı olsa da, həmin nikahdan övladı yoxdur. İddiaçı artırılmış miqdarda alimentin iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan tutulmasını tələb etsə də, aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə görə, alimentin miqdarı artırılarkən bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 1111/2023 nömrəli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilsin, Cavabdeh Hacıməmməd oğlundan İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 220 manat olmaqla iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar