Məhkəmə qərarları › İş №2(103)-5735/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5735/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5735/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(001)-753/2021 nömrəli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4469 manat, faiz borcu üzrə 4069,41 manat olmaqla, cəmi 8538,41 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-in xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-MU-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2009, banXTA210740A2931376, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-in hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmannında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017- ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2096 saylı, 12 mart 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında 06.12.2011-ci il tarixdə, № 329/11 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. 06.12.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-MU-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2009, banXTA210740A2931376, rəngi -ağ) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 07.12.2011-ci il tarixli, AA seriyalı, 099868 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 4469 (dörd min dörd yüz altmış doqquz) manat, faiz borcu üzrə 4069,41 (dörd min dörd yüz altmış doqquz manat 41 qəpik ) manat olmaqla, cəmi 8538,41 (səkkiz min beş yüz otuz səkkiz manat 41 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il, tarixli 2(001)- 753/2021 nömrəli qətnaməsi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-753/2021 saylı iş üzrə 05.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. Halbuki məhkəmə işin hallarını tam və ətraflı aydınlaşdırmaq üçün tərəflərə şərait yaratmalı idi. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından görünür ki, cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və nəticədə Kredit Müaqaviləsi üzrə onun əsas borcu üzrə 4469 (dörd min dörd yüz altmış doqquz) manat, faiz borcu üzrə 4069,41 (dörd min altmış doqquz manat, 41 qəpik) manat, cəmi 8538,41 (səkkiz min beş yüz otuz səkkiz manat, 41 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddia ərizəsində göstərilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC- dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2096 saylı, 12 mart 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "İddiaçı" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki: (2.1) Bu Fərmanın 1- ci hissəsində nəzərdə tutulmuş aktivlərin "İddiaçı" QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "İddiaçı" QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; (2.2) "İddiaçı" QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" ASCdən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır;(2.3) "İddiaçı" QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:(2.3.1) "xxxx" ASC- dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək; (2.3.3) tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; (2.34.) aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirməkdir. Həmçinin iş materiallarına əlavə edilmiş “X6 Edilməsi Agentliyi” MMC-nin Nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X6 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra “İddiaçı QSC” adlanacaq) tabeliyində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətim Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. İddiaçı QSC - Bank Olmayan Kredit Təşkilatı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən əsas borcu üzrə 4469 (dörd min dörd yüz altmış doqquz) manat, faiz borcu üzrə 4069,41 (dörd min altmış doqquz manat, 41 qəpik) manat, cəmi 8538,41 (səkkiz min beş yüz otuz səkkiz manat, 41 qəpik) manat məbləğində kredit borcunu alınaraq dövlət büdcəsinə ödəməkdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 06 dekabr 2011-ci il tarixli, 329/11 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4950 manat kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, 06 dekabr 2011-ci il tarixli, 329/11 saylı kredit müqaviləsi əsasında götürülmüş kreditin aylıq məbləği 251,94 manat olmaqla 05 dekabr 2013-cü il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 06 dekabr 2011-ci il tarixli, 329/11 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh “xxxx” ASC ilə bağlamış olduğu kredit müqaviləsinin təminatı kimi özünə məxsus “VAZ-21074” markalı, ** MU *** dövlət nömrə nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 099868 saylı, 07 dekabr 2011-ci il tarixli çıxarış verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 06 dekabr 2011-ci il tarixli, 329/11 saylı kredit müqaviləsinə əsasən 4469 manat əsas borcu, 4069,41 manat faiz borcu vardır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən banka 07 fevral 2012-ci il tarixdən 19.03.2012-ci il tarixədək cəmi 753 manat məbləğində ödəniş aparılmışdır. İş materiallarında olan 11.08.2015-ci il tarixli “xxxx” ASCnin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq, “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da, İddiaçı QSC-yə güzəşt etmişdir. İşdə olan Məhkəmə-Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli 9/6068 saylı rəyindən görünür ki, 06.12.2011-ci il tarixli, 329/11 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 06.12.2013-cü il tarixə “xxxx” ASC-nə 4464,76 manat əsas borcu, 1537,86 manat faiz müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 06 dekabr 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilmişdir, kreditin ödənilməli olan son tarixi 06 dekabr 2013-cü ildir. İcra müddəti 06 dekabr 2013-cü il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia 28 sentyabr 2020-ci il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Bununla yanaşı hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh tərəfindən banka sonuncu ödəniş 19.03.2012-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(001)-753/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar