Məhkəmə qərarları › İş №2(103)-5735/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5735/2024

21.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5735/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlunun cavabdeh “X3” ASC-yə qarşı iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı oğlunun cavabdeh “X3” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2415/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının oğlu ) ABŞ-da yerləşən Pennsilvaniya Dövlət Universitetinin (PennState) tələbəsidir.

2. İddiaçı xx.xx.2024-cü il tarixində oğlunun təhsil haqqı olaraq 22.755 ABŞ dolları məbləğində vəsaitinin ABŞ-da yerləşən “Citibank N.A.” bankına köçürülməsini cavabdeh “X3” ASC-yə tapşırmışdır.

3. Pennsilvaniya Dövlət Universitetinin (PennState) iddiaçının oğlu a ünvanladığı məktubda qeyd edilmişdir ki, onun yaz semestri üzrə ilkin təhsil haqqı barədə qaimə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir və xx.xx.2024-cü il tarixədək ödəniş edilməli idi. xx.xx.2024-cü il tarixədək ödənişi etmədiyi üçün hesabına gecikdirilmiş rüsum cəriməsi hesablanmışdır. Yaz semestri üzrə onun gecikdirilmiş rüsumları ümumi 539 ABŞ dolları 76 sent təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “X3” ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.038 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə oğlu oğlunun ali təhsili ilə bağlı semestr ödənişləri ilə əlaqədar ünvan 1 ünvanda yerləşən cavabdehin Nərimanov filialına müraciət edərək 22.755 ABŞ dolları məbləğində pulu oğlunun təhsil aldığı X1 universitetin bank hesabına köçürmə etmişdir. 22.755 ABŞ dolları məbləğində pulun hesaba ödənilməsi barədə filial tərəfindən ona xx.xx.2024-cü il tarixli 07 №-li ödəniş tapşırığı da verilmişdir. Lakin bir müddət sonra universitet tərəfindən göndərilən ödəniş təlimatında köçürülmənin vaxtında həyata keçirilmədiyi üçün ondan, ümumi olaraq faizlə birlikdə 23.336,78 ABŞ dolları ödəməsi tələb olunmuşdur. Bununla bağlı cavabdehin filialına yenidən müraciət edərək köçürülmənin nə üçün ödəniş tapşırığında qeyd edilən tarixdə həyata keçirilmədiyini və bu qədər müddət ərzində köçürülmənin həyata keçirilməməsi ilə bağlı ona nə üçün məlumat verilmədiyini soruşduqda, bank tərəfindən həmin gün ölkəxaricinə edilən bütün köçürmələrin ləğv olunduğu bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin məsuliyyətsizliyinə görə qeyd edilən təhsil haqqı zamanında ödənilmədiyi üçün ona əlavə olaraq 587 ABŞ dolları (997 manat) məbləğində faiz hesablanmışdır. Hesab edir ki, əlavə olaraq 587 ABŞ dolları (997 manat) məbləğində faiz, eləcə də ödədiyi 40 manat dövlət rüsumu olmaqla, cəmi 1.038 manat cavabdehdən onun xeyrinə tutulmalıdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı ABŞdakı universitetə təhsil haqqının köçürülməsi üçün xx.xx.2024-cü il tarixdə 22.755 ABŞ dolları məbləğini bankda olan hesabına mədaxil etmiş və əməliyyat nəticəsində ona ödəniş tapşırığı verilmişdir. Lakin bank tərəfindən vəsait iddiaçının hesabına mədaxil olunsa da, vəsait həmin gün ABŞ-dakı universitetə köçürülməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı A.Əhmədov vəsaitin universitetin hesabına çatmaması barədə məlumatı aldıqdan sonra banka gəlmiş, nəticədə xx.xx.2024-cü il tarixdə köçürmə baş tutmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş məktubdan da görünür ki, təhsil haqqı xx.xx.2024-cü il tarixə kimi ödənilməli idi. Lakin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə bankda köçürmə etməklə təhsil haqqının ödənilməsi onun özü tərəfindən gecikdirilmiş və bu gecikmə nəticəsində universitet artıq cərimə hesablamağa başlamışdır. Eyni zamanda, iddiaçı vəsaitin universitetin hesabına köçürülmədiyini xx.xx.2024-cü ildə müəyyən etmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü ildə banka yaxınlaşmışdır. Bundan əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş məktuba əsasən fevral və mart ayları üzrə hər iki ayın 20 günlük müddətlərinə hesablanan cərimə aşağıdakı kimi göstərilmişdir: xx.xx.2024 - xx.xx.2024 tarix aralığı üçün 188.25 USD; xx.xx.2024-xx.xx.2024 tarix aralığı üçün isə 343.53 USD. Göründüyü kimi, cərimənin ona necə hesablandığı, hesablanma qaydası, ümumiyyətlə iddia tələbində göstərilən zərərin formalaşdırılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və cərimənin hesablanması təqdim edilmiş sənədlərdə aydın göstərilməmişdir. Sorğu fevral, mart ayı üzrə hesablanan cərimə borclarına yönəlik olsa da, universitet hər ay üzrə yalnız 20 günlük cərimə məbləğləri barədə məlumatı məktubda qeyd etmişdir. Bununla 1 günə cərimə məbləğinin hansı həddə hesablanması, niyə məhz hər ayın 20 gününə cərimə hesablanması barədə məlumatlar qeyri-müəyyən olaraq qalır. Əlavə olaraq, fevral ayının 20 günlüyünə 188,25 ABŞ dolları cərimə hesabladığını qeyd edən universitet, mart ayının 20 günlüyü üçün təqribən eyni günlərə münasibətdə 2 dəfəyə yaxın fərqlə – 343,53 ABŞ dolları olduğunu bildirmişdir. Məktubda qeyd edilən bu məbləğlərlə iddia tələbində olan cərimə məbləğini müəyyən etmək qeyri-mümkündür. Hesablanan cərimənin hansı hissəsinin iddiaçının özünün gecikdirməsi nəticəsində yaranmasını (xx.xx.2024-xx.xx.2024-cü il tarixləri və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri) və hansı hissəsinin vəsaitin bankdakı hesabında qaldığı tarixlərə (xx.xx.2024-xx.xx.2024cü il tarixlər) mütənasib hesablanmasını müəyyən etmək mümkün deyildir. Ehtimal oluna bilər ki, iddia tələbində sözü gedən cərimə məhz iddiaçının özünün təhsil haqqı ödənişini gecikdirdiyi günlərə (xx.xx.2024) münasibətdə hesablanmışdır. Nəticə etibarilə, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin əsasını təşkil edən universitetin maliyyə sənədləri əsasında cərimənin hesablanması qaydası və məbləğini müəyyən etmək mümkün olmadığından iddia tələbi əsassızdır və bu sənədlər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2415/2024 nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia qismən təmin edilmiş, cavabdeh “X3” ASC-dən iddiaçıya dəymiş ziyan olaraq 917,6 məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 947,60 manatın iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlunun xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, təhsil haqqına görə cərimə iddiaçının oğlunun hesabına yazılsa da, həmin ödənişi həyata keçirən şəxs iddiaçı özü olduğundan iddiaçının oğlunun hesabına yazılmasından asılı olmayaraq bankın ona vurduğu zərərə görə iddia irəli sürmək barədə subyektiv hüququnu qəbul edir. Şəxsin irəli sürdüyü tələbdə subyektiv hüququ müəyyən edildiyindən məhkəmə iddia tələbinin özlüyündə əsaslılığı ilə bağlı məsələni araşdırır. Belə ki, məhkəməyə təqdim edilmiş Akhmedov Asif adlı müştərinin "xxxx" KB ASC-də ola AZ86UBAAZ**********1020USD001 hesabı üzrə əməliyyatlara dair çıxarışdan aydın olur ki, müştəri tərəfindən təhsil haqqı ödənişi ilə bağlı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə də ödəniş tapşırıqları verilərək icra edilmişdir.

9. Təhsil müəssisəsinin məktubundan və təqdim olunmuş digər sənədlərdən aydın olur ki, iddiaçı tələbə oğlu üçün təhsil haqqının ödənişini xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı verməklə cavabdeh banka həvalə etmişdir. Lakin, bank əməliyyatlarının aparılması sahəsində peşəkar xidmət göstərən bank xx.xx.2024-cü il tarixədək ödənişi etmədiyi üçün iddiaçının oğlunun təhsil haqqı hesabına gecikdirilmiş rüsum cəriməsi hesablanmışdır. İddiaçı isə həmin təhsil haqqını faktiki olaraq xx.xx.2024-cü il tarixdə köçürmüşdür. Gecikmə sırf bankın köçürməni vaxtında icra etməməsi nəticəsində yaranmış və iddiaçıya 537 ABŞ dolları 78 sent məbləğində cərimə hesablanmaqla bankın təqsirli hərəkətsizliyi nəticəsində zərər vurulmuşdur. İş materiallarından, eləcə də, cavabdeh tərəfin iddiaya etirazından da göründüyü kimi, xx.xx.2024-cü il tarixdə bank tərəfindən iddiaçının ödədiyi 22.755 ABŞ dolları pul vəsaiti mədaxil edilsə də, həmin vəsait həmin gün təhsil ocağının müvafiq hesabına köçürülməmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, köçürülmənin həyata keçirilməməsi sırf bankın təqsirli hərəkətsizliyi ilə bağlı olmuşdur. Bank qeyd edilən təhsil haqqı məbləğini yalnız xx.xx.2024-cü il tarixdə müvafiq hesaba köçürmüşdür. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh bank verilmiş lisenziya əsasında maliyyə əməliyyatlarını mütəşəkkil formada həyata keçirən hüquqi şəxsdir və müəyyən olunduğu kimi 31 yanvar 2024-cü il tarixdə müştərinin ödəniş tapşırığı ən geci növbəti iş günü, yəni təqvimə baxılsa, 1 fevral 2024-cü il tarixdə icra edilməli olduğu halda, bankın öz fəaliyyətinə nəzarəti kifayət qədər səmərəli həyata keçirməməsi səbəbindən icra edilməmişdir. İddiaçı isə sözsüz ki, daha əvvəllər də həmin bankda eyni əməliyyatları həyata keçirmiş fiziki şəxs olaraq Bankın bu sahədəki fəaliyyətində peşəkarlığına güvənmişdir. İddiaçı özü də ödənişin gecikdirilməsindən yalnız təhsil müəssisəsi tərəfindən xəbərdar edildikdən sonra məlumatlı olmuşdur. Sözsüz ki, heç bir şəxs ona bu va digər formada cərimə hesablanmasını arzulamaz, iddiaçı da bu barədə məlumatlı olduğu andan banka müraciət etmişdir. Həmçinin məhkəmə cavabdehin cərimənin hesablanmasında qeyri-müəyyənliyin olması barədə gətirdiyi dəliləri də əsassız hesab edir, belə ki, hazırda məsələ Bankın üzərinə düşən vəzifəni lazımi qaydada icra etməməsi nəticəsində təhsil müəssisəsinin öz qaydalarına uyğun olaraq iddiaçıya cərimə hesablamasıdır. Yəni həmin cərimənin hansı düsturla hesablanması hazırki iddia predmetinin araşdırılmasında əhəmiyyət kəsb etmir. Bankın pul vəsaitinin hesabdan köçürülməsi barədə müştərinin göstərişlərini lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya zərər dəyməsində səbəbli əlaqə müəyyən edildiyindən iddia əsaslı hesab edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 959.2, 966, 973.1, 976.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, “Banklar haqqında” Azərbaycan Respublikası qanunun: 1.0.1, 38.1, 38.2-ci maddələrinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanunun 29.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməli idi. Belə ki, hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli baxımından iddiaçının öz oğlunun təhsil haqqının gecikdirilməsinə görə cərimənin tutulmasını tələb etmək hüququ yoxdur. Çünki iddiaçı ödənişinin həyata keçirilməsi zamanı bank tərəfindən baş vermiş pozuntuya görə yalnız ona dəymiş zərəri tələb edə bilər, oğlunun təhsil haqqının gecikdirilməsinə görə cəriməni yox. Təhsil haqqının gecikdirilməsinə görə cəriməni tələb etmək barədə iddiaçının oğlu iddia qaldıra bilərdi. Bu baxımdan mövcud vəziyyətdə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Buna görə də iddiaçının subyektiv hüququ olmadığından təqdim edilən sübutların araşdırılmasına ümumiyyətlə ehtiyac qalmır. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması ehtimalı yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia qismən edildiyindən, qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

22. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının hazırda onun oğluna təhsil müəssisəsi tərəfindən tətbiq edilən cərimənin cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur.

23. İş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu Pennsilvaniya Dövlət Universitetinin tələbəsidir. İddiaçı oğlunun təhsil haqqını ödəmək öhdəliyini icra etmək üçün cavabdeh banka müraciət etmiş, xx.xx.2024-cü il tarixdə 22.755 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi barədə ödəniş tapşırığı verilmişdir. Lakin cavabdeh bank tərəfindən ona verilmiş tapşırıq mülki qanunvericilikdə müəyyən edilmiş müddətlərdə icra edilməmişdir.

24. Cavabdeh tərəfindən təhsil ödənişi gec icra edildiyi üçün iddiaçının oğlu T yuxarıda qeyd olunan təhsil müəssisəri tərəfindən cərimə tətbiq edilmişdir.

25. Kollegiya qeyd edir ki, iddiaçı oğlu ilə təhsil müəssisəsi arasında olan müqavilə münasibətlərinin tərəfi deyil. İddiaçı öz öhdəliyinin deyil, üçüncü şəxs olaraq oğlunun əvəzinə təhsil müəssisəsi qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün cavabdeh banka müraciət etmişdir. Həmin öhdəliyin icrası ilə bağlı ödəniş tapşırığının cavabdeh bank tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində isə iddiaçıya deyil, onun oğluna təhsil müəssisəsi tərəfindən cərimə tətbiq edilmişdir.

26. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının oğlunun öhdəliyinin icrası ilə bağlı ödəniş tapşırığının lazımi qaydada icra edilməməsi nəticəsində vurulmuş zərəri tələb etmək hüququ iddiaçıya deyil, onun oğluna məxsusdur.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2415/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

28. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də, qətnamədən kassasiya şikayətinə yol verilmir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2415/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlundan tutularaq cavabdeh “X3” ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar