Məhkəmə qərarları › İş №2(103)-5736/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5736/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5736/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh X2rşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdeh ləğv prosesində olan Bankın ləğvedicisinin – X1 verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X4 və iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən Banka edilmiş 726,60 manat məbləğinə borcun silinməsi və “Bankların mərkəzi sistemindən” silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank xx.xx.2016-cı il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit xətt müqaviləsinə” xitam verilməsi, əsas kredit borcun ödənilməsi məqsədi ilə 726,60 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 496,51 manat məbləğində pulun ondan tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əsas borc olaraq 726,60 manat məbləğində pulu Banka ödəmiş, 726,60 manat məbləğində faiz borcu isə Bank tərəfindən iddiaçıya güzəşt etdilmişdir. Bank xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya müraciət edərək bu faktı və iddiaçının Banka borcunun olmadığını etiraf etmişdir. Buna baxmayaraq “Bankların mərkəzi sistemində” müvafiq qeydiyyat edilməmiş, həmin borc barədə qeydiyyat sistemdən silinməmişdir. İddia ərizəsi əsasında başlanmış işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kredit müqaviləsinə əsasən Bankdan kredit götürmüş, lakin öhdəliklərini yerinə yetirməmişdir. Borc mövcuddur. Fondun nümayəndəsi E.Həsənov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən (İş № 2(001)-2104/2017) görünür ki, Cavabdeh ASC-nin İddiaçı qarşı 726,60 manat əsas, 496,51 manat faiz olmaqla, cəmi 1.223,11 manat kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə prosesində kredit müqaviləsinin İddiaçı tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 7125 nömrəli rəyindən görünür ki, Cavabdeh” ASC ilə İddiaçı arasında olan xx.xx.2014-cü il tarixli müqavilədə “borcalan” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bunu nəzərə almış Binəqədi Rayon Məhkəməsi Bankın iddiasını rədd etmişdir. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bank qarşısında hər hansı bir öhdəliyi yoxdur. Buna baxmayaraq Bankın ləğvedicisi olan Fondun İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı elektron bank sistemində xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2018-ci il tarixinə Banka 1.295,41 manat kredit borcu mövcuddur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Bankın ləğvedicisi olan Fond İddiaçı Banka kredit borcunun ödənilmədiyini bildirsə də, işin hallarında aşkar şəkildə görünür ki, İddiaçı Banka borcu yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı 726,60 manat əsas, 496,51 manat faiz olmaqla, cəmi 1223,11 manat kredit borcunun olmasına dair xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” İddiaçı tərəfindən imzalanmamışdır. Bu halda onun kredit müqaviləsi üzrə hər hansı öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə görə isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda müəyyən edilir ki, İddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü Fəslinin mənasına görə, mövcud olmayan öhdəliyə görə məsuliyyət yaranmır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bankın ləğvedicisi olan Fond tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Bankın ləğvedicisi olan X1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar